20 noyabr faciəsindən 23 il ötür

 

JURNALİST SALMAN ALIOĞLU: "VERTOLYOT QARAKƏND ÜZƏRİNDƏ OLARKƏN RUSLARLA BİZİMKİLƏR ARASINDA ATIŞMA BAŞ VERİB"

 

Bu gün 20 noyabr faciəsindən 23 il keçir. 1991-ci il noyabrın 20-  Xocavənd rayonunun Qarakənd ərazisində Mi-8 tipli hərbi vertolyot erməni silahlı quldurları tərəfindən vurulub. Bu hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndəriblər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmayıb. İlk rəsmi açıqlamaya görə, vertolyot dumanlı havada qayalara çırpılıb. Əsl həqiqət isə bir neçə gün sonra etiraf olunub. Bütün şübhələri aradan qaldırmağa Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını müəyyənləşdirməyə bir neçə il lazım olub. Ancaq bu hadisə ilə bağlı müəmmalar hələ qalır. Qarakənd faicəsinin şahidi, tanınmış jurnalist, "Respublika" qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Salman Alıoğlu həmin günləri xatırlayır.

- 1991-ci ildə Dağlıq Qarabağ artıq od-alov içində idi. Qarabağda yaşayan ermənilər yolları kəsir, azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır, mal-qaranı sürüb aparır, insanları qətlə yetirirdilər. Bu hadisələr həmin ilin ilk günlərindən hər gün təkrar-təkrar yaşanırdı. Bütün bunlar Qarabağda yaşayan ermənilərin qanuna zidd, separatizmə meyilli, düşmənçiliyə, dini ayrılığa qarşı yönələn hücumlarını, təxribatlarını hər gün daha da artırırdı. Mən həmin zamanlar cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. 1991-ci ilin payız ayları başlayanda Dağlıq Qarabağda onlarla azərbaycanlı kəndi artıq boş idi. O zamanlar keçmiş SSRİ artıq çökmək üzrə idi. Belə bir məqamda Sovet İttifaqının rəhbərinin sərəncamı ilə Dağlıq Qarabağda fövqəladə vəziyyət komendant saatı elan olundu. Vəziyyətə nəzarət isə sovet əsgərlərinə tapşırıldı. Əslində, həmin hərbçilər seyrçi mövqeyində dayanır, ermənilər isə istədiyi özbaşınalığı edirdilər. Açıq-aydın tərəfkeşlik hiss olunurdu.

Həmin vaxtlar Xankəndidə Azərbaycan prezindentinin sərəncamı ilə Dağlıq Qarabağ üzrə xüsusi idarə yaradıldı. Hər həftənin 5-ci günləri həmin idarənin iclasları keçirilirdı. Belə iclaslarda mən iştirak edirdim. İclasları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko aparırdı. Belə iclaslarda azərbaycanlılara qarşı törədilən hadisələrin heç birinə hüquqi qiymət verilmirdi. Burada yalnız ermənilərin başbilənlərinin sözü keçirdi. Çətin vaxtlar idi. Hamı həyəcan içində yaşayırdı. 1991-ci ildə artıq Dağlıq Qarabağda Ermənistandan gətirilmiş xüsusi silahlı dəstələr fəaliyyət göstərməyə başladı. Belə bir vaxtda Qarakəndə hücum təşkil olundu. Bu kəndlə yanaşı, Dağlıq Qarabağda boşaldılan digər rayonların əhalisi ən yaxın məntəqə kimi Ağdam rayonuna üz tutdular. Ağdam rayonunun özündə vəziyyət həddən artıq gərgin idi. Hadisələrin təzə alovlandığı bir vaxtda dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə bir qrup dövlət hökumət nümayəndəsi rayona gələrək burada xüsusi bir iclas keçirdilər. Onların gəlişinin əsas məqsədi Xocavənd rayonunun boşaldılan kəndlərinin əhalisi ilə görüşərək real vəziyyəti öyrənmək idi. Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Prezidentin mətbuat katibi Osman Mirzəyev, eləcə digər dövlət xadimləri tədbirdə iştirak edirdilər. Müzakirələrin gedişatında məlum olur ki, ermənilər Qarakəndə hücum edib, əhaliyə ciddi ziyan vurublar. Komendant saatına məsul olan rus hərbçiləri isə bu zaman seyrçi mövqedə dayanıblar.

Bu informasiya veriləndən sonra Tofiq İsmayılov bərk əsəbləşdi. Həyəcanlı söhbətlərin gedişatında qərar verildi ki, hökumət dövlət nümayəndələri həmin əraziyə baxış keçirsinlər. Əslində həmin şəxslərin əvvəlcədən hadisə yerinə getmək fikirləri yox idi. Günorta saat 1 radələrində Osman Mirzəyev zalda elan edir ki, iclasda iştirak edən jurnalistlər Ağdam aeroportuna gəlsinlər.

"Həmin vertolyotda Tamerlan Qarayev ola bilərdi"

Noyabr ayı soyuq olduğu üçün İsmət Qayıbov, Tofiq İsmayılov və digərlərinin əyinlərində yüngül kürk var idi. Kürklərinin altında silah gəzdirdiklərini gördüm. Ağdam aeroportuna çatanda hərbi vertolyot artıq uçuşa üçün hazır idi. Hər kəs vertolyotun göyərtəsinə daxil olaraq öz yerlərini aldılar, jurnalistlərə çatanda yer az olduğundan Osman Mirzəyev elan etdi ki, yalnız Azərbaycan Televiziyasının müxbiroperatoru gedəcək. Nəhayət, vertolyotun qapısı bağlandı və onlar havaya qalxdılar. Həmin vertolyotda Azərbaycan Ali Sovetinin sədrinin keçmiş müavini Tamerlan Qarayevola bilərdi. Son anda Tofiq İsmayılovun tapşırığı ilə başqa dalınca getməsi onu baş verəcək faciədən xilas etdi.

"Vertolyot Qarakənd üzərində olanda ruslarla bizimkilər arasında atışma baş verib"

Günorta saat 2-3 radələri olardı. Xəbər gəlir ki, dövlət məmurlarını daşıyan vertolyot qəzaya uğrayıb. Biz redaksiyanın maşınına əyləşərək hadisə yerinə üz tutduq. Rus əsgərləri yolu bağlayaraq hadisə yerini nəzarətə götürmüşdülər. Geri qayıtmağa məcbur olduq. Növbəti gün səhər saat 11-dən sonra bizə hadisə yerinə getməyə icazə verdilər. Təsəvvür edin, hadisədən 1 sutkaya yaxın vaxt keçib. Daha sonra məlum oldu ki, qəza yerində təmizləmə əməliyyatı aparılıb. Çox dəhşətli mənzərə idi. Vertolyot tamamilə parçalanmışdı, cəsədlər hala düşmüşdü. Cəsədlərdən bir neçə isə vertolyotun düşdüyü yerdən təxminən 500 metr kənarda tapıldı. Vertolyotun qalıqlarına baxanda güllə izləri diqqətimi çəkdi. Çünki bu izlər güllənin içəridən atıldığını göstərirdi.

O nəticəyə gəldim ki, vertolyot Qarakənd üzərində olanda göyərtədə ruslarla bizimkilər arasında atışma baş verib. Diqqət çəkən məqamlardan biri də qəzada həlak olan şəxslərin sayı ilə sərnişinlərin sayının üst-üstə düşməməsi idi. Azərbaycan və Qazaxıstan nümayəndələrinin meyidləri aşkar olunsa da, ruslardan heç bir xəbər çıxmadı. Çünki bu sui-qəsd erməni quldur dəstələrinin törəddiyi cinayətlərin qarşısını almağa çalışan Azərbaycanın yüksək çinli dövlət nümayəndələrinə qarşı törədilmişdi. Bundan 5 ay vaxt keçəndən sonra Xocalı qətliamı baş verdi. Daha sonra qısa müddətdə Dağlıq Qarabağdaha 7 rayon işğal olundu.

Bu günə qədər bu sui-qəsdin üstü açılmayıb. Vertolyotun qara qutusunun hara, necə və kimlər tərəfindən aparıldığı məlum deyil. Bizim hüquq mühafizə orqanlarına Dağlıq Qarabağda istintaq aparmaq qismət olmadı. Çünki bu hadisədən sonra azərbaycanlıları Xankəndiyə buraxmadılar. Ermənilərin bu cinayəti törətməkdə məqsədi Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq idi. Bölgənin idarə edilməsi o vaxtdan etibarən dövlət nəzarətindən çıxdı. Hadisələr idarəolunmaz səviyyədə inkişaf edir, ölkəni qarışıqlıq bürüyür, hökumətdə parçalanmalar gedir, ermənilərin törətdiyi terror hadisələri isə günü-gündən sürətlə artırdı.

"Ermənilər həmin sui-qəsdi törətmək üçün çox ciddi hazırlıq görmüşdülər"

Azərbaycanın dövlət katibi, baş prokuroru, dövlət müşaviri, nazirnazir müavinlərinin bir vertolyota mindirilməsi və havaya qalxarkən onları heç bir vertolyotun müşahidə etməməsi çox müəmmalı məqamlardandır. Bu o deməkdir ki, heç bir təhlükəsizlik tədbiri görülməyib. Halbuki, vertolyotun hərəkətdə olduğu hava məkanı münaqişə ocağının tam üstü idi. Bu ərazilərdə hər gün atışma baş verirdi. Əslində isə bu səfərlə bağlı iclasda qərar qəbul olunanda ruslar vertolyotun uçacağı yeri ermənilərə əvvəlcədən bildirməyə nail olmuşdular.

Bu hadisənin baş verməsi təsadüf deyil. Ermənilər həmin sui-qəsdi törətmək üçün çox ciddi hazırlıq görmüşdülər.

- Azərbaycanın dövlət xadimlərinin həlak olduğu vertolyot qəzasını yenidən araşdırıb, əsl həqiqətləri üzə çıxarmaq olar?

- Bu hadisənin yenidən araşdırılaraq əsl həqiqətlərinin üzə çıxarılmasına çox böyük ehtiyac var. Sübut etmək lazımdır ki, ermənilər beynəlxalq əhəmiyyətli sui-qəsd törədiblər. Bu, Azərbaycana qarşı yönəlmiş təzyiqlərin qarşısını almaq üçün tutarlı bir cavab olar. Dağlıq Qarabağda baş verən hadisələrin xronologiyasına baxsaq, 1990-93-cü illər aralığında Dağlıq Qarabağda saysız-hesabsız cinayətlərin törədildiyinin şahidi olarıq. 20 noyabr hadisələrindən başlayaraq 5 ay ərzində ermənilər Dağlıq Qarabağda yüzlərlə kəndi talan ediblər. Bu cinayətlərin hamısı cəzasız qalıb.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2014.- 20 noyabr.- S.4.