Bir inci söz sahibi

 

 

Milli televiziya məkanımızda baş verən istənilən müsbət dəyişiklik və ya hansısa geriləmə halını müşahidə etdiyim zaman, bir televiziya işçisi kimi, onları özümdə saf-çürük edirəm. Və elə dərhal mətbuatda, internet səhifələrində həmin hadisəyə həmişə operativ və peşəkar reaksiya verən həmkarım, televiziya bilicisi Qulu Məhərrəmlinin mövqeyini axtarmağa tələsirəm. Axtarıram və tapıram da. Onun obyektiv və soyuqqanlı yanaşması, peşəkar təhlili, prosesləri özünəməxsus tərzdə düzgün duyub qiymətləndirməsi çoxlarını inandırır.

Predmeti dərindən bilmək, intellektual səviyyə, ədalətli və balanslı yanaşma, üstəgəl azad düşüncə sahibi olması Q.Məhərrəmliyə ciddi nüfuz qazandırır. Çünki Qulu müəllim azad adamdır, kiməsə xoş gəlməyə çalışmır, hadisələrə vətəndaşlıq və peşəkarlıq prizmasından yanaşır. Bir ekspert kimi onun tendensiyaları dərindən saf-çürük etmək, iti müşahidə aparmaq, nəyisə ciddi təhlil edib qiymətləndirmək qabiliyyətinə çoxları qibtə edə bilər. O, intellekti, sözü, davranışı və obyektiv dəyərləndirmələri ilə ictimai rəyə təsir edən, mən deyərdim ki, hətta bu rəyi yaradan şəxsiyyətlərdən biridir. Bu isə çox məsuliyyətli bir missiyadır və Q.Məhərrəmli həmin məsuliyyəti layiqli səviyyədə çiyinlərində daşımağı bacarır. Bu səviyyəyə qalxmaq, nüfuz qazanmaq, bacarıq yiyəsi olmaq üçün Qulu müəllim zəngin və ibrətamiz bir yaradıcılıq yolu keçib, çox çətinlik və sınaqlarla üzləşib, ağır həyat dərsləri alıb.

Jurnalistikada ilk addımlar

Qulu Məhərrəmlinin yaradıcılıq yolu mənim gözlərimin qabağında olub. Hələ tələbə ikən Azərbaycan radiosunda efirə gedən materialları ilə diqqəti cəlb edirdi. Bu tələbə həmin dövrdə radioda şablonlaşmış qəliblərə, danışıq və yazı tərzinə tabe olmaq istəmir, nə isə yeni, fərqli yanaşma üsulları tapmağa çalışırdı. Onun radioda hazırladığı verilişlər həmin vaxt çoxlarını təəccübləndirirdi, düşünürdülər ki, bu cür reportaj və oçerkləri hansısa tələbə yox, yalnız illərin təcrübəsini qazanmış peşəkar jurnalist yaza bilər. Çoxları bu materialların bir universitet tələbəsinin əlindən çıxdığına inanmırdı. Bəli, Qulu lap gənc yaşlarından jurnalistika sahəsində fərqlənməyə, öndə getməyə, birinci olmağa səy göstərirdi (Ona görə indi tələbələrinə də bu hissi təlqin etməyə çalışır).

Bakı Dövlət Universitetini bitirdiyi vaxtdan - 1978-ci ildən Qulu Məhərrəmli taleyini Azərbaycan Televiziyası ilə bağlayıb. O, "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayanda mən televiziyanın baş rejissoru idim. Təbii ki, işə yeni gələnlərlə maraqlanır, kimin hansı qabiliyyət yiyəsi olmasını bilmək istəyirdim. Elə bil hər şey dünən idi. Adamlarla ünsiyyətdə bir az utancaq, amma işində od parçası olan Qulunun işgüzarlığı gözümün qabağından getmir. Onu hər yerə - zavoda, neft mədənlərinə, gəmiqayırma müəssisələrinə, mədəniyyət tədbirlərinə, sərgiyə, hava limanına çəkilişə göndərirdilər, hamısını da yarıdırdı. Maraqlı mövzular, formalar, təqdimatlar tapırdı, bəzən adi görünən detallardan çox maraqlı süjetlər hazırlaya bilirdi. Məsələn, onun adi güldan sərgisindən hazırladığı "Gül güldanda gözəldir" adlı  reportaj formasına və müəllif mətninin qeyri-adiliyinə görə, indiyəcən gözümün önündən getmir. Məhz belə fərqli reportaj və süjetlərinə görə Qulu tezliklə diqqəti cəlb etməyə, fərqlənməyə başladı.

Həm biliyinə, həm ünsiyyət mədəniyyətinə, xüsusən səmimiyyətinə görə qısa müddətdə kollektivin hörmətini qazanan Q.Məhərrəmli televiziya rəhbərliyinin də diqqət mərkəzində idi. Ona ciddi işlər, o cümlədən Moskvadan - Mərkəzi TV-dən gələn çəkiliş qrupları ilə işləmək həvalə olunurdu. İstedadına, iş qabiliyyətinə görə pillə-pillə irəli çəkilməyə başladı. Əvvəlcə "Elmi-kütləvi və Tədris verilişləri" baş redaksiyasında redaktor oldu, daha sonra siyasi icmalların verildiyi "Beynəlxalq həyat" redaksiyasına böyük redaktor - şöbə müdiri vəzifəsinə gətirildi. Bu mürəkkəb və məsuliyyətli bir quruma rəhbərlik edəndə Qulunun cəmi 27 yaşı vardı. Sovet dövründə gənc kadrın rəhbər vəzifəyə çəkilməsi onun son dərəcə savadlı, məsuliyyətli və çalışqan olmasından xəbər verirdi...

Ekranın incəliklərini bilən peşəkar

Çoxları Qulu müəllimi televiziya tənqidçisi kimi indi tanıyır, amma mən onun belə tənqidi çıxışlarını 35 il əvvəldən eşidirəm. O vaxtlar TV-nin yaradıcılıq toplantılarında, "letuçka"larda verilişlər təhlil edilərkən, Q.Məhərrəmlinin tənqidi çıxışlarının şahidi olurdum. Özü də heç kimdən çəkinmirdi, birbaşa baş redaktorların, az qala toxunulmaz sayılan şəxslərin hazırladıqları verilişləri də əsaslı faktlarla tənqid edirdi.

Qulu Məhərrəmli həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri şərtsiz qəbuletmə bacarığı ilə seçilib. Çoxları dərk etmir ki, dövrün ritmi dəyişdikcə, kütləvi informasiya vasitələrində də yeniləşmə olmalı, yeni istiqamətlər üzə çıxmalıdır. Amma bunu hər kəs bacarmır, daha doğrusu, hər kəs buna risk etmir, cəsarəti çatmır. Qulu isə çox cəsarətli və çevik televiziya işçisidir desəm, qətiyyən yanılmaram. 1991-ci ildə Azərbaycan Televiziyasında diktor institutunun ləğv olunduğu bir vaxtda, Qulu Məhərrəmli ekrana aparıcı kimi çıxan ilk jurnalistlərdən biri oldu. O, xəbər aparıcılığında indiyədək formalaşmış stereotipləri qırmağı, ekrana sərbəst, düşünərək məlumatlandıran yeni sima gətirməyi bacardı. Azərbaycan Televiziyasında xəbərə yanaşmadakı mövcud ənənədən, quru və cansıxıcı mühitdən fərqli olaraq, Qulu efirə insani bir hava, səmimiyyət gətirdi, söhbət janrını informativ janrlara calaq etməyi məharətlə bacardı. Hələ bundan əvvəl, Sovet dönəmində ikən onun müəllifliyi və redaktorluğu ilə hazırlanan "Azərbaycan dünya meridianlarında", "Qitələr, hadisələr", "Yer kürəsi: müharibə, yoxsa sülh" kimi verilişləri, siyasi publisistika sahəsində bir yenilik, novator addımlar kimi qəbul olunurdu. Q.Məhərrəmlinin bu verilişlərdə təqdim etdiyi publisistik formalar, keçidlər, montaj tərzi, dil materialı tamaşaçı ilə ekran arasında bu vaxta qədər mövcud olan boşluğu aradan qaldırır, teleşərhin yeni modelini ortaya qoyurdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, jurnalistikada da yeni çalarlar, o cümlədən məzmunu fərqli forma və üslubda təqdim etmək problemləri ortaya çıxdı. Məhz ötən əsrin 90-cı illərində, Q.Məhərrəmli "1000 saniyə", "7 gün" kimi informativ və analitik verilişlərdə, həmçinin özünün "Təfsilat" və "Gerçəklik" müəllif proqramlarında jurnalistikanın Sovet dönəmində görünməyən, amma hədsiz maraq bəslədiyimiz tərəflərini təqdim etməyə başladı. Tam əminliklə bildirirəm ki, bu verilişlərin hər biri baş verən olayları, tamaşaçının görüb-duyduğu reallıqları dürüst əks etdirirdi. Bu baxımdan Q.Məhərrəmlinin formalaşdırdığı yeni veriliş formatı olan "7 gün" TV tariximizə qızıl hərflərlə yazılmalıdır. Həftəlik hadisələrin obyektiv təhlilini verən "7 gün" hər həftəsonunda tamaşaçıların böyük intizarla gözlədiyi proqram idi, çünki tamaşaçı ağıllı söz eşitmək, eyni zamanda ağıllı adamın sözünü eşitmək istəyində idi. İndi Azərbaycan televiziya məkanındakı bütün kanalların oxşar analitik-informasiya proqramlarının çoxundan fərqli olaraq, "7 gün"də təkcə siyasi hadisələrin təhlili deyil, həm də sosial-iqtisadi problemlərlə bağlı araşdırmalar, jurnalist təhqiqatı da xüsusi yer tuturdı.

Mən o dövrdə Qarabağ problemi və Çeçenistanda gedən proseslərlə bağlı məlumatları yalnız Q.Məhərrəmlidən alırdım, o həm dürüst məlumat verir, həm geniş təhlil apararaq tamaşaçıları inandıra bilirdi. Çünki özü də hadisələrin içərisində idi. Buna görə də "7 gün" sözün həqiqi mənasında, bəzi ənənələri bu gün də yaşayan bir jurnalistika məktəbi kimi xatırlanır.

Q.Məhərrəmli bizim televiziyamızın tarixində kiçik ekranın ifadə vasitələri ilə danışmağı, montajı, görüntünü, sözü, pauzanı və musiqini bilən, bunların sintezindən yeni məna yaratmağı bacaran nadir yaradıcı şəxsiyyətlərdəndir. Bu baxımdan o, televiziyanın "nəbztutma" funksiyasını dəqiq şəkildə nümayiş etdirdi və bunu adını "jurnalist" qoymuş bir çoxlarına da əyani şəkildə göstərdi.Reportaj janrında işləməyin yeni üsulları, darıxdırıcılıqdan uzaq, səmimiyyət prinsiplərinin təcəssümü Q.Məhərrəmli yaradıcılığının əsas xüsusiyyətlərindən hesab olunur. Protokol səciyyəli hesabatlardan fərqli olaraq, Q.Məhərrəmli öz verilişlərinə ustalıqla yeni forma və publisistik məzmun verdi. O, adi faktı hadisəyə çevirməyi, ekranda gərəkli detalları qabartmağı bacaran ustad jurnalistdir. Nitq mədəniyyətinin incəliklərinə yiyələnmiş, danışıq dili ilə efir dilinin möcüzəli bir sintezini yaratmış Qulu müəllim öz tamaşaçısı ilə populyar dildə danışmağa nail oldu, bunu tamaşaçını ekran qarşısında saxlamağın ən əsas prinsiplərindən biri olduğunu sübut etdi.

Ustad jurnalist Q.Məhərrəmli TV tariximizdə həm də rəsmi materialların - dövlət tədbirlərindən, beynəlxalq forumlardan, əlamətdar tarixi günlərdə keçirilən kütləvi toplantılardan, ölkə başçısının xarici səfərlərindən verilən canlı reportajların, hesabat və icmalların parlaq müəllifi kimi qalacaqdır. Mən onun 20 Yanvar və 31 mart günlərində Şəhidlər Xiyabanından apardığı canlı yayımları, yaxud "İpək yolu" forumundan və ya Roma Papasının Bakıya səfərindən apardığı birbaşa reportajları dərsliklərə düşməli klassik nümunələr sayıram. 90-cı illərdə ölkə prezidenti, Ulu öndər Heydər Əliyevin xarici ölkələrə etdiyi səfərlərdən, onun rəsmi görüşlərindən Qulu müəllimin hazırladığı reportajlar forması, dramaturji quruluşu, montajı və səlis kadrarxası mətnlərin dolğunluğu ilə başqalarından çox fərqlənirdi. O, həmin hesabatların rəsmi, siyasi çəkisini saxlayaraq, bu materiallara dolğun publisistik ruh, fərqli məzmunu verə bilir, tamaşaçını mavi ekran qarşısında saxlamaq bacarırdı. Uzun illər H.Əliyev kimi görkəmli siyasi liderin titanik fəaliyyətini işıqlandırmış bir rejissor və müəllif kimi bu işin necə çətin, həm də çox məsuliyyətli olduğunu ayrıca qeyd etməyi özümə borc bilirəm.

Onun Xocalı reportajları

Mən Q.Məhərrəmlinin siyasi icmallarına həmişə ləzzətlə qulaq asıram. O, 90-cı illərdən başlayaraq, istər Dövlət Televiziyasında, istərsə də digər kütləvi informasiya vasitələrində etdiyi çıxışlarla analitik janrın inkişafına ciddi töhfələr verib. Bir siyasi şərhçi kimi, onu fərqləndirən əsas keyfiyyət haqqında danışdığı problemi yaxşı bilməsi, həm də istənilən mürəkkəb məzmunu Azərbaycan dilinin ən gözəl, sadə, dolğun və tutumlu sözləri ilə ifadə etməsidir. Çox az politoloqun Qulu qədər obrazlı, aydın, anlaşıqlı və şirin dili var. Mən onun dilinin obrazlılığı haqqında fikirləri iki böyük sənətkardan -Bəxtiyar Vahabzadə və Məmməd Aslan kimi sözə həssas olan qələm sahiblərindən eşitmişəm.

Bir şərhçi və analitik kimi, Q.Məhərrəmlinin iki daimi mövzusu varsa, biri Qarabağ problemidir. Həm qəzet yazılarında, həm də TV-dəki veriliş və şərhlərində o, Qarabağ məsələsini həmişə diqqət mərkəzində saxlayır. Məsələ təkcə onda deyil ki, Qulunun doğulduğu Zəngilan da, orta təhsil aldığı Şuşa da işğal altındadır, məncə, onun bu problemə bağlılığının əsas səbəbi milli faciəmizi, bütün qanı-canı və ruhu ilə duymasındadır. Ona görə də, Qulu Qarabağ müharibəsi başlayan gündən cəbhə bölgələrinə gedir, qaynar nöqtələrdən materiallar hazırlayırdı.

Onun Xocalı faciəsindən təxminən ayyarım əvvəl - 1992-ci ilin yanvarın ortalarında "Xəbərlər" proqramında və "Asiman" videokanalında ürəkağrıdan silsilə reportajlarını efirə özüm hazırlamışam. Əvvəla, onu deyim ki, Qarakənd səmasında Azərbaycanın görkəmli dövlət xadimlərinin mindiyi vertolyot vurulduqdan sonra jurnalistlər Qarabağ bölgəsinə getməyə çəkinirdilər, çünki təhlükə artmış, ölüm xəbərləri çoxalmışdı. Buna baxmayaraq efirə cəbhədən, xüsusən Şuşa və Xocalıdan materiallar vermək bizə hava və su kimi lazım idi. Bəs kim getsin? Xatırlayıram ki, şirkət rəhbərliyi müxtəlif adamları həmin şəhərlərə göndərmək istəyəndə, bəziləri müxtəlif bəhanərlə yaxasını kənara çəkdi. Onda Qulu xəbərlər baş redaksiyasında çalışır, həm də gecə efirə çıxan "1000 saniyə" xəbər bülletenini aparırdı. Ona Xocalıya getmək təklif olunanda dərhal razılaşdı, üstəlik dedi ki, Xocalıda çəkiliş edər, oradan da vertolyotla Şuşaya qalxaram (yadımdadır, bircə xahişi oldu ki, onun döyüş bölgəsinə getməsini evlərinə deməsinlər). Lakin Qulu Xocalıda çəkiliş apardıqdan sonra Şuşaya gedə bilmədi. O vaxt Xocalı dörd tərəfdən mühasirədə idi, Əskərandan oraya gedən şose yolu bağlanmışdı, maşınla getmək mümkün deyildi, dəmiryolu da işləmirdi, yalnız vertolyotla gediş-gəliş vardı. Onunla uçmaq da çox təhlükəli idi. Çünki Şuşada və Qarakənddə vertolyotların vurulmasından sonra heç kimin mənzil başına salamat çatmasına təminat yox idi.

1991-ci il dekabrın axırında AzTV-nin üç əməkdaşı - jurnalist Qulu Məhərrəmli, rejissor Adil Əsədov və kinooperator Vaqif Cabbarov Ağdamdan, çətinliklə olsa da, Xocalıya uçmuşdular. Lakin lazımi çəkilişlər aparıb işlərini bitirdikdən sonra onlar Xocalıdan çıxa bilmirdilər. Artıq vertolyotların oraya uçuşu çox seyrəlmişdi. Onda teleşirkətin rəhbərliyi Müdafiə Nazirliyi, Mülki Aviasiya idarəsi ilə nə qədər danışırdısa çəkiliş qrupunu oradan çıxara bilmirdik, çünki havaya qalxan bütün vertolyotlar atəşə tutulurdu. Qulu orada reportyor işini davam etdirir, günaşırı telefonla efirə çıxır, təmkinlə məlumat verir, Xocalıdakı gerçək vəziyyəti anlatmağa çalışırdı.

Düzünü deyim ki, biz artıq 10 günə yaxın Xocalıda qalmış çəkiliş qrupundan əlimizi üzmüşdük. Hərçənd bilirdik ki, əməkdaşlarımız Milli Ordunun Xocalıdakı kiçik dəstəsinin kazarmasında qalır və heç bir panika da yoxdur, amma təbii ki, ailələri ciddi narahatlıq keçirirdilər. Nəhayət, azərbaycanlı pilotlar riski öz üzərlərinə götürərək, Xocalıya uçmuş və əməkdaşlarımızı oradan salamat çıxara bilmişdilər. Amma təhlükə də bir addımlıqda olmuşdu, çünki çəkiliş qrupunun mindiyi vertolyot havaya qalxarkən qonşu Noragux kəndindən ermənilər onu pulemyot atəşinə tutmuşdular. Güllələrin vertolyotun dəmir gövdəsinə dəyərək qorxunc səslər çıxarması həmin an dəhşətli panika yaratmışdı, xoşbəxtlikdən, vertolyot güllə yağışı altında olsa da, lazımi yüksəkliyi yığaraq təhlükədən qurtara bilmişdir.

İnsan üzləşdiyi təhlükələri, xüsusən bu təhlükənin gətirdiyi ölüm duyğusunu heç vaxt unutmur. Məncə, bu duyğu sonralar insanın düşüncə və davranışına ciddi təsir edir, ona həyatın və yaşamağın gerçək mənasını anladır, dünyaya baxışını duruldur, prinsiplərini möhkəmlədir. Mən bunu Moskvada ağır avtomobil qəzasından təsadüfən sağ çıxmış bir rejissor dostumda müşahidə etmişdim. Xocalı əhvalatından sonra Qulunu da bir az dəymiş gördüm, sanki daha prinsipial və qətiyyətli olmuşdu, həm də elə bil qorxu hissini itirmişdi.

AzTV-nin "Səhər" çağı...

Uzun illər səhər verilişləri sarıdan AzTV-nin bəxti gətirməmişdi. İlk dəfə bu telekanalı "Səhər" verilişi ilə uğur zolağına Qulu müəllim gətirib çıxarıb. Gələn il 20 yaşı tamam olacaq bu proqram efirə çıxanda çoxları "Səhər"in də növbəti uğursuz addım olacağını düşünürdü. Amma Qulu müəllim ekranda bu verilişə uzun ömür verə bildi, təbii ki, öz ağlı, intellekti və işgüzar bir kollektivi formalaşdırıb çevik iş mexanizmi qurmaqla. Çox rəmzi haldır ki, verilişin ilk buraxılışını da o, özü aparıb. Qulu müəllim "Səhər"ə rəhbərlik etdiyi dövrdə, mən artıq AzTV-dən uzaqlaşmışdım, "SARA" teleradio şirkətində icraçı direktor vəzifəsində çalışırdım. Lakin Azərbaycan Televiziyasında gedən proseslərlə, baş verən yeniliklə maraqlanır, uğurlara sevinirdim. O dövrdə yaddaşımda qalan ən parlaq hadisə AzTV-nin çox maraqlı və uzunömürlü proqramlarından olan "Səhər" verilişi idi.

Hər səhər tamaşaçılarla görüşə gəlmək, min bir qayğı və istəyi olan müxtəlif zövqlü insanlarla ünsiyyət yaratmaq, onları narahat edən məsələlərdən söhbət qurmaq, bəzən ürək-dirək vermək, qayğılarını bölüşmək, həqiqətən, çox çətindir. Amma Qulu Məhərrəmlinin uzun illər rəhbərlik etdiyi "Səhər" kanalı bunu bacarırdı. Mübaliğəsiz demək olar ki, "Səhər", son 20-30 ildə bizim TV məkanında yaranmış ən yeni, mövcud qəliblərdən çıxaraq, müasir dünya televiziyasının təcrübəsinə söykənən yeganə proqramdır. Tamaşaçı ilə bir yerdə olmağa çalışan "Səhər" ekranda yeni nəfəs, yeni yaradıcı axtarışların bəhrəsi idi. Xüsusi arxitektonikaya malik cazibədar ekran əsəri olan "Səhər" kanalı həm də bizim teleməkan üçün kadr laboratoriyasına çevrilmişdi desəm, yanılmaram. Burada çoxlu sayda istedadlı jurnalistlər və teleaparıcılar yetişmiş, bir çoxları ilk televiziya təcrübələrini məhz burada qazanmış və indi digər telekanallarda fəaliyyətlərini davam etdirirlər. Təbii ki, bu uğurun qazanılmasında Q.Məhərrəmlinin özünəməxsus yaradıcılıq dəst-xətti, yüksək təşkilatçılığı və ən başlıcası, mənəvi keyfiyyətləri xüsusi rol oynamışdır.

Maraqlı ssenarilər müəllifi

Mən onun ssenarisi əsasında çəkilmiş "Qobustan" sənədli filminə (rejissor R.Almuradlı) baxmaqdan doymuram. Filmdə Qobustanın tarixinə və qayaüstü rəsmlərə tamamilə yeni baxış var. Yaxşı düşünülmüş ssenari, ümumi ideyanı uğurla gerçəkləşdirən səriştəli rejissor, operator, rəssam və qrafik-dizayner işi, eləcə də diktor mətni tamaşaçıya Qobustan qayalarını, bu tarixi məkanı tamamilə yeni rakursda təqdim edir. Uzun illər taleyimi sənədli kinoya bağlamışam və onun bütün çətinliklərinə dərindən bələdəm. Odur ki, mövzu və ssenari faktorunun sənədli kinoda hansı vacib funksiya daşıdığını yaxşı bilirəm.

 Q.Məhərrəmlinin ssenarisini yazdığı filmlərdə mövzu və faktın aliliyi prinsipi yüksək jurnalistika meyarlarından qaynaqlanır. O, ekran qarşısında tamaşaçını yormur, ssenari və kadrarxası mətnin imkanlarından məharətlə istifadə edərək hər bir kadrda, cümlədə tamaşaçıya dolğun informasiya ötürməyə çalışır. Söz və təsvir kontrapunktundan ustalıqla bəhrələnən Q.Məhərrəmlinin ssenari müəllifi olduğu filmlərdə tariximizin və milli mədəniyyətimizin izləri işarır. Bu baxımdan onun son dövr tariximizə, istiqlal mübarizəmizə, Qarabağ probleminə həsr olunmuş "Müstəqilliyin çətin yolu", "Qaçqınlar", "Müstəqil Azərbaycan", "Böyük ömrün anları" (Ümummilli lider H.Əliyev haqqında), "Əkinçi" (Azərbaycan mətbuatının 125 illiyi haqqında), "Mingəçevir", "Antropoloji sənəd", "Terrorla üz-üzə", "Alman Yunus" və digər sənədli filmlərinin adlarını qürurla çəkə bilərəm. Bu filmlərin ssenari incəlikləri, dramaturji-estetik məziyyətləri, söz və təsvirin harmoniyasına əsaslanan ab-havası Q.Məhərrəmlinin ekran publisistikasına və ekran dilinə dərindən bələd olmasından xəbər verir.

Elə buradaca bir şeyi qeyd edim ki, Qulu müəllim nə edirsə, ən yaxşısını edir, nəyə əl qoyursa, onu yüksək peşəkar səviyyədə gerçəkləşdirir. Məsələn, mən biləndə ki, son illərdə ən yaxşı dublyaj olunmuş 29 seriyalı "Eşq vilayəti" (İmam Rza haqqında) filminə Q.Məhərrəmli bədii rəhbərlik edib, heç təəccüblənmədim. Bədii filmin dublyajı, nisbətən, mürəkkəb və çoxelementli işdir. Amma Qulu müəllim və onun rəhbərlik etdiyi peşəkar komanda bu işin öhdəsindən çox yüksək səviyyədə gəlib, çünki peşəkar, yaradıcılığın bütün sahələrində peşəkardır.

Tədqiqatçı alim və pedaqoq

Professor Q.Məhərrəmli ictimai missiyası olan şəxsiyyətdir, tarix, millət və cəmiyyət qarşısında məsuliyyətini dərk edən adamdır. Televiziyada çoxlarının başı pul qazanmağa qarışanda Qulu müəllim arxivlərdə və kitabxanalarda işləyir, araşdırmalar aparır, kitablar yazırdı. O, namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Bir salnaməçi kimi radio və televiziyamızın tarixini yazıb, vizual sənət sahələrinin dil problemini araşdırıb, bu sahəyə dair "Kino, televiziya və radio terminləri" (2002) adlı ilk və yeganə sanballı terminoloji lüğət çap etdirib. Qulu müəllim Azərbaycan mediasının problemlərini dəqiq və aydın görür, onların kökünü və həlli yollarını göstərir.

Dünya televiziyasında baş verən mütərəqqi yeniliklər heç vaxt Q.Məhərrəmlinin "nişangah"ından yan ötmür, istər xəbər, istərsə də digər formatlarda nəzərəçarpan yeniliklər həmişə onun məqalələrində, müsahibələrində təbliğ olunur, bu yeniliklərin milli telekanallarımızda tətbiqinin vacibliyi dönə-dönə vurğulanır. Digər tərəfdən bu yeniliklər zaman-zaman Q.Məhərrəmlinin elmi təfəkkürünün süzgəcindən keçərək, monoqrafiyalarda, dəsrliklərdə və tədris vəsaitlərində öz əksini tapır. Yəni o, təkcə özü parlaq jurnalistika nümunələri - verilişlər, sənədli filmlər, məqalə və esselər yaradan praktik jurnalist deyil, həm də bu əsərləri necə ərsəyə gətirməyin nəzəri əsaslarını yazan alimdir, nəzəriyyəçidir.

Məhsuldar alim-tədqiqatçı olan Q.Məhərrəmli 30-dan çox kitabın, o cümlədən, bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin,  eləcə də izahlı lüğətlərin, elmi-publisistik kitabların müəllifidir. Bunların sırasında "Radiodramaturgiya dili" (1990), "Televiziya haqqında etüdlər" (1996), "Televiziya və radio tamaşaları" (A.Dadaşovla birgə, 1999), "Televiziya nitqi və ədəbi tələffüz" (1999), "Audiovizual nitq" (2000), "Ekran və ana dili" (Tehran, 2001), "İctimai Televiziya" (2003), "Danışır Təbriz" (2004), "Kütləvi kommunikasiya və dil" (2004), "Radioteatr dəvət edir" (2010) kimi dəyərli əsərlərin adını çəkmək olar. Qulu müəllimin radio və televiziya dili haqqında kitabları, elmi məqalələri və metodik tövsiyələri gənc diktorlar və aparıcılar üçün qiymətli vəsaitlərdir.

Q.Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sənətin sirlərini gələcək həmkarlarına öyrədir. Onu tez-tez müxtəlif treninqlərdə də gənc həmkarları arasında görürəm. Vaxtilə dərs dediyi tələbələrin çoxu indi peşəkar jurnalistlərdir, istər respublikamızda, istərsə də onun sərhədlərindən kənarda fəaliyyət göstərən media qurumlarında uğurla çalışırlar. Tələbələrinin Qulu müəllimə necə böyük ehtiram göstərmələrini müşahidə etmək mənə olduqca xoşdur.

 

 

Vasif BABAYEV

Beynəlxalq Teleradio Akademiyasının üzvü

525-ci qəzet.- 2014.- 21 noyabr.- S.8.