Ukraynadakı Beynəlxalq Foruma
azərbaycanlı rəssam da
qatılıb
Ukrayna
paytaxtındakı "Mıstetski Arsenal" milli mədəni-bədii
və muzey kompleksində IX "ART-KYIV Contemporary" forumunun
açılışı olub. Forumda tanınmış incəsənət
xadimlərinin, kuratorların və art-birliklərin 40-dan
artıq yeni layihəsi təqdim edilib. Hər il keçirilən
bu forumun əsas iştirakçılarından biri məşhur
ispan rəssamı, musiqiçi, bəstəkar, dirijor və
boyakar Xose-Mariya Tano olacaq.
Müasir
incəsənət əsərlərinə bir növ
baxış olan bu sərgidə azərbaycanlı istedadlı
rəssam, Ukrayna Rəssamlar İttifaqının üzvü
Rasim Seydimov da iştirak edir.
Rasim
və onun ukraynalı kreativ həmkarı Taisiya Melnik forum
çərçivəsində təşkil edilmiş
"Xoşməramlı rezidentlər. Rəngkarlıq.
Fotoqrafiya. İnstallyasiya. Performans" sərgisinin
kuratorlarıdır. Sərgidə GUAM
iştirakçıları olan bütün dövlətləri
təmsil edən rəssamların Rasim Seydimov, Taisiya Melnik,
Vasili Tsaqolov, İqor Qayday və Dana Yesinenkonun və bir ay
bundan əvvəl, yaradıcılığının
çiçəkləndiyi dövrdə dünyasını
dəyişmiş Temo Svirelin əsərləri nümayiş
etdirilir.
Sənətşünasların
dilində desək, "ekspressionizm" üslubunda işləyən
gənc rəssam Rasim Seydimov Azərbaycanın Ukraynadakı səfirliyinin
və "Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporu (UABD)" Ümumukrayna İctimai Təşkilatının
dəstəyi ilə keçirilən bu sərgiyə
Xocalı soyqırımına həsr edilmiş
"Uşaqlar", "Ağrı" və
"Xarabalar" adlı əsərlərini təqdim edib.
Arxaik
şərq motivlərini və müasir innovasiyaları öz
işlərində uğurla əlaqələndirən,
eksperimentlər yolu ilə irəliləyən Rasim öz sənəti
ilə müharibəsiz və qan tökülməyən dünya
prinsiplərini təbliğ edir. Onun əsərləri Ukrayna
Müasir İncəsənət Muzeyində (Kiyev), Krivoy Roq
Diyarşünaslıq Muzeyində, Vladimir-Volınsk Tarix
Muzeyində, ölkəmizin Kiyevdəki səfirliyində, Azərbaycan,
Ukrayna, Böyük Britaniya və ABŞ sənətsevərlərinin
şəxsi kolleksiyalarında saxlanılır.
Azərbaycanın
Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdə
çıxış edib. Səfir "Xoşməramlı
rezidentlər" sərgisinin təşkilinə görə
Ukrayna tərəfinə və UABD-nin sədri Hikmət
Cavadova təşəkkürünü bildirərək Rasim
Seydimovun yüksək peşəkarlığını və
Azərbaycan rəngkarlıq sənətinin
populyarlaşdırılmasına verdiyi böyük töhfəni
qeyd edib. Diplomat daha sonra bildirib ki, Rasimin sərgiyə təqdim
etdiyi rəngkarlıq əsərləri erməni faşizmini,
Azərbaycanın əzəli torpaqlarının Ermənistan
tərəfindən işğalını öz gözləri
ilə görmüş Xocalı sakinlərinin, bütün
Azərbaycan xalqının qəlbindəki ağrı və
qəzəb hisslərini əks etdirir.
Azərbaycanın
Ukraynadakı səfiri vurğulayıb ki, bütün bu bəlalar
XXI əsrdə GUAM üzvü olan bütün ölkələrin
üzləşdiyi təcavüzkar separatizmin,
terrorçuluğun və xarici müdaxilənin nəticələridir.
Diplomat əmin olduğunu bildirib ki, Ukraynada demokratik qüvvələrin
hakimiyyətə gəlişi Demokratiya və İqtisadi Tərəqqi
uğrunda Təşkilatın (GUAM) inkişafına
güclü təkan verəcək.
UABD-nin
sədri Hikmət Cavadov da Rasim Seydimovun istedadını
yüksək qiymətləndirərək bu sərginin
müstəsna əhəmiyyətini vurğulayıb və sərginin
Azərbaycanda da keçirilməsini dəstəkləyəcəyini
vəd edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 21 noyabr.- S.7.