Parlaq amal, unudulmaz əməllər
GÖRKƏMLİ MAARİFÇİ-PEDAQOQ MƏHƏMMƏD TAĞI SİDQİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR
Fədakar maarifçi, böyük
pedaqoq və tanınmış ədəbi
sima olan Məhəmməd Tağı
Sidqi (1854-1903) bütövlükdə
öz ömrünü
Azərbaycan maarifinə
həsr edən nəhəng bir şəxsiyyətdir. Bu böyük
şəxsiyyət bütün
ömrünü Naxçıvanda
xalqının milli oyanışı və maariflənməsinə, yeni
üsullu təhsil alması və məktəblərin açılmasına
həsr edib. Onun elə bir
əsəri yoxdur ki, onun məzmununda
maariflənmə məsələsi
olmasın, fikri əxlaqi-inkişaf öz əksini tapmasın. M.T.Sidqi başdan-ayağa maarifçi idi.
Ordubadda
Hüseyn Sultan Kəngərli
ilə birlikdə
1892-ci ildə yaratdığı
"Əxtər" məktəbi,
Naxçıvanda açılmış
"Tərbiyə" (1854) məktəbindəki fəaliyyəti
bu böyük şəxsiyyəti yorulmaz
və əvəzsiz pedaqoq, müəllimlər
müəllimi kimi səciyyələndirməyə imkan verir. Məhəmməd
Tağı Sidqi həm də yeni üsulla bilik verməyə xidmət edən çoxsaylı dərsliklərin
hazırlanmasında da
əvəzsiz xidmətlər
göstərib. Onun
"Əxlaq nümunələri",
"Qızlara hədiyyə",
"Coğrafiya" və
sair kimi dərslikləri Azərbaycanda
dərslik hazırlanması
istiqamətində razılıqla
qarşılanır. Hətta
birmənalı və
mübahisəsiz olaraq
qeyd edilir ki, onun hazırladığı
"Coğrafiya" dərsliyi
coğrafiya fənni üzrə ilk, həm də ən sanballı coğrafiya dərsliyi idi.
Onun yaradıcılıq nümunələri
də görkəmli pedaqoqun maarifçi-pedaqoji
fəaliyyətinin əsasını
təşkil edir. Təsadüfi deyildi ki, böyük pedaqoqun "stullarından
çıxan" Azərbaycanın
görkəmli simaları
onu "böyük ustad və cəlallı
atamız" (Hüseyn
Cavid) adlandırırdılar.
O, həm əsl mənada qəzetçi, həm də bir çox lirik qəzəllər,
"Mədəniyyət məsnəviləri",
"Kəblə Nəsir",
"Heykəli-insanə bir
nəzər" kimi zəngin fikirli, dərin mənalı ədəbi, elmi-fəlsəfi
əsərlərin müəllifi,
gözəl publisist, ədib idi. Bu baxımdan böyük maarifçi, şair, görkəmli pedaqoq Məhəmməd Tağı
Sidqinin 160 illik yubileyinin keçirilməsi
haqqında Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
20 avqust 2014-cü il tarixli, eləcə də bu böyük
şəxsiyyətin ev-muzeyinin
yaradılması haqqında
17 sentyabr 2014-cü il
tarixli sərəncamları
xalqımızın böyük
şəxsiyyətinə verilən
qiymət və göstərilən misilsiz
ehtiram kimi razılıqla qarşılanır.
Ümumiyyətlə, XIX əsrin əvvəllərindən təşəkkül
tapan Azərbaycan maarifçiliyi özünəməxsus
ənənələrlə davam edərək Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Süleyman Sani Axundov və başqalarının simasında
öz zirvəsinə
çatır. Razılıqla
qeyd etmək olar ki, böyük
bir hərəkat halını alan Azərbaycan maarifçiliyinin
sayəsində Azərbaycan
xalqı çoxsaylı
nailiyyətlərə yetmişdir.
Xüsusi
məmnunluqla əlavə
etmək olar ki, Azərbaycanda Şərq və türk dünyasında
ilk dəfə yeni üsullu məktəblərin
açılması və
geniş intişar tapması, qızların məktəbə cəlbi
və çoxsaylı
qız məktəblərinin
açılması, mətbuatın
yaranması və geniş intişar tapması, peşəkar milli teatrın yaranması və genişlənməsi və
sair məhz maarifçilik hərəkatının
uğurlu nəticələrindən
idi. XX əsrin əvvəllərində Şərq
aləmi və türk dünyasında
ilk dəfə parlamentli,
Demokratik Xalq Cümhuriyyətinin yaranması
da, qadınlara seçmək və seçilmək kimi ali hüquqların verilməsi də məhz Azərbaycanda baş tutub. Təsadüfi deyil ki, bu amil
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan
Xalq Cümhuriyyətinin
90 illik yubileyi haqqında" 15 fevral
2008-ci il tarixli sərəncamında da qabarıq təqdim edilərək deyilirdi:
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
mürəkkəb siyasi
dövrdə cərəyan
edən hadisələrin
və Azərbaycan xalqının milli oyanışının məntiqi
yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və
digər görkəmli
şəxsiyyətlər tərəfindən
təməli qoyulmuş
proseslər Azərbaycanda
yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli
özünüdərkin gerçəkləşməsinə
böyük təsir göstərmişdir.
Bakının neft paytaxtına
çevrilməsi milli
sahibkarlar təbəqəsinin
formalaşması ilə
yanaşı, dünyanın
aparıcı universitetlərində
təhsil almış
ziyalılar nəslinin
yetişməsinə şərait
yaratmışdır. Əlimərdan
bəy Topçubaşov
və başqa ziyalıların siyasi proseslərə qatılması,
Dumaya seçilməsi
və Rusiya müsəlmanlarının təşkilatlanmasında
oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir". Bu mənada Azərbaycan xalqının tarixində
bir sıra nailiyyətlərlə yadda
qalan bu mərhələdə əldə
olunan müvəffəqiyyətləri
iftixarla maarifçilik
hərəkatının uğurlu
nəticələrindən hesab etmək olar. Bu da əlamətdardır
ki, maarifçilik hərəkatı təkcə
dar bir çərçivədə
deyil, bütün Azərbaycan miqyasını
(hətta tarixi Azərbaycan miqyasında-müəllifdən)
əhatə etmiş,
özünün görkəmli
simaları və əlamətdar hadisələri
ilə səciyyələnmişdir.
Yuxarıda adları çəkilən
görkəmli şəxsiyyətlərlə
birgə tarixi Azərbaycanın müxtəlif
yerlərində fəaliyyət
göstərən görkəmli
ideoloq və türkçülüyün banisi
Əli bəy Hüseynzadə, İsmayıl
bəy Qaspıralı
və başqa ziyalılar təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə türk
dünyası üçün
mühüm xidmətlərilə
böyük şöhrət
qazanmışdılar. Bu böyük
hərəkatın görkəmli
simalarından birinin də XIX əsrin sonları-XX əsrin əvvəllərində Naxçıvanda
milli oyanış, maarifçilik, məktəbdarlıq
işlərinin görkəmli
nümayəndəsi Məhəmməd
Tağı Sidqinin olması iftixar doğurur. Bu görkəmli
şəxsiyyət özünün
insaniyyəti, saf əqidəsi və idealları, çoxsaylı
və əhəmiyyətli
xidmətləri ilə
o qədər dərin
iz buraxmışdı
ki, dövrün Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Səbri Qasımov, Əziz Şərif və çoxsaylı başqa nümayəndələri
heç bir vəchlə unuda bilməmiş, onun haqqında, sözün əsl mənasında, ən mötəbər, bir daha kiminsə
haqqında təkrarən
deyilməyəcək səviyyədə
sözlər demişdilər.
Bu baxımdan Məhəmməd
Tağı Sidqi Səfərov (1854-1903) bütövlükdə
öz ömrünü
Azərbaycan maarifinə
həsr edən dahi bir şəxsiyyət,
görkəmli maarifçi,
nəhəng pedaqoq, dövrünün aparıcı
simalarından biri və hətta ağsaqqalı idi. Bu fədakar, yorulmaz, millətcanlı şəxsiyyət
hələ Ordubadda kasıblığın daşını
atmaq üçün
işlətdiyi çayxanada
da maarifçilik amalına sədaqət göstərmiş, burada toplaşan insanların dünya hadisələri və digər məsələlərdən xəbərdar
olması üçün
mümkün vasitələrdən
səxavətlə istifadə
etmişdi. Təsadüfi
deyil ki, onun bu çayxanası
çoxsaylı görkəmli
simalar tərəfindən
"maarif ocağı"
kimi də qiymətləndirilirdi. Oğlu
Məmmədəli Sidqi
də nəhəng pedaqoqun çayxanası haqqında bunları yazırdı: "O zaman atamın çayçı
dükanı Ordubad ziyalılarının yığıncaq
yeri olur. Atamın təbi olduğuna, xüsusən Şərq ədəbiyyatına
yaxşı bələd
olduğuna görə
haman çayçı
dükanında Sədi,
Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış.
Eyni
zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən
qəzetələr də alıb oxuyarmış. Məsələn,
İrandan "Nasiri", Bağçasaraydan İsmayıl bəy
Qaspirinskinin nəşr etdiyi "Tərcüman",
İstanbulda çıxan "Əxtər" qəzetələrini
alırmış. Bu qəzetələr çox vaxt atamın
həmməsləkləri arasında gizlincə
oxunarmış.
"Tərcüman"
qəzetəsinin atama böyük təsiri olmuşdur.
Çünki o zaman "Tərcüman" qəzetəsinin
müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar
üçün yeni üsulla məktəblər
açılması yolunda uzun müddət mübarizə
aparırmış... "Tərcüman" qəzetəsinin
təsiri altında atam və ona bu yolda ən birinci və
yaxından kömək edən Hüseyn sultan Kəngərlinski
nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil
etmək fikrinə düşürlər". Bu baxımdan Məhəmməd
Tağı Sidqinin qısa ömrü, iman dolu həyatı və
fəaliyyəti maarifçilik idealları ilə zəngindir.
Mirzə Cəlil Şürbi də bu nəhəng simanı
yaxından tanıyan bir müasiri olaraq onun haqqında
haqlı olaraq yazırdı: O (yəni M.T.Sidqi - müəllif),
elə bir mühərrir və müdərris idi ki, səsi
bütün Yaxın və Orta Şərqi maarif nuruna qərq
etmişdi. Bütün bunları nəzər alan Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev də bu
görkəmli şəxsiyyət, nəhəng maarif xadimi və
əvəzsiz pedaqoq haqqında bəhs edərək deyəcəkdi:
"Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin
inkişafında mütəfəkkir Məhəmməd
Tağı Sidqinin böyük rolu olmuşdur".
M.T.Sidqi
başdan-ayağa maarifçi idi. Onun maarifpərvər insan
Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə
Ordubadda yaratdığı "Əxtər",
Naxçıvanda yarananan "Tərbiyə" (1894) məktəblərindəki
pedaqoji fəaliyyəti, "Əxlaq nümunələri",
"Qızlara hədiyyə", "Coğrafiya" və
sair əsərləri onun maarifçi-pedaqoji fəaliyyətinin
əsasını təşkil edir. Naxçıvanda məktəb
xeyriyyəçisi kimi geniş şöhrət
qazanmış Hüseyn Sultan Kəngərlinin maaliyyə dəstəyi
ilə yaradılmış "Əxtər" məktəbi
bir tərəfdən bu görkəmli ziyalı M.T.Sidqinin
pedaqoji, məktəbdarlıq "məşqi" olduğu
kimi, digər tərəfdən onun bu sahədə dərin səriştə
və böyük bacarıqla geniş şöhrət
qazanmasının da zəmini oldu. Görkəmli pedaqoqun
şagirdlərindən olmuş, Azərbaycan ədəbiyyatının
nəhəng simalarından biri Məmməd Səid Ordubabi
"Həyatım və mühitim" əsərində
müəllimi M.T.Sidqinin bəhs olunan bu məktəbdarlıq
işi barədə belə xatırlayırdı:
"İsmayıl bəy Qasprinski Baxçasarayda yeni məktəb
kitabını çap edib, "Üsuli-cədid" deyilən
təzə üsulda məktəb açılmasına
başlamışdı. Ordubad tərəqqipərvər əyanları,
xüsusən varlılardan bəziləri Ordubadda bu kimi məktəbin
açılmasına çalışırdılar...
İşin
başında Hüseyn Sultan Kəngərlinski idi. Hüseyn
Sultan çox varlı mülkədar idi… Hüseyn Sultan ermənilərlə
çox böyük mübarizə aparırdı. Hər bir
şeydə onlarla müsabiqəyə başlardı. Onun bu məktəbi
açması da həmin mübarizə ilə bağlı
idi... Məktəb xalqın hesabına dolanırdı.
Hüseyn Sultan belə bir qərar qoymuşdu. O, camaatdan
aldığı hər bir ticarət malından məktəbin
nəfinə bir faiz götürərdi: Faizə verdiyi
adamlardan da məktəb nəfinə pul alırdı. Bunun
üçün də məktəb lazımınca təmin
olunurdu". Burdan da aydın görünür ki,
Naxçıvanda məktəbdarlıq işinin geniş
intişar tapmasına milli inkişaf məsələsi olaraq əhəmiyyət
verən ziyalılar olduğu kimi millətpərvər
mülkədarlar da var idi və mənsub olduqları xalqın
uşaqlarının təhsilinə bütün qüvvəsilə
səy göstərirdilər.
(Ardı var)
Ramiz QASIMOV,
AMEA
Naxçıvan Bölməsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2014.- 21 noyabr.- S.6.