AT KİMİ
DÖRDNALA
Bu qadasını aldığım
yay günü
Camaat dənizdə, bulvarda,
Kimlərsə dağda, meşədə...
Heç bilən də yoxdu
Filankəs harda...
O, isə qələmin, vərəqin
önündə müntəzirdi.
Oturub şeir yazırdı...
...Çayxanaya gedə bilərdi
nərd vurardı...
qiybət qırardı...
Yamanca çayxordu,
çaya həmişə hazırdı.
Amma oturub şeir yazırdı...
Hanı şeirə salam verən?
Kimə deyəydi bu dərdi...
Xanımı da
Gözucu baxaraq yazı-pozuya
Hərdən ağız büzərdi.
Deyərdi ki, ay kişi
Vallah, bu şeir də
bir azardı.
Dəxli yox,
Yenə də şeir yazardı.
Hərdən onu özündən
çıxarardı
şair ştatını
tutmuş adamlar...
Bu quşquşlar,
Dimdikli,
qanadlı
bu
quş adamlar...
Söz onu əsir almışdı.
İstəyiydi-təkcə sözü
Ağa bilsin, yiyə bilsin.
Ha əlləşir, ha vuruşur
Tapa bilmir o sözü ki,
Ağrısını, acısını
deyə bilsin...
Heç
vaxtı da
yoxdu,
yox
Arvadına, uşağına...
Söz onu
qatıb
qabağına
At kimi dördnala
çapır...
QARATELİN
ÖLÜMÜ
Qaraşirin bir qızıydı
Saçları burma-burmaydı.
Qaşı-qaranquş qanadı,
Baxışı, gülüşü-aydın.
Tanıyanlar deyərdilər:
Bu gözəl Yaradanın
Bəxtəvər balasıdı.
Görəsən hansı igidin
İstəklisi olasıdı...
...Yetərincə vəzifəsi,
işi,
İnqilabçı nəvəsi,
öyünəsi
keçmişi...
Amma ürəyindən keçənləri
Təkcə Allah bilərdi
Eşidəndə ki, elçi gələcək
Zarafata salıb
gülərdi...
Birinin
boy-buxunu
xoşuna
gəlməzdi,
O birinin vəzifəsi, işi,
Başqa
birisinin
Doğulduğu kənd yeri.
Beləliklə yola saldı
Neçə-neçə illəri...
Kimsə
ondan incidi,
Xətrinə dəydi...
Dünyanın nə vecinə,
Dünya
öz işindəydi...
O zəncir hörüklər
Açılıb
qaçdı harasa,
O qaranquş qaşlar
uçdu
harasa...
Baxışının, gülüşünün
rəngi
dəyişdi.
Heç
özü də bilmədi
Bu nə olan işdi...
Və bir yay səhərində
Ən vəfalı elçisi
Əzrail
Bir qırpım kipriklə
qaş
arasında
Onu oturduğu
əlil
arabasından
Qopardı getdi...
Qaçırdı Qarateli,
apardı
getdi...
Sən demə
Cənab Əzrailin
Eşqiylə vururmuş ürəyi...
Getd i
Bir əlində pendir
qırığı,
Bir əlində
Qaxaca dönmüş
Zavod çörəyi...
QƏZƏNFƏRİN
İSTƏYİ
Qəzənfərin gözünün
ağı-qarası,
ciyərparası
Bir qızı
vardı.
Xanımı da, qızı da
bəxtiyardı.
Sübh
tezdən işə gedərdi,
Qaş qaralanda
dönərdi
evinə.
Maaşı alan kimi
Cumardı dükanlara
sevinə-sevinə...
Ev tikməyi, hasar
çəkməyi
öyrənmişdi.
Deyərdi ki, daşı daş üstə qoymaq
savab
işdi.
Daşlarla dil tapmışdı,
Sevib könül vermişdi.
And içəndə daş haqqı-deyərdi.
Heç
kəs də şübhə etməzdi
Daşa inandığına.
Yox, diplomu da var
Atmışdı
Qaynanasının sandığına...
Həftənin bir günü
Beş-on
manatından
keçməyi
vardı.
Dostları yığıb başına
Noxudla
Çəllək pivəsi
içməyi
vardı.
Birgözlü mənzil
qalmışdı
ona
Zavoddakı işdən.
Sovetlər dövründən,
O qəribə keçmişdən...
İndi
ikigözlü mənzilin
Xiffətini çəkirdi.
Tərəziyə daş qoyub
qiymətini
çəkirdi...
Yox, paxıllıq etməzdi
Kiminsə sarayına,
imarətinə.
Amma üç nəfər-
bir
otaqda...
Qəzənfər düşmüşdü
çətinə...
Hərdən gözlərini
Zilləyib göylərə,
İstəyirdi üç alma
yerinə
Göydən ikigözlü mənzilin
açarları
düşəydi.
Ovqatı dəyişəydi...
Ay Allah, nolaydı
İstəyinə çata biləydi.
Gecələr Qəzənfər
Rahatca yata biləydi...
Göylərin gözü var-
görür,
Qulağı var-
eşidir
Qəzənfəri...
VARLI ADAMA
Səni
tanıyanlardan
biri
mən.
Sən tamam başqalaşdın,
mən
həmən.
Başını aşağı salıb
İşlərinlə məşğulsan.
Amma varına görə
Bir balaca məşhursan...
Bilirəm çox uzaqsan
İşverəndən, işkəsəndən...
Allaha min
şükür
Aşbazın İstanbuldan,
Qulluqçun Rastov tərəfdən,
Yağın, balın Daşkəsəndən.
Həftədə bir dəfə
Gəncə bazarlığı...
Adına
calayan yox
pisliyi,
mərdimazarlığı.
Cənnətlik Hacı Zeynalabdindən
Maşallah, bəlkə də
çox olar
malın-pulun.
Amma elə yaşa ki,
Görünsün məramın, yolun.
Bəlkə bir su kəməri
çəkdirəsən
Yağış suyuna möhtac
O yanan kəndimizə.
Bir səhər bahar gəlsin
Bozarmış dağa, düzə.
Çıxasan camaatın
Üzünə gülə-gülə
Ad-sanın düşə
dilə.
Pulu xərcləmək-çətin,
Bəlkə qazanmaq-asan...
Tələbəyə, xəstəyə
Bəlkə dayaq olasan.
...Olsun!
Qoy
Santa-Kruz adasında
villan
olsun!
İstəməyən
lap filan-filan olsun!
İndi söz sənindir.
Nə dəxli var
Hansı
varlı yaxşıdı,
Ya pisdi, yaramazdı...
Sən-cənab, a bəy,
ay ağa,
Kişi
kimi
Sinəni ver qabağa
Adını tarixə yazdır!..
OĞLAN
UŞAĞI
Qapıbir qonşumuz
Sultanəhməd kişiylə
Dünən bir süfrədə
Xeyli sağlıq demişdik,
Bala-bala
vurmuşduq...
El-oba arasında
Hörmətlə çəkilərdi
Sultanəhməd kişinin adı.
Amma ki, həmən yay gecəsindən
Günəş salamat çıxdı.
Sultanəhməd çıxmadı...
Cənazəsini çiynimizə
qaldırdıq
Apardıq babasının,
dədəsinin
yanına
Doğmaca evinə, ünvanına...
...Məhəlləmizin qadınlarını
Qaynaşan gördüm
Həmən gün axşamçağı...
Qonşu
Əzizağanın
Nəvəsi olub-dedilər,
Özü də
oğlan
uşağı...
MƏN
GƏLİRƏM ÇOX UZAQDAN...
Mən gəlirəm çox uzaqdan
Xəbərim var güllü bağdan.
Əl uzatsam,
o budaqdan.
Sən quş olub uçarmısan?..
İstəyimi nolar bil sən.
Sən hardasan,
Yersən, Göysən?
Mən
yolçu,
qapını
döysəm
Sən yüyürüb
açarmısan?
Ömrü-günü vermə yelə.
Sən eləsən,
Mən də belə...
Məni
görsən gülə-gülə
Qucağıma qaçarmısan?..
CƏNNƏT
SORAĞINDA
Dağ çayı boyunca-orda, uzaqda
Küləkli, yağışlı bir yaz gecəsi,
Səninlə qalsaydıq biz bir
otaqda
Biryolluq batardı fələyin səsi.
Axı bu kölgələr nə istər bizdən
Bəlkə günahkarıq hardasa,
nəsə...
Güllər asılardı pəncərəmizdən
Olsaydıq baş-başa, nəfəs-nəfəsə...
Niyyət
var xisləti, havası bəlli
Üzünə bağlanıb yolu Cənnətin.
Yalan söz-kiməsə bir boş təsəlli
Fəqət Yaradanı aldatmaq-çətin!
Günəşə boylanan ruhumuz-təmiz.
Ülvi sevdaların büllur səsiyik.
Adəmin,
Həvvanın arxasınca
biz
Güman
var,
Cənnətə
yol gedəsiyik...
BƏXTƏVƏR
BAŞINA, AY ÇİÇƏK DƏRƏN
Yazın
yaşıl burnu
Qanıyan vaxtı
Yamacdan gül-çiçək
toplayan
gözəl,
Kiminçün dərirsən-
o kəs xoşbəxtdi!
Yox, onun adını
hələ
çəkmə gəl...
Sehri möcüzədi
könül
varının.
Mən sənə baxıram
bayaqdan
bəri.
Sənin
gül nəfəsli
barmaqlarının
Ətrinə bürünüb
dağ
çiçəkləri.
Bəxtəvər başına,
ay çiçək dərən.
O xoşbəxt kim
ola,
çıxıb
qarşına?
Sən bu çiçəkləri
kimə
dərirsən-
O kəsin sağ əli
mənim
başıma,
Bəxtəvər başına,
ay çiçək dərən...
Şüvəlan,
2014-cü ilin yayı
Ramiz Məmmədzadə
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.29.