Azərbaycanı layiqincə təmsil edən
ziyalı
Onun haqqında çox oxumuşdum, çox eşitmişdim. Həm elmi, həm də bədii yaradıcılığı barədə əhatəli məlumatım var idi. Amma nədənsə elə bil onun haqqında deyilənlər mənə inandırıcı gəlmirdi. Düşünürdüm – necə ola bilər ki, gənc bir alim bu qədər yerli və xarici miqyaslı uğurlara imza atsın və həmin uğurların hamısı beynəlxalq aləmdə yüksək səviyyədə qəbul edilsin? Üstəlik beynəlxalq elm ictimaiyyəti onun uğurlarını təkcə qəbul və təqdir etmir, həm də dövri olaraq yüksək mükafatlara layiq görür. Bu, necə ola bilər? – deyə düşündüyüm 2008-ci ildə – bir elmi məclisdə şəxsi tanışlığımıza imkan yarandı. Mən həmin tanışlıqdan sonrakı illər ərzində – bir çox tədbirlərdə birgə iştirakımızdan, birgə xarici səfərimizdən, toy-bayramlarda, müxtəlif tədbirlərdə ünsiyyətimizdən sonra təkcə onun uğurlarını təqdir etmədim, həm də həyatda yorulmaz, elmdə təşəbbüskar, bədii yaradıcılıqda isə incə zövqlü, qaynar ilhamlı, eyni zamanda prinsipial xarakterli olan bu soydaşımızla fəxr etməyə başladım.
Söhbət professor Elçin İsgəndərzadədən
gedir. Mən onu hörmətli oxuculara sadəcə
professor kimi təqdim etdim. Bu qənaətim
təkcə ona görə deyil ki, professor titulunu digər
titullardan daha üstün tuturam. Yox. Sadəcə, onun digər titullarını qeyd eləmək
imkanımız yoxdur. Həm yazının
həcmi baxımından, həm də vaxt etibarilə. Onun haqqında olan “Vikipediya” materialını oxumaq
kifayətdir ki, oxucu mənim bu fikrimlə
razılaşsın. Hər halda,
aşağıda bu barədə bəzi məqamlardan söz
açmağa çalışacağıq. İndi isə bu sətirləri qələmə
almaqda bizə kömək olmuş bir neçə fraqmentə
diqqət yetirək.
2008-ci ilin mart ayı. Bakıda
“Bakıxanovların ekran təcəssümü” adlı
kitabın təqdimat mərasimi keçirilir.
Çoxsaylı çıxışlardan sonra SSRİ Xalq
artisti, akademik Arif Məlikov Bakıxanovlar nəslinin görkəmli
simaları haqqında olan nəşr materiallarının beynəlxalq
aləmə çıxarılması zərurətini
vurğulayır və təklif edir ki, bu məsələ
konkret olaraq bir şəxsə həvalə edilsin. İndi digər
bir görkəmli ziyalının – akademik Bəkir Nəbiyevin
dediklərinə fikir verin: – Fikrimcə, bu işi
lazımınca yerinə yetirə biləcək alimimiz
Elçin İsgəndərzadədir. Bu ətraf
ölkələrdə elə bir qəzet-jurnal redaksiyası,
yaradıcı birlik yoxdur ki, orada Elçin İsgəndərzadənin
dostu, tanışı olmasın. Hamımızdan
gənc olsa da, xaricdə Azərbaycan elmini, ədəbiyyatını
tanıtmaq üçün kifayət qədər səy
göstərib. İnanıram ki, bu sahədə
də səyləri müsbət nəticələr verəcəkdir.
2012-ci ilin iyun ayı. İstanbulun və
bütövlükdə Türkiyənin “ən böyük
konsert və konqre sarayı” kimi tanınan Lütvi Kirdar
sarayı. Peyğəmbər (salavatullah) nəslindən
olan böyük şair, filosof, görkəmli xeyriyyəçi
və din xadimi Əs-Seyyid Osman Hülusi Darendevi mövzusunda
beynəlxalq simpoziuma toplaşmışıq. Tədbirdə
Avropanın və Asiyanın əksər ölkələrini
təmsil edən onlarla görkəmli alim iştirak edir.
Simpoziumun başlanmasından əvvəl alimlər bir-biri ilə
tanış olmağa
çalışır, gələcək əməkdaşlıq
barədə söhbət edirlər. Türkiyədən,
İraqdan, Pakistandan, Makedoniyadan, Şimali Kiprdən olan alimlər
isə yaxınlaşaraq Azərbaycan nümayəndə heyətinin
üzvü Elçin İsgəndərzadə ilə
qardaş kimi görüşür, dostcasına
qucaqlaşır və səmimi söhbət edirlər. Bu iftixargətirən məqam mənim
nəzərimdən yayınmır və şahidi olduğum faktların təəssüratını
köhnə dostumuz, Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyası Ankara bürosunun sədri, professor Hayretdin
İvginlə bölüşürəm. Professor çox
maraqlı cavab verir: – Elçin bəy bütün şərq
xalqlarının elm ictimaiyyəti arasında
tanınmış alimdir. Qardaş azərilər
Qarabağı təmsil etmək üçün beynəlxalq aləmə
“Qarabağ” futbol komandasını,
Şuşanı təmsil etmək üçün isə
Elçin İsgəndərzadəni göndərsələr,
kifayətdir. Onun Azərbaycanı təmsil etdiyi ünvanların
siyahısında Avropanın və Asiyanın 50-dən
çox ölkəsi var. Odur ki, xarici alimlərin Elçin bəyin
başına toplaşmasını tam təbii
qarşılayın.
2013-cü ilin dekabr ayı. Səudiyyə Ərəbistanının
Ər-Riyad şəhəri.
“Səudiyyə Ərəbistanı, Azərbaycan
və Orta Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın
perspektivləri” adlı konfransa toplaşmışıq.
Orta Asiya ölkələrini təmsil edən həmkarlarımızla
söhbət zamanı
mən Maqsud Şeyxzadədən söz
açdım. Özbəkistan Xarici İşlər
Nazirliyinin internet xəbərlər
buraxılışının baş redaktoru olan bir həmkarımız
mənim azərbaycanlı olduğumu biləndə professor
Elçin İsgəndərzadəyə salamlar söyləməyimi
xahiş etdi və vurğuladı ki, Elçin bəy türk
xalqları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə
xüsusi töhfələr verən, qeyri-adi enerjiyə malik
bir ziyalıdır.
Bu üç faktdan
sonra, lap elə əvvəl də,
eşitdiyim və şahidi olduğum bir çox məqamlara
görə əvvəllər Elçin haqqında
eşitdiklərimə inanmadığıma görə
sadəcə özüm özümü qınadım. Həmişə belə olub. Biz
kiminsə alimini, yazıçısını, şairini tərifləyə-tərifləyə
göylərə qaldırmışıq. Sonra məlum
olub ki, təriflədiyimiz adam onun Azərbaycandakı həmkarlarının yanında qat-qat kiçik
görünür. Qərəz...
Bəs əcnəbilər nə üçün
Elçin İsgəndərzadənin elmi və ədəbi
yaradıcılığını yüksək qiymətləndirirlər? Yaxud, onun bu qədər
uğurlar qazanmasının təməlində nə
dayanır? Bu
suallara cavab tapmaq üçün əlimizdə olan
materiallara müraciət etdik.
Öyrəndik
ki, qəhrəmanımız 1964-cü ildə Azərbaycanın
dilbər guşələrindən olan Şuşa şəhərində
anadan olub və orta məktəbi Ağdam şəhərində Qızıl medalla bitirib. Adlı təqaüdçü
kimi təhsil aldığı Azərbaycan Politexnik
İnstitutunun Mexanika fakültəsini də fərqlənmə diplomu ilə
bitirib. Tələbəlik illərində Azərbaycan Ali məktəb
tələbələrinin Ümumrespublika Elmi Konfranslarında
beş dəfə Birinci dərəcəli
diploma layiq görülüb. 1982-ci ildə Omsk şəhərində keçirilən Ali riyaziyyat fənni
üzrə Ümumittifaq olimpiadasının diplomantı olub.
1983-cü ildə M.Bauman adına Moskva Ali
Texniki Məktəbdə keçirilən Ümumittifaq Tələbə
Elmi Konfransının diplomantı olub. 1984 –cü ildə “Ən
yaxşı tələbə elmi işi üçün”
medalı ilə təltif olunub. Sank-Peterburq Texniki Universitetində
Maşınqayırmanın Texnologiyası fənni üzrə
keçirilən Ümumittifaq Tələbə Elmi
Konfransının diplomantı olub.1985-ci ildə A.Sneckaus
adına Vilnüs Politexnik İnstitutunda keçirilən
Ümumittifaq Tələbə Elmi Konfransının
diplomantı olub və elmi əsəri kitabda çap
olunub.Tallin Politexnik İnstitutunda keçirilən Ümumittifaq
Tələbə Elmi Konfransının diplomantı olub və
elmi əsəri kitabda çap olunub. Yəqin,
hörmətli oxucu indi bildi ki, mən nə üçün
yazının əvvəlində sadəcə professor
Elçin İsgəndərzadə yazmaqla kifayətləndim.
Bu adamın hələ tələbəlik illərində
qazandığı nailiyyətlər bütöv bir abzas oldu.
Elçin İsgəndərzadə böyük ədəbiyyata
Xalq şairi Məmməd Arazın xeyir-duası ilə gəlmiş
və sonrakı illərdə yenilik ruhlu ədəbi
üslubuna sadiq qalaraq, son illər ədəbiyyatımızın
Dünya təmsilçilərindən birinə
çevrilmişdir.
O, tələbə
kimi öz üzərində çalışmaqla
yanaşı elmi ixtiraları ilə də yadda qalıb. 1986
–cı ildə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin Qızıl medalına layiq
görülüb. İlk elmi ixtirası Bakı Məişət
Kondisionerləri zavodunda istehsalata tətbiq olunub və ildə
1,2 milyon rubl iqtisadi səmərə verib. Minsk Politexnik İnstitutunda (Belorusiya) keçirilən
Ümumittifaq Tələbə Elmi Konfransının
diplomantı olub. 1989-cu ildə “Maşın və mexanizmlər
nəzəriyyəsi” ixtisası üzrə Azərbaycan
Texniki Universitetinin aspiranturasına qəbul olunub. 1989-2014-cü illərdə dünyanın müxtəlif
ölkələrində keçirilmiş 100-dək beynəlxalq,
regional və respublika miqyaslı elmi qurultay, konqres, simpozium və
konfransların iştirakçısı olub. 1991-ci ildə
Qırğızıstanın paytaxtı Bişkek
şəhərində keçirilən “Dəyişən
quruluşlu mexanizmlər texnikada” Beynəlxalq elmi
konfransında Azərbaycanı təmsil edib. 1993 –cü ildə
namizədlik dissertasiyası müdafiə edərək, texnika
elmləri namizədi alimlik dərəcəsi alıb. Uyğun ixtisas üzrə keçmiş
İttifaqın və Azərbaycanın ən gənc alimi
olub. 1997-ci
ildə “Akademik Yusif Məmmədəliyev” mükafatına və
medalına layiq görülüb. Fikrimizcə,
bütün bunlar Elçin İsgəndərzadənin
dünyada tanınmasına səbəb olan təməllər
idi.
İndi isə Elçini beynəlxalq aləmdə daha
çox tanıdan illərin başlanğıcı barədə. Gənc alim
1994 –cü ildə “VEKTOR” Beynəlxalq Elm Mərkəzini təsis
edib. 2000-ci
ildə “Qızıl Qələm” mükafatına layiq
görülüb. “VEKTOR” Beynəlxalq Elm Mərkəzi tərəfindən
Xudu Məmmədov adına Beynəlxalq Elm
mükafatı və Şahmar Əkbərzadə adına Beynəlxalq
Ədəbiyyat mükafatı təsis edib. 2012-ci ildə texnika
elmləri doktoru, professor elmi adına layiq görülüb.
O, eyni zamanda filologiya elmləri doktorudur. Nyu-York Elmlər
Akademiyasının, “Qafqaz
Xalqları” Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət
Elmləri Akademiyasının,
Beynəlxalq Kadr Akademiyasının, Təbriz Dil və
Kültür Akademiyasının, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının,
Gürcüstan Milli Akademiyasının, İtaliya Beynəlxalq
Elmlər Akademiyasının, Vatikan Bonefisiana
Akademiyasının, Avropa Mədəniyyət
Akademiyasının həqiqi (akademik) üzvü seçilib.
“BAYATI” Beynəlxalq ədəbi-sənət jurnalını təsis edib və baş redaktoru
seçilib.”VEKTOR” Beynəlxalq elm
jurnalını təsis edib və baş redaktoru seçilib.
“VEKTOR” Nəşrlər Evini təsis edib.
Uluslararası “Nizamidən Yunus Əmrəyə-Atatürkdən
Heydər Əliyevə uzanan sevgi yolu” Beynəlxalq simpoziumunun təşkilat komitəsinin
düz 10 ildir ki, həmsədridir.
Azərbaycan yazıçılarının X, XI və
XII qurultaylarının nümayəndəsi olub. 2010-cu ildə
Dünya Böyük Şeir Mükafatı (The World Grand Prize
for Poetry) ilə təltif edilib.
Kitabları
dünyanın 20-dən çox ölkəsində (Almaniya,
İran, Türkiyə, Quzey Kıbrıs, Ukrayna,
Qırğızıstan, Qazaxıstan, Rusiya, Suriya,
Bolqarıstan, Rumıniya, Makedoniya, Gürcüstan, Albaniya və
s.) yerli xalqların dillərinə cevrilərək çap olunub. 2006-cı ildə müqəddəs
həcc ziyarətində olub. Avropanın fəxri alimi və mədəniyyət səfiridir.
Azərbaycan, Rusiya, Türkiyə, Makedoniya,
Qırğızıstan, Kosova, Bolqarıstan və digər
ölkələrin Yazarlar Birliyinin üzvüdür.
200-dən çox elmi əsərin, 47 ixtiranın, 14
monoqrafiya və dərs vəsaitinin, 85 bədii və elmi
kitabın, 130 çevirmə kitabının müəllifidir. 300-dək bədii
və elmi kitabların elmi redaktoru olub. “Ədəbiyyat”
qəzetinin (Azərbaycan), “Mars”
(Azərbaycan), “Alov” (Azərbaycan),
“Kümbət” (Türkiyə), “Turnalar” (Quzey Kıbrıs), “Kaynak” (Bolqarıstan),
“Türkçem” (Kosova),
“Jalın” (Kazaxıstan), “Yeni nəşrlər”
(Azərbaycan), “Yazıçı”
(Azərbaycan), “Kərkük”
(İraq), “Sürməli”
(Türkiyə), “İhlamur” (Türkiyə) və digər
jurnalların və nəşrlərin redaksiya heyətinin
üzvüdür. Avrasiyanın bir çox
ölkələrində yaradıcı birliklərin
üzvü olsa da, ən çox Azərbaycan
Yazıçılar Birliyinin üzvü olduğuna görə
fəxr edir.
Elçin
İsgəndərzadə elmi və
ədəbi uğurlarına görə Avropa Şərəf
Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin
inkişafındakı xidmətlərinə görə”
Böyük Qızıl Ordeni (Ukrayna), A.P.Çexov medalı (Rusiya),
A.S.Puşkin medalı (Rusiya), Leonardo Da Vinçi medalı
(İtaliya), İ.V.Göte medalı (Almaniya), S.Yesenin
Qızıl medalı (Rusiya), “Roma şəhərinin fəxri
alimi” medalı (İtaliya) və digər orden və medallarla təltif
olunub.
Hal-hazırda
Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə
prorektorunun müşaviri və “Metrologiya və
standartlaşdırma” kafedrasının professoru vəzifəsində
çalışan Elçin İsgəndərzadə eyni
zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının Ekspert Şurasının
üzvü kimi də səmərəli fəaliyyət
göstərir. O, bu ilin may ayında Azərbaycan
Respublikası Prezidentinin 06 avqust 2007-ci il
tarixli 612 saylı Fərmanına əsasən Prezident
Mükafatına layiq görülüb.
Özbəkistanlı
dostumuzun dediyi kimi Elçin İsgəndərzadə
sözün həqiqi mənasında türk
dünyasının elminə və ədəbiyyatına, ədəbi-mədəni
əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfələr
vermiş ziyalı soydaşımızdır. Elə
sərlövhədə də qeyd etdiyimiz kimi o,
ömrünün geridə qalan əlli ilində bir
ziyalının təxminən yüz ildə görə biləcəyi
işləri reallaşdırıb. Alim və
şair dostumuza uğurlar arzulayırıq.
İttifaq
MİRZƏBƏYLİ
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.28.