Dostumun papaqları
İstanbula günortaya yaxın düşdüm. Danışdığımız
kimi, məni qədimi dostum qarşıladı. O,
İstanbul universitetlərindən birində öyrətmən
işləyirdi.
Bəri başdan deyim ki, bu hekayədə Türkiyə
türkcəsinə tez-tez rast gələcəksiniz,
çünki dostum o kəlmələri kullanmağı
xoşlayır, Məşədi İbad demiş, “bir nou”
öyrəncəli olub.
Dostum məni çıxışda gözləyirdi. Xoşbeş-onbeşdən
sonra universitetlərindən, İstanbuldakı
bahaçılıqdan, ərzağın, ətin keyfiyyətindən
danışdı, daha doğrusu,
narazılığını bildirdi. Mən də ona təsəlli
üçün, bir az da həqiqətə
yaxın olduğuna görə dedim ki, indi hər yerdə geni
dəyişdirilmiş məhsullar satılır, elə
Bakının özü də yaxşı gündə deyil.
Hava limanında liftə minib aşağı
düşdük. Oradan da metro ilə (tramvayla) şəhərin
mərkəzinə gəldik. Bilməyənlər
üçün ərz eləyim ki, Atatürk Hava
Limanından İstanbula metro gedir.
Şəhərin
mərkəzində bir neçə dəfə olmuşdum:
bir tərəfdə Aya Sofiya kilsəsi, bir tərəfdə
də Sultan Mehmet camesi, meydanda nargilə daşıyan qeyri-rəsmi,
yəni statussuz qarsonlar...
Metrodan
düşəndə üşüdüyümü hiss elədim.
Hava soyuq və çiskinliydi.
Ətrafa baxdım və gördüm ki, bizdən
başqa hamı papaqlı-şallıdır.
Dostumun uzun saçları olduğuna görə soyuq
onun vecinə deyildi. Həm də fikirləşdim ki, yəqin
onun da mənim kimi papağa allergiyası var, papaq qoyanda
başı geyişir. Halbuki bir zamanlar o,
cürbəcür papaqları sevərdi, anası onu
küçəyə papaqsız qoymazdı.
Dostum mənim
üşüdüyümü duydu və
yaxınlıqdakı kafedə qəhvəaltı təklif elədi,
razılaşmadım, dedim ki, təyyarədə
naharımı eləmişəm.
– O zaman
evə gedək, – dedi, – uşaqlar da sənin üçün
darıxıblar. Vapurla getsək, yaxşı olur,- deyə əlavə elədi.
“Uşaqlar” deyəndə o, həyat yoldaşı Dilarə
xanımı nəzərdə tuturdu.
Biz gəmiyə minib Asiya yaxasına getdik. Göyərtədə
hava çox soyuq olduğundan aşağı – kayutalara tərəf
endik, amma otaqlara girmədik, eləcə ətrafı – dənizi,
qağayıları seyr elədik.
Dostum
qağayılara işarə ilə:
–
Buraların martıları tam fərqli, – dedi, –
çığırışmağı çox sevərlər,
çünki balıq fəzlə.
Onun dediyinin fərqinə varmasam da, başımla təsdiqlədim. Uzaqdan Qız
qülləsi görünürdü. Yağmurluq
geymiş həvəskar balıqçılar
tilovlarını suya tullamışdılar və çox
güman ki, tutacaqları ovun ləzzətilə
yaşayırdılar.
Bir zamanlar mən də onlar kimi Arazın
qırağında oturub balıq tutardım, yağış
başıma döysə də, ov sevdasından əl çəkməzdim,
çünki balıq qarmağın
böyür-başına fırlanır, hərdən onu
didişdirirdi.
Mən o balığı aydın təsəvvür
edirdim. Xəyalımda onun ipiri
pulcuqlarını, qəlsəmələrini
sığallayırdım. Balığı
necə tovlayıb tutmağımı başıma
yığışanlara danışırdım.
–İndi
də balığa gedirsənmi?- deyə
dostum soruşdu və bununla da mənim balıq həvəskarı
olduğumu unutmadığını nümayiş etdirdi.
–İndi
nə çaylarda, nə də Xəzərdə balıq
qalıb,- deyə gileyləndim,-
çayın qovşağına o qədər tor atırlar
ki, balıqlar kürü qoymağa da macal tapmırlar.
Heç olmasa, aprel-may aylarında bunu qadağan edələr.
Amma kimə deyirsən, sanki bu dəniz və
çaylar onların deyil.
Dostum başı ilə məni anladığını
bildirdi.
–Hər
yerdə aynıdır,- dedi, – elə burda
da.
Gəmidən düşüb avtobusa mindik. Bir neçə
dayanacaqdan sonra dostum dərs deyən universitet şəhərciyinin
qarşısında düşdük.
Kampuslar səliqəylə cərgələnmişdi.
–Bura
öyrəşmişik, ona görə də ayrı bir mənzil
kirayələmədik,- dostum üzümə
baxaraq, sanki məni sınayırmış kimi, –dedi.
–Təbii,
insan haranı bəyənərsə, orada da
yaşmalıdır, –cavabını verdim.
Dostum həyat yoldaşı ilə birinci mərtəbədə
yaşayırdı. Qapının arasında məktub
vardı. Məktub arvadından idi. O,
təəccüblə məktubu açıb oxudu, sonra mənə
tərəf dönüb:
– Acələ
okula getməliymiş, bir azdan gələr, –dedi, sonra da izah elədi
ki, arvadının bu gün dərsi yoxdur, bizi gözləməliymiş,
amma getməyə məcbur olub.
Otağa girəndən sonra dostum yenə də qəhvəaltı
təklif elədi. Bu dəfə boyun qaçırmadım,
fikirləşdim ki, xətrinə dəyə bilər,
çünki bura kafe yox, onun öz eviydi.
O,
soyuducudan pomidor-xiyar, pendir, sosiska, kolbasa çıxarıb
stolun üstünə düzdü. Yəqin
öncədən hazırlıq görmüşdü.
–Bizdən
fərqli olaraq türk qardaşlarımız səhərlər
bol yeməyi xoşlayırlar. Özü də
tərəvəzə üstünlük verirlər, –deyə
o, pomidor doğramağa başladı. Mən
başımla onun dediklərini təsdiqlədim, gözlərimlə
ətrafı seyr eləməyə başladım. Dəhliz mətbəxlə üzbəüz idi.
Orada iri, yığma şifoner vardı, üstündə isə
cürbəcür kişi papaqları. Məni maraq götürdü. Necə ola bilərdi ki, bu qədər papaq ola-ola dostum
başı açıq gəzsin, başı açıq gəzəcəkdisə,
onda papaqlar nəyə lazım idi?
–Papaq
kolleksiyası toplayırsan, deyəsən? – deyə
şifonerə işarəylə soruşdum.
O, bir
anlığa duruxdu, sonra nəzərlərini hərləyib dəhlizə
baxdı, qımışdı:
–Hə,
onları deyirsən?.. Uzun
söhbətdir. Sonra danışaram.
–Vaxtım
çoxdu, –dedim, – axşamüstü mehmanxanaya qayıdacam,
qonaqlarım olacaq, sabah konfransa
qatılacam.
Qəhvəaltı
dəmdəstgahı hazır olandan sonra dostum papaq əhvalatını
danışmağa başladı:
–Uşaqlıqdan
papaq qoymuşam da, bilirsən, rəhmətlik anam məni
öyrəncəkli etmişdi.
Başımla təsdiqlədim.
–Universitetə
təzə gəlmişdim. Gördüm, əksəriyyət
burda papaq qoyur. Əsl müsəlmançılıqdır.
Ürəyimdə sevindim də. Fikirləşdim ki, mən də bir papaq alım.
Saqqalıma uyğun, qara rəngli bir panama
aldım. Bir-iki gün keçəndən sonra dəhlizdə
gedirdim, birdən rektor yardımçısı arxamca
qaça-qaça gəldi və dedi ki, “rektor əfəndi
sizi görmək istəyir”. Dedim, yəqin
nəsə bir tapşırığı var.
Gəldim rektorun kabinetinə. İçəri girən kimi, rektor
ayağa durub mənimlə hal-əhval tutdu, sonra
papağıma baxıb soruşdu: “Oğlum, sən ortodoks yəhudilərdənmisən?”
“Yox canım, dedim, – mən də sizin kimi müsəlman və
türkəm”. “Bəs bu şapka nərədən
çıkdı?” “Şapkadı da,
xoşuma gəldi, aldım”. “Oğlum, bax
beni yaxşı-yaxşı dinle, bizim universitedə böylə
şapkaları sevmezler”. Düzü, bərk təəccüblənsəm
də, büruzə vermədim və dedim: “Pəki, əfəndim
bir daha takmaram”.
Üstündən bir neçə gün keçəndən
sonra Dilarə xanımla Qapalıçarşını gəzməyə
çıxmışdım. Bu dəfə özümə ağ rəngli şlyapa aldım. Bilirəm, indi təəccüblənəcəksən
ki, niyə məhz şlyapa, o da elə panamanın bir
adıdır da. İş burasındadır ki, bu bir az yığcam idi, həm də mənim bu
cür papaqlara bir nostaljim var. Rəhmətlik atam belə papaqları
sevərdi. O papaqlarla çoxlu şəkillər çəkdirmişdi:
enlibalaq şalvar, zolaqlı pencək, damağında papiros...
Nəysə. Aradan bir müddət
keçdi, rektor köməkçisi təngənəfəs
gəlib dedi ki, rektor əfəndi çağırır. Getdim. Bu dəfə rektor
ayağa durmadı, əvvəlki iltifatı da göstərmədi.
Eləcə deyindi: “Ya sən nə əcaib adamsan! Solçumusan?” Dedim “yox, canım, siz nə
danışırsınız, mən siyasətlə ilgilənməm“.
“Bəs bu şapka nə?”. “Şapkadı
da”- deyə əsəbi cavab verdim. “Başı
açıq gəzməyəcəm ki...” “Bax
oğlum, ben solçu-molçu bilmem. Özünə
ayrı şapka tap”. Bir söz deməyib
çölə çıxdım. Fikirləşdim
ki, geri vətənə qayıdım, ya da özümə
ayrı bir universitə bulum. Bu əhvalatı
və ağlımdan keçənləri Dilarə xanıma
danışdım. O da dedi ki, kefini pozma, mən sənə
yaxşı birisini alaram, rektor əfəndi də razı
qalar, sən də özgə fikirlərə düşməzsən.
Arvad dediyi kimi də elədi. Mənə özbək
araxçınına oxşayan bir papaq aldı. Papaq əsl araxçından balaca, fəsdən azca
iriydi. Xoşuma gəldi...
Bu yerdə dostum dayandı, ayağa durub civiltili səs
çıxaran çaynikin altını söndürdü. Geri
qayıdıb oturandan sonra mənim intizarıma son qoydu.
–Araxçın
mənə yaraşırdı. Bir eynək də
almışdım. Əsl professora bənzəyirdim.
Üstündən bir-iki gün keçmişdi ki...
–Professor
səni çağırdı elə?- deyə
sözünü kəsdim.
–Aynan sən
dediyin kimi. Yenə də rektor
yardımçısı gəldi. Bu dəfə
rektor əfəndi daha da əsəbiləşmişdi.
İçəri girən kimi ədəb-ərkanı kənara
qoyub üstümə düşdü: “Oğlum sən nə
oyun çıxarırsan ya?! Azərbaycanda sizə
yalnızca siyasət dərsimi keçirlər? ”. “Canım nə siyasət?!” deyə mən də səsimi
qaldırdım. “O siyasət ki, gündə bir
türlü şapka taxırsan. Bu nədi belə?!
Şimdi də dinçimi oldun?!” “Mən dinçi-zad deyiləm, ya! İstəsəniz universiteni həmən tərk
edib gedərim”. Mənim bu sözlərim rektorun
havasını aldı, bir qədər yumşaldı və
soruşdu: “Oğlum, sən həqiqətənmi, bu
şapkaların tərifini bilmirsən?”.
“Bilmirəm” dedim, “nərədən bilim”. Başıma
bir papaq qoymalıyam, ya yox? Bizlərdə
kimin hansı şapkanı qoymağı kəndi işdir.
Ona heç kim qarışmaz”. “Bak, oğlum, mən səni istədiyimdən deyirəm.
Yarın səni bir sağçı, ya
solçu öldürsə, bizim heç bir suçumuz yok”.
“Sağçılar hansı şapkadan
taxırlar ki?”- deyə bərayi-ehtiyat
soruşdum. Rektor əfəndi
gülümsündü və divarı göstərdi. Divarda yeni baş nazirin şəkli
asılmışdı, başında dimdikli kepka. Barmağımı dişlədim, amma heç nə
demədən çölə çıxdım. Mən nə ortodoksal yəhudiydim, nə solçu,
nə də dinçi, sağçı olmaq da istəmirdim.
Çünki dimdikli kepka qoyanlardan xoşum gəlmirdi.
Bu cür kepkaları mənim vətənimdə
farmazon müsəlmanlar qoyurdular. Odu-budu, papaq qoymuram...
Dostum bu sözlərlə hekayətini tamamladı və
uzun saçlarını, sonra da saqqalını tumarladı,
axırda da qəhqəhə çəkib güldü. Mən də
ona qoşuldum.
Daha sonra türkiyəli arxadaşlarımızla bizi birləşdirən
və ayıran nəsnələri müzakirə elədik. Bu arada Dilarə xanım da
gəlib çıxdı, evdə olmadığına və
müsafirinə yetərli diqqət göstərə bilmədiyinə
görə üzüldüyünü dedi. Amma
mən gördüyümü görmüş, eşitdiyimi
eşitmişdim.
Dostlarımdan ayrılıb mehmanxanaya qayıtdım. Konfrans
zalı mehmanxananın özündəydi. Mənim də məruzəm varıydı. Papaq əhvalatını konfransdakı
çıxışıma əlavə eləmək istədim.
Çünki mövzumuz cəmiyyətdə
tolerantlıqla bağlıydı. Amma salondakı
müxtəlif sifətləri görəndə bu fikrimdən
vaz keçdim, çünki onların çoxu bura papaqda gəlmişdi...
Sentyabr 2014
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.27.