Vaqif Yusiflinin təqdimatında
“Ədəbi həyat”
Tanınmış tənqidçi, professor
Vaqif Yusiflinin bu yaxınlarda “Ədəbi həyat” kitabı işıq üzü görüb. Kitab son illərin “Ədəbi mənzərə”si ilə
açılır.
Kitabın “Portretlər”, “XXI əsr
ədəbiyyatı” bölümlərində
Mirzə İbrahimov,
Mir Cəlal, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Əhməd
Cəmil, Balaş Azəroğlu, Əliağa
Kürçaylı, Yusif
Səmədoğlu, İsi
Məlikzadə, Cabir Novruz, Vaqif Səmədoğlu,
Maqsud İbrahimbəyov,
Elçin Əfəndiyev,
Elçin Hüseynbəyli,
Əjdər Ol, Əlisəmid Kür, Xanım İsmayılqızı,
Sona Vəliyeva, Ofelya Babayeva, Adil Cəmil, Əlabbas, Elçin İsgəndərzadə və
başqa ədiblərin
yaradıcılıqları təhlil olunub.
“Mir Cəlal həqiqətləri”
yazısında V.Yusifli
görkəmli ədibin
alim, yazıçı,
publisist, pedaqoq kimi məziyyətlərindən
söz açıb.
“O səs indi də
yaşayır” məqaləsində
müəllif, İlyas
Əfəndiyevin özünəməxsus
yaradıcılığından bəhs edib: “Elə sənətkar var ki, bütün
yaradıcılığı boyu nə yazırsa,
həyatın hansı
problemlərinə müraciət
edirsə, həmişə
öz sənətkar təbiətinə, yaradıcılıq
prinsipdərinə sadiq
qalır. Buna yaradıcılıqda özünəməxsusluq
deyirlər və bu özünəməxsusluq
həmin sənətkarı
ədəbiyyat aləmində
bir kimsə ilə eyniləşdirməyə
imkan vermir. Xalq yazıçısı, görkəmli
nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır”.
“...Ənvər Məmmədxanlı
XX əsr Azərbaycan
nəsrində lirik-romantik
üslubun yaradıcılarındandır.
Bu üslubu səciyyələndirən
birinci əlamət
real həyat hadisələrinə
lirik-poetik yönümdən
yanaşılmasıdır. Gözəlliyin təsviri Ənvər
Məmmədxanlı nəsrində
gözəlliyin, ülviliyin
təsdiqidir. Lirik-romantik üslubu
səciyyələndirən ikinci əlamət isə bir qədər
formal xarakter daşıyır.
Yazıçının dili, təhkiyə tərzi,
poetik monoloqları mənsur şeiri xatırladır. Onun nəsrini, dram əsərlərini, hətta adi cəbhə
qeydlərini də həyəcansız oxumaq olmur”. Bu fikirlər isə tənqidçinin “Köhnə
atları köhnə kişilər minib o dünyaya getdilər”
yazısındandır.
“Mənə
yaşamaq yox, şeir yazmaq gərəkdir” yazısında
V.Yusifli Xalq şairi Vaqif Səmədoğlunun
poeziyasını incələyib: “Vaqif Səmədoğlunun
şeirlərindəki ağrı-acını, kədəri-qəmi,
Allah, Dünya, Ömür və Ölüm haqqında
düşüncələrini bir yerə toplayanda belə qərara
gəlirsən ki, o, bu dünyanın – faniliyin içində əzab
çəkir. Vaqif Səmədoğlu şeiri
öz poetik sanbalına, yükünə görə
çağdaş poeziyamızda ayrıca bir qodur desəm, səhv
etmərəm. Burada Söz adilikdən və
hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik
daşıyıcısına çevrilir”.
“Arazbarı
üstə” məqaləsində Sona Vəliyevanın
“Arazbarı” kitabı haqqında düşüncələr
yer alıb: “Sona Vəliyevanın şeirlərində vətənpərvərlik
duyğuları içdən gəlir, patetikadan, oxunmuş
kitablardan, Vətən haqqındakı nitqlərdən yox. Bəli, bu kitab bir Azərbaycan qadınının,
bir ananın kitabıdır”.
“Dua
yağışları”nda Xanım
İsmayılqızının şeirlərinin poetik
xüsusiyyətləri araşdırılıb: “Xanım
İsmayılqızının şeirlərindəki DUA lokal
səciyyə daşıyır. Əsasən, anlayışın hərfi mənasından
doğur və müəllif fikrinin
daşıyıcısına çevrilir. Xanımın şeirlərində belə demək
mümkünsə, bir ruh dolaşmaqdadır. Şeirlərini
oxuduqca hiss edirsən ki, o ruh deyilən nəsnə onunla
doğrudan da ömrün sonuna və ömrün sonundakı
nəhayətsizliyə doğru yol gedir. Məsələ
burasındadır ki, Xanım İsmayılqızının
poetik anlamında mənəvi atributlar ruhla bədən
arasında sakindirlər”.
Kitabın
“Ədəbi gənclik” bölümündə Natiq Məmmədli,
Səhər Əhməd, Pərvin, Cavid Zeynallı, Elxan
Qaraqan və digər yazarların
yaradıcılığı haqqında mülahizələr
öz əksini tapıb.
“Fionanın
arxasınca” yazısında V.Yusifli gənc yazıçı
Pərvinin yaradıcılığına nəzər yetirib:
“Pərvinin hekayələri tematika baxımından da
özünəməxsusluğu ilə seçilir. Hadisə, əhvalat,
vaqeə bu hekayələrdə sanki ikinci plandadır, əsas
xətt hər bir hekayədə təhkiyəçi rolunu
öhdəsinə götürən obrazın
düşüncələri
üzərində qurulur. Bu düşüncələr hekayələrdə
psixoloji effekti artırır”.
“Natiq Məmmədli hekayələrində olduğu kimi,
“Ümid körpüsü” romanında da Azərbaycan dilinin həm
ədəbi, həm də xalqdan gələn
danışıq dilini vəhdət halında qovuşdura
bilib. Bizi
romanda razı salan bir də odur ki, Natiq Məmmədli təbiət
təsvirlərində heyranedici lövhələr çəkməyi
bacarır...” Bu fikirləri V.Yusifli
yazıçının ilk romanı haqqında rəyində
ifadə edib.
“Anım”
bölməsində yer alan “Hanı fərmanın, dağlar?”
yazısında mərhum ədib Fərman Kərimzadənin
yazıçı və insan kimi səciyyəvi cəhətləri
vurğulanıb: “Cəmi 52 il yaşadı Fərman Kərimzadə
– indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı,
Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını
dolaşan böyük yazıçı, ipək xasiyyətli
insan, dostlarının və oxucularının xatirindən
heç vaxt silinməyən şəxsiyyət”. Sözügedən bölümdə Məstan
Günər, Adil Rəsul və Tahir Qurban da yad edilib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.26.