Söz sevgisi və həqiqətli
ömür yolu
Balaca
qardaşlarımdan birinin maraqlı etirafı var. Yazır ki,
uşaq olanda elə bilirdim ki, Sabir məndən çox Fərman
Kərimzadənin, Məmməd İsmayılın, Xudu Məmmədovun,
Nüsrət Kəsəmənlinin, Çingiz
Əlioğlunun, Ramiz Rövşənin, Sabir Əhmədlinin
qardaşıdır.
Böyük
qardaşı kənddən ayrılıb gedəndən sonra
dünyaya gəlmiş, onu ancaq tətildən-tətilə, məzuniyyətdən-məzuniyyətə
və əksər hallarda adları çəkilən
dostların əhatəsində, kəndə bir-iki
günlüyə qonaq gələndə görən bir
uşağın çox dəqiq müşahidəsi, bəlkə
də acı psixoloji yaşantısıdır.
Bu
acılıqdan böyük qardaşa daha çox pay
düşür, çünki ayrı məkanlarda yaşamaq
kiçik bacı-qardaşlarla ünsiyyət imkanını məhdudlaşdırır,
balacalar ona doğma evində qonaq, ya da rəsmi bir adam və
ya əmi, dayı kimi baxırdılar... Bu taleyin maraqlı bir
tərəfi də var ki, onlar öz ocaqlarında böyük
qardaşlarıyla yanaşı başqa böyüklər də
görür və onlara da tez-tez gəlməyə imkanı
olmayan, amma evlərinin doğması kimi sevirlər.
Bu
göz ilə baxanda Yardımlının dağlar
arxasındakı balaca kəndinin, balaca evinin doğma
övladlarından ayırmadığı, mənə
qardaş saydığı şəxslərdən biri də,
yuxarıda göstərdiyim kimi, Çingiz Əlioğludur.
Anamın çox işlətdiyi sözüydü “başuva
dönüm” və mənlə bərabər
dostlarımın da başına dolanırdı ki, Allah
hamımızı qorusun; məni dönə-dönə onlara
tapşırırdı; dostlar da zarafatla “ay ana, sən onu bizə
yox, bizi ona tapşır!” deyir, bununla mənim evimizdən kənardakı
yerimin özəlliyini vurğulayaraq, ana ürəyinə
dinclik gətirmək istəyirdilər.
Dostlar
haqqında yazılarımızın çoxunu ötən
günlərin anılarından başlamağımız
anlaşılandır, dostluq tarixçələri,
ömrün ən gözəl çağları ilə, daha
çox ötən günlərlə bağlıdır.
70-80-ci
illərdə ədəbi mühitimizdə bir dostluq əfsanəsi
vardı. Ədəbiyyatda dostluqların uzun ömürlü
olması nadir hadisədir; yazarlar fərdiyyətçidir, hərə
öz yolunu axtarır; yaradıcılıq işi təklənməyi
sevir, fərqli yollar istər-istəməz hər cür
konfliktə münbit şərait yaradan fərqli yanaşmalar
yaradır. Buna görə də yolun əvvəlində
başlanan dostluq tez soyuyur, ədəbi başarı və
maraqlar hərəni bir tərəfə, bir dəstəyə
çəkir. Sonra da ailə qayğıları, iş,
güc. Amma biz bütün bunları adlayıb
keçmişdik və yetkin yaşımıza dostluğun
soyuyan xatirəsiylə yox, həyatda ən böyük
qazanclarımızdan biri saydığımız güclü
bir əqidədaşlıq, birlik duyğusuyla gəlmişdik.
Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və
bu sətirlərin müəllifi... Bizlər də fərqliydik.
Əsgər kimi eyni addımlarla yerimirdik, şübhəsiz.
Ancaq bu fərqlilik bizim dostluğumuzun bəzəyi,
dadı-duzu, şuxluğuydu.
İndi
biz – Çingiz Əlioğlu ilə ikimiz qalmışıq;
ikimiz də bölünməz, daşınmaz bir əmlakın,
bir sərvətin varislərinə bənzəyirik. Təkcə
bizə məxsus, bizim zənginliyimizin qaynağı olan,
bizimlə danışan və bizi anlayan bir
yazılmamış dastan, illər uzunu
yaratdığımız bir əfsanə sərvəti...
Biz
bir-birimizə bənzəmirdik. Təkcə xasiyyətimizə,
dünyaya baxışlarımıza görə yox, həm də
yazıb ortaya çıxartdıqlarımıza görə.
Və bəlkə də dostluğumuzun bir səbəbi də
ədəbiyyat məkanlarımızın coğrafi sərhədlərinin
toxunulmazlığında idi. Bir-birimizin sözünə
göz dikmir, bir-birimizə “ərazi iddiası” eləmirdik.
Dostlarımın
hər birinin ədəbi xarakteri,
yaradıcılığının özəllikləri,
poetikası, dil-üslub xüsusiyyətləri şeirimizdəki
mövqeləri barədə yazılıb və yenə
yazılmalıdır. Hər yeni kitabımızı o vaxt necə
bayram edirdiksə, indi də etməliyik.
Çingiz
bizdən iki yaş böyük olsa da, təbii ki, bizdən
daha gənc görünməyə
çalışırdı.
Hər
birimizin başqa dostluq mühitlərimiz də vardı; orta və
ali məktəb yoldaşlarımız. Vaxt keçdikcə
onlar da tanış olur və ətrafımızda
Ağstafa-Füzuli, Yardımlı-Bakı arasında xeyli adam
yaxınlaşmış və geniş bir doğmalıq,
dostluq və qohumluq şəbəkəsi
yaranmışdı.
Bizi
bağlayan nə idi? İndi bu suala cavab tapmaqda çətinlik
çəkirəm, yəqin o vaxt da cavab verə bilməzdim.
Yalnız fərqlilik əsas səbəb deyil. Məncə əsas
səbəb bu fərqliliyin ümumi bir amala, yola, məqsədə
bağlılığında, qardaşlıq sevgisi kimi səbəbsiz,
amma qaçılmaz bir duyğudaydı.
Biz
bir-birimizin varlığına sevinir, bir-birimizlə qürur
duyur, bir-birimizin uğuru və sevinciylə
qanadlanırdıq.
Dostluq
üçün zəruri olan ümumi cəhətlər də
var idi. Məncə, bu ilk növbədə bizim xarakterimizlə
bağlıydı. Ağır uşaqlıq illərindən
gəlmə dözüm, oxumaqdan, yazmaqdan yorulmamaq, hansı
mühitə düşsək də öz ləyaqətimizi
uca tutmaq bacarığı, ürəyiaçıqlıq,
böyük yurd və millət sevgisi, insanlara münasibətimizdəki
nəciblik və xeyirxahlıq və bütün bunlarla
yanaşı saxtakarlığa, dildə bir cür, ürəkdə
başqa cür olmaq riyakarlığına, vətənin
adına xələl gətirəcək hər cür
korazehinliyə qarşı barışmaz olmağımız
və s.
Şəkillərimizdən
biri Qax rayonunda çəkilib; yaşıdlarımız olan
bir dəstə şairlə İlisuya gedirdik, yolüstü
pedestala bənzər bir sütun diqqətimizi cəlb
etmişdi və o dəqiqə mübahisə
qızışmışdı. “Əsl, şair heykəlinin
yeridir!” Pedestal bir heykəl üçündü, amma zarafatla
hərəmiz bir yandan dırmaşdıq bu kürsüyə.
Məlum oldu ki, bu pedestala hamımız yerləşə
bilirmişik. Ortada üçümüz, ətrafda daha 4-5
cavan dostumuz.
O bir
zarafat idi, “heykəl üçün bizə bir kürsü də
yetərlidir, orda həmişəlik, çiyin-çiyinə
dayana bilərik” – deyirdik.
Bu
zarafatda bir ciddiyyət mayası da vardı, yəni aramızda
kürsü, şöhrət, birincilik yarışı yox
idi, eyni yüksəkliyi bölüşə bilirdik.
Heykəl
xatirəni qorumağın yalnız bir formasıdır;
insanlığın yaddaş kitabçasının bir
küncünə bütə bənzər bir mərmər
heykəlcik qoyulur ki, unudulmasın. Kitab da o heykələ bənzər
xatirələrin, ruhun ötürücüsüdür və
mən kitablarımızı vərəqləyəndə
yaxınlığımızın bir səbəbini də bu
ruh birliyində görürəm.
Üçümüz
də çətin uşaqlıq illərini, ehtiyac
sınaqlarını adlayıb, ümid və arzularımızı
sınmağa qoymadan, gənclik qürurumuzu və gizli daxili
iddialarımızı qoruyaraq gəlmişdik.
İçimizdə
nə çəksək də, cəmiyyətdə yerimizi və
missiyamızı tapdığımıza görə xoşbəxt
idik.
Bütün bunlar sanki dünən olmuşdu. Dünənlə 70 yaş
arasındakı zamanın necə ötüb keçdiyini
hiss etməmişik, yazılan kitablar, övladlar və xatirələr
olmasa, bu illərin yaşandığına inanmaq çətindir.
Böyük şairimiz Rəsul Rzanın təqdimatıyla
çap olunmuş ilk şeirlərindən başlayaraq,
Çingizin bütün ədəbi fəaliyyəti
gözümün qabağındadır. Şair tikdiyi
evin neçə mərtəbə olacağını bilməsə
də, yorulmaz, tükənməz bir səbr və həvəslə
hər gün kərpic-kərpic hörgüsünü
hörən bənnaya bənzəyir. Ancaq bu iş
çox vaxt ilhamın qanadında, romantik bir ovqat yüksəkliyində
baş verdiyinə görə kənardan görünmür, bəzən
hətta yaxınlar, ailə üzvləri də hamıyla bir
yerdə oturan, deyən-gülən şairin ürəyində
həmin anlarda hansı rüzgarlar
dolaşdığını, hansı axtarışlar getdiyini
sezə bilmirlər.
Çingiz Əlioğlu, missiyasını reklam etmədən,
bütün ömrünü ədəbiyyata vermiş
adamdır.
Şeir və publisistika ilə yanaşı, Azərbaycan
oxucusunun ədəbi intellektini yüksəltməyə xidmət
edən əsərləri yüksək zövq və peşəkarlıqla
tərcümə və təbliğ edir, naşirdir, kitabşünasdır
və s. Bundan əlavə, o, uzun müddət
Yazıçılar Birliyində şeir bölməsinə rəhbərlik
etmiş, nəşriyyatlarda, Mətbuat və İnformasiya, Mədəniyyət
və Turizim nazirliklərində məsul vəzifələr
daşımışdır, Əməkdar İncəsənət
xadimidir. Bunlar Çingizin həyatı və
yaradıcılığının ayrı-ayrı cizgiləri
kimi bənzərsiz şair-vətəndaş portreti
yaradır. O öz şəxsiyyəti,
yaradıcılığı, ağlı və yüksək
mədəniyyəti ilə hər yerdə, ölkə
daxilində və xaricdə Azərbaycan
varlığını ən yüksək səviyyədə
təbliğ və təqdim etməyi bacaran bir adamdır.
Çingiz cavanlıqdan müstəqil olmağa vərdiş
eləmişdi və bu özəllik onun
yaradıcılığında da görünür. Onun şeir
meyarları, məncə, oxucu auditoriyasından daha çox
öz ədəbi prinsiplərindən, hədəflərindən,
zövqündən qidalanır; oxucuya xoş getsin deyə
yüngül və basmaqəlib mövzulara və yazı tərzinə
meyl salmır. Hamıya məxsus işlək
yoldansa öz kələ-kötür yoluyla addımlamağa,
bu yolu böyütməyə üstünlük verir.
Şeir
söz sənəti olduğuna görə şair
in
sözə münasibəti, söz duyğusu, sözlə
işləmək, sözlə qurmaq və sözlə oynamaq
qabiliyyəti mühüm keyfiyyətdir.
Model ustaları xırda bir əlavə, bəzək və
naxışla, yeni bir detalla ənənəvi görünən
geyimlərə çağdaşlıq ruhu
qazandırdıqları kimi Çingiz də öz şeirlərini
belə gözlənilməz, ilk baxışda bəzən
yerinə düşməyən kimi görünən, lakin
diqqətlə baxanda müəllifin poetik estetikasının tərkib
hissəsi kimi əhəmiyyətli olan yeni söz
naxışları vurmağı xoşlayır. Sözünün
ifrat ütülü-mütülü olmasını yox, ruhun,
poetik ovqatın vermək istədiyi bədii informasiya
yükünün önündə tutur, sözünün
ümumi dizaynına yeni, koloritli sözlərin
qoşulması, sözün yeni poetik və semantik
qatlarının açılışı, simvolik ifadə tərzinin
zənginliyi onun poeziyasının əsas keyfiyyətlərindəndir.
Dilimizin alliterasiya imkanlarından, məncə, poeziyamızda
heç kim Çingiz Əlioğlu qədər
gen-bol və uğurlu istifadə etməyib. Bir
çox əsərlərində o, ana dilinin bu qeyri-adi
imkanları ilə XX yüzil dünya poeziyasının, hər
xalqın ədəbiyyatında bir cür boy göstərən
avanqard, modern üslublarını birləşdirir. “Kubist şeir” adlandırdığı şeir
silsiləsi bunun uğurlu nümunəsidir. “Ruhun həndəsəsi”
kitabındakı “Uzaqdan gələn adam”
bölməsi ictimai bəlaları orijinal ifadə tərzi və
dil zənginliyi baxımından onun
yaradıcılığında və şeirimizdə yeni bir
səhifədir.
Söz Çingizin sevgisi, əyləncəsi, uğuru və
qoruyucusudur.
Deyə
bilmədiyim sözün içində
İçimin nə qədər ağrıları var.
Deyilməsi mümkün olmayan söz – ləyaqəti
yolunda vuruşan, haqqına qovuşa bilməyən millətlərin
şairlərinin əbədi ağrılarındandır.
O sözə
bağlıdır gizli arzular,
O
sözün içində azadlıqlarım.
O sözə
bağlıdır bütün varlığım,
O sözdən
başlayır tanımadığım,
Görə bilmədiyim dadlı bir həyat.
O
sözü, o sözü... deyə bilmirəm,
Çalışıb
vuruşmaq əbəsmiş... Heyhat.
Bu,
Çingizin 25 il öncəki
narahatlığıdır. Bu misraların başqa mənalarını
bir kənara qoyuram, ancaq min illik şeirimizin yolunda öz nəğməsi,
səsi, yeri olan bir usta qələm sahibi,bir
vətəndaş kimi Çingiz öz sözünü
demişdir. “Çalışmağı,
vuruşmağı” nəticəsiz qalmamış, onlarla,
yüzlərlə şeir çiçəkləri ilə bəzənmiş
bir söz gülüstanı yaratmışdır.
Şair dostumun yarım əsrə yaxınlaşan yaradıcılıq yolunun başlıca keyfiyyətlərindən biri ədəbiyyat işinə – milli mücadiləmizin, Azərbaycanın azad, xoşbəxt gələcəyi, uşaqlıq xatirələrini qoruyan doğma Qarabağın düşmən işğalından azad edilməsi, dünyada haqq və ədalətin bərqərar olması işinin bir hissəsi kimi baxmasındadır. Buna görə də onun yaradıcılığı daim yüksəlir, genişlənir, qol-qanadı böyüyür və ölkədən-ölkəyə uzanır.
Çingizlə Nüsrətə həsr etdiyim şeirlərimin birində onların xarakterini qısaca belə ifadə etmişdim: “Ah, dostlarım! Alnından Günəş doğan, Ay doğan, ah, dostlarım, səhvləri düzəltməyə darıxan”. “Alnında Ay doğan adam” Çingizin şeir kitablarından birinin adıdır. Mən Çingizi həmişə belə işıqlı, zəkalı və tariximiz boyu buraxılmış səhvlərin ağrısını çəkən, bu səhvlərin düzəldilməsi yolunu ideal seçən qələm sahiblərimizdən biri kimi görmüşəm.
Şeirlərinin vətəndaşlıq ruhu kitabdan-kitaba güclənən şairin hətta eksperimentlərində, avanqard, kubist şeirlərində də çağdaş Azərbaycan vətəndaşının müstəqilliklə gələn uğurları və uğursuzluqlarının geniş və Çingizə məxsus poetik tərzdə çəkilmiş mənzərəsi var. Bu baxımdan onun son kitabları bütövlükdə poeziyamızın uğuru sayılmalıdır.
Bu kitablar şair Çingiz Əlioğlunun çağdaş şeirimizdə özünəməxsus yerini müəyyənləşdirir, onu ədəbiyyat tariximizə adı həmişəlik həkk olunacaq müəlliflərdən birinə çevirir.
Zövqünü, ədəbi-estetik tələbləri və mövqeyini yaxşı bildiyim dostumun “Fraqmentlər” kitabını oxuyandan sonra onu özüm üçün yenidən kəşf etdim. Esselərinin, düşüncə və müsahibələrinin toplandığı bu kitab müəllifinin şair, vətəndaş, ziyalı, ictimai xadim obrazına həm də ciddi fikri adamı, ədəbiyyatşünas epitetlərini ana südü kimi halallıqla əlavə edir.
Bu kitab müəllifinin təkcə ədəbiyyata, mədəniyyətə münasibətinin orijinallığı, genişliyi ilə deyil, həm də bunların işığında bir çox istimai-siyasi hadisələr qiymət vermək ustalığı ilə diqqəti cəlb edir.
Çingiz Əlioğlu yetmişində də, otuz il öncə olduğu kimi, ilhamla, yorulmadan yazıb-yaradır. Hər kitabıyla oxucularını axtarışlarının yeni sürprizləri ilə sevindirir.
Təəssüf ki, bir məqalədə onun yaradıcılığının bütün keyfiyyətləri barədə danışmaq mümkün deyil; bundan ötrü gərək ayrıca bir kitab yazasan. Burda onun yaradıcılığının yalnız bir-iki cəhətinə toxundum. Amma bu məqamda hökmən onun tərcüməçilik qabiliyyəti və bu sahədə gördüyü çox əhəmiyyətli işləri də xatırlatmaq lazım gəlir. Çünki ədəbiyyatda zövqsüzlüyün, yeni nəslin kitaba marağının azalmasının qarşısını almağın bir yolu da dünya ədəbiyyatının ən yaxşı əsərlərinin dilimizə çevrilib oxuculara təqdim edilməsidir. Bu cəhətdən Çingiz Əlioğlunun tərcümələri həm seçilən müəlliflərə, həm də tərcümənin keyfiyyətinə görə mühüm ədəbi hadisədir, xidmətdir və bununla yanaşı onun tərcümə sənətinə yanaşmasındakı ciddiyyəti, bu sahədəki xüsusi istedadını nümayiş elətdirir.
Biz bir yerdə çox ölkədə, çox məclislərdə olmuşuq və mən Çingizin öz xalqının böyük ruhunu, mədəniyyətini, mənəvi keyfiyyətlərini necə yüksək səviyyədə təmsil elədiyinin dəfələrlə şahidi olmuşam.
Bu, həm də onun son illərdə kitab sərgilərində kitab mədəniyyətimizə şöhrət gətirən kitablarına aiddir.
Ləyaqətli bir ömür sürüb, gözəl övladlar böyütmüş (mən böyük oğlu, indi Finlandiyada yaşayan və gözəl filmlər çəkən Tahirin kirvəsiyəm), çağdaş ədəbiyyatımızın orijinal dəsti-xəttə malik yaradıcılarından biri kimi ədəbi mühitdə halal hörmət qazanmış, əziz dostumu 70 yaşında da gənclik illərimizdəki kimi şux, yenilikçi, yorulmadan çalışan, öz prinsiplərini pozmadan yazıb-yaradan görürəm. Bundan böyük xoşbəxtlik yoxdur.
14.XI.2014
Sabir Rüstəmxanlı
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.22-23.