Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi
qeyd edilib
GÖRKƏMLİ
ƏDİBİN YUBİLEYİ İLƏ BAĞLI HEYDƏR
ƏLİYEV SARAYINDA MƏRASİM KEÇİRİLİB
Heydər
Əliyev Sarayında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq yazıçısı,
Dövlət mükafatı
laureatı, görkəmli
dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri gerçəkləşib.
Nazirliyin
mətbuat xidmətindən
verilən məlumata görə, mərasimdə
görkəmli dövlət
və hökumət adamları, tanınmış
yazıçı və
şairlər, ziyalılar
iştirak edərək
İlyas Əfəndiyevin ədəbiyyat,
incəsənət və
teatr sahəsində fədakar əməyindən
söz açıblar.
Tədbirdə görkəmli dramaturqun
həyat və fəaliyyətilə bağlı
videoçarx nümayiş
etdirilib.
Xalq yazıçısı İlyas
Əfəndiyev 1914-cü il
may ayının 28-də Füzulidə
tanınmış ailədə
anadan olub. Bədii yaradıcılıq yolunda
ilk uğurlu addımlarını
30-cu illərin axırlarında
atıb. İ.Əfəndiyev
1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına
üzv qəbul edilib.
O,
1954-cü ildən etibarən
Yazıçılar İttifaqı
Rəyasət Heyətinin
üzvü olub,
1958-ci ilin axırlarında
İdarə Heyətinin
məsul katibi seçilib. 1960-cı ildə Əməkdar incəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin
yaradıcılığında
60-80-cı illər ən
zəngin dövr hesab olunur. Bu illərdə onun
yaradıcılığında janr rəngarəngliyi özünü göstərir.
Ədib bir-birinin ardınca iri nəsr əsərləri,
ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli
nümunələri kimi
şöhrət qazanmış
“Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə
Valehin nağılı”
(1976-78), “Geriyə baxma,
qoca” (1980), “Üçatılan”
(1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı
dram əsərlərini qələmə
alır, publisist və ədəbiyyatşünas
kimi məhsuldar yaradıcılıq yolu keçir. O illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi
ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramanın əsasını
qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım”
(1967), “Unuda bilmirəm”
(1968), “Məhv olmuş
gündəliklər” (1969), “Qəribə oğlan”
(1973), “Bağlardan gələn
səs” (1976) kimi pyeslər yazır. Ölməz sənət nümunələri
kimi Azərbaycan dramaturgiyası xəzinəsini
zənginləşdirən, yüksək vətəndaşlıq
pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan
bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ
açıb – İlyas
Əfəndiyev teatrı
yaranıb. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev,
90-cı illərdə də
məhsuldar bir yazıçı kimi yazıb-yaradıb. “Hacı
Axundun cənnət bağı necə oldu” hekayəsi, “Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı”
povestini dərc edilib, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin
cəhənnəmdə vüsalı”
(1989), “Tənha iydə
ağacı” (1991), “Dəlilər
və ağıllılar”
(1992), “Hökmdar və
qızı” (1994) pyesləri
tamaşaya qoyulub, bir sıra yeni
kitabları nəşr
olunub.
Görkəmli ədib İlyas Əfəndiyev 1996-cı ildə
dünyasını dəyişib
və Fəxri Xiyabanda dəfn edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.17.