Siyavuş Kəriminin 60 yaşı münasibəti ilə konsert keçirilib

 

 

Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Musiqi Kollecində Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin 60 illik yubileyinə həsr edilmiş konsert olub.

Kollecin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov müasir musiqi tariximizdə Siyavuş Kəriminin yaradıcı, novator bəstəkar və beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi tanındığını bildirib. Onun rəhbərliyi altında 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri uğurla gerçəkləşib. Bəstəkar “Sarı gəlin”, “Sonuncu döyüş”, “Girov” və s. bədii, çoxseriyalı “Heydər Əliyev” televiziya filmlərinə, animasiya filmləri və bir çox teatr tamaşalarına musiqilər yazıb.

Vurğulanıb ki, bəstəkarın Xalıq artisti Azərpaşa Nemətovun 2003-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyduğu “Hamlet” tamaşasına yazdığı musiqisi isə ədəbi ictimaiyyətin, sənət adamlarının rəğbətini qazanaraq, “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Çıxışlarda musiqi nəzəriyyəsi və dərsliklərin hazırlanmasında yaxından iştirak edən Siyavuş Kəriminin “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisi kimi uğurlu fəaliyyəti qeyd edilib.

Bildirilib ki, dövlətimiz tərəfindən bəstəkarın əməyinə yüksək qiymət verilir. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru olan S.Kərimi Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Tədbirdə yubilyara kollecin diplom və xüsusi mükafatı təqdim edilib.

Konsertdə bədii rəhbər və dirijor Səməd Vəkilovun rəhbərliyi ilə kollecin nəfəs və zərb, bədii rəhbər Şamil İsmayılovun rəhbərliyi ilə isə xalq çalğı alətləri orkestrlərinin müşayiəti ilə tələbələrin ifaları dinlənilib. Yubiley konsertdə səslənən Azərbaycan, Qərb bəstəkarlarının və yubilyarın əsərləri maraqla qarşılanıb.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 22 noyabr.- S.17.