Gizli səlib yürüşləri
Mənəviyyatımızın
ölçü vahidləri
Ziyalı
sözü – vətəndaş mövqeyi
...Sovet
dövründə İslam dini ilə bağlı kitablar bir o
qədər çox deyildi. Ümumiyyətlə,
onda dini ədəbiyyat anlayışına təsadüf etməzdin.
İslamın mahiyyəti barədə öyrənmək
istəyən oxucularsa axtardıqları çox şeyləri
ayrı-ayrı əcnəbi və sovet alimlərinin dilimizə
tərcümə edilmiş elmi-tədqiqat əsərlərində,
monoqrafiyalarda tapardılar.
Çoxu ötən əsrin 60-70-ci illərində tərcümə
edilmiş bu kitabların sovet alimlərinin qələmindən
çıxan və dinə marksist yanaşma mövqeyində
dayanan müqəddimələrində, adətən,
dünyada İslam dininin rolunun artmasından bəhs edilərdi.
O da
xüsusi qeyd olunardı ki, “İslam partlayışı” Qərbin
imperialist dairələrini ciddi şəkildə narahat edir,
çünki onlar müsəlmanlar üzərində
ağalıqlarını hər vasitə ilə saxlamağa
çalışırlar.
Ötən əsrin sonlarına doğru dünyanın
aparıcı ölkələrində, ələlxüsus,
ABŞ-da islamın öyrənilməsinə marağın
artması, bu məqsədlə xüsusi regional milli mərkəzlərin,
iri universitetlərdə şöbələrin yaradılması
da o illərin reallıqlarından idi və bütün bunlar əsla
İslam dininə olan hörmət və ehtiramın təzahürü
sayılmazdı.
Sovet
müəlliflərinin yazdıqları müqəddimələrdə
bir çox şeylər mübahisəli görünsə də,
Qərbin bu “islam sevgisi”nin səbəbi tam
dəqiq göstərilərdi ki, burjua siyasətçiləri
“islam aləminin” dünya siyasətinə artan təsirini
yaxşı başa düşür və bundan özlərinin
Şərqdəki mövqelərini möhkəmləndirmək
məqsədi güdürdülər.
lll
...O
vaxtdan bəri zaman çox dəyişib, sovet sistemi
dağılıb, İslamın bir elm kimi tədqiqində
marksist nöqteyi-nəzərin yerini başqa metodoloji
yanaşmalar tutub, ideologiyalar arasındakı
qarşıdurmalar öz çevrəsini daha da böyüdərək
sivilizasiyalararası savaşa çevrilib...
Dünyanın
hansı qütbündə yaşamasından asılı
olmayaraq Yer üzünün bütün sakinlərinin həyatında
özünü az-çox əks etdirən və bizdən
asılı olmadan həyatımızı yaxşı və
pis cəhətləri ilə aram-aram dəyişməkdə
olan qloballaşma fenomeni də öz yerində...
Amma ötən əsrin sonlarına doğru İslama
münasibətdə planetin siyasi mənzərəsindən
sovet alimlərinin tədqiqat əsərlərinə
köçən reallıqlar yaxşıya doğru zərrə
qədər də dəyişməyib.
Əksinə,
bu reallıqlar indi dünyanın milyonlarla sakininin dincliyini,
sakit həyatını əlindən alan,
ömrünü cəhənnəmə döndərən bəlaya
çevrilib.
Ötən
əsrin 60, 70, 80-ci illərində Qərb ölkələrində
İslamın tədqiqi məqsədilə
yaradılmış mərkəzlərin, elmi-tədqiqat
institutlarının yandırdığı gizli fitillərin
partlayışları bu gün düzəni pozulmuş,
sosial-iqtisadi həyatı tar-mar edilmiş, cəmiyyəti qan
çanağına döndərilmiş ayrı-ayrı
müsəlman ölkələrində – İraqda, Suriyada,
Əfqanıstanda, Misirdə, Liviyada, Fələstində və
daha haralarda eşidilir...
lll
Müxtəlif
adlar və islam şüarları
altında dinc müsəlmanlara qənim kəsilmiş təşkilatların
mahiyyəti, yaranma səbəbləri, niyyətləri
xüsusunda müfəssəl təhlillər aparmaq,
yaxın-uzaq tarixin şəhadəti ilə çox mətləbləri
gün işığına çıxarmaq olar. Zatən, bu missiyanı vicdanla yerinə yetirən
obyektiv bilim adamları yetərincədir.
Amma
müasir dünyamızın qorxulu röyasına
çevrilmiş bütün bu qırğınların,
İslamı ümumbəşəri dəyərlərdən
kənar bir din kimi təqdim etmək cəhdlərinin, islam
ümmətinin vəhşi obrazının yaradılması
niyyətlərinin arxasında məlum müstəmləkəçi
qərb ölkələrinin əsrlərdən bəri
müstəmləkə ölkələrində
apardıqları müharibələrin dəhşətli
motivlərini, qanlı təzahürlərini bu təhlillərsiz
də görmək çox çətin deyil.
Müharibə
isə təkcə aralarında təfriqə
salınmış müsəlmanların bir-birinə
atdıqları bombalardan getdikcə daha çox xaraba qalan
Şərq şəhərlərində getmir...
Beyinlərdə
aparılan müharibənin dəhşətləri daha
böyükdür...
Beyinlərdə aparılan müharibə insanların
ruhunu da xarabazara çevirir. İnsanları öz
vətəninin, millətinin, milli kimliyinin, tarixi dəyərlərinin
fərqində olan və onlara sahib çıxmağı
bacaran şüurlu varlıqlardan, kənardan verilmiş
komandalarla müqəddəs olan hər şeyi
dağıdıb tökməyə hər an amadə qorxulu
varlıqlara çevirir.
Ölkələrin işğalı, xalqların kölə
vəziyyətinə salınması, sərvətlərinin
talanmasından ötrü top-tüfənglə hücum
taktikası çoxdan tarixdə buraxılıb, indi ərazilərin
fəthi, milli sərvətlərin sömürgəçiliyi
siyasəti beyinlərin işğalı ilə
aparılır.
Və
bundan ötrü toplumun ən zəif nöqtəsi
seçilir...
Bu da xalqın dəyərləridir.
lll
Hər
bir xalqın, ölkənin tarix boyu formalaşmış dəyərlər
sistemi var. Dildir, dindir, adət-ənənələrdir... – bunlar təsadüfən
yaranmır, min illərin sınağından keçə-keçə
arınıb, cilalanır.
Xalqın malik olduğu dəyərlər onun mənəvi
dünyasına işıq saçır, tarix boyu ortada
görünən qaranlıq suallar bu işıqda
aydınlığa çıxır.
Zənnimcə,
sadə bir misal milli-mənəvi dəyərlərin cəmiyyət
həyatındakı rolunu tam miqyası ilə əks etdirə
bilər: müxtəlif cihazların köməyi ilə biz fərd
olaraq bədənimizin hərarətini, qəlbimizin
döyüntüsünü, damarlarımızda axan qanın
hərəkətini, tənəffüsümüzün
nizamını ölçmək imkanındayıq.
Bunlar bizi cismən yaşadan, fiziki mənada
sağlıq durumumuzu nəzarətdə saxlayan amillərdir.
Amma bir
insanın sosial varlıq kimi mövcud olması, küll olaraq
cəmiyyətin sağlamlığının nizamda
saxlanmasından ötrü bütün bunlardan heç də
az əhəmiyyət kəsb etməyən
əxlaq, şərəf, ləyaqət, qeyrət, namus, vicdan
və bu kimi digər mənəvi keyfiyyətləri
ölçəcək bir cihaz yoxdur.
Bununla belə, onların da ölçü vahidi
olmamış deyil. Bu keyfiyyətlərin ölçü
vahidi min illərlə xalqın qanına hopmuş, gen
yaddaşına çevrilmiş milli dəyərlərdir.
Və elə
buna görə də bu dəyərlər xalqın milli
kimliyinin ən qüdrətli mühafizləridir...
lll
İnsanda əsas meyar vicdandır. Vicdan olmadan mənəviyyatın
olması mümkün deyil. Vicdan
insanın özünün özünü mühakimə
etdiyi daxili hakimdir. Adam Smit hələ iki əsr
bundan əvvəl yazırdı ki, “vicdan əzabı insan qəlbinə
təşrif gətirən hisslərin ən dəhşətlisidir”.
Biz tarixi şəxsiyyətlərimizlə
qürur duyuruq. Vahid və böyük Azərbaycan dövlətinin
qurucusu Şah İsmayıl Xətai, böyük fateh Nadir
şah Əfşar, əsarətə və zülmə
qarşı üsyan qaldıran Babək Xürrəmi... Bunlar bizim fəxarət və qürur
ünvanlarımızdır. Amma son
zamanlarda dövrü mətbuatda və televiziyalarda nə
baş verir? Bu şəxsiyyətləri gənc
nəslə tanıtmaq, təqdir və təbliğ etmək əvəzinə,
onları aşağılayan və təhqir edən
verilişlərin və yazıların şahidi oluruq. Nədənsə belə üzdəniraq
“tarixçilər”ə qarşı mübarizə cəmiyyətdə
çoxluq təşkil etmir. Nə
yaxşı ki, bir qrup vətənpərvər və
vicdanlı ziyalımız istər qəzet səhifələrində,
istərsə televiziya kanallarında belə nankorların
layiqli cavablarını verir və onları susdururlar.
Belə hallara qarşı ictimai qınaq geniş vüsət
almalıdır. Əgər biz ulularımıza sahib
çıxmırıqsa bunun özü milli-mənəvi dəyərlərin
aşılanması, deformasiyaya uğraması deyilmi?
Mənə elə gəlir ki, belələrinə
qarşı mübarizə kampaniya şəklində
aparılmamalıdır. Bu bizim gündəlik həyatımızın
normasına çevrilməlidir. Ölkəmizin
vətənpərvər ziyalıları, söz sahibləri cəmiyyətdə
mənəviyyatın ekoloji tarazılığının
pozulmasının qarşısını almalıdırlar.
Qazı,
suyu, işığı hansısa obyektiv səbəblərdən
az bir müddətə belə kəsiləndə
insanlar haray salırlar. Cüzi çətinliyə
belə qatlaşmır, dözümsüzlük göstərirlər.
Ancaq üstümüzə yeriyən mənəvi
eybəcərlikləri, əxlaqsızlıqları,
sözün əsl mənasında mənəvi terroru
görüb susur, laqeyd və etinasızcasına keçib
gedirlər. Və bu sükutda onları aramsız bir səs
izləyir...
Hamımız bu səsi eşidirik. Bu səs tapdalanan Azərbaycan
mənəviyyatının, milli adət-ənənələrimizin,
mənəvi dəyərlərimizin iniltiləri, fəryad səsləridir...
lll
Qloballaşma adlı zaman selinin bütün
dünyanı ağuşuna aldığı indiki günlərimizdə
milli-mənəvi dəyərlərin gələcəyi
haqqında birmənalı fikir yürütmək bir qədər
müşkül görünür. Bu dəyərlər
zamanın təlatümlərinə qarşı çox həssasdır.
İstəsək də, istəməsək də
qloballaşma seli güclü axınları ilə milli-mənəvi
dəyərlərimiz üzərində öz təshihlərini
aparacaq.
Və bundan rəncidə olmağa da lüzum yoxdur.
Ümumbəşəri dəyərlərə sadiq,
sivil həyat tərzinin, tolerant mühitin çoxdan bərqərar
olduğu Azərbaycan cəmiyyəti qloballaşmanın
müsbət təsirlərinə hər zaman
açıqdır.
Amma nəzərə
almalıyıq ki, bir sıra arxaik adət-ənənələrin,
mahiyyətcə milli olsa da, müasir çağın ahəngi
ilə uzlaşmayan ibtidai normaların islahı ilə
yanaşı, xalqı xalq edən əsl dəyərlərin
qloballaşma adı altında məqsədli şəkildə
gözdən salınması, aşınıb məhv edilməsi
meylləri də bu gün yetərincə güclüdür.
Bu meyllərin
özünün ilk dalğaları ilə mənəvi
dünyamız üzərinə gəldiyi, Qərb müstəmləkəçilərinin
müasirləşmə adı altında müsəlman
ölkələrinə qənim kəsildikləri ötən
əsrin əvvəllərində Qərb-Şərq sintezini
ilk dəfə ictimai firkin gündəminə gətirmiş
böyük mütəfəkkir Əli bəy Hüseynzadə
ayıq-sayıqlıq çağırışı ilə
cəmiyyətə üz tutaraq yazırdı: “Biz
avropalıların ədəbiyyatlarına, sənayelərinə,
ülum və maariflərinə, kəşfiyyat və
ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə
degil. Biz istəyiriz ki, İslam ölkəsinə
onların beyinləri, dimağları girsin, boğazları, mədələri
girməsin. Biz istəriz ki, ölkəmiz
onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın. Bu gün onların mədələrində
həzm olunmamaq üçün bir çarə var isə, o
da onların məhsulati-dəmağiynyələrini alıb həzm
etməkdən başqa bir şey degildir”.
İndi də
vaxtın hər bir Azərbayc
an
ziyalısı üzərinə qoyduğu tarixi missiya islah
edilməli olan dəyərlərimizlə, milli kimliyimizin
mühafizi olan, mənəvi dünyamıza bələdçilik
edən dəyərlərimizi doğru-dürüst sərf-nəzər
etmək, hələ bizə min illərlə gərək
olası dəyərlərimizə sahib
çıxmağı bacarmaq, Qərbin onları öz mədəsində
həzm-rabedən keçirməsinə əsla və əsla
yol verməməkdir.
İslam dini də bizim mənəvi dünyamızda
özünəməxsus yer tutan belə dəyərlərimizdəndir.
Və bu gün islami dəyərlərin hansı
ağır təhdidlər qarşısında
qaldığının fərqində olmalıyıq.
lll
Tanınmış qazax filosoflarından olan Muxtar
Şaxanov illər öncə çapdan
çıxmış “Sivilizasiyanın
yanlışlıqları” əsərində hələ
1945-ci ildə ABŞ institutlarının SSRİ-yə
qarşı işləyib hazırladıqları
doktrinanın mahiyyətini açmışdı.
Həmin
doktrinada deyilirdi: “Biz, onların mənəvi dəyərlərini
ehtiyatla dəyişərək, şüurlarına seks kultu,
zorakılıq, sadizm, sözə xəyanət,
sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq,
bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik.
Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız
qalığına çevriləcək. Yalnız çox az adam bundan xəbər tutacaq. Nələrin
baş verdiyini anlayanları isə gülünc vəziyyətə
salıb, aciz durumda buraxacağıq” (Zablujdenie sivilizasiy: Saqa
o nravax gpoxi. Almatı: 1999).
Qloballaşma
çağırışlarının populyar olduğu və
insanlar üçün yetərincə cəlbedici
göründüyü birqütblü dünyamızda bu
doktrinanın həyata keçirilməsindən ötrü,
indi əfsuslar olsun ki, daha münbit şərait yetişib və
bu doktrinanın əsas hədəflərindən biri də
dünyanın müxtəlif ölkələrində
milyarddan artıq insanı bir araya gətirən islam dinidir.
lll
Mənim aləmimdə, istənilən
yazıçının təmsil etdiyi ən mühüm dəyərlərdən
biri də məhz tolerantlıq olmalıdır. Çünki
ədəbiyyat dinindən, dilindən, etnik mənsubiyyətindən
asılı olmayaraq Yer üzündəki bütün insanların
ortaq mənəvi vətənidir. Və əgər
özünü yazıçı adlandıran kəs
insanları etnik mənsubiyyət, dil, din fərqinə görə
təsnif edəcəksə, deməli, o ədəbiyyat
adlı mənəvi vətənə, bu vətənin
ümumi ünsiyyət dili olan Sözə xəyanət
etmiş olacaq.
Bir yazıçı olaraq insanların vicdan
azadlığı, dini inancı məsələlərinə
öz baxışlarım var və şəxsən məndən
ötrü insanların dini dünyagörüşü elə
bir önəm daşımır.
Dünyadakı
bütün xəlq olunmuşlar üçün
Tanrının təkliyini, bütün dinlərin isə Ona
doğru – kamilliyə doğru aparan müxtəlif yollar
olduğunu həyatımın ən böyük həqiqəti
kimi yaşımın lap erkən çağlarından dərk
etmişəm...
Amma
dünyanın bəlli ölkələrində islama
qarşı gözdənsalma siyasətinin şiddətləndiyini
görəndə, başqa dinlərə mənsub bir
çoxlarının islam ümmətinə
yuxarıdan aşağı baxdıqlarını
müşahidə edəndə susa bilmirsən.
Biriləri
dünya tarixinin ən kamil şəxsiyyətlərindən
sayılan İslam peyğəmbərini siyasi sifarişlə
təhqir edib, hər ayəsi mənəvi şəfa hikməti
saçan müqəddəs kitabımızı
yandırıb müsəlmanların hissləri ilə oynayanda,
islam ümmətini qanlı təxribatlara
çəkəndə ədalət duyğusu susmağa
qoymur.
Vaxtın
çox uzaqlıqlarında yox, cəmi 70 il əvvəl
başqa bir ölkənin dinc sakinlərinin başına
tulladığı atom bombaları ilə iki şəhərdə
həyatı büsbütün söndürən, yüzminlərlə
insanın nəslini kəsən bir xristian ölkəsinin,
milyonlarla insanı sadəcə yəhudi kimi
doğulduqlarına görə uşaqdan böyüyə
diri-diri qaz sobalarında külə çevirən başqa
bir xristian ölkəsinin, yaxud cəmi 22 il əvvəl
Xocalı şəhərinin 631 sakinini sadəcə azərbaycanlı
olduqlarına görə bir gecədə qıran
üçüncü bir xristian ölkəsinin timsalında
dünyanın üzərində tarixin üç
ağır lənəti varkən, özünü müsəlman
adlandıran bir para savadsız cahilin, nadanın bədheybət
simasında Qərb dünyasının ümumən İslam
dinini terror, vəhşilik dini kimi qələmə verməsini
görüb, necə susasan?!. Bu həqiqətləri necə
yazmayasan?!.
lll
Cəmiyyətə düzgün təqdim olunan, kütlələrə
mahiyyəti üzrə öyrədilən İslam, müstəqil
ölkə kimi öz taleyinin sahibinə çevrilmiş,
sosial-iqtisadi sahədə az-çox nailiyyətlər
qazanmış ölkələrdə ümumdemokratik məqsədlərə
xidmət edir.
Toplumu mütərəqqi ideyalar ətrafında
bir araya gətirir və təsirli qüvvə kimi xaricin
müstəmləkə maraqlarının dəf edilməsinə
yönəlir.
Ona görə də Qərb ölkələrində
İslama qarşı əzəli barışmazlıq kompleksi
var. Və maraqlıdır ki, Qərbin mənəvi-siyasi,
sosial-iqtisadi böhranlarla üz-üzə qaldığı
çağlarda bu barışmazlıq özünü daha kəskin
şəkildə büruzə verməyə başlayır.
1096-cı
ildən 1270-ci ilə qədər davam edən 8 səlib
yürüşündə də Avropa zadəganlarını xalqla
birgə, heç vaxt görmədikləri Müqəddəs
Torpağa – Qüdsə doğru yürüməyə həvəsləndirən
başlıca səbəb “İsanın qəbrini xilas etmək”
istəyi yox, məmləkətlərindəki sosial-iqtisadi, mənəvi
böhranlara, cəngavərlər arasındakı çəkişmələrə
son qoyulması, Yaxın Şərqdə Avropa tacirləri
üçün mühüm əhəmiyyət
daşıyan strateji məntəqələrin, xüsusilə
ticarət yollarının ələ keçirilməsi məqsədi
idi.
Şərqə
doğru gözəgörünməz səlib
yürüşləri indi də davam edir, İraqda hansısa
məsciddə öldürülən yeniyetmə,
Əfqanıstanda bombardman nəticəsində qırılan
insanlar, minlərlə insanın acısı, faciəsi,
göz yaşları bu yürüşlərin dəhşət
dolu nəticələridir...
Müstəqillik, demokratik tərəqqi yolundan sapmadan əzmlə
indikindən daha yaxşı gələcəyə doğru
addımlayan müsəlman ölkələrinə
qarşı beynəlxalq təzyiqlər, bu ölkələrdə
insanların beyinlərini müxtəlif ideoloji vasitələrlə
yumaq, mənəvi gücləri, dəyərləri
sarsıtmaq cəhdləri bu səlib yürüşlərinin
davamıdır.
Əfsuslar
olsun ki, bu cür cəhdləri dünyəvi müsəlman
ölkəsi olan Azərbaycanda da vaxtaşırı izləməkdəyik...
lll
...Qeydlərimizin
məhz bu yerindən mövzunu Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı
Allahşükür Paşazadəyə qarşı
vaxtaşırı olaraq müxtəlif mətbuat
orqanlarında işıq üzü görən bəd niyyətli
materiallara münasibət bildirməklə davam etdirməyimin
səbəbi var.
Bu materiallar Azərbaycanda dini dəyərlərin
gözdən salınması, bu dəyərlərin yerini saxta
və təhlükəli baxışların tutması məqsədilə
düşünülmüş genişmiqyaslı
kampaniyanın ayrı-ayrı epizodlarıdır.
Aradakı inanc fərqindən asılı olmayaraq,
bütün cəmiyyətlərdə dini liderin obrazı,
ictimai nüfuzu çox mühümdür. Tarixən din xadimləri
xüsusi ehtiram mənbəyi olublar. Hətta
dünya ədəbiyyatı tarixinin Viktor Hüqo, Lev Tolstoy
kimi nəhəng təmsilçiləri də dini ideallara
münasibətlərini, bu idealların təsvirini ruhanilərin
ədəbi portretində izhar ediblər. V.Hüqonun
yepiskop monsenyor Byenvenülini, L.Tolstoyun Sergi atasını
xatırladınızmı?!
70 ildən
çox sürən sovet ideologiyasının diqtəsi ilə
ədəbiyyatında, kinosunda, teatrında din xadimləri daim
aşağılanmış, ruhanilərə qarşı məqsədli
şəkildə mənfi münasibət
formalaşdırılmış Azərbaycan kimi ölkələrdə
dini liderin ictimai nüfuzunun qorunması, ona bir şəxsiyyət
kimi ehtiram bəslənməsi xüsusilə önəmlidir.
Müstəqil
Azərbaycan dövlətindəki tolerantlıq mühitinin,
sülh və sabitliyin memarı olan Ümummilli lider, ulu
öndər Heydər Əliyev bu məqamı həmişə
nəzərə alar, Şeyxülislam Hacı
Allahşükür Paşazadənin timsalında ölkə
ruhanilərinə yüksək hörmət və ehtiramı
ilə cəmiyyət üçün nümunə göstərərdi.
Şeyxülislamın
Azərbaycandakı tolerantlığı bütün
dünyaya göstərmək, dünyanın ali
dini liderlərinin nəzərlərini Azərbaycana yönəltmək
üçün göstərdiyi saysız-hesabsız xidmətlərdən
birini qeyd etmək belə bəsdir ki, onun vətənkeşliyini,
vətəvsevərliyini, eyni zamanda uzaqgörənliyini dərk
edəsən. Xatırlayırsınızsa, məhz
şeyx həzrətlərinin şəxsi nüfuzu və
yüksək təşkilatçılığı ilə
2010-cu ilin aprelində dünya dini liderlərinin Bakı sammiti
keçirildi. İki gün davam edən sammitdə 33
ölkədən ənənəvi dünya dinlərini təmsil
edən 200-dən çox ali din xadimi və
14 nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi
iştirak edir. Fəxrlə deməliyəm ki, həmin
konfransa möhtərəm prezidentimiz İlham Əliyev və
xanımı Mehriban Əliyeva da qatılmışdır.
Ulu
Öndər Azərbaycanda və regionda İslam ənənələrinin
qorunub-saxlanması və möhkəmləndirilməsində
Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərini
daim xüsusi qiymətləndirirdi: “Müqəddəs dinimiz
olan İslamın gözəl ənənələrinin
ölkəmizdə, eləcə də bütün Qafqaz
bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində
Şeyxülislam Allahşükür Paşazadənin
xüsusi xidmətləri vardır. Onun Qafqaz
Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi
illər ərzində bu dini qurum İslam dəyərlərinin
geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi
birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin
həyatında fəallığının
artırılması işində böyük rol oynayan
mühüm mərkəzlərdən birinə
çevrilmişdir.
Azərbaycan xalqının azadlıq uğrunda
mübarizəsində Hacı Allahşükür Paşazadənin
tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə
cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri
obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində
dini amilin gücündən düzgün istifadə etmək
bacarığını nümayiş etdirdi”.
Ulu
Öndər islam dinini bütün Qafqazda
təmsil edən ən yüksək rütbəli şəxsin
məhz Azərbaycandan olmasını da böyük qürur
hissi ilə qeyd edirdi: “Azərbaycanın dini rəhbəri
bizim müsəlman dinimizi nəinki Azərbaycanda,
bütün Qafqazda təmsil edən ən yüksək
rütbəli şəxsdir. Əgər Azərbaycanın
dini rəhbəri bütün Qafqaz müsəlmanlarının
Şeyxülislamı adını alıbsa, demək, bu bizim
üçün böyük iftixar hissidir”.
Eyni
nümunə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Şeyxülislam Hacı
Allahşükür Paşazadə şəxsində ümumən
sağlam əqidəli, dürüst məsləkli, milli
dövlətçiliyimizə sadiq din xadimlərinə
münasibətində də özünü qoruyur:
“Şeyxülislam Allahşükür Paşazadə təkcə
Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq
aləmdə geniş tanınan, çağdaş
dünyamızın nüfuzlu din xadimləri və dövlət
adamları tərəfindən ehtiramla qəbul edilən,
böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fikirləri
dövlət rəhbərimizin Şeyxülislamın şəxsiyyətinə
və milli dövlətçiliyimizə xidmətinə
verdiyi yüksək dəyərin parlaq ifadəsidir.
lll
Sadə insanlar da Şeyxülislam Hacı
Allahşükür Paşazadəyə böyük rəğbət
bəsləyirlər. Bu rəğbətin mənbəyi
Şeyxülislamın erkən gənclik
çağlarından xalqın gözləri önündə
yaşanmış qüsursuz keçmişidir.
Ulu Öndər
Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan
xalqının milli azadlıq mübarizəsində
Şeyxülislamın tutduğu vətəndaş
mövqeyini, 1990-cı ilin Qanlı 20 Yanvar günü
Bakıda vətəndaşlarımıza qarşı qətliamlar
törədilərkən əli silahlı hərbçilərin,
bu qətliamlara komandanlıq edənlərin
qarşısına çıxıb göstərdiyi əsl
kişi cəsarətini, o çətin günlərdə
coşmuş emosiyalardan istifadə edərək
xalqımıza qarşı növbəti qanlı təxribatların
baş verməməsi üçün irəli
düşüb göstərdiyi əzmi, təmkini kimsə
unutmayıb.
Keçmiş
SSRİ Ali Sovetinin deputatı kimi onun Azərbaycana
qarşı atılan qərəzli, məkrli addımlar
qarşısında susmamasını, Dağlıq Qarabağ
məsələsində Azərbaycanın haqq səsini
dünyaya yetirməkdən ötrü verdiyi bəyanatları,
öz fəal, ədalətli, ötkəm mövqeyi ilə –
dünyanın ayrı-ayrı ölkələrində əzilən,
haqqı əlindən alınan islam ümmətinin müdafiəsinə
qalxması da kimsənin yadından çıxmayıb.
Şeyxülislam
Hacı Allahşükür Paşazadəyə cəmiyyətin
yüksək rəğbətini şərtləndirən bir
mühüm amil də Azərbaycanın dövlət müstəqilliyinin
çətin və keşməkeşli yollarında onun
ümummilli lider Heydər Əliyevin, ulu öndərin milli
dövlətçilik kursunu əzmlə davam etdirən
İlham Əliyevin yanında olmasıdır...
Bu kursun
nailiyyətlərinə töhfələrini heç zaman əsirgəməməsidir...
Azərbaycanın
və bütün Qafqazın şeyxi olmaqla bərabər, həm
də dövlətçi bir adam
olmasıdır, öz dövlətinə, xalqına sevgisini əməlləri
ilə dəfələrlə sübuta yetirməsidir...
Belə
insanları Azərbaycandakı sabitlik və inkişaf
mühitini, tolerantlıq ovqatını, ideal səviyyədə
qurulmuş dövlət-din münasibətlərini
gözü götürməyənlərin, araya təfriqə
salıb ortalığı qarışdırmaq istəyənlərin,
dəyərlərimizi yerlə-bir etmək niyyətinə
düşənlərin məqsədli təxribatlarından,
qarayaxma kampaniyalarından qorumaq, bu təxribatları
görüb susmamaq bizim mənəvi borcumuzdur.
Bir
ziyalı olaraq mən də bu qeydlərimlə, əslində
öz borcumu əda edirəm...
lll
Şeyxülislamlıq
ali bir zirvədir. Şeyxülislamlıq
belə bir ali zirvədə qərar tutan,
belə çətin və məsuliyyətli bir vəzifəni
yerinə yetirən insandan fitri keyfiyyətlər tələb edir.
Tarix boyu bu vəzifəni yerinə yetirmiş
şəxsiyyətlər öz kamillikləri, müxtəlif
biliklərin dərinliklərinə vaqif olmaları, Azərbaycan
qarşısında dayanan ümummilli məsələlərə
maarifpərvər münasibətləri ilə ictimai fikir
tariximizdə xalqımızın yetirdiyi mütəfəkkir
şəxsiyyətlərlə bir sırada dayanıblar.
Böyük bir regiondakı islam ümmətinin
Şeyxülislamı olmaq, tarixdə bu statusla təqdim
olunmaq, bu statusla tanınmaq həm də bir taledir. Şeyxülislam Hacı Allahşükür
Paşazadənin taleyində isə ilahi bir missiya da var. Bu
missiya dünyaya gələrkən ona qoyulan
Allahşükür adından başlanıb.
Atası
Hümmət kişi, anası Kafiyə ana
doqquz qızdan sonra tapdıqları oğul övladlarına
bu adı Allaha şükranlıq duyğularının ifadəsi
kimi yaraşdırıblar. Allaha şükranlıq hissi onun
bir ömürlük taleyinə çevrilib...
Və nə
xoş ki, bu gün onun yerinə yetirdiyi vəzifə də
missiyası ilə tam üst-üstə düşür...
lll
Tərcümeyi-halını
vərəqləyirəm və hərdən mənə elə
gəlir ki, Şeyxülislam heç zaman uşaq, yeniyetmə,
gənc olmayıb...
Bu dövrlərin hər birinin maraqları, şirin xatirələri
onun ömrünün yanından keçib sanki.
Bir uşağın məktəbdən sonra başlanan,
müxtəlif oyunlarla, sərgüzəştlərlə dolu
dünyası onun taleyində gizli şəkildə yerli
ağsaqqalardan dini biliklərin öyrənilməsinə sərf
olunub.
Orta məktəbi
onunla eyni zamanda başa vuran bütün zəki yeniyetmələr
öz gələcəkləri üçün ən
uğurlu, indiki dillə desək, prestijli ixtisasları
seçdikləri halda, gənc Allahşükür gələcəkdə
harada çalışacağını, gələcək həyatını
necə təmin edəcəyini gözə almadan Buxaradakı
“Mir-Ərəb” mədrəsəsində oxumağa qərar
verib.
Maddi imkanları bir o qədər yüksək
sayılmayan ailəsinə özünün təhsil xərcləri
ilə yük olmasın deyə qərib şəhərdə
min bir zəhmətə qatlaşıb. Gündüzləri müqəddəs
kitabların səhifələrini çevirən qabarlı əlləri
ilə gecələri palçıq qatıb, divar suvayıb,
daş daşıyıb və Azərbaycana keçmiş
SSRİ məkanında din sahəsində yeganə olan
universitetin – İmam əl-Buxari adına
Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinin məzunu
kimi dönüb.
Cəmi
31 yaşında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin
sədri vəzifəsinə seçilərək
Şeyxülislam rütbəsini alan tarix
elmləri doktoru, professor Hacı Allahşükür
Paşazadənin həm dini lider, həm müxtəlif beynəlxalq
qurumların ali orqanlarının təmsilçisi, həm də
alim kimi əldə etdiyi bütün uğurlara onun halal zəhməti
hopub, alın təri qarışıb...
Bu
uğurların hər birində onun əziyyətini diqqətsiz
qoymayan, zəhmətini itirməyən Tanrıya, onu
yetişdirən xalqa, ona inanıb etimad göstərən
dövlətə, dövlət rəhbərliyinə
şükranlıq duyğusu var, qəlbdən gələn minnətdarlıq
hissi var...
lll
Qərbin
gizli tədqiqat mərkəzlərinin min bir üsulla
bütün dünyaya sırımağa
çalışdıqları “bədheybət müsəlman”,
“qorxunc İslam” təsəvvürü və bu hiyləni
anlayan vicdanlı insanların “Əsl islam bu deyil” təlqini
qarşılığında elə öz ətrafımızda
da tez-tez belə bir sual eşidirik: “Bəs əsl İslam
hardadır?!”
Əgər bu suala öz həmsöhbətlərinə ünvanlayan hər kəsə üz tutmaq fürsətim olsaydı, tam qətiyyətlə yazardım ki, əsl İslam Azərbaycan dövlətinin, dövlət rəhbərinin təlqin etdiyi dəyərlərdədir! Sülhdədir, tolerantlıqdadır, sabitlik və inkişafdadır, insanların təhsilinə, maariflənməsinə qoyulan sərmayədədir!
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bütün aləmə mərhəmət nuru saçan əməllərindədir!
Əsl islam Şeyxülislam Hacı Allahşükür Paşazadənin insanları savadlanmağa, təhsil almağa, cəhalətdən, xürafatdan uzaq durmağa, Tanrı sevgisini dinlə elmin vəhdətində aramağa dəvət edən çağırışlarındadır!..
Bir gün artıq yaşamaqdan ötrü qana ehtiyacı olan minlərlə körpə varkən, ölkənin dini lideri özü donor kimi nümunə göstərirkən, din sevdası ilə baş yarıb qan tökməməkdir...
Əsl islam qızlara – gələcəyin analarına təhsil verməkdir, onları körpə yaşda ər evinə göndərməməkdir...
Əsl islam öz müstəqil dövlətini sevməkdir, onun milli ideallarına sadiq olmaqdır...
Şeyxülislamın illərdən bəri öz fəaliyyəti ilə cəmiyyətə ərz etdiyi həqiqətlər də məhz budur...
lll
Şeyxülislam Hacı Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, yaxud müxtəlif elmi, dini konfrans və tədbirlərdə iştirak məqsədilə indiyə qədər Səudiyyə Ərəbistanı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, Türkiyə, İtaliya, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, İsveçrə, Sudan, Seneqal, Çad və başqa xarici ölkələrdə səfərlərdə olub.
İş elə gətirib ki, bu səfərlərin müəyyən qismində Şeyxülislamı müşayiət etmişəm. Bu səfərlər mənə Azərbaycan Şeyxülislamının ölkə sərhədlərindən kənarda da nə qədər böyük nüfuza malik olduğunu izləmək fürsəti verib.
Görmüşəm ki, xarici ölkələrdə ona təkcə bütün Qafqaz müsəlmanlarının dini lideri kimi hörmət qoymurlar, Şeyxülislama həm də dinlə bağlı tarixi və müasir reallıqlardan yaxşı baş çıxaran, elmi-siyasi dairələrin maraqlandığı mürəkkəb suallara yüksək zəka işığında aydınlıq gətirmək gücünə qabil alim, üləma kimi yanaşırlar, onun rəyləri, yozumları ilə hesablaşırlar.
Belə səfərlərdə sadə vətəndaşlardan yüksək vəzifəli dövlət xadimlərinə qədər ünsiyyətdə olduğu, ixtilat etdiyi hər kəsin Şeyxə nə qədər böyük ehtiram bəslədiyinə şahid olmuşam.
Bu mənada, onun sinəsində daşıdığı müxtəlif dövlətlərə aid orden və medalların hər biri dünyanın Şeyxülislamın şəxsiyyətinə, alim fəhminə, bu sinənin altında döyünən, Tanrıya, dünyaya və insanlara sevgi dolu qəlbinə verdiyi dəyərin nişanəsidir.
Sevgi isə çirkab götürməz...
P.S.
Bu yazı qəzetdə çapa hazırlanarkən şad bir xəbər eşitdik. Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib.
Bu münasibətlə hörmətli Şeyx Həzrətlərini ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!
Hüseynbala Mirələmov
Milli Məclisin deputatı,
yazıçı-publisist
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.14-15;18.