“Azərbaycanda ailə institutu həmişə çox möhkəm olub

 

 

Dünən Milli Məclisdə (MM) “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə MM sədrinin müavini Bahar Muradova, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

MM sədrinin müavini Bahar Muradova bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada  hər bir dövlət,  o cümlədən, Azərbaycan dövləti üçünprioritet istiqamətlərdəndir. “Gələcəyimiz uşaqların əlindədir” – deyən B.Muradovanın sözlərinə görə, MM ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir: “Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib”.

Vitse-spiker deyib ki,  Azərbaycanda həmişə uşaqlara münasibət ön planda tutulub, ailə institutu çox möhkəm olub: “Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların  bu amilə  təsir edəcəyi ehtimalını qəbul edə bilmərik”. B.Muradova bir daha qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi istiqamətində çox ciddi addımlar atılıb: “Zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən  bu istiqamətdə başladılan işlər son illər ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Həmçinin, bu yöndə beynəlxalq  qurumlarla əməkdaşlıq xəttinə üstünlük verilib. UNİCEF-lə də əməkdaşlığımız yüksələn xətlə gedir. Onlarla bir neçə layihələri həyata keçirmişik və keçirməkdəyik. Onlarla əməkdaşlığa dediyim kimi,  çox böyük diqqət yetiririk. Bu əməkdaşlıq da dövrün və zamanın tələblərinə cavab verir”.

“Tədbirdən əvvəl uşaqların rəsm sərgisinə baxdım, sevindim ki, onlar dünyanı bizdən yaxşı görürlər. Onların çəkdikləri rəsmlərdə yaşıl, qırmızı, sarı rənglər üstünlük təşkil edirdi ki, bu da onların qəlbinin işığıdır”. Bunu  Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dilə gətirib. “Bu, həm də onu göstərir ki, onların həyata inam limiti yüz faizlidirbiz də çalışmalıyıq ki, onların inam limiti daim belə yüksək olsun. Bayaq bir rəsmə baxdım, ilk baxışdan belə demək mümkünsə, primitiv idi, yəni, uşaqlar bir-birinin əlindən tutmuşdu, mən həmin rəsmi çəkən uşaqdan bunun səbəbini soruşdum, dedi ki, yıxılmamaq üçün əl-ələ vermişik. Çox gözəl və təsirli sözlər idi.Ona görə biz böyüklər də uşaqlardan əlimizi çəkməməliyik. Bizim bütövlükdə uğurlarımız bir-birimizlə əl-əl verib birlikdə addımlamağımızdan keçir”. Komitə sədri eyni zamanda, bu gün real aləmdə olan təhlükələrlə yanaşı, virtual aləmdə də mövcud olan təhlükələrin uşaqlar üçün ciddi problemlər yaratdığını bildirib. “Virtual  ailəmdə olan təhlükələr daha ciddidaha qorxuludur. Çünki uşaqlar bu gün daha çox virtual məkanda, internetdə olurlar. Və ən təhlükəlisi odur ki, onlar məlumatları, informasiyaları real aləmdən daha çox, virtual aləmdən əldə edirlər. Mən bura gələrkən bəzi statistik göstəricilərə baxdım. Ötən il 776,  bu ilin 9 ayı ərzində isə 486 cinayət hadisəsi törədilib, yəni, bunlar 13-14 yaşlı uşaqların törətdiyi cinayətlərdir. Bu, ciddi siqnaldır. Ona görə də biz nə etməliyik ki, bunun qarşısını ala bilək, onları təhlükələrdən, cinayətlərdən qoruyaq? Hesab edirəm ki, burada bizim, biz böyüklərin hər birimizin üzərinə çox böyük vəzifələr düşür” – deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib. Komitə sədri eyni zamanda, ölkəmizdə uşaqların hüquqlarının təmin edilməsi istiqamətində çox böyük işlərin görüldüyünü, xüsusilə, ölkə Prezidenti İlham Əliyev, həmçinin, Heydər Əliyev Fonduonun prezidenti, birinci ledi Mehriban Əliyeva tərəfindən bir sıra vacib, əhəmiyyətli addımlar atıldığını bildirib.

“Azərbaycan hökuməti və cəmiyyəti uşaq hüquqları ilə bağlı konvensiyaya böyük əhəmiyyət verir”. Bunu UNİCEF-in Azərbaycandakı nümayəndəsi  Andro Şilakadze   səsləndirib. Adıçəkilən konvensiyanın yaranması tarixindən danışan A.Şilakadze qeyd edib ki, 1989-cu ildə bir neçə ölkə bir araya gələrək, uşaq hüquqlarının qorunmasını üzərlərinə götürməklə bağlı qərar qəbul etdilər və bu konvensiyanı hazırladılar: “Azərbaycan isə bu kenvensiyanı 1992-ci ildə ratifikasiya edərək qəbul edib”.  O, Azərbaycanın hazırda keçid dövründə olduğunu vurğulayıb: “Növbəti 5-6 il ərzində Azərbaycan böyük gəlirlərə malik, inkişaf etmiş dövlət olduğunu bəyan edə bilər. Artıq ölkədə iqtisadi inkişafa nail olunduğunu özümüzgörürük. Hətta səhiyyə, təhsil və digər sahələrdə xeyli irəliləyişlər əldə edilib”.

Azərbaycanda gender bərabərliyi sahəsində xeyli irəliləyişin olduğunu deyən A.Şilakadze qeyd edib ki, bununla belə əlillərlə bağlı bəzi problemlər var: “Əlillər bizim kimi eyni əsaslarla cəmiyyətdə hərəkət edə bilirlərmi? Bu qarşıda duran və həlli tələb olunan vacib sualdır. Məktəblərdə gender bərabərliyinin təmin olunması ilə bağlı mühüm nəticələr əldə edilir. Ancaq əlillərin cəmiyyətə inteqrasiyası məsələsində bir sıra problemlər hələ də qalmaqdadır”.

A.Şilakadze 0-6 yaş arasındakı uşaqların tərbiyəsinin və inkişafının xüsusilə, diqqətdə saxlanılmasının vacibliyini söyləyib: “Bu yaş arası uşaqların təlim-tərbiyəsi, yaxşı qidalanması və inkişafı üçün maliyyə yardımının edilməsi vacib məsələdir. Xüsusilə də məktəbə qədər təhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması və diqqətin saxlamılması lazımdır”.

A.Şilakadze maraqlı təkliflərlə də çıxış edib: “Məktəb yaşına çatmağa bir il qalmış uşaqlara məcburi təhsil sistemi tətbiq olunsun. Bundan başqa, Azərbaycan parlamentində uşaq hüquqları ilə bağlı resurs mərkəzi yaradılsın. Bu mərkəz uşaq hüquqlarının qorunması və digər sahələrdə təkliflər, qanun layihələri hazırlamalı və onların tətbiqi üçün işlər həyata keçirilməlidir”.

Azərbaycan “Uşaq Hüquqları konvensiyası”na qoşulan ilk gündən qaçqın-köçkün uşaqları problemi ilə üz-üzə qalıb”.  Bunu isə MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  deyib. Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istədiyini söyləyən komitə sədri qeyd edib ki, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb: “Artıq qaçqınlıq dövrünü yaşayan həmin uşaqlar böyüyərək, ailə qururuşaq dünyaya gətirirlər. Bu da o deməkdir ki, Azərbaycanda qaçqın-köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq, həmin problemləri yaşayırlar. Mən həm UNİCEF-in və digər beynəlxalq təşkilatların da diqqətini bu məsələyə yönəldirəm”.

Azərbaycan parlamentində erkən nigah yaşının artırılaraq 18 yaşa çatdırılması ilə bağlı qanunun qəbul edildiyini xatırladan H.Rəcəbli vurğulayıb ki, azyaşlı uşaqların qurduğu ailədən və dünyaya gətirəcəyi övladdan cəmiyyətin gələcəyi üçün heç nə gözləməyə dəyməz: “Bu ciddi və həlli vacib olan problemlərdən biridir. Artıq bu problemin qismən də həll olunmasına nail olmuşuq. Biz bununla xəstə uşaqların dünyaya gəlməsinin qarşısının qismən alınmasına nail olmuşuq. Biz bir sıra genetik xəstəliklərin qarşısının alınması üçün “Ailə Məcəlləsi”nə bəzi düzəlişlər etmişik. Bununla da ailə quran insanların həkimlərdən sağlamlıq haqqında arayışın təqdim edilməsi ilə bağlı müddəanı əlavə etdik”.

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2014.- 22 noyabr.- S.10.