Daxili İşlər Nazirliyinin Polis
Akademiyası ali hüquq təhsili verən I kateqoriyalı təhsil
müəssisəsidir
Millət
vəkili Çingiz Qənizadənin polis və prokurorluq
sistemində çalışan müstəntiqlərin iş
yükünün azaldılması təklifinə
hüquqşünas Əyyub Kərimov da dəstək
vermişdir. Hər ikisinin fikrinə hörmətlə
yanaşıram. Ola bilsin ki, artıq bu məsələnin
araşdırılması zamanı çatmışdır.
Ancaq bu problemlə məqsədli məşğul
olmadığımdan əsaslandırılmış bir fikir
söyləmək və həlli istiqamətlərini göstərmək
bir o qədər də ciddi olmazdı.
Müsahibədə
mənim Daxili İşlər Nazirliyinin Polis Akademiyasında
30 ildən artıq pedaqoji fəaliyyətlə məşğul
olan bir əməkdaş kimi diqqətimi cəlb edən
Əyyub Kərimovun bu fikirləri oldu: “...polis idarə və
bölmələrində çalışan müstəntiqlərin
çoxunun hüquq təhsili yoxdur. Onlar Polis
Akademiyasında təhsil alıb”. Düşünürəm
ki, Əyyub Kərimov polis (milis) kadr hazırlığı
sistemi ilə yaxından tanış
olmadığından belə fikir söyləyib. O, bəzi
dövlətlərdə polis hazırlığı ilə məşğul
olan, lakin ali hüquq təhsili verməyən
akademiyalarla bizim Akademiyanı səhv salıb. Çox
güman ki, bu düşüncədə başqa vətəndaşlar
da ola bilər və bu səbəbdən də
göstərilən məsələyə aydınlıq gətirmək
məqsədilə bir qədər geniş açıqlama
vermək məcburiyyətindəyəm.
Respublikamız
müstəqillik qazandıqdan sonra daxili işlər
orqanlarının ali hüquq təhsilli kadrlara olan
ehtiyacını təmin etmək məqsədilə Respublika
Prezidentinin 23 may 1992-ci il tarixli fərmanı və bu fərmanın
icrası ilə əlaqədar Nazirlər Kabinetinin 9 iyun
1992-ci il tarixli qərarına əsasən Bakı Xüsusi
Orta Milis Məktəbinin əsasında ali hüquq təhsili
verən Polis Akademiyası yaradıldı. Akademiyanın o
zamankı maddi-texniki bazasının səviyyəsi nəzərə
alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11
aprel 1995-ci il qərarına əsasən
o, I dərəcəli ali təhsil müəssisələri
sırasına daxil edilmişdir. Həmin dövrdə yeganə
xüsusi təyinatlı ali təhsil
müəssisəsi kimi fəaliyyət göstərən
DİN-in Polis Akademiyası idi. Hüquq-mühafizə
fəaliyyəti ilə məşğul olan bəzi nazirlik və
komitələrin əməkdaşlarının
ixtisasartırmaları da burada həyata keçirilirdi. Zaman keçdikcə həmin qurumlar da öz təhsil
müəssisələrini yaratdılar. Nəticədə
Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 274 nömrəli fərmanı ilə
“Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi Qaydaları” təsdiq olundu və bu
qaydalarda DİN-in Polis Akademiyası hüquqşünas
hazırlayan təhsil ocağı kimi xüsusi təyinatlı
təhsil müəssisələrinin sırasına daxil
edildi. Bununla da hesab edirəm ki, DİN-in Polis Akademiyasında ali hüquq təhsili verilməsinin
normativ-hüquqi bazasını göstərə bildik.
Akademiyada kadr hazırlığının məzmunu ilə
bağlı bir qədər sonra fikir bildirəcəyəm. Polis
Akademiyasının hüquqşünaslıq üzrə
diplomu ölkə daxilində bütün dövlət
qurumları və təşkilatları tərəfindən
tanınır. Bu gün Polis
Akademiyasının məzunları nəinki daxili işlər
orqanlarında, eyni zamanda, məhkəmə, prokurorluq, ədliyyə,
vergi və digər dövlət orqanlarında
çalışırlar. Təqaüdə
çıxan məzunlarımız isə uğurla vəkillik
fəaliyyəti həyata keçirirlər. Xaricdə isə qarşılıqlı tanınma
barədə müqaviləmiz olan dövlətlərdə
bizim diplomlarımızın hüquqi qüvvəsi var.
Ölkənin təhsil sisteminin avro-atlantik məkana
inteqrasiyası həmin dövlətlərin bu sahədəki
təcrübəsinin öyrənilməsi və tətbiq
edilməsini günün tələblərinə çevirdi. XX əsrin
sonu XXI əsrin əvvəli göstərdi ki, orta təhsilli
polis kadrlarının hazırlanması qloballaşma
dövrünün çağırışlarına cavab
vermir. Bu səbəbdən Avropa dövlətlərində
sahəvi təhsil müəssisələrinin ali
hüquq təhsili verən müəssisələrə
çevrilməsi tendensiyası geniş vüsət aldı.
Məsələn, Niderland Polis Akademiyası (2004), Almaniya Polis
Universiteti (2006), Finlandiyanın Polis Kolleci (1998-ci ildə təsis
edilib, 2008-ci ildə yenidən təşkil olunub),
Norveçin Polis Kolleci (1995-ci ildə təsis edilib, 2005-ci ildə
yenidən təşkil olunub), Fransanın Milli Polis
İnstitutu (1999), Belarus Respublikasının Mogilyov
İnstitutu, (2014) və s. Beləliklə Avropada artıq
çox az ölkə qalır ki, polis
hazırlığında ali hüquq təhsili verməsin. Lakin bu statusa müyəssər olmaq heç də həmişə
asan başa gəlmir. Misal üçün,
Avstriyanın Vyana Polis Akademiyası polis orqanlarına ali təhsilli hüquqşünas
hazırlığını həyata keçirmək
üçün Təhsil Nazirliyinə müraciət
etmişdir. Lakin həmin ölkənin Təhsil
Nazirliyi onların maddi-texniki, tədris-metodiki və elmi
bazasının lazımi səviyyədə
olmadığını əsas gətirərək imtina
etmişdir.
Yuxarıda göstərdiklərimiz məsələnin
formal tərəfidir. Məzmuna keçdikdə isə ilk
növbədə Polis Akademiyasında tədris prosesinin təşkili
barədə fikirlərimi diqqətinizə
çatdırmalıyam. Tədris
planımız Dövlət Təhsil Standartlarının tələblərinə
müvafiq hazırlanaraq Təhsil Nazirliyi ilə
razılaşdırıldıqdan sonra təsdiq edilir.
Hüquqşünas hazırlayan digər ali
təhsil müəssisələrindən fərqli olaraq akademiyada
təhsil müddəti 4 yox 5 ildir. Müddətin
artıq olması onunla izah edilir ki, biz həm Dövlət Təhsil
Standartlarının tələblərinə cavab verməli, həm
də daxili işlər orqanlarında fəaliyyətin
xüsusiyyətlərini nəzərə almalıyıq.
Bu səbəbdən tələbələrimizə “DİO-da
əməliyyat-axtarış fəaliyyəti”, “DİO-nun
inzibati fəaliyyəti”, “DİO-da təhqiqat”, “DİO-da
xüsusi texnika”, “Xüsusi taktiki hazırlıq”, “Atəş
hazırlığı”, “Cinayətlərin
açılması və araşdırılmasının
kriminalistik təminatı” və sair fənlər tədris
olunur. Yeri gəlmişkən, qeyd etməliyəm ki, peşə
və ixtisas fənlərinin (“Cinayət hüququ”, “Cinayət
prosesi”, “Mülki hüquq”, “Mülki prosessual hüquq”,
“Ekologiya hüququ”, “Biznes hüququ”, “İnzibati hüquq”,
“Cinayət axtarış hüququ”, “Kriminalistika”, “Hüquq nəzəriyyəsi”
və sair) saat həcmi də digər ali təhsil müəssisələrində
analoji fənlərə ayrılmış saat həcmindən
bir qədər çoxdur.
Təhsil müddəti ərzində yiyələndikləri
nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi
və xidməti vəzifələrin yerinə yetirilməsində
əməli vərdişlərin qavranılması məqsədilə
tələbələrimiz 20 həftəlik tədris və
ixtisas təcrübəsinə cəlb olunurlar. Aşağı
kurslarda təcrübə tanışlıq və ilkin vərdişlərin
(daxili işlər orqanlarının fəaliyyəti ilə
ümumi tanışlıq, post-patrul xidmətinin
aparılması və kiçik əməliyyat müvəkkili)
formalaşmasına yönəlmişdir.
Buraxılış kursunda isə 14 həftə ərzində
keçirilən
ixtisas təcrübəsini xüsusilə qeyd etmək
istəyirəm. Təhsil alanlar 3 istiqamətdə: “Cinayət-axtarış”,
“İctimai təhlükəsizlik” və “İstintaq” xidmətlərində
konkret vəzifələrin icrası ilə, o cümlədən,
müstəntiq qismində praktiki fəaliyyət göstərirlər.
Bununla
yanaşı, hər tədris ilinin əvvəli təsdiq
olunmuş plana əsasən, Akademiyada tədris prosesinə
respublikamızın nüfuzlu ali təhsil
müəssisələrinin və hüquq-mühafizə
orqanlarının təcrübəli mütəxəssislərinin
cəlb edilməsi və təcrübi dərslərin rayon
polis idarələrində, ekspertiza mərkəzində, məhkəmədə,
istintaq təcridxanasında keçirilməsi daim diqqət mərkəzində
saxlanılır.
Yuxarıda qeyd etdiklərimdən əlavə tələbələrimizin
təcrübi bacarıqlarını yüksəltmək
üçün kliniki təhsil metodundan da uğurla istifadə
edilir. Bu məqsədlə
“Azərbaycan Respublikasında İnsan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamının
icrası ilə əlaqədar, Akademiyada “Hüquq
Klinikası” yaradılmışdır. Klinikada
insan hüquqları, mülki işlər, qaçqın və
məcburi köçkünlərin hüquqlarının
müdafiəsi və cinayət işləri üzrə məsləhət
bölmələri fəaliyyət göstərir. Klinikaya rəhbərliyi kafedra rəisi, hüquq
üzrə fəlsəfə doktoru, dosent, əməkdar
müəllim, polis polkovniki Ceyhun Süleymanov həyata
keçirir.
Mən
Əyyub Kərimovdan fərqli olaraq digər təhsil müəssisələrinin
məzunlarının keyfiyyətinin monitorinqi ilə tanış olmadığımdan onların
hazırlıq səviyyəsinə qiymət vermək məsuliyyətini
öz üzərimə götürə bilmərəm. Ancaq öz tələbələrimiz barəsində
əsaslandırılmış fikir söyləməyə mənəvi
və hüquqi haqqım çatır. Qədim
Çin xalq məsəlində deyildiyi kimi, “Hər şey
müqayisədə bəlli olur”. Burada mən
müdavimlərimizin müxtəlif bilik
yarışmalarında əldə etdikləri bəzi
uğurlara toxunmaq istəyirəm. Onlardan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Bakı Dövlət, Qərb, Qafqaz Universitetlərinin,
Milli Aviasiya Akademiyasının tələbələrinin
iştirakı ilə “Ən yaxşı tələbə
elmi-tədqiqat işi” üzrə keçirilən müsabiqədə
Akademiyanın müdavimi Babək Rüstəmov “Cinayət
törətmiş şəxslərin verilməsi ilə
bağlı bəzi məsələlər” mövzusunda tədqiqatına
görə qalib olmuş və
ona təhsil nazirinin imzası ilə diplom təqdim
olunmuşdur; ABA CEELİ-nin Bakı Ofisinin təşkil etdiyi
insan hüquqları sahəsində milli və beynəlxalq
qanunvericilik mövzusunda Bakı Dövlət, Qafqaz və Qərb
Universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının komandalarının iştirakı ilə
keçirilən universitetlərarası yarışda
Akademiyanın komandası da uğurla çıxış edərək
qeyri-hökümət təşkilatları ilə
yanaşı, millət vəkili Çingiz Qənizadənin də
təmsil olunduğu münsiflər heyəti tərəfindən
fəxri ikinci yerə layiq görülmüşdür; Ailə,
Qadın və Uşaq problemləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə
ali təhsil müəssisələrindən 80 tələbənin
qatıldığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam”
mövzusunda keçirilən publisistik məqalə müsabiqəsində
müdavim Asəm Eyvazov fəxri yer tutduğuna görə
millət vəkili Qənirə Paşayeva tərəfindən
mükafatlandırılmışdır; Gənclər və
İdman Nazirliyinin dəstəyi və “MZ Prodakşın”
şirkətinin təşkilatçılığı ilə
“Mən azərbaycanlıyam” telelayihəsində müdavim
Nicat İslamlı birinci yerə layiq
görülmüşdür;
Bundan
başqa Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi
tərəfindən 2013-cü ildə keçirilmiş
“Ən yaxşı gənc müstəntiq” müsabiqəsində
akademiyanın məzunları Nərimanov RPİ-nin müstəntiqləri
Eldar Abdullayev I yerə, Hikmət Vəliyev III yerə;
2014-cü ildə keçirilmiş “Ən yaxşı təhqiqatçı”
müsabiqəsində isə DİN-in Baş İstintaq və
Təhqiqat İdarəsinin təhqiqatçısı, məzun
İlkin Əliyev I yerə layiq görülmüşdür.
DİN-in Polis Akademiyasında təhsilin Azərbaycan dilində
aparılmasına baxmayaraq, təqdirəlayiq haldır ki, bu
nailiyyətlər respublikadan kənarda keçirilən bilik
yarışmalarında da davamlı xarakter almışdır. Belarus Respublikasının
Minsk şəhərində MDB dövlətləri Daxili və
Xarici İşlər nazirliklərinin, Sərhəd Qoşunlarının
hüquq və beynəlxalq hüquq fakültələrinin tələbələrindən
təşkil olunmuş 9 komanda arasında vətəndaşlıq,
miqrasiya məsələləri və qaçqınların
hüquqları mövzusunda keçirilmiş beynəlxalq
müsabiqədə təmsilçilərimiz 2010-cu ildə
3-cü, 2011-ci ildə 2-ci, 2012-ci ildə isə 1-ci yerə
layiq görülməsini, eyni zamanda, Rusiya
Federasiyasının Saratov Dövlət Hüquq
Akademiyasında və Ukrayna Respublikasının Daxili
İşlər Nazirliyinin Lvov Dövlət Universitetində
keçirilən beynəlxalq elmi-praktik konfranslarda müxtəlif
nominasiyalar üzrə fəxri fərmanlarla təltif
olunmalarını göstərmək olar.
Hesab edirəm ki, Akademiyada tədris-təlim sahəsində
mövcud mənzərəni daha dolğun təsvir etmək
üçün professor-müəllim heyəti barədə
də məlumat vermək yerinə düşərdi. Hazırda təhsil
müəssisəmizdə 21 nəfər elmi dərəcəsi
olan əməkdaş çalışır. Onların sırasına hüquq elmləri doktoru və
fəlsəfə doktorları, professor və dosentlər, 3 əməkdar
müəllim daxildir. Həmin alimlər Bakı Dövlət
Universitetinin, Milli Aviasiya Akademiyasının, AMEA-nın Fəlsəfə
və Hüquq İnstitutunun, Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası İnstitutunun tərkibində fəaliyyət
göstərən elmi seminar və müdafiə
şuralarının üzvləridir. Ölkəmizdə
yerli və beynəlxalq təşkilatlar tərəfindən həyata
keçirilən müxtəlif layihələrdə də
Akademiya əməkdaşları ekspert qismində fəal
iştirak edirlər. Məsələn, Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsində
yaradılmış hüquq-mühafizə orqanlarının
nümayəndələrindən ibarət İşçi
Qupunun tərkibinə “Kriminalistika” kafedrasının rəisi,
polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru,
dosent Allahverdi Mahmudov və “Cinayət prosesi”
kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə
fəlsəfə doktoru, dosent Səyyad Ağayev daxil
edilmiş, UNİSEF tərəfindən verilmiş sertifikata əsasən
baş müəllim, polis polkovnik-leytenantı Vüqar Mansurov
“Yuvenal Ədliyyə” sahəsində, polis
polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə
doktoru Rafiq Nəcəfquliyev isə Azərbaycanda “Məhkəmə
və hüquq islahatlarının dəstəklənməsi
layihəsi” üzrə ekspertlərdir. Eyni zamanda, Rusiya
Hüquq Elmləri Akademiyası Elmi Şurasının qərarına
əsasən “Dövlət və hüquq nəzəriyyəsi”
kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə
fəlsəfə doktoru, dosent, əməkdar müəllim
Ceyhun Süleymanov və “Mülki hüquq” kafedrasının
baş müəllimi, polis polkovnik-leytenantı, hüquq
üzrə fəlsəfə doktoru Rəşad Məmmədov
həmin Akademiyaya üzv seçilmişlər.
Akademiyada tədris prosesi ilə yanaşı elmi-tədqiqat
fəaliyyəti də uğurla həyata keçirilir. Hüququn
müxtəlif sahələri üzrə Akademiyada beynəlxalq
elmi-praktik konfrans və seminarların keçirilməsi
davamlı xarakter almışdır. Buna misal olaraq cari tədris
ilinin oktyabr və noyabr aylarında Türkiyə, Rusiya,
Belarus, Moldova, Ukrayna alimlərinin, eləcə də
respublikamızın Konstitusiya Məhkəməsinin sədri və
hakimləri, millət vəkilləri, Ombudsman Aparatı, Ali Məhkəmə,
Apelyasiya Məhkəmələri, Respublika Prokurorluğu,
Ədliyyə orqanları və ölkəmizdəki beynəlxalq
təşkilatların nümayəndələrinin
iştirakı ilə “Regional cinayətkarlığın
kriminoloji tədqiqinin aktual problemləri” və “İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının konstitusiya təminatının aktual
problemləri” mövzularında beynəlxalq elmi-praktik
konfranslar keçirilmişdir. Səslənən
məruzə və çıxışlar,
iştirakçıların məqalə və tezisləri
“Polis Akademiyasının Elmi Xəbərləri” jurnalında
dərc edilir. Məlumat üçün qeyd edim ki,
müəssisəmizin jurnalı Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmiş, beynəlxalq kod almış, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Ekspert Şurasında bəyənilərək
komissiyanın rəsmi siyahısına daxil edilmişdir. Hazırda jurnalımızın 11 nömrəsi
işıq üzü görmüş və
iştirakçı ölkələrin nümayəndələrinə
də təqdim olunmuşdur.
Professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin
bir istiqaməti də tədris olunan fənlərin təhsil
resursları ilə zənginləşdirilməsidir. Son illərdə əməkdaşlarımız
tərəfindən 104 adda dərslik, dərs vəsaiti,
proqram, sxemlər albomu, mühazirələr toplusu və sair vəsaitlərin
Təhsil Nazirliyindən qrif alınaraq nəşr olunması
bu sahədəki işimizin təqdirəlayiq olmasından xəbər
verir.
Bu, tək bizim fikrimiz, özümüzün işimizə
verdiyimiz qiymət deyil. Təhsil Nazirliyi tərəfindən daxil
olmuş məktuba əsasən son illər nazirliyin qrifi ilə
nəşr olunmuş 133 adda tədris vəsaiti Azərbaycan
Respublikasının Elmi-Pedaqoji Kitabxanasına təhvil
verilmişdir. Kitabxananın müdiri Tamilla İsmixanova
bu vəsaitləri qəbul edərkən öz təəccübünü
gizlətməmiş və bildirmişdir ki, “Akademiya yeganə
ali təhsil müəssisəsidir ki, son
illər müvafiq qriflə bu qədər vəsait nəşr
etdirib”.
Hazırda akademiyada təhsil alanlar fənlər üzrə
tədris resursları ilə tam təmin edilmişdir. Bu da fənlərin
mənimsənilməsinə öz müsbət təsirini
göstərməyə bilməz.
Düşünürəm
ki, DİN-in Polis Akademiyasında ali
hüquq təhsilinin verilməsinin həm normativ-hüquqi
bazası, həm də məzmunu barədə qısa da olsa məlumat
verə bildim. Akademiyanın fəaliyyəti,
burada həyata keçirilən islahatlar, beynəlxalq təcrübənin
tətbiqi və sair məsələləri bir məqalədə
tam əhatə etmək mümkun deyildir. El arasında
deyildiyi kimi, “yüz eşitməkdənsə, bir görmək
yaxşıdır” məsəlini yada salaraq, Eyyub Kərimovu
DİN-in Polis Akademiyasında kadr hazırlığı ilə
tanış olması üçün istənilən
vaxt qəbul etməyə hazırıq.
Mahir Əhmədov
DİN-in Polis
Akademiyası rəisinin tədris və elmi işlər
üzrə müavini
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.8-9.