Teatrlara dövlət qayğısı kimi
və niyə qıcıqlandırır?
Azərbaycan
Dövlət Musiqili Teatrının direktoru Əliqismət
Lalayevin müsahibəsi
Yazıçı-dramaturq və filosof Firuz Mustafanın
"Azərbaycan teatrının problemləri tezliklə həllini
tapmalıdır" sərlövhəli məqaləsində
toxunduğu məsələlər teatr ictimaiyyəti tərəfindən
birmənalı qarşılanmayıb. Azərbaycan
Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əliqismət Lalayev həmin məqaləyə cavab
olaraq müsahibə verib.
-
Əliqismət müəllim, məqalə müəllifi Azərbaycan
teatrının problemlərindən danışarkən
"eksklüziv təhlillə kifayətlənməyi"
caiz saymadığını söyləyir və bu məsələyə
məşhur Amerika dramaturqu Artur Millerin bir sitatı ilə
başlamaqla, əslində, özü bilərəkdən hədəfdən
yayınaraq, oxucusunu konkret və rasional düşünmək
şansından məhrum edir.
- Əlbəttə,
o məşhur teatr bilicisinin fikirləri konkret məkan və
zaman müstəvisində bəlkə də yerinə
düşə, ağıllı və bir qədər də
cəlbedici səslənə bilər: O deyirdi ki: "Nəinki
tamaşaya qoyulan hər hansı bir əsərin, hətta az
qala Brodveydəki bütün teatrların taleyini çox vaxt
"Nyu-York tayms"da nüfuzlu bir tənqidçinin
çap etdirdiyi məqalə həll edir".
Ola bilər,
Miller dövrü üçün bu bəlkə də beləydi!
Bu sözlər deyilən vaxt (Miller 1915-ci ildə
doğulub, 2005-ci ildə, 90 yaşında vəfat edib) o boyda
Amerikada bu qəzeti oxuyan aydınlar və ictimai fikiri yönləndirmək
qabiliyyətində olan tənqidçilər yəqin ki, hər
hansı bir tamaşanın taleyini bir qələmlə həll
etmək iqtidarında idilər. Çünki onda
okeanın o tayında hələ KİV və elektron texnologiyalar
şəbəkəsi bu qədər geniş
yayılmamışdı və insanlar özlərini gəlişdirmək,
mənəvi ehtiyaclarını təmin etmək
üçün yaxşı tamaşanı - hansısa
nüfuzlu bir qəzetin rəyi ilə seçmək,
hansısa tənqidçinin tövsiyəsini nəzərə
almaq səviyyəsində zövqə və tələbata malik
olmaq məcburiyyində idilər.
Bəli,
müəllif "bizdə müasir teatr tənqidi yoxdur"
- deməklə Amerika kəşf etdiyini
düşünürsə, yanılır, çünki bu
problemi biz, yəni taleyini teatrla bağlayan peşəkarlar dəfələrlə
müzakirə mövzusuna çevirmişik, onun həlli yollarını
mütəxəssislərlə bərabər
araşdırmağa çalışmışıq, gənclər
arasında müsabiqələr keçirmişik və bu
proses bu gün də davam etməkdədir. Axı
biz hər hansı bir ziyalıya və ya qələm əhlinə
"bu tamaşamızdan yaz!" deyə göstəriş
verə də bilmərik. Teatr tənqidinin
olmaması məncə, yaxşı tamaşa
qıtlığı ilə bağlı deyil, sırf
yaradıcılıq işidir, istedad məsələdir, fərdin
(yəni yazmaq bacarığı olan insanın) peşəkarlıq
səviyyəsi və hər kəsin fikrini ifadə edib
ümumilədirməyi bacarmaq məsuliyyətidir.
Firuz
Mustafanın da adını hörmətlə çəkdiyi
bir çox klassiklərin, həm dünya dramaturgiyası
korifeylərinin şah əsərləri, həm də bu
gün belə öz aktuallığını qoruyub saxlamaqda
olan milli ədəbi nümunələrimiz tamaşaya qoyulan
illərdə heç kim Cəfər Cəfərova, Mehdi Məmmədova,
Yaşar Qarayevə, Ədilə Əliyevaya, Cabir Səfərova,
İnqilab Kərimova və digər tanınmış tənqidçi
və teatr bilicilərinə göstəriş vermirdi ki,
gedin, filan tamaşaya baxın və resenziya yazın... Teatrlar bu böyük söz sahiblərinin və sənət
araşdırmaçılarının, teatr təəssübkeşlərinin,
sözün həqiqi mənasında, ikinci evinə
çevrilmişdi. Onlar bəzən bir tamaşaya dəfələrlə
baxır, hərdən son məşqləri izləməyə
gəlir, aktyorların oyunundan tutmuş səhnənin tərtibatına,
rejissorun və bəstəkarın yozumuna, geyim rəssamının
işinə, qrim ustasının zəhmətinə, bir
sözlə səhnədə görünən və
görünməyən bütün truppanın əziyyətinə
qiymət verir, əsərin ədəbi-bədii dəyərindən
yüksək peşəkarlıqla söz açır, onu təhlil
edir, fikilərini bildirirdilər. Özü də
bu yazılarda qərəz yox, sağlam tənqid, irad olurdu ki,
hər kəs öz səhvini növbəti tamaşayadək
islah etməyə, cilalamağa çalışırdı.
Bəli, onda bizim Teatral Bakı mühitində hər kəs
teatra getməyə can atır, baxdığı tamaşa barədə
danışır, təəssüratlarını
qonum-qonşusu, iş yoldaşları, dostları ilə
bölüşürdü.
Bu gün Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi bu sahədə radikal addımlar atır,
bu ənənəni yenidən bərpa etməyə
çalışır.
-
Sözsüz ki, bu gün həm televiziya kanalları, həm də
internet şəbəkəsi ilə rəqabətdə
çox vaxt uduzduğunu etiraf edən teatrların
yaşaması üçün hər kəs, o cümlədən
ünvanımıza hansısa incikliyinin əvəzini
çıxmaq qəsdi ilə qərəzli və əsassız
tənqid yazan müəlliflər də məsuliyyət
daşımalıdır.
- Bəli.
Firuz Mustafanın yazdığı dram əsərləri
vaxtilə Gənclər Teatrında, Naxçıvan,
Şuşa, Lənkəran, Ağdam, Mingəçevir,
Sumqayıt, İrəvan, Qusar Dövlət Teatrlarında
tamaşaya qoyulsa da, onların heç biri teatral hadisə kimi
qarşılanmayıb, bir neçə dəfə
oynanıldıqdan sonra, tamaşaçı yığa bilmədiyi
üçün repertuardan çıxarılıb. Əslində,
ilk baxışdan bu qədər əsəri oynanılan bir qələm
sahibi, özünün idda etdiyi kimi "yüksək səhnə
parametrlərinə uyğun yazılmış" əsərlərin
müəllifi, hər halda indiyədək dramaturq kimi məşhurlaşmalı
və yaradıcılığına ehtiyac duyulan birisi
olmalı idi. Təəssüf ki, çoxlu
sayda (30-a yaxın) əsəri tamaşaya qoyulan müəllif
teatrın işini, daxili strukturunu yetərincə bilmədiyindən
nəzəri cəhətdən kitablardan oxuduqlarını
hansısa tanınmışların sitatlarının köməyi
ilə möhkəmləndirmək istəyir və bu gün
inkişaf edən, yenilənən (həm fiziki, həm də
mənəvi) Azərbaycan teatrı haqqında absurd fikirlər
söyləməkdən çəkinmir.
Firuz müəllim etiraz edib deyə bilər ki, əgər
mənim əsərlərim zəif idisə, onda teatrlar bu
pyeslərə niyə o qədər zəhmət və xərc
çəkib tamaşaya qoyurdu? Cavabını açıqlayım:
sadəcə sizin və siz qəbildən olan bəzi
“dramaturqların” bəxti onda gətirdi
ki, o dövrdə teatrlara yenicə sərbəstlik
verilmişdi, bütün sənət ocaqları repertuar
seçimində sərbəst idilər və siz də bu
fürsətdən yararlanırdınız, çünki
bilirdiniz ki, "bildirçinin bəyliyi xırman
sovulanacandır!"
Bu da həqiqətdir
ki, o dövdə sizin kimi bir neçə nəfər "məşhur
qələm əhli" var idi ki, zaman öz əbədi ələyindən
onları keçirmədi!
Əgər
hörmətli filosof bunun əksini sübut eləməyə
hazırdısa, onda keçmiş mətbuat işçisi,
"Teatr" jurnalının təsisçisi kimi (bu jurnaln cəmi
bircə nömrəsini çap etdirə bilib) ona bir
sualım var: indiyədək hər hansı bir tamaşa barədə
niyə tənqidi fikir, resenziya yazmamısınız, mənfi
və müsbət fikirlərinizi söyləməmisiniz? Qələmdaşlarınızın zəif əsərlərini
niyə görməzdən gəlmisiniz? Sizdən dəqiq
və tutarlı cavab gözləmədiyimdən məlum həqiqəti
özüm söyləmək istəyirəm:
Çünki... o vaxt siz də bilirdiniz ki, teatrlara təqdim
etdiyiniz dram əsərləri şedevr deyil və ölkədə
baş verənlərin fonunda tam gücdən düşən
teatr tənqidi də bunu görə-görə, bilə-bilə
susmağa məcburdu. Elə susmağı da o vaxtdan sizin kimi
"dialoq quraşdırıb, əhvalat düzəldənlər"
vərdiş etdirdi onlara! "Böyük
dramaturqların" cılız əsərlərini təhlil
etməkdən vaz keçib öz sözlərinə və
fikirlərinə hörmət edən 3-5 nəfər
tanınmış tənqidçi kənara çəkilib,
özfəaliyyət səviyyəsində olan bədii
materialı güc-bəla tamaşaçıya "yedirtməyə"
çalışanların canfəşanlığını
təəssüflə izlədilər və susdular, elə o
vaxtdan bəri də susurlar...
Son 20 ildə
əsərləri tanınmış teatrlarda oynanılan
müəlliflər arasında daha çox adı keçənlərdən
biri də elə Firuz Mustafadır!
Və mən
yenə Firuz müəllimə bir sual vermək istəyirəm:
Bilirsinizmi, bu gün teatrlarımız həm dramaturgiya, həm
rejissura, həm aktyor, həm də tamaşaçı
sarıdan niyə korluq çəkir? Çünki sizin kimi
bir çoxları da özünü "qüdrətli qələm
sahibi" saydığı və keyfiyyətsiz
cızmaqaralarını teatrlara "sırıyaraq" (siz
bunu daha yaxşı bilirsiniz) əsl istedadların
qarşısını kəsdiyi dövrlərdə,
özünə hörmət eləyən teatr fədailəri
bu sənət məbədlərindən ürəkağrısı
ilə üz çevirdilər.
-
Müşahidələr göstərir ki, bu gün teatrlar
öz repertuarlarını yenidən yaradırlar, uzun illərin
boşluğunu doldurmağa, tamaşaçılarla,
istedadlı müəlliflərlə illər öncə
qırılmış bağları, itirilmiş əlaqələri
bərpa etməyə, gənc yaradıcı qüvvələri
teatra cəlb etməyə çalışırlar.
- Həmin
müəllif isə məqaləsində tez-tez "teatrlarda
tamaşaçı rəyi nəzərə
alınmır"- deyə hər kəsi qınamağa can
atır. Düzü, mən onun ziyalılığına,
alimliyinə də az qala şübhə
ilə yanaşmağa başlayıram. Firuz
Mustafa, teatr, sizin fikrinizcə, restoran və mehmanxanadır ki,
gələn müştərinin (tamaşaçının) nə
arzuladığını soruşub, onların hər birinin
istəyi ilə tamaşa hazırlasın?! Tamaşaçı rəyi öyrənmək istəyən,
teatra gələr, tamaşaçının səhnədə
baş verənlərə necə reaksiya verdiyinin əyani
şahidi olar, sonra hökm verər.
Rəhbərlik etdiyim Musiqili Teatrda son bir neçə
ildə uğurla oynanılan əsərlərin, istər,
"Arşın mal alan" olsun, istər "Ər və
arvad", (Üzeyir Hacıbəyli), "Xanuma"
(A.Saqarelli), "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev),
"Xoşbəxt ailə oyunu oynayırıq və yaxud
fransızsayağı qarnir" (M. Kamoletti), "Skapenin kələkləri"
(Molyer), "Kimyagər" (M.F.Axundov), istərsə "Evlənmə"
(N.Qoqol) və digər tamaşalarımızın necə
anşlaqla qarşılandığı teatr ictimaiyyətinə
məlumdur və əminəm ki, bundan sonra da məhz belə
baxımlı tamaşalar hazırlamağa gücümüz və
istedadımız çatacaq!
Bu
yazı ilə tanış olan arif və uzaqgörən
oxucular belə bir məntiqi nəticə
çıxarırlar ki, görünür müəllif
özünün də idda etdiyi kimi, "dramaturq - həm də
filosof olmalıdır" qənaətini gerçəkləşdirmək
niyyəti ilə müraciət etdiyi daha prestijli teatrlardan əliboş
qayıtdıqdan sonra qələmə sarılaraq içinin
ağrı-acısını peşəkar kollektivlərin
ünvanına püskürməklə, az qala əsryarımlıq
bir tarixi olan Azərbaycan teatrını səriştəsizlikdə
günahlandırmaqla kimlərdənsə heyif almağa
çalışır!
Onu anlamaq o qədər də çətin deyil. Axı indi
zaman da, dövran da, tamaşaçı, dinləyici tələbatı
da dəyişib. İndi müasir
tamaşaçı daha maraqlı, daha
düşündürücü mövzuları əhatə
edən əsərlərə baxmaq istəyir. Əgər bizdə teatr, onun yazdığı kimi,
təkcə bəzəkli binadan və tamaşa salonundan ibarət
olsaydı, yəqin ki, onun kimi "dahi dramaturqu"
çıraqla axtarardı. Ancaq nə yaxşı ki, bu
belə deyil və ola da bilməz.
Əgər
bu gün Azərbaycandakı və xüsusilə də
paytaxtdakı bütün teatrlar dövlət tərəfindən
təmir olunursa, yenidən qurulursa, dövlət sifarişi ilə
tamaşaya qoyulan əsərlərin sayı yavaş-yavaş
artırsa, buna sevinmək lazımdır, Firuz müəllim!
Müharibə şəraitində yaşayan, hər gün
düşmən tərəfin hücumlarının dəf
etmək üçün bütün diqqətini cəbhə
bölgəsinə yönəltmək məcburiyyətində
qalan bir ölkənin rəhbəri vaxt tapıb vətəndaşlarının
mənəvi inkişafı qayğısına qalırsa, onu
ancaq alqışlamaq gərəkdir, yoldaş filosof!
Bu gün
ölkədə fəaliyyət göstərən 26 dövlət
teatrının və bu sahəyə aid olan digər
qurumların fəaliyyət dairəsini daha da genişləndirmək,
oynanılan tamaşaların ideya-bədii məzmununu yüksəltmək,
teatrlara yeni istedadlı cavanların cəlb edilməsinə
nail olmaq üçün tədbirlər görülür və
bu işlərdə biz dövlətimizin dəstəyinə
güvənirik. Təsadüfi deyil ki, 2007-ci ildə
Prezident İlham Əliyev "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" Sərəncam
imzaladı. Bu sərəncamda milli dəyərlərimizin
qoruyucusu və təbliğatçısı olan teatrların
maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq
imkanlarının genişləndirilməsi kimi vacib məsələlər
nəzərdə tutulmuşdu. Bu sərəncamdan sonra təbii
ki, xeyli iş görülüb və hələ də
görülməkdədir.
Mənim anlamadığım bir məqam da budur ki, Firuz
Mustafa teatrlara dövlətin bu qayğısından niyə
belə qıcıqlanır ki? Və ya əgər hər
hansı bir teatr tamaşa hazırlamaq məqsədi ilə
xaricdən bir rejissor dəvət edirsə, bunun ona nə
ziyanı var ki?
O
qonağın iş təcrübəsindən bəhrələnmək,
"ustad dərslərinin" iştirakçısı olmaq
üçün bilirsinizmi nazirlik neçə nəfərin
ezamiyyət xərcinin çəkib xaricə göndərə
bilərdi, ay müəllim? Uzaqbaşı, 2-3 nəfərin! Amma bir nəfəri Bakıya dəvət etməklə
onlarla insana dünya teatrlarının qabaqcıl təcrübəsindən
bəhrələnmək imkanı yaradılır. Buna
ancaq sevinmək lazımdır!
Əgər
Azərbaycanda teatrın vəziyyəti hörmətli
filosofumuzun düşündüyü və yazdığı
qədər acınacaqlı olsaydı, onda şəxsən
onun də qatıldığı Beynəlxalq Teatr Konfransı
3-cü dəfə Bakıda keçirilməz, dünyanın
40-dan artıq ölkəsindən 140-dan çox
tanınmış teatr xadimi bu nüfuzlu məclisdə
iştirak etmək üçün planetin dörd bir
yanından Bakıya gəlməzdi.
Yəqin
Firuz Mustafa özü də məruzələrə diqqətlə
qulaq asanda başa düşdü ki, çıxış edənlər
daha çox onun toxunduğu (və nədənsə təkcə
milli teatrlarımıza şamil etdiyi) məsələlərdən
söz açdılar, bunun ümumbəşəri problem
olduğunu vurğuladılar, arzu və istəklərini
bildirdilər, konkret təkliflər irəli sürdülər,
qabaqcıl təcrübədən bəhrələnmək
üçün əlaqələri genişləndirməyin
zəruriliyini dilə gətirdilər və məlum oldu ki, bu
əslində, bütün dünya teatrlarının ortaq
narahatlığıdır.
Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri xanım Ayşa Rau bildirdi ki, maliyyə çatışmazlığı, binasızlıq və maraqlı əsər qıtlığı üzündən qurucusu olduğu teatrın kollektivi illərdən bəri yalnız Dehlinin balaca bir qəsəbə klubunda çıxış etməyə məcburdur.
- Amma bizim teatrlar artıq beynəlxalq festivallara dəvət olunur, Beynəlxalq teatr qurumlarına üzv seçilir. Tamaşalarının nümayişi coğrafiyası ildən-ilə böyüyür.
- Tamamilə doğrudur. Qeyd elədim ki, Firuz Mustafanın əsərləri bir vaxtlar müxtəlif teatrlarda tamaşaya qoyulub və məncə o teatr işçilərinin pərdə arxasında qalan böyük zəhmətindən xəbərdardı. Ən azı aylarla onlarla ünsiyyətdə olub, duz-çörək kəsib. Belə olan halda, bir vaxtlar, elə indinin özündə də, teatrın ab-havasını udmuş bir ziyalı kimi gərək o yaradıcı insanların əməyinə daha sayğılı yanaşaydı...
Yəqin ki, oxucularımız mənimlə razılaşarlar ki, öz tarixinə, mədəniyyətinə, bədii-estetik dəyərlərinə və nəhayət vətəninə və xalqına dəyər verən, hörmət edən hər kəs kiminsə ünvanına söz demək fikrinə düşəndə, əvvəl-əvvəl dönüb bir özünə, özünün ictimai mövqeyinə baxmalı, ondan sonra başqalarını tənqid (bu məqamda təhqir) etmək fikrinə düşməlidir, özü də xarici ölkələrdə də yayımlanan televiziya kanalında!
Azərbaycanda istedadlı insanlar çoxdur, onların arasında şairlər, yazıçılar, dramaturqlar da kifayət qədərdir. Ancaq bir çoxları teatrdan uzaqdır, amma bu o demək deyil ki, biz onlarla əməkdaşlıq etmirik, əksinə bəziləri ilə əlaqə saxlayırıq, yaradıcılığı ilə maraqlanırıq, bəzilərinə hər hansı bir mövzunu işləməsi barədə sifariş də veririk. Lakin təəssüf ki, onların teatrlara təqdim etdikləri əsərlərin mövzusu o qədər primitiv olur ki, bəzən müasir geyimli bu yazarların hələ də ötən çağlara dirənən səthi dünyagörüşünə, düşüncə və mühakimə qabiliyyətinə heyrət edirsən. Biz də yaxşı əsər istəyirik, müasir tamaşaçının tələbləri və zövqü ilə ayaqlaşan pyeslər arzulayırıq, istəyirik ki, yaxın tariximizi əks etdirən əsərlər səhnəyə gəlsin, insanlara, xüsusilə də, cavan nəslə, gələcəyə ümid, həvəs aşılayan pyeslər yazılsın, bunu isə təkcə teatr direktoru və ya rejissorla, aktyor eləməməlidir ki...
Bəli, biz bu gün dünya arenasına çıxmaqda israrlıyıq və inşallah, tezliklə bir çoxları kimi siz də görəcəksiniz ki, artıq sorağı planetin dörd bir yanından gələn Azərbaycan teatrları yaxın gələcəkdə öz tamaşaları ilə dünya turnesinə yollanacaqlar. Ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı məncə bu arzumuzu gerçəkləşdirmək üçün qarşımızda geniş perspektivlər açır.
Bir sözlə, Azərbaycan teatrı özünün çox məhsuldar inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, iş olan yerdə problemlər də olacaq, nöqsanlar da... Amma bu inkişafa göz yummaq, şəxsi maraqları naminə görülən işlərin üstünə qara yaxmaq heç ziyalıya, yaradıcı insana yaraşan xüsusiyyət deyil.
Telli PƏNAHQIZI
525-ci qəzet.-
2014.- 25 noyabr.- S.7.