"Səsimdən yapış"
tamaşasının premyerası olub
“Yuğ” Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib.
Yazıçı Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir. Tamaşada “Yuğ” Dövlət Teatrının aktyorları əməkdar artistlər Məmməd Səfa (Kişi), Gülzar Qurbanova (Qadın), İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ceyhun Əliyev (Oğlan səsi), Solmaz Məmmədova (Qız səsi) və Şəbnəm Cəbrayılova (Qadın səsi) çıxış ediblər.
Tamaşada vurğulanır ki, ölməyə qərar vermək, həyatdan əl çəkə bilmək çətin sınaq olmaqla bərabər, həm də mürəkkəb psixoloji bir durumdur. Bu zaman insan bütün keçmişini, bu gününü, gələcəyini saf-çürük, təftiş etməyə can atır. Bu ağır və üzücü bir yolu istəsən də, istəməsən də sən də getmək zorundasan. Çünki həyat davam edir, insan anbaan ölümə yaxınlaşır. Ölüm haqdır, ondan qaçmaq mümkünsüz.
Bu səhnə əsərinə baxan hər bir tamaşaçıda - nədir bizi bu həyata bağlayan, yaşamaq eşqi, nəyə çatmaq uğrunda çarpışırıq kimi olduqca düşündürücü suallar yaranır. Bu və ya digər suallarla tamaşaçını həyat həqiqətləri, özü və yaşadığı dünya haqqında düşünməyə vadar edən bu səhnə əsəri insanı həm də mənən kamilliyə səsləyir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 25 noyabr.- S.7.