Şair ömrü, sənətkar yolu
UNUDULMAZ ŞAİR VƏ ALİM RƏFİQ ZƏKANIN 75 İLLİYİNƏ
Sənətkar ölümü həmişə təəssüf
doğurur.
İstər nakam Lermontov, Müşfiq, Əli Kərim
ömrü yaşayasan, istərsə də ömrün
"ekvator" xəttini keçəsən, ölüm o sənətkarı
bu gözəl dünyadan ayırırsa, onun itkisi ürəkləri
göynədəcək.
Rəfiq Zəka Xəndan da bizi belə bir nisgil
içində qoyub getdi. Altmış yaşının tamamına
altı ay qalmış- 1999-cu ilin soyuq yanvar günlərinin
birində gözlərini əbədi yumdu. Ədəbiyyat aləmi Rəfiqsiz qaldı.
Gözəl şeirləri, mahnıları ilə
çoxlarının sevimlisinə çevrilən, həm Azərbaycanda,
həm də qardaş Türkiyədə çox
yaxşı tanınan, hafizxanlığı-yaddaşı ilə
hamını heyrətləndirən, təkcə şair kimi
deyil, bir alim kimi də şöhrət qazanan Rəfiq Zəka
bu gün aramızda yoxdur. Ancaq bu "yoxdur" kəlməsi
yalnız onun fiziki ölümünə aiddir, çünki əsl
sənətkar üçün Rəfiq Zakanın özü
dediyi kimi: "ömür bitər, yol bitməz!"
Səma
yolu, yer yolu,
Su yolu, dəmir
yolu,
Yoldadır
ömür yolu,
Ömür
bitər, yol bitməz!
"Sənətkarın iki doğulma tarixi olur. Biri anadan
olduğu gün, o biri ilk sənət əsəri
yaratdığı gün. Birinci tarix dəftərxana
kitablarında yazılır, o biri tarixi həyat, zaman müəyyən
edir" (Rəsul Rza).
Rəfiq
Zəkanın hər iki doğulma tarixi onun bir şeirində
belə ifadə olunub:
Qohuma,
tanışa yaxşı bəllidir,
Əsl soyadımız Hacıbəylidir.
Babam
Zeynalabdin-dumanda bir nur,
Atam Cəfər Xəndan-ölkədə məşhur.
Atam
Yerevandan, anam Şuşadan
Onlardır ruhumu daim yaşadan.
Bir
qızım, bir oğlum-Aydanla Xəndan,
Məni ayrılmağa qoymaz cahandan.
Oldum
cocuqluqdan şeirin aşiqi,
Gözümün işığı bildim
Müşfiqi.
Dahi
Füzulini bildim dərindən,
Ruhlandım Sabirin şeirlərindən.
Hadinin,
Cavidin heyranı oldum,
Əbdülhəq Hamidə içdən vuruldum.
Əsl
ustadlara xəyanətim yox,
Kim deyər, mənim də əmanətim yox.
Rəfiq Zəka ilk şeirini nə vaxt yazıb,
könlünə nə vaxt ilham pərisi qonub, bunu
araşdırmaq istəməzdik. Ancaq böyük ədəbiyyatşünas,
professor Cəfər Xəndan Hacıyevin ailəsində
dörd oğul uşağı dünyaya gəldi, onların
hər biri sonralar həyatda Cəfər Xəndan adına
layiq oldular, biri akademik, digəri professor. Cəfər
Xəndan həm də şair idi, deyirlər hafizəsi də
güclüydü. Rəfiq Zəka da
atasının yolunu davam etdirdi. O da XX əsr
Azərbaycan poeziyasında seçilən, fərqlənən
şairlərdən biri oldu. Böyük Cəfər Xəndanı
bir ədəbiyyatşünas kimi daha çox məşhurlaşdıran
onun dahi Sabirə həsr etdiyi monoqrafiya oldusa, Rəfiq Zəkanı
da şeirə, sənətə ilhamlandıran Sabirin
satiralarıydı, sonralar etiraf edəcək ki, 15 yaşda
olanda Sabirə vuruldum. Sonralar Sabirə həsr etdiyi bir
şeirində yazacaqdı ki: "Ruhunda bir mətanət.,
şeirində yıldırımlar, Sən mərdlik, sən
cəsarət, sən əzəmət, sən vüqar, Sən
güldün hönkür-hönkür dərdinin şiddətindən,
Hər kitabın ay ustad, bir igidin səsidir, Hər kitabın
ay ustad, bir evin kişisidir!".
Amma Rəfiq Zəkanın
ilhamlandığı, şeirlərindən güc
aldığı şair təkcə Sabir
olmamışdır. O, Cavidi də, Müşfiqi də,
Hadini də, türk şairi Əbdülhəq Hamidi də
böyük vurğunluqla sevirdi, bu şairlər Rəfiq Zəkanın
idealı idilər,-desəm, səhv etmərəm. Onun şeirlərində Cavidin də, Müşfiqin
də ruhu yaşayır. "İki soyadım var mənim, bir Cavid, biri
Müşfiq" deyirdi. Hər ikisi
haqqında təkcə şeirlərində böyük rəğbətlə
söz açmırdı, onlara monoqrafiyalar da həsr
etmişdi. Rəfiq Zakanın ilk şeirlər
kitabı-"Çağlayan" 1962-ci ildə işıq
üzü gördü. Xatırlayaq ki,
vaxtilə Mikayıl Müşfiq də şeirlərini bu adda
bir kitaba toplamışdı, amma məlum səbəblərə
görə həmin kitab çap olunmadı. Rəfiq Zəka o böyük şairə ehtiram əlaməti
kimi ilk şeirlər kitabının adını
"Çağlayan" qoydu və bu kitabın ilk səhifəsindəcə
"Böyük Müşfiqin xatirəsinə" sözləri
yazılmışdı. Müşfiqə həsr etdiyi
bir şeirində yazırdı:Səni
ömrüm boyu gərək səsləyim, Məhəbbət
bəsləyim, könül bəsləyim, İlhamım sənindir,
şeirim sənindir, Sənsən ülviliyim, müqəddəsliyim".
Hafizəyə, yaddaşa gəldikdə isə...bizim
heç birimiz Müşfiqi görməyib. Deyirlər ki,
Mikayıl Müşfiq fövqəladə yaddaşa malik
imiş. Bir şeiri onun yadında oxuyan
kimi Müşfiq həmin şeiri eynilə təkrar
edirmiş. Rəfiq Zəka isə şəxsən
mənim və onunla ünsiyyətdə olan, dostluq edən bir
çox müasirlərinin yaddaşında bir hafizxan kimi
yaşayır. Əbdülhəq Hamidin beş
min misradan ibarət olan "Məqbər" poemasını əzbər
deyirdi. Hələ Azərbaycan klassik şairlərinin,
türk klassik və müasir şairlərinin şeirlərini
demirəm.
Mən
Yaddaşla bağlı görkəmli tənqidçimiz
Yaşar Qarayevin bir fikrini xatırlatmaq istəyirəm:
"Yaddaşı olmayan ədəbiyyat-yalnız
yaddaşı olmayan xalqın nəsibidir. Üfüq,
səma, göy - daş saxlamadığı kimi, mənəvi
və əxlaqi boşluq da yaddaş saxlamır. Millət-genetik
səviyyədə, yaddaş-ağrı səviyyəsində dərk olunmuş vəhdətdən
və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və
tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri
dəyərlər və sərvətlər arasında əlaqə
və estafet var".
Rəfiq Zəkanın şeir və sənət yolu da məhz
bu yaddaşın ifadəsidir. Onun şeirləri XX əsr Azərbaycan
şairinin tariximizlə, Nizamimizlə, Füzulimizlə, Xətaimizlə,
Nəsimimizlə, Cavidimizlə, Müşfiqimizlə,
Qarabağımızla, 20 Yanvarımızla,
türkçülüyümüzlə, azərbaycançılığımızla
bağlı bədii-poetik yaddaşıdır.
Biz
çox yaxşı xatırlayırıq -Sovet dönəmində
"türk", "türkçülük" adları
şeirlərdə qorxa-qorxa çəkilərdi, Rəfiq Zəka,
Xəlil Rza kimi şairlər isə
heç nədən çəkinmədən türk
eşqiylə alovlanırdılar, açıq şəkildə
türk olduqlarını, Türkiyəyə, Turana məhəbbətlərini
gizlətmirdilər. Rəfiq Zəkanın
türkə məhəbbəti qarşılıqlı idi.
O, hələ səksəninci illərdə beynəlxalq
Atatürk mükafatına layiq
görülmüşdü,Türkiyə Folklor
Akademiyasının fəxri akademiki seçilmişdi, sonralar
müstəqillik illərində bir neçə il Türkiyədə
də yaşadı, Türkiyənin
"Tanıtım", "Sizə" və "Türkiyəm"
bədii jurnallarının redaksiya heyətinin üzvü
seçildi, qardaş ölkədə onun
yaradıcılığı haqqında iki monoqrafiya
yazıldı, bir neçə şeir kitabı çap
olundu.
Qardaşlarım,
irqdaşlarım,
Soydaşlarım,
türkdaşlarım,
Sizlərsiniz
ərkdaşlarım
Türk türkə ögey olmasın.
Ulduza
eş Ay olsun da,
İşiniz
kolay olsun da,
Olarmı
halay olsun da,
Tanbur,
kopuz, ney olmasın.
Onun sevdiyi, qarşısında baş əydiyi iki
böyük Türk dahisi vardı, biri ulu öndərimiz Heydər
Əliyev, biri də Atatürk. Heydər Əliyevə
məhəbbətini bir çox şeirlərində və
"Heydər baba" poemasında ifadə etmişdi.
Atatürkün heykəli qarşısında isə bu
misraları yazmışdı:
Türk
qeyrətinin rəmzi bu heykəl,
Məşəldir
ömürlük bizə, məşəl!
Zor zirvəsinə
əl çata türkün
Vicdanı
Günəşdir Atatürkün!
Türk
milləti eylər ona səcdə
Bir vəcdə gəlir ruhuma, vəcdə.
Ey
türk, ulu görkün Atatürkdür,
Peyğəmbəri
türkün Atatürkdür!
Rəfiq Zəkanın müasir şeirimizdə bir böyük xidmətini açıqlamaq istəyirəm. O da bundan ibarətdir ki, Rəfiq Zəka 40 illik yaradıcılığında əruz şeirini sönməyə qoymadı. Şeirdə Füzuli, Cavid, Hadi, Tofiq Fikrət, Əbdülhəqq Hamid ruhunu yaşatdı, əruzu yaxşı bildiyi üçün onun müxtəlif bəhrlərində qələmini sınadı, lap cavanlığında, Filarmoniyada işlədiyi qısa müddət ərzində Füzuli yadigarı Əliağa Vahidlə ünsiyyəti də bu yöndə ona təkan oldu. Ümumiyyətlə, Rəfiq Zəka insan kimi çox istiqanlı idi, dostluq etməyi bacarırdı. Oturub-durduğu adamlar kimlər idi: Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Niyazi, Fərəməz Maqsudov, Əkrəm Cəfər, Hüseyn Arif, Vaqif Səmədoğlu, Əli Kərim, Cabir Novruz, Aslan Aslanov, İshaq İbrahimov və əlbəttə, birinci sırada Xəlil Rza Ulutürk. Xəlil Rza Rəfiq Zəka haqqında "Addımlayan ensiklopediya" adlı bir kitab yazmışdı. Bir faktı da qeyd etməyi lazım bilirəm: Rəfiq Zəka poeziyasına onun qələm dostları, ən çox da ustadlar və tənqidçilər biganə qalmamışlar. Mirzə İbrahimov, Süleyman Rüstəm, Nəbi Xəzri, Əli Vəliyev, Hüseyn Arif, Xəlil Rza,Türkiyədən Ürfan Nəsrəddinoğlu, Yusif Gədikli Rəfiq Zəka yaradıcılığı ilə bağlı çox səmimi yazılarla mətbuatda çıxış etmişlər. Burada təfərrüata varmaq istəmirəm. Yalnız Hüseyn Arifdən bir misal gətirim: "Rəfiq Zəkanın şeirlərini həyəcansız oxumaq mümkün deyil. Təzə təşbihlər, yeni formalar işlədən Rəfiq Zəka hecadan və əruzdan məharətlə faydalanır. Onun şeirlərində həzin bir musiqi yaşayır".
Mən Rəfiq Zəkanın şeirlərinin mövzuca rəngarəngliyindən də söz aça bilərəm. Amma buna ehtiyac duymuram, yalnız bircə kəlmə ilə bunu ifadə edirəm ki, bizim ünlü şairlərimiz kimi Rəfiq Zəkanın şeirləri də müasir Azərbaycanın-XX əsr Azərbaycanının bədii tarixidir.
Mən Rəfiq Zəka şeirlərinin poetik gözəlliyindən də geniş söz açmaq istəmirəm. Onun özünəməxsus fərdi üslubu vardı, istənilən şeirin ilk misrasını oxuyan kimi bilirdin ki, bu Rəfiq Zəkanın şeiridir. Amma bu şeirin ən birinci məziyyəti onun musiqisində, mahnı çalarında idi. Təsadüfi deyil ki, Rəfiq Zəkanın 300-dən artıq şeirinə mahnı bəstələnib. O mahnıların əksəriyyəti indi də sevilə-sevilə oxunur. "Dəli Kür" filmindəki "Ana Kür" mahnısını xatırlayın. Ya da belə bir mahnını:
Mənə bircə kəlmə can söyləsəydin,
O bircə
kəlmənə min can verərdim.
Ömrümü,
günümü dərd eyləsəydin,
Ömrümü, günümü dərman verərdim.
O günlər
necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq
yaydılar.
Keçən
günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.
Elə
ayrıldıq ki, səninlə ey gül,
Bir də ayrılıqdan ayrı düşmərik.
Ah, bu son
hicranın, vüsalın müşgül,
Dağ dağa rast gələr, biz görüşmərik.
Rəfiq
Zəka Xəndan on beş ildir aramızda
yoxdur. Amma o gülər çöhrəni,
içi, sinəsi dolu şairi unutmamışıq. Onun şair ömrü davam edir, çünki
"ÖMÜR BİTƏR, YOL BİTMƏZ".
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 25 noyabr.- S.6.