"Ulduz" şokolad fabrikinin Azərbaycanın
qənnadı sənayesində yeri
Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempinə
görə dünyada ilk yerlərdən birini tutur. Bu tərəqqi
bütün sahələrdə özünü aşkar şəkildə
göstərir. Qida sənayesinin inkişafı
da bu sıradandır. Elə bunun nəticəsidir
ki, sözügedən sahə ildən-ilə daha da genişlənərək
yeni-yeni müəssisələr, şirkətlər fəaliyyətə
başlayır. Bununla həm
istehlakçılara yeni məhsullar təqdim olunur, həm də
bir-birinə qarşı rəqabət mühitində fəaliyyət
göstərən müəssisələr daha keyfiyyətli məhsullara
üstünlük verməyə məcbur qalırlar. Artıq bu sahədə uğurlu fəaliyyətin nəticəsidir
ki, qənnadı sənayesində yerli müəssisələr
ölkədəki təminatı ödəməklə
yanaşı, xarici bazarlarda da rəqabətə tab gətirə
bilirlər.
Sosialist
ölkədən bazar iqtisadiyyatına
Azərbaycanda yeyinti sənayesində yerli şirkətlərin
fəaliyyətə başlaması 1990-cı illərdən
sonrakı dövrə təsadüf edir. Sovet
İttifaqının dağılmasından sonra digər
sosialist ölkələri kimi, Azərbaycan da, iqtisadiyyatını
bazar iqtisadiyyatının prinsipləri əsasında qurmaq qərarına
gəldi. İqtisadiyyatın mərkəzdən
planlandığı sistemdən miras qalan köhnə
texnologiyalar, fabrik və zavodlar sərbəst bazar
iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi.
Meydana çıxan problemlərdən sonra
onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri
qalanı isə istehsal gücünü azaldaraq işləməyə
davam etdi. İş yerlərinin
bağlanması nəticəsində isə işsizlərdən
ibarət böyük bir ordu yarandı.
Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi
sahəsində fəaliyyət göstərən tək bir
müəssisə qalmamışdı.
Ölkə rəhbərliyi bu dövrlərdə
çıxardığı qərarlarla müəssisələrin
özəlləşdirilməsi üçün işlər
görməyə başladı.
1991-92-ci
illərdən başlayaraq Azərbaycana gələn türk və
xarici iş adamları bu prosesdə aktiv rol almağa
başladılar. Belə şirkətlərdən
biri də "Azersun Holding" oldu. Daha
sonra bu müəssisə yerli mütəxəssisləri də
cəlb etməklə uğurlu biznes fəaliyyəti nəticəsində
böyüyərək, qida sənayesi sektorunda ölkənin
aparıcı şirkətlərini birləşdirən
böyük bir holdinqə çevrildi.
Azərbaycandan
doğan "Ulduz"
Azərbaycanı qida sənayesində mühüm yer
tutan, istehlakçıların etibar etdiyi, eyni zamanda beynəlxalq
arenada ölkəmizi layiqincə təmsil edən müəssisələrdən
biri də "Ulduz" şokolad fabrikidir.
"Veysəloğlu" Şirkətlər Qrupuna daxil
olan "Ulduz" Şokolad Fabriki 2001-ci ildə fəaliyyətə
başlayıb. "Ulduz" şokolad fabriki yerli bazarla yanaşı
Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad
markaları olan "Ritm", "Rocky", "Tango",
"Xonça", "Seasons", "Sema",
"Vedding" və digər məhsulların müxtəlif
çeşidləri ilə tanınır. Fabrik 2014-cü ilin
əvvəlindən daha iki yeni xəttin - "Topnut"
markalı "Draje" və "Cırtdan",
"Freş", "Alpinmilk",
"Villi" markalı karamel xətlərinin işə
salınması ilə öz fəaliyyət sahəsini
genişləndirib. "Ulduz"un
istehsal gücü saatda 3200 kiloqramdır. Fabrik Almaniya,
İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət
göstərən məşhur şirkətlərin
istehsalı olan və beynəlxalq standartların tələblərinə
cavab verən müasir avadanlıqlarla təchiz olunub.
Ölkəmizdən
dünyaya açılan qapı
Müəssisənin
ixrac potensialı daha da artırılaraq, Rusiyanın Moskva,
Sankt -Peterburq, Ufa, Maxaçqala, Kazan, Krasnodar, Rostov,
Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijni-Novqorod, Nazran,
Qroznı kimi iri şəhərlərinə, eyni zamanda
Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya,
Qırğızıstan, Türkmənistan, Tacikistan,
Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən,
Əfqanıstan, BƏƏ və digər ölkələrə
məhsullarını ixrac edir. "Ulduz"
fabriki beynəlxalq İSO 9001:2008 Keyfiyyət İdarəetmə
Sistemi, İFS (İnternational Food Standart) Beynəlxalq Qida
Standartı, BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər
Birliyi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti
Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və
Texniki Təhlükəsizlik) sertifikatları alıb.
2009-cu ildə Moskvada "Prodekspo-2009" sərgisində
iştirak edən 57 ölkənin 1850 şirkəti
arasında şokoladları yüksək qiymətləndirilərək
innovasiya məhsulu müsabiqəsinin qızıl medalına
layiq görülüb. Fabrik 2010-cu ildə
"İlin xalq markası" mükafatını qazanıb.
İstanbul şəhərində XXI əsrin beynəlxalq qida
sənayesi "World Food İstanbul -2013" sərgisinə
qatılan "Ulduz" Şokolad Fabriki növbəti dəfə
öz uğurlu iştirakı ilə yadda qalıb.
Avropanın ən müasir avadanlıqları ilə təchiz
edilmiş fabrikdə istehsal edilən məhsullar
dünyanın 20-dən çox ölkəsinə ixrac olunur.
"Ulduz"da
qovuşan istehlakçılar
"Ulduz"
şokolad fabrikində iş fəaliyyəti ilə
tanışlıq məqsədi ilə müntəzəm
olaraq media nümayəndələrinin və digər şəxslərin
buraya səfərləri də təşkil olunur. Media nümayəndələrinin son belə səfəri
cari ilin sentyabrında baş tutdu. Fabrikdə
gördüklərimiz əsasında deyə bilərik ki,
"Ulduz"da texniki və gigiyena qaydalarına tam şəkildə
əməl olunur. İstehsal prosesində
keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi
bunun üçün Almaniya, Belçika, İtaliya və bir
sıra qabaqcıl Avropa ölkələrinin
tanınmış şokolad istehsalçılarının fəaliyyət
mexanizmini öyrənərək fabrikdə yeni müasir
avadanlıqlar quraşdırıb. Fabrikin
məhsullarında xəstəlik və zərərli faktorlara
rast gəlmək qeyri-mümkündür. Ən
kiçik elementlərdə belə, personalın
qablaşdırılan məhsula azacıq da olsa təması
yoxdur. Məhsulların xammaldan
başlayaraq istehsaladək təsnifi və düzgün
emalı qaydaları təqdirəlayiqdir.
İstehsalat texnologiyası da gigiyena qaydalarına
uyğun dəyərləndirilir. Satılan məhsulların
müayinəsi həyata keçirilir. Bunun
üçün qida, əczaçılıq, kimya, biologiya,
baytarlıq və tibb sahəsində ali
lisenziya səviyyəsində təhsil görmüş personalı
mühüm iş aparır. Məhsulun
istehsalından istehlakına qədər bütün mərhələlərdə
görülən səhiyyə tədbirləri yaxşı
nümunədir. Əldə edilən məhsulun
tərkibinin fiziki, kimyəvi və mikrobioloji təsbiti də
var. Müəssisə peşəkarlar tərəfindən
intensiv şəkildə dezinfeksiya olunur. Buarada
məhsulun analizini həyata keçirən professional
laboratoriyası fəaliyyətdədir. Əldə
edilən nəticələr təkrar-təkrar müayinə
edilməklə yanaşı istehlakçıların
şikayət və təklifləri də dəyərləndirilir.
Zərərli canlılar, toz, duman kimi ekoloji
çirkləndiricilərə qarşı qapalıdır.
"Ulduz"da hamam, ayaqyolu və digər ictimai bölmələr
istehsalatdan tamamilə ayrıdır. Buarada işçilər
və müəssisəni ziyarət edənlər
üçün gigiyena qaydalarını xatırladan lövhələr
asılıb. İş yeri gün
işığına ekvivalent şəkildə
işıqlandırılıb. İstiliyin
normadan artıq yüksəlməsini, buxarın və tozun əmələ
gəlməsinin qarşısını almaq, çirkli
havanı dəyişdirmək üçün mexaniki, təbii
havalandırma sistemi ilə təmin edilib.
Dezinfeksiya qaydaları əsasında nəzərdə
tutulmuş qalıq tullantı anbarı var. Qalıqların
tullanılması xüsusi şöbənin nəzarətindədir. Su və zərərli
canlıların yığılması üçün burada
münbit şərait yoxdur.
Fabrik rəhbərliyi
işçilərin rahatlığını təmin etmək
məqsədilə iş vaxtı çay və isti yeməklə
yanaşı, onların işə gəlib
getmələri üçün nəqliyyat və xüsusi
iş geyimləri ilə təminatını da həyata
keçirir. İşçilərin və
müştərilərin təhlükəsizliyini təmin etmək
məqsədi ilə işçilər mütəmadi olaraq
tibbi müayinədən keçirilir.
"Məqsədimiz
keyfiyyətli malları idxal etməkdir"
"Veysəloğlu-Yaycılı
Qardaşlar" MMC-nin "Ulduz" şokolad fabrikinin
direktoru Vüsal Şərifov deyir ki, əsas məqsədimiz
Azərbaycana keyfiyyətli mallar verməkdir: "Avropanın ən
müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə
istehsal edilən məhsullar dünyanın 20-dən çox
ölkəsinə ixrac olunur. Fabrikin fəaliyyətə
başlaması respublikamızın iqtisadiyyatında daxili
istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət,
yeni dad gətirdi. Biz Azərbaycan
bazarında bir boşluq gördük. Türkiyədən
və Rusiyadan
idxal olunan malların Azərbaycana gətirilməsindən
bir az narahat olduq. "Azərbaycanın bir
markası yoxdur" fikri bizdə formalaşdı.
"Ulduz" şokoladlarını müxtəlif
çeşidlərdə yerli bazara təqdim etməyə
başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar
tərəfindən sevildi. Hər bir Azərbaycan vətəndaşı
deyə bilir ki, bizim də şokolad markamız var. Fabrik yerli
bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif
çeşidlərdə təqdim etməklə öz
mövqeyini bir qədər də möhkəmləndirdi.Əsas
məqsədimiz yerli və xarici bazarlarda beynəlxalq
standartlara cavab verən yüksək keyfiyyətli və
geniş çeşidli məhsullar təqdim edərək
istehlakçıya tam təhlükəsiz, etibar etdiyi
qidanı təqdim etməkdir".
O,
hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə
yaxın işçi çalışdığını deyib:
"Məhz kollektivimizin yorulmaz əməyi sayəsində
müəssisə istehsal olunan məhsulların həcmini
artırır və eksport proqramını uğurla
artıraraq, hər il istehsal həcmini öncəki illə
müqayisədə iki dəfə artırır".
Qazanılan
uğurlar
"Ulduz"un məhsullarından müştərilər də
məmnundur. Belə olmasaydı, Bakı və
regionlardakı satış obyektlərində müştərinin
seçimi bu müəssisənin şokoladları üzərində
dayanmazdı. Artıq Azərbaycan
insanı yaxşı şokolad və şirniyyat
üçün xarici ölkə markalarına müraciət
etmir. O, eyni zamanda keyfiyyətli məhsulları ilə
daxili bazarda iqtisadi rəqabəti də gücləndirir.
Müxtəlif çeşidli keyfiyyətli, dadlı və
zövq verən "Ulduz" şokolad məhsullarına
xarici bazarlardakı istehlakçılar da etibar edir.
Fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində
bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da
iştirak edib.
"Ulduz" şokolad fabriki Rusiya, Türkiyə,
Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq
sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif
ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq
müqavilələri imzalayıb. 2014-cü ilin
sentyabrın 15-18-i tarixlərində "Ulduz" şokolad və
karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak
edib. Bunlardan biri Moskvada keçirilmiş "World Food
Moscow 2014" və Tehran şəhərində baş
tutmuş "13th İran İnternational Confectionery Fair" sərgiləri
idi. Burada "Ulduz" şokolad və karamel
fabriki ölkəmizi keyfiyyətli və müxtəlif
çeşidli məhsulları ilə təmsil edib.
Vüsal
Şərifov xarici əlaqələrlə bağlı
bunları deyir: "Biz bir çox xarici şirkətlərlə
əməkdaşlıq edirik ki, onlardan yeni şeylər
öyrənək. Ən əsası isə odur
ki, artıq Azərbaycanın özünün şokolad məhsulu
var. Biz bu məhsulla öz ölkəmizi beynəlxalq qənnadı
sərgilərində təmsil edirik. Öz
xidmətlərimizə görə bir neçə dəfə
həm öz ölkəmizdə, həm də xaricdə medal
və sertifikatlarla təltif olunmuşuq. Bu il isə bizim məhsulumuz 2013-cü ilin ən
keyfiyyətli məhsulu seçilib. Biz gələcəkdə
Qazaxıstan, ABŞ və digər ölkələrin şirkətləri
ilə əməkdaşlığ da
planlaşdırırıq".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Ulduz" Şokolad Fabriki bizim bütün tələblərimizə cavab verir. İstehlakçılar bu məhsula tam olaraq etimad göstərə bilərlər".
İsgəndər
HƏsƏnov,
525-ci qəzet.-
2014.- 25 noyabr.- S.5.