Bəstəkar Həsən Rzayev
"ÜNS" Yaradıcılıq Səhnəsində
anılıb
"ÜNS" Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib.
AzərTAc xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə
müsahibə verən
gənc istedadlı musiqiçi Allahyar Vəzirov Həsən Rzayevin sonuncu tələbələrindən olduğunu
bildirib. Diqqətə çatdırıb ki, H.Rzayev çox
sadə, təmkinli, incə qəlbli bir insan olub.
Onun şərəfli ömür
və sənət yolu bizim üçün
örnəkdir.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Həsən
Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrindən danışıb. O deyib:
"Elə insanlar var ki, onlar
öz təvazökarlıqları
ilə həmişə
seçilirlər. Buna baxmayaraq, onların musiqi həyatımızda
buraxdıqları iz böyük olur. Biz onları tədricən
tanıyıb dərk
edirik. Xatirə gecəsinə toplaşdığımız
Həsən Rzayev də belə
insanlardandır".
Qeyd olunub ki, Həsən Rzayev 1928-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Onun atası Hüseyn Rzayev teatr rejissoru, anası parlaq opera sənətkarı, Müslüm
Maqomayevin "Şah İsmayıl" operasında
məşhur Ərəbzəngi
partiyasının ilk ifaçısı
olan SSRİ Xalq artisti Həqiqət Rzayeva idi. Həsən
Rzayevin qardaşı isə tanınmış bəstəkar, skripkaçı
Xalq artisti, professor Azər Rzayevdir. Musiqiyə həmişə bu ailədə böyük maraq olub. Ailənin uşaqları da
səhnəyə çox
kiçik yaşlarında
çıxıblar. Həsən Rzayev
uşaq ikən "Leyli və Məcnun"
operasında "Mədrəsə
səhnəsi"ndə rol
alıb.
Vurğulanıb ki, Həsən Rzayevin həyatı doğrudan da fədakar bir musiqiçinin həyatıdır. O, 1953-cü ildə
Üzeyir Hacıbəyli
adına Dövlət Konservatoriyasını
(indiki Bakı Musiqi Akademiyasını) bəstəkarlıq və
zərb alətləri
ifaçılığı ixtisasları üzrə bitirib və burada pedaqoji fəaliyyətə başlayıb.
Onun fakültəyə rəhbərlik
etdiyi dövr bu tədris ocağının tarixində
parlaq illərdəndir.
Həsən Rzayev Azərbaycanda hələ çox az
tanınan zərb alətlərini dinləyiciyə
tanıdıb. Parlaq ifaçı olan Həsən Rzayev eyni zamanda zərb
alətlərinin repertuarında
qıtlığı hiss edərək
gözəl əsərlər
yaradıb.
Onun bəstəkarlıq yaradıcılığı
"Babək" simfoniyası,
"Uzaq sahillərdə"
simfonik-poeması, truba
və simfonik orkestr üçün konsert, "Cahargah" rapsodiyası, estrada-simfonik
orkestr üçün
əsərlər, musiqili
komediya, həmçinin
dram tamaşalarına bəstələnən
musiqilər də daxil olmaqla, demək olar ki, bütün janrları əhatə edir. Ən məşhur əsəri isə bu gün
də sevilə-sevilə
dinlənilən "Çahargah"dır.
Həsən Rzayev 2000-ci ildə dünyamızdan getsə də, xatirəsi qəlbimizdə əbədi
yaşayacaqdır. Bu gün onun işini
tələbələri davam
etdirirlər.
Xatirə gecəsində Həsən
Rzayevin zərb alətləri üzrə
tələbəsi, virtuoz
ifaçı, Çikaqoda
təcrübə keçmiş
Allahyar Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və
ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış
edib.
Allahyar Vəzirovun
ifasında Həsən
Rzayevin əsərləri
ilə yanaşı, onun müəlliminə həsr etdiyi musiqi də alqışlarla qarşılanıb.
Sonda çıxış edən
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış
əslində planlaşdırılmamışdı:
"Məsələ burasındadır
ki, Həsən Rzayevin oğlu, sizin yaxşı tanıdığınız Atəş
Rzayev teatrımız fəaliyyətə başladığı
vaxtdan bizimlə birgə təmənnasız,
heç bir mükafat, heç nə tələb etmədən çalışır.
Sadəcə işləmək istədiyinə görə
çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür.
Musiqisi yaşayırsa, o da yaşayacaq. Şagirdi yaşayırsa,
o da yaşayacaq.
Oğlu yaşayırsa, deməli,
hər şey davam edəcək".
Daha sonra bəstəkarın oğlu
Atəş Rzayev tədbirin təşkilində
əməyi olan hər kəsə minnətdarlığını bildirib.
525-ci qəzet.-
2014.- 26 noyabr.- S.7.