Azərbaycan musiqisinin tarixi, milli-mədəni irsdə yeri və rolu
MUSİQİ
MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ
EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ
TƏƏSSÜRATLAR
Azərbaycan mədəniyyətinin çoxəsrlik,
qədim mədəniyyətlər
sırasında müstəsna
yeri var. Burada mühüm yerlərdən
birini isə zəngin və orijinal musiqi sənəti tutur.
Azərbaycan musiqi mədəniyyətinin
nailiyyətləri özünəməxsus
ənənələrin çoxəsrlik
tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Musiqimizin tarixi
çox qədimlərə
gedib çıxır. Qədim zamanlardan Qobustanda
qayaüstü rəsmlərdən
(yallı-rəqs) başlayaraq
Azərbaycanda melodiya və ritm zənginliyi
ilə fərqlənən
çoxlu sayda mahnılar, müxtəlif
rəqslər, çobanların
tütəkdə çaldığı
havalar musiqi tariximizin qədimliyinə
sübutdur. Azərbaycanda musiqi yaradıcılığı
nəsildən-nəslə ötürülərək təkmilləşib,
əhatə dairəsi
genişlənib, yeni-yeni
janrlar mənimsənilərək
zənginləşib.
Ölkəmizdə musiqi tariximiz ilə bağlı materialların toplanması,
saxlanması, araşdırılması
və təbliğı
ilə məşğul
olan Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi fəaliyyət göstərir.
Muzey 1967-ci ildə yaranıb.
İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R.Behbudov 7 ünvanına köçürülüb.
Muzeyin direktoru sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramovadır.
Muzeyi dolaşıb, onun fəaliyyəti haqda və ümumən Azərbaycan musiqisinin tarixi, inkişaf yolları, tərkib hissələri barədə
məlumat aldıq.
Azərbaycanda musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən
- Qobustan (e.ə. XVIII-III
minilliklər) və Gəmiqaya (e.ə. III - I minilliklər) qayaüstü
rəsmlərindən alınıb.
"Kitabi-Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta
əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə
zəngin məlumat verilib. Azərbaycanın Səfiəddin Urməvi
(XIII əsr), Əbdülqadir
Marağayi (XIV əsr),
Mirzəbəy (XVII əsr),
Mir Möhsün Nəvvab
(XIX əsr) kimi məşhur alimlərinin
risalələrində orta
əsr musiqi mədəniyyətinin, ifaçılığının
yüksək inkişaf
səviyyəsi açıqlanıb.
İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud"
dastanında musiqi ilə bağlı bir sıra parçaların
mövcudluğu, dastan
boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi
musiqimizin zənginliyinin,
qədimliyinin göstəricisidir.
Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan
sənəti təşkil
edir. Ozan- aşıq sənəti
Azərbaycanda ta qədimlərdən formalaşmağa
başlayıb. Aşıq sənəti
-xalq mühitində yaranan şifahi xalq yaradıcılığı
musiqi formasıdır
və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür.
Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq
vəhdət təşkil
edir.
Aşıq sənətinə qədim
epik dastanlar, xalqın azadlığını,
qəhrəmanlığını, dostluğu, məhəbbəti
vəsf edən mahnılar daxildir. Aşıq sənətinin,
aşıq poeziyasının
qədim kökləri
şifahi xalq ədəbiyyatına və
xalq yaradıcılığına,
xalqın bədii özfəaliyyətinə gedib
çıxır. Onun rüşeymi
bayatılarda, xalq məsəllərində, xalq
havalarında, xalqın
təbii, arakəsilməz,
gündəlik bədii
özfəaliyyətindədir. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsəlləri, nağıllar bir adam, iki
adam tərəfindən
yox, yüzlərlə,
minlərlə adamın
iştirakı ilə
yaranıb, yəni ümumxalq şüurunun,
ümumxalq bədii təfəkkürünün məhsuludur
həm də ki, bayatı, ağı, gəraylı kimi şeir formaları birdən-birə
əmələ gəlməyib.
On illər, yüz
illər ərzində
bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və obrazlı ifadə vasitələrinə doğru
tədrici təkamülü
nəticəsində formalaşıb.
Xalq musiqi formaları da eyni yollar
keçib. Sevinci, şadlığı,
aclığı, susuzluğu,
qələbəni, kədəri,
qüssəni, məğlubiyyəti
ifadə edən ibtidai nidaların, səslərin, hərəkətlərin
və jestlərin getdikcə kamilləşməsi,
inkişaf sahəsində
az-çox bitkin formalar yaranıb.
Bu, təbii şeir,
musiqi və rəqs formalarının ibtidailikdən, bəsitlikdən
mürəkkəbliyə, kamilliyə
doğru inkişafı
uzun əmək prosesində, həyat mübarizəsində, insanın
hissiyyatının duyğularının,
fikrinin anlayışlarının
dəyişməsi, inkişaf
etməsi, zənginləşməsi
ilə bağlı olub. Bu mənada aşıq yaradıcılığı
çox qədim tarixə malikdir. O,
"Dədə Qorqud"
kimi ölməz sənət abidəsi yarada bilibsə, deməli, ilk kökləri
daha dərindədir. Aşıq sənəti sinkretik sənətdir. Tədqiqatçılar yazırlar ki, "Bir neçə sənət növünü
cəmləşdirən, uzlaşdıran,
çarpazlaşdıran və
xalqa çatdıran bu sinkretikliyin tarixi çox qədimlərə gedib çıxır. Bu şaxəli, qollu-budaqlı
sənət də musiqi, ifaçılıq,
rəqs və şeir bir-birini tamamlayır.
Ona görə
də aşıq sənəti şərəfli
olduğu qədər
də çətin, mürəkkəb və
son dərəcə ustalıq,
həssaslıq və
mahirlik tələb edən sənətdir". Babalarımızın
sənət və gözəllik adına
yaratdıqları: ən
ulu, ən qədim alətlərdən
biri sazdır. Saz öz tərəf-müqabili
aşıqla ictimai şüurun yüksəlişində
həmişə yaxından
iştirak edib. Bu baxımdan saz,
aşıq sənəti
ictimai quruluşların
bütün dövrlərində
xalqımızın mənəviyyatına
güclü təsir göstərib. Din xadimləri
əsrlər boyu estetik zövqümüzü
oxşayan saz aşıq sənətinin
bəşəriliyini gözdən
salmağa çalışıb
dansalar da, onu şeytan əməli adlandırsalarda
xalqın ruhunu oxşayan bu nadir sənət bizə getdikcə daha çox möhürləşib,
doğmalaşıb.
Bir çox
aşıqlarımız var
ki, onların oxuduqları bayatılar, gəraylılar bu gün də dillər əzbəridir. Qurbani
(16-cı yüzillik), Abbas
Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik),
Xəstə Qasım,
Aşıq Valeh, Aşıq Dilqəm (18-ci
yüzillik), aşıq
Alı, Aşıq Ələsgər, Aşıq
Hüseyn Şəmkirli
(19-cu yüzillik) və
b. Aşıq sənətinin
klassikləri hesab olunurlar. Müasir dövr aşıqları
arasında Aşıq
Hüseyn Bozalqanlı,
Aşıq Əsəd,
Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir,
Hüseyn Saraclı, Əmrah Gülməmmədov,
Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov
və b. fərqlənir.
Aşıq sənəti Azərbaycanın
Qazax, Tovuz, Şamaxı rayonlarında,
həmçinin tarixi
Göyçə və
Borçalı mahallarında
xüsusilə vüsət
tapıb. Xalqımız arasında aşıq sənətinin bu qədər sevilməsinə
və bu qədər geniş yayılmasına baxmayaraq,
onun tarixi sənətkarlıq xüsusiyyətləri,
keçdiyi yollar çox da dərindən
öyrənilməyib.
Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil
edir. Keçmişin klassik musiqi
sərvətlərinin - muğamların
yaradıcıları və
qoruyucuları olan sazəndələr, xanəndələr
yüksək sənətkarlıq
məharəti ilə
fərqlənirlər. Qədim köklərə
malik olan klassik irs
olan muğam musiqisinin yaradıcıları
- xanəndələr və
sazəndələrin sənəti
bu gün də yaşayır və fəal inkişaf edir. Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün
daima dünya musiqişünaslarının, sənətsevərlərin
diqqət mərkəzində
olub. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin,
folklorunun öyrənilməsində
bu janr əsas
amillərdən biri kimi tədqiqatçıların
təhlil obyektinə çevrilib.
Bu mənada muğamın
bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı
əsas mövzu kontekstinə daxil olub. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı
dövrlərdə muğam
janrına dəfələrlə
müraciət etməsi
və bu sahədə elmi əsərlər yazması
janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı Şərq xalqlarının
mədəni həyatında,onların mənəvi
dünyasının formalaşmasında
həlledici rol oynadığı üçün
bu ölkələrin
musiqi salnaməsində
dərin izlər buraxıb.
(Ardı var)
Samirə
QULİYEVA
525-ci qəzet.-
2014.- 26 noyabr.- S.6.