Olduğu kimi
görünən, göründüyü
kimi olan İnsan
İnsanlığına,
Şəxsiyyətinə hər zaman böyük hörmət
bəslədiyim, ehtiram göstərdiyim dəyərli millət
vəkilimiz, tanınmış elm xadimimiz, gözəl
ziyalımız Gövhər xanım Baxşəliyevanın növbəti doğum
günü-yubileyidir.
Şərəfli
ömür yolu ilə addımlayan Gövhər xanımın
60 yaşı tamam olur. Bəlkə də kimlərsə
xanımın, qadının yaşını
yazmağımı nəzakətsizlik kimi qəbul edə bilər,
çünki dünyada bəzi xalqlar, xüsusilə,
avropalılar bunu - qadının yaşını
soruşmağı və yazmağı qeyri-etik sayırlar, bu
da onların mövqeyidir və bu mövqedə olanlara da
hörmətlə yanaşmaq gərəkir. Ancaq mənim
şəxsi fikrimcə, burada nəzakərsizlik, qeyri-etik
sayıla biləcək bir nüans yoxdur, qadınlar,
xanımlar, xüsusilə, Azərbaycan-türk
xanımları yaş üstünə yaş gəldikcə
sözün əsl və həqiqi mənasında daha da
gözəlləşir, nurlanır, işıqlanır,
müdrikləşirlər. Bəlkə də avropalı
xanımların sadaladığım keyfiyyətlərlə
bağlı problemləri var və ona görə bu məsələyə
- yaş məsələsinə belə sərt və
kompleksli yanaşırlar, ancaq birmənalı şəkildə
və təkrarən qeyd edirəm ki, Azərbaycan - türk
xanımlarının bu keyfiyyətlərlə bağlı
problemləri yoxdur. Nə isə...
Gövhər
xanımı qiyabi və əyani şəkildə
tanıyanı hardasa 17-18 ilə yaxın olar. Onun adını
eşitsəm də, necə deyərlər üzünü,
simasını 90-cı illərin sonlarında-mərhum Heydər
Əliyevin də qatıldığı və AzTV ilə
yayımlanan bir tədbirdə gördüm. Həmin tədbirdə
çıxış edərkən mərhum dövlət
başçısı birdən Gövhər xanımın
çıxışını yarımçıq kəsdi və
ona, həmçinin, mərhum
atasına- Azərbaycanın layiqli Oğullarından-Kişilərindən
olan keçmiş maliyyə naziri, dövlət xadimi Baxşəli
müəllimə öz müsbət münasibətini ifadə
etdi...
Bunun
üstündən az müddət sonra - 2000-ci ilin
payızında Gövhər xanım 2-ci
çağırış Milli Məclisə deputat
seçildi-təbii ki, öz dədə-baba yurdundan-doğma
Bərdəmizdən və bir parlament müxbiri kimi də deputat seçilməyindən
qısa bir dövr sonra onunla əyani
tanışlığımız başladı. Səhv etmirəmsə,
2001-ci və 2002-ci ilin yayı - avqust ayı olardı,
redaktorumuz Rəşad müəllim -söhbət
"525"-dən gedir - bir məsələ ilə
bağlı bir neçə tanınmış insanın, eyni
zamanda, onunla səfər yoldaşı olmuş Gövhər
xanımın fikirlərini öyrənməyi
tapşırdı. Mən də onun
tapşırığına əsasən Gövhər
xanımla zəngləşdim və vaxt təyin edib Milli Məclisdəki
kabinetində - onda Gövhər xanım həm də
vitse-spiker idi - görüşdüm və səmimi şəkildə
qeyd edim ki, bu görüşdən çox razı qaldım,
həm də qısa bir açıqlamanın əvəzində
Gövhər xanımdan digər
vacib məsələlərlə bağlı geniş
müsahibə götürdüm. Və həmin gündən
Gövhər xanımla aramızda çox səmimi və
qarşılıqlı hörmət-ehtirama dayanan münasibətlər,
dostluq əlaqələri yarandı və bugünədək
də bu münasibətlər,
bu əlaqələr davam etməkdədir.
Çünki
Gövhər xanım kimi əsl Azərbaycan-türk
xanımı, əsl Şəxsiyyət, əsl Ziyalı ilə
tanış-dost olmaq özü böyük xoşbəxtlikdir,
şəxsən bundan qürur və fəxr hissi duyuram.
Tanınmış, hörmət-izzətli, adlı-sanlı
ailədə dünyaya gəlməsinə, böyük vəzifələr
tutmasına ( neçə illərdir ki, həm də Şərqşünaslıq
İnstitutuna rəhbərlik edir), Azərbaycanın
adlı-sanlı simalarından olmasına baxmayaraq, Gövhər
xanım çoxlarından fərqli olaraq, çox sadə,
çox səmimi, çox kövrək, çox mehriban və
çox qayğıkeş İnsandır, Azərbaycan-türk
xanımıdır.
Bəlkə
də çoxları onun yerində olsaydı, başqa cür
rəftar edər, başqa cür davranardı, ancaq
böyüdüyü ailə, aldığı tərbiyə
sayəsində Gövhər xanım hər zaman olduğu və
göründüyü kimi olub, heç zaman nəyinsə
xatirinə dəyişməyib, davranışlarında,
insanlara qarşı rəftarında korrektələr etməyib.
Budur əsl Ziyalılıq, budur əsl İnsanlıq!
Gövhər
xanım həm də gözəl, nümunəvi anadır,
valideyndir, ailə başçısıdır. Onun tək
oğlan övladı, həmçinin, gəlini, nəvəsi
ilə necə fəxr etdiyinin, onların üzərində
necə titrədiyinin, onlar üçün daim necə
narahatçılıq keçirdiyinin, ən əsası
onlara olan təmənnasız sevgisinin şahidi olmuşam.
Bunları sözlə ifadə etmək belə çətindir,
sözlər bu yerdə çox acizdir...
Odur
ki, Gövhər xanımı bu əlamətdar doğum
günü-yubileyi münasibəti ilə bir daha ürəkdən
təbrik edir, ona elmi, siyasi fəaliyyətində növbəti
nailiyyətlər, müvəffəqiyyərlər, şəxsi-ailə
həyatında daim gözəlliklər arzu edirəm.
Doğum gününüz və yubileyiniz mübarək olsun,
çox əziz və dəyərli İnsan Gövhər
xanım!
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2014.- 27 noyabr.- S.4.