Qarabağ atları latviyalı rəssamın
gözü ilə
Noyabrın 26-da "Natəvan" qalereyasında
latviyalı rəssam Alla Dzevaltovskayanın
"Qarabağ atları"
adlı sərgisi açılıb.
AzərTAc xəbər verir
ki, sərgi "Arts
Council Azerbaijan" qeyri-hökumət təşkilatının "Arts Council
Latvia" ilə əməkdaşlığı
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin və Litvanın Azərbaycandakı səfirliyinin
dəstəyi ilə təşkil olunub.
Sərginin açılışında çıxış edən
Mədəniyyət və
Turizm Nazirliyinin əməkdaşı Qalib
Qasımov sərginin bədii məziyyətlərindən
söhbət açaraq
vurğulayıb ki, istedadlı rəssam-animalist
Alla Dzevaltovskayanın
Azərbaycanda ilk dəfədir
keçirilən bu sərgisi böyük marağa və əks-sədaya səbəb
olub.
Çıxış edənlər
"bir-biri ilə dərdləşən" atların
qədim Azərbaycan torpağı olan Qarabağın düşmən
tapdağı altında
qalmasından sanki
"məyus" olduğunu,
şahə qalxaraq azərbaycanlıları mübarizəyə
səslədiklərini söyləyiblər.
Yağlı boya ilə çəkilmiş
tablolarda rənglərin
çığırtısı, insan duyğularına nüfuz etməsi, atların gözlərindəki
həyəcan, burun pərələrindəki döyüş
çağırışı, küləklərlə döyüşən
yalmanlarındakı mübarizə
ruhu, məğrur duruşlarında oxunan düşmənə qəzəb
hissi tamaşaçıları
heyran qoyub. Dərin psixoloji
təsir oyadan sərgidə tamaşaçılar
bu gözəlliyi həyəcanla seyr ediblər.
Vurğulanıb ki, Alla Dzevaltovskaya
böyük ustalıqla
Qarabağ atlarının
gözlərində yaşayan
dərdi və sabaha böyük ümidlə baxan işığı məharətlə
əks etdirə bilib. Ən başlıcası isə rəssam yüzlərlə ürəyi
sanki eyni ritmlə döyündürə,
qələbə ruhuna
kökləyə bilib.
Atların qaçması, şax
dayanıb çarpışması,
bəzən də dərin xəyala qərq olurmuş kimi təsvir edilməsi bu gün Qafqazın böyük bəlası olan müharibə ağrısını yada
salır.
İnsanda insanlıq hissini oyadan "Qarabağ atları" sərgisi noyabrın 30-dək davam edəcək.
525-ci qəzet.-
2014.- 28 noyabr.-S.7.