Azərbaycan musiqisinin tarixi, milli mədəni
irsdə yeri və rolu
MUSİQİ
MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ
EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ
TƏƏSSÜRATLAR
(Əvvəli ötən sayımızda)
Milli musiqimizin
inkişafında Ü. Hacıbəyovla
bərabər, onun dostu və məsləkdaşı
Müslüm Maqomayev də (1885-1937) Azərbaycan
musiqi teatrının təşkili işində
böyük rol oynayıb. Üzeyir Hacıbəyovun muğam operası ənənəsini özünün
"Şah İsmayıl"
operasında davam etdirən Müslüm Maqomayev musiqi mədəniyyətimizdə bəstəkarlıqla
yanaşı musiqi ictimai xadimi, dirijor kimi əhəmiyyətli
yer tutub. M. Maqomayevin ikinci operası "Nərgiz"
isə Azərbaycan mədəniyyət tarixinə
Avropa üslublu ilk milli opera kimi daxil olub. Azərbaycanda ilk simfonik əsərlərin
yaranması da M. Maqomayevin əsərləri
ilə bağlıdır.
Onun məşhur "RV-8" marşı,
"Azərbaycan çöllərində"
və orkestr üçün yazdığı
digər əsərləri
parlaq melodizmi və nikbin əhval-ruhiyyəsi ilə
diqqəti cəlb edir. M. Maqomayev eyni zamanda, mahnı,
kinofilmlərə və
dram tamaşalarına musiqi
bəstələyən ilk Azərbaycan bəstəkarlarından
olub.
Azərbaycan musiqisinin tarixi inkişafında əhəmiyyətli
rol oynayan simalardan biri də Hacıbəyovlar nəslinin digər nümayəndəsi Zülfüqar
Hacıbəyovdur (1884-1950). Z. Hacıbəyov
bəstəkar və teatr xadimi idi,
həvəskar aktyorların
teatr truppasına rəhbərlik edirdi. İlk Azərbaycan muğam operalarından biri olan "Aşıq Qərib",
"Evliykən subay",
"Əlli yaşında
cavan" musiqili komediyalarının müəllifidir.
XX əsrin əvvəllərində
yeni milli mədəniyyət qurucularının
ön cərgəsində
çalışan nümayəndələrdən
biri də Asəf Zeynallıdır
(1909-1932). Qısa, lakin dolğun, mənalı yaradıcılıq yolu keçən A. Zeynallı
Azərbaycan Dövlət
Konservatoriyasında professional təhsil alan
ilk bəstəkarımızdır. M. Maqomayevlə yanaşı,
Azərbaycanda ilk simfonik
əsərlər yazan
bəstəkarlardan biri
də o olub ("Fraqmentlər"). Ən başlıcası isə
A. Zeynallı ilk milli romansların ("Ölkəm",
"Sual", "Çadra",
"Seyran", "Sərhədçi"),
ilk fortepiano ("Çahargah", "Uşaq süitası")
və simfonik miniatürlərinin ("Muğamsayağı")
müəllifidir.
Milli musiqimizin
təkamülündə əhəmiyyətli
rol oynayan sənətkarlardan biri də Azərbaycanda ilk baletin - "Qız qalası" baletinin
(1940) müəllifi Əfrasiyab
Bədəlbəylidir (1907-1976).
Ə. Bədəlbəyli bəstəkar, dirijor və ictimai xadimdir. "Nizami",
"Söyüdlər ağlamaz"
operalarının, simfonik
əsərlərin, dram tamaşalarına
yazılan musiqinin, həmçinin bir sıra balet librettolarının müəllifidir.
30-cu illərin sonu,
40-cı illərin əvvəllərində
Azərbaycan musiqisində
yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu
genişlənir, yeni janrlar, yeni təmayüllər
meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri neoklassizm,
dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi
maraqlı sənət
tapıntıları ilə
nəticələnir. Ən başlıcası isə
odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox
kənarlarda, beynəlxalq
miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar
ilk növbədə üç
dahi sənətkarın
Qara Qarayev (1918-1982), Fikrət Əmirov
(1922-1984) və Niyazinin
(1912-1984) yaradıcılıq axtarışları ilə
bağlıdır. Onların əsərləri
dünyanın bir çox ölkələrində
səsləndirilib, disklərə
yazılıb və mükafatlara layiq görülüblər. "Cəvahirləl
Nehru", "Bela Bartok adına medal"
və bir sıra beynəlxalq mükafatlara layiq görülən
Niyazi dövrümüzün böyük dirijorları
sırasına daxildir.
Əvvəldə
qeyd etdiyimiz kimi, ölkəmizdə musiqi tariximiz ilə
bağlı materialların toplanması, saxlanması,
araşdırılması və təbliğı ilə məşğul
olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin fondunda 50 mindən çox eksponat toplanıb. Muzey eksponatlarının hamısı Azərbaycanın
musiqi tarixinə həsr olunan müəyyən mövzulara aid
olan və xronolojı ardıcılığa riayət edən
daimi sərgidə toplanıb. Muzeyin yarandığı
dövrdən başlayaraq, burada profilə uyğun eksponatlar
toplanıb. Eksponatlar muzey əməkdaşları tərəfindən
yığılaraq, müxtəlif şəxslər və təşkilatların
muzeyə hədiyyələri şəklində Mədəniyyət
və Turizm Nazirliyinin ayırdığı vəsait
hesabına toplanılır. Muzeyin kolleksiyasında 260-dan
çox musiqi aləti var.
Onlardan 201-i milli, 65-i xarici musiqi alətləridir. Alətlərdən söz
düşmüşkən muzeydə
Azərbaycan milli musiqi alətləri olan tar,
kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə
də özunəməxsus xüsusiyyətləri ilə fərqlənən
digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə
qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir.
Kolleksiyada qədim musiqi alətləri
də sərgilənir. Məsələn, çəqqanə,
çəng, tulum,tənbur belə alətlər
sırasındadır. Muzeydə Azərbaycan xalq alətləri
ilə yanaşı dünya xalqlarına məxsus musiqi alətləri
də yer alıb. Muzey fəaliyyət
göstərdiyi illər ərzində 800-ə yaxın şəxsi
arxiv verilib. Bunlar Azərbaycan bəstəkarlarının -
Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin,
Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun,
Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam
Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin
arxiv materiallarıdır. Muzeyin ilk eksponatı bəstəkar
Müslüm Maqomayevin opera
müğənnisi Məmmədtağı Bağırova
verdiyi qeyd vərəqəsidir.
Muzeyin
kolleksiyasında həmçinin dahi bəstəkarların
musiqilərinin notları da yer alıb. Ü. Hacıbəyovun
"Ləzgi rəqsi", Niyazinin "Yallı",
"Qaytağı", "Kəklik" valsı,
C.Hacıyevin "Simfonik poema", F.Əmirov "Simfonik rəqslər",
Q.Qarayevin "Don Kixot" simfonik qravürü və.s not
kolleksiyaları mövcuddur.
Bundan başqa muzeydə video kolleksiyalar da var.
Muzeyin 3
filialı fəaliyyət göstərir. Xalq
çalğı alətləri daimi sərgisi, Niyazinin mənzil
muzeyi, Vaqif Mustafazadənin ev muzeyi.
Xalq
çalğı alətləri daimi sərgisi. Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı
olaraq fəaliyyət göstərən xalq çalğı
alətləri daimi sərgisi 1987-ci ildən fəaliyyət
göstərir. Ekspozisiyanın başlıca məqsədi-məişət
ifaçılığı təcrübəsi, musiqi
yaradıcılığı, eləcə də milli mədəniyyətin
ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan
instrumental mədəniyyətinin yaranması və onun qədim
zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.
Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. Ekspozisiyanın I otağında
arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar
üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə
yaşayan azərbaycanlı alimlərin musiqi haqqında
traktatlarında, ədəbiyyat və memarlıq abidələrində,
orta əsr rəssamlarının miniatürlərində
öz əksini tapan musiqi alətlərinin tarixi
inkişafı əks etdirilib. Burada nadir qədim musiqi alətlərinin
replikaları və müasir musiqi alətləri
nümayiş olunmaqdadır. Ekspozisiyanın sonrakı bölməsində
Azərbaycan milli alətlərinin görkəmli
ifaçıları iştirak edən ilk xalq
çalğı alətləri ansamblı və orkestrlərinin
inkişaf yolu göstərilir. Ekspozisiyanın II otağı
Azərbaycanın Xalq artisti, pedaqoq və tarzən Əhməd
Bakıxanovun həyat və yaradıcılığına həsr
olunub. Eyni zamanda burada ustadın bütün həyatı boyu
topladığı Azərbaycan milli musiqi alətləri
kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə
Azərbaycan instrumental ifaçılıq məktəbinin
inkişaf tarixi öz yerini tapıb.
Sərginin rəhbəri Təranə Zeynalovadır.
(Ardı var)
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.-
28 noyabr.- S.7.