Mərc
(hekayə)
Bala bəy Şirvan mahalının məşhur ağalarından biri idi. İgid, mərd, qorxu nə olduğunu bilməyən bu bəy el-obada kifayət qədər nüfuz və hörmət qazanmışdı. Onun səxavətindən hər yerdə söhbət açılır, dara düşən insanların köməyinə yetdikcə şan-şöhrəti daha da artırdı. Dost-tanışları nə qədər təkid etsələr də, şəhərə köçməkdən imtina edir, doğulduğu Lahıc kəndində yaşamağı üstün tuturdu. Doğma kəndinə hədsiz bağlı olan Bala bəy əlli-əlli beş yaşlarında, hündür boylu, qara və sıx saçlarına vaxtsız dən düşmüş, qarayanız, sivri burunlu, zəhmli baxışları ilə müsahibində qorxu yaradan, bəzən də üzündə kədərin meydan suladığı aydın sezilən bir insan idi. Onun zil səsi eşidiləndə hər kəs gizlənməyə yer axtarır, gözünə görünməməyə çalışırdı. Ancaq o, nə qədər sərt təbiətli olsa da, bir çox ağalardan fərqli olaraq rəiyyəti incitmir, onlarla mülayim rəftar edirdi. Zülm etməyi və qəddarlıq törətməyi xoşlamadığından tabeliyində olanlar xatirini istəyir, bütün tapşırıqlarını can-başla yerinə yetirirdilər.
Bəy bir neçə il olardı ki, xəstə olduğundan hədsiz arıqlamış, taqətdən düşmüşdü. Həmişə alıcı quştək parıldayıb yanan sərt baxışlarından sanki əsər-əlamət qalmamışdı. Gözləri çuxura düşübmüş kimi ifadəsiz halda qarşısında açılmış mənzərəni laqeydliklə nəzərdən keçirirdi. Başqa vaxt onu ilhama gətirən dəyərlər indi öz əhəmiyyətini itirmişdi. Süfrə arxasında oturmuş Bala bəyin ağrıdığı, əzab çəkdiyi üz-gözündən açıq-aydın sezilirdi. Yemək yeyərkən ağrıları olduqca gücləndiyindən yeməkdən tez-tez imtina edirdi, buna görə də iştahası tamam küsmüşdü. Amma nə qədər əziyyət çəksə də, bədbinliyini büruzə verməməyə çalışır, heç kəsin qarşısında özünü sındırmaq istəmirdi.
Ağa imarətində dəbdəbəli bir ziyafət təşkil etmişdi. Süfrə arxasında əyləşmiş bütün şəxslər yeyir, içir, qəhqəhə çəkərək gülür, bir sözlə, əylənir, şənlənirdi. Nə qədər qəribə olsa da, bu şənlik digərlərindən tamamilə fərqlənirdi. Belə ki, bu məclisdə heç bir ağa, bəy, yaxud əsilzadə ailəsindən olan insanlar gözə dəymir, milli musiqi alətləri olan tar, kamança və qavalın müşayiəti ilə həmişə xanəndələrin ifasında alışıb yanaraq ah çəkən muğamların, milli paltarlı aşıqların meydanda dövrə vuraraq bir-birinə hərbə-zorba gələn deyişmələrinin, cəngavərlik havalarının səsi-sorağı gəlmirdi. Başqa vaxt isə insanların şənlik və sevinc dolu gurultulu səs-küyündən qulaq tutular, musiqi qanadlarında dalğın-dalğın süzən nəğmələrdən sevən-duyan könüllər vəcdə gələrdi. Ətrafda bəxtəvərcəsinə şadyanalıq edən adamların əsrarəngiz təbiət lövhələri önündə deyib-gülməsi buranın mənzərələrinə ayrı bir aləm qatar, qəlbləri riqqətə gətirərdi.
İndi isə bu ziyafəti başqalarından fərqləndirən ən əsas cəhət bundan ibarət idi ki, məclis yalnız rəiyyət- nökərlər və qaravaşlar üçün təşkil edilmişdi. Hava xoş və ilıq idi. Hündür və əzəmətli, qol-budaqları ilə göylərə millənən ağacların enli və yaşıl yarpaqlarının bahar nəsiminin gətirdiyi xoşallandırıcı sərinliyinə qarışaraq xəfif-xəfif titrəyişi kölgəsində oturan məclis iştirakçılarına zövq verir, duyğularını yerindən oyadaraq bihuş edirdi. Ağacların müdafiə tikilisini xatırladan bir əzəmətlə düşmənə qənim kəsilmiş sipər tək sıra ilə düzülməsi, cürbəcür rəngə çalan yaraşıqlı qızılgül və digər bəzək kollarının insanın ağlını başından çıxaracaq dərəcədə gözəl ətrinin ətrafa yayılması hamıya xoşbəxt anlar bəxş edirdi. Rəngarəng təbiət lövhələrinin mənzərəli fonunda quşların cəh-cəhi insanların dilindən qopan nəğmələr kimi ətrafa yayılır, qəlbləri oxşayırdı.
Bala bəyin zəmanəsinə görə böyük evinin ətrafında yerləşən meşəliyin yamyaşıl ot örtüyünə bürünməsinə baxarkən yerin bağrına sanki yaşıl xalıların sərildiyini zənn etmək olardı. Heyrətamiz naxışlarla bəzədilmiş xalçaların üzərinə növbənöv milli yeməklər düzülmüşdü. Ətrafda quru odunların çırthaçırtla yanmasından ilhama gəlmiş iri mis qazanlar musiqi simfoniyası tək səslənərək içərisində bişməkdə olan quzu pörtləməsinin, kələm və yarpaq dolmasının, plovun buğuna qarışırdı. Manqalların üzərində qərar tutmuş taxta şişlər bir ucdan təzəcə kəsilmiş erkək quzu və kəklik- qırqovul əti, hind toyuğunun döş tikələri, eyni zamanda pomidor, badımcan, bibər və kartofla dolur, günəş şüalarıtək şəfəq saçan közün qırmızı atəşində tüstü burumlarının müşayiəti ilə bir andaca bişir, qaynar-qaynar süfrələrə aparılaraq qablara çəkilirdi. Qablar boşalmağa macal tapmamış yenidən tikələr doğranaraq manqallara tərəf yol ölçürdü. İri samovarların bağrına köz düşdükdən sonra göyə qalxan alov dilləri şiddətlə çırpınır, içərisində şaqqaşaqla qaynayan suyun kükrəyən nərəsinə qarışaraq bir az keçdikdən sonra nəhayət ki, sakitləşirdi.
Ağanın bütün məiyyətini məclisdə görmək mümkün idi. Nökər və qaravaşlar xalçaların üzərində yemək süfrəsi arxasında həm oturur, həm qulluq edir, həm də ki, əylənirdilər. Bala bəy bu gün içki içməyə icazə verdiyindən bir-birinin sağlığına badə qaldırır, lakin hədlərini aşmağa cəsarət etmirdilər. Ağa ağ köynək, qara şalvar və pencək geyinmiş, çiyninə qara rəngli arxalığını keçirmişdi. Hərdənbir sərin mehin əsməsi başqalarına ləzzət versə də, ona xoş gəlmir, soyuq dəyib xəstələnə biləcəyindən ehtiyat etdiyindən daha səylə paltarlarına bürünməyi üstün tuturdu. Başına keçirdiyi yüngül yay papağını tez-tez əli ilə düzəldir, arada gözlərini məchulluğa zilləyərək dinməz-söyləməz xəyallara dalırdı. Ancaq nə qədər fikirli görünsə də, hər kəsin hərəkətinə diqqətlə göz qoyurdu.
Bağın o biri tərəfində isə qadınlar məclisi qurulmuşdu. Ağanın həyat yoldaşı Heyran xanım qaravaşlarla bir süfrə arxasında oturub yemək yeyir, arada onları buyurub-çağırır, yaxşı qulluq etmələrini tapşırırdı. Qulluqçular da milli Azərbaycan xərəklərini daşıyıb gətirir, yemək soyumamış yenisi ilə əvəz edirdilər.
Hamı yemək-içməklə məşğul olan zaman Bala bəy üzünü yanında əyləşmiş ağsaqqal, orta boylu, bir qədər arıq, üz-gözündən mehribanlıq yağan Qulu adlı nökərinə tutaraq dilləndi:
- Ay, mənim rəiyyətim, siz bilirsinizmi, nə üçün bu məclisi təşkil etmişəm?
Nökərlər heç nə başa düşməyərək başlarını buladılar və təəccüblə ona tərəf nəzər saldılar.
- Ağa,
vallah, bilmirik, - deyə Qulu cavab verdi.
O, əlini
yelləyib bir qədər qəddini düzəltməyə
çalışdı və davam etdi:
- Qulaq
asın!Mən sizinlə bir şey barədə
mərc gəlmək istəyirəm.
- Nə mərc ?-deyə qeyri-ixtiyari olaraq Qulu dillənməyə
cəsarət etdi.
Ağa bir müddət dillənmədi. Sonra əynindəki
əbasını aramla çıxardı,
ağır-ağır nəfəs aldı. Nəfəsini
dərib gözünü süfrə arxasında oturanlara
dikdi, nəhayət, sözünün arxasını gətirib
dedi:
- Ay,
nökərlər! Sizin hamınız bilirsiniz
ki, səbəbsiz yerə heç birinizi incitməmiş,
xatirinizə dəyməmişəm. Bəlkə
də hansınızdan elə hallar olub ki, narazı
qalmışam, ancaq cəzalandırdıqdan sonra sakitləşmiş,
rahatlanmışam. Bununla belə heç
kimə qarşı kin bəsləməmişəm. Rəiyyətimi gözümçıxdıya
salmamışam. Digər bəy
dostlarım bəzən bu barədə mənə desələr
də onların sözü ilə getməmiş, hamı ilə
rahat davranmışam. Allahın bəndələrinə
zülm etməklə mənim aram
olmayıb. Mən yalnız günahı
böyük olanları, ədavət və nifaq törədənləri
cəzalandırmış, pis əməllərdən əl
çəkməyən adamlarla olduqca sərt
davranmışam. Haqqı nahaqqın
ayağına verməmişəm. Mahalda
hamı məni tanıyır. Mənim
sözüm sözdür. Dediyimin
üstündə dayanmağa həmişə əməl etməyə
çalışmışam. -O, bir qədər
öskürüb nəfəsini dərdi, başını dik
tutaraq:
- Yenə
də xatırladıram ki, ağanız olsam da, həddimi
aşıb günahsız bəndələrlə işim olmayıb.
Siz məni nə qədər sərt, ciddi hesab
etsəniz də, əslində ürəyim mərhəmət
hissləri ilə doludur. Elə bilməyin
ki, bütün bəylər, ağalar hamısı qəddar
və qaniçəndirlər. Hər bir insanın
özünə məxsus xarakteri,
dünyagörüşü olur, bunu qulağınızda
sırğa edin! Deməyin ki, bu filankəs niyə
qəddardır, o biri filankəs isə mülayimdir.
Dünyanın heç bir yerində insanlar bərabər deyil
və bu heç zaman mümkün ola bilməz.
Çünki aAllah hərəyə bir cür istedad və
qabiliyyət bəxş etmişdir- dedi və bir anlıq
meşəyə tərəf nəzər saldı.
Bu söhbəti bir qədər kənarda əyləşmiş
Heyran xanım və qaravaşlar da diqqətlə dinləyir,
nökərlər ağanın belə açıq şəkildə
danışığına təəccüblə qulaq kəsilirdilər. Çünki
ağa onlarla heç zaman kəlmə kəsməmiş, həmişə
pərdə saxlamış, yalnız ciddi davranmışdı.
İndi isə onlar söhbətə maraqla qulaq
asır, nəfəslərini belə çəkmədən
bunun nə ilə nəticələnəcəyini intizarla
gözləyirdilər.
Ağacların yarpaqları xəfif küləyin yedəyində
astadan xışıldayır, sanki onlar da ağanı
maraqlı müsahib kimi tapdıqlarına görə sevindiklərindən
yırğalanaraq təbəssümlə gülümsəyir,
minnətdarlıqlarını ətrafa sərinlik bəxş
etmələri ilə bildirirdilər. Qızılgüllərin rayihəsi
ayrı bir aləm yaradır, qırmızı, ağ, sarı və digər rənglərin
qarışığından ibarət bu ansambl hər yeri elə
bil ki, çiçək dənizinə qərq edirdilər.
Bala bəy
əlini sinəsində çarpazlayaraq davam etdi:
- Amma bu mənim
qismətim, taleyimdir ki, neçə illərdir, ağır xəstəliyə
düçar olmuşam. Mədəmin, ürəyimin
ağrısından nəfəs ala bilmir, doyunca və ürəyim
istəyən yeməklərdən yeyə bilmirəm. Axı, mənim həmişə yaxşı
iştaham olub və heç vaxt ləziz yeməklərdən
imtina etməmişəm. Təəssüf
ki, ən yaxşı həkimlər belə dərdimdən
baş çıxara bilmir, onların yazdıqları dava-dərmanların
mənə heç bir xeyri dəymir. Əksinə
bu müalicələr məni daha da incidir, əldən
salır. Mahalda nə qədər hörmət-izzət
qazanmış olsam da, var-dövlətim başımdan
aşıb tökülsə də, canım həmişə
ağrıyır, mənə rahar yaşamağa imkan vermir.
Özünüz dəfələrlə
şahidi olmusunuz ki, nə gündüzlər, nə də ki,
gecələr rahat şəkildə yata bilmir, elə hey əzab
çəkirəm. Amma bütün əziyyətlərə
baxmayaraq hər şeyə səbrlə dözməyi
bacarıram. Çünki bilirəm ki, hər
şey yaradanın əlindədir. Allahın
hökmü olmasa, heç bir canlı dünyaya gələ
bilməz, hətta, yeri gələrsə əl-ayaqlarını
tərpədib ayaqüstə gəzə bilməz. Mən bilirəm ki, taleyimə belə bir yazı
yazılıb. Bunu təbii olaraq qəbul
edirəm. Bəlkə elə buna görədir
ki, nə qədər ağrısam da, sabaha ümidlə
baxır, gələcəkdə sağalmaq eşqi ilə
yaşayıram. Bəlkə də eşitdiklərinizə
təəccüb edəcəksiniz, ancaq deyirəm ki, bəzən
bu halıma görə o ulu yaradana
şükürlər oxuyuram, nə yaxşı ki, mənə
belə dərd vermisən, axı, mən daha əzablı
işgəncələrə məruz qala bilərdim. Şikəst
- əlsiz və ayaqsız, dilsiz, hətta hər kəsə
möhtac bədbəxt bir sərsəri də ola
bilərdim. Ona görə belə dərdimə
görə o qədər də naşükür deyiləm,
şükür yaradana ki, mənə sədaqətli
ömür-gün yoldaşı, iki oğul övladı,
yaxşı gün-güzəran bəxş edib.
Bilirsiz, böyük oğlum Aslan bəy Almaniyada təhsil
alır, inşallah, mühəndis olacaq, kiçik oğlum Sərdar
bəy isə rus ordusunda qulluq edir, zabit kimi döyüş
meydanlarında neçə-neçə igidliklər göstərmişdir.
Elə buna görə ağalar, bəylər mənə
həsəd aparır.
Bu anlarda
heç kim yerindən tərpənmir,
qulluqçular da yemək və yaxud çay gətirmək
üçün artıq ayağa qalxmır, daha doğrusu,
ağanın qorxusundan hərəkət etməyə cəsarət
etmirdilər. Hamının qabağında nə
vardısa, eləcə də dururdu. Hamı
yalnız söhbətin axırını gözləyirdi.
- İndi isə mərc məsələsinə gəlmək
istəyirəm, - ağa bu dəfə gülümsəyərək
dilləndi və onun təbəssümü oturanlarda bir qədər
ruh yüksəkliyi oyatdı. Bayaqdan narahat halda əyləşmiş
nökərlər indi rahat nəfəs almağa
başladılar. - Şərtim odur ki, sizdən
yalnız sağlamlığınızı istəyirəm.
Nə olardı, o iştahanız məndə
olaydı, bunun əvəzində bütün var-dövlətimi,
mal-mülkümü, cah-calalımı can-başla sizlərə
verməyə razı olardım. Mənim
bu gün təşkil etdiyim ziyafətin də səbəbi bu
idi.
Bala bəy bu sözləri söylədikdən sonra elə
bil qəlbini bürümüş hansısa
ağırlıq hissindən xilas olaraq yüngülləşdi. Bayaqdan sanki
daş-kəsək üstündə otururmuş kimi
narahatlıqla o tərəf-bu tərəfə göz gəzdirən
ağa indi rahatlaşmış şəkildə məmnunluqla
gülür, üzünün sərt ifadəsi mehriban
baxışlarla əvəz olunmuşdu.
Qulu kişi ağanı bir xeyli süzdü. Onun əhval-ruhiyyəsinin
yüksəlməsindən bir anlıq istifadə edərək
dilləndi:
- Ağa,
sizə qurban olum! Siz nə
danışırsınız?! Biz nökərlərin
canı sizə qurbandır. Bizi çox
yaxşı dolandırırsınız, əməyimizi
yüksək şəkildə qiymətləndirirsiniz, buna
görə sizə həmişə duaçıyıq.
Heç vaxt üzünüzə ağ
olmamış, dediklərinizdən inciməmiş, əksinə
bizim günahlarımızı bağışlamış, əzab-əziyyətdən
qurtarmısınız.
O,
başındakı günlüyünü çıxarıb
dizinin üstünə qoydu. Sonra dümağ
saçlarını əli ilə tumarlayıb ağaya
razılıq hissi ilə baxdı və sözünü davam
etdirdi:
- Hörmətli
ağamız, sizin var-dövlətdə bizim zərrə qədər
də gözümüz yoxdur. Bu şərtiniz
mümkün olsaydı, bunu şadyanalıqla yerinə yetirər
və sevinərdik ki, sevimli ağamıza nədə isə
bir köməklik etmiş, işinə
yarımışıq. Bu, bizim
üçün böyük bir şərəf olardı.
Ancaq bu mərci yerinə yetirmək məgər,
mümkündürmü, ağa?-deyə o, sözünü
bitirib kədərlə ağasına baxdı və
başını aşağı dikib daha bir söz demədi.
Bayaqdan nökərinin sözünə diqqətlə
qulaq asan Bala bəy başı ilə onun dediklərini təsdiq
etdi. Boğazını arıtlayıb öskürdü.
Sonra dərindən yanıqlı bir ah çəkib dedi:
- Ay Qulu,
sən düz danışdın. Mənim mərcim
heç vaxt baş tuta bilməz. Bu elə
bir işdir ki, bunu heç bir pul-paranın gücünə də
olsa, əldə etmək olmaz. Allahın
hökmünə qarşı çıxmaq biz bəndələrin
ixtiyarında deyil. Biz nəkarəyik ki,
belə fikirləri yaxına buraxaq. Bizə ömrü
verən də, alan da odur. Hər
birinizin üzünə baxıram, bəlkə də mənim
mərcimə gülürsünüz, belə zənn edirsiniz
ki, yəqin ağanın başına hava gəlib, ona görə
belə qəribə danışır. Ancaq bu, əsla belə
deyil!-deyə ağa bir müddət dayandı, sonra nə isə
fikirləşdi və əllərini yerə dayayıb
ayağa qalxdı. Qəddini düzəldib aramla söhbətini
ayaqüstə davam etdirdi:
- Bilirəm,
heç kəs öz şirin canını kimsəyə verə
bilməz, nə də ki, belə bir şərtin müqabilində
var-dövlət istəyə bilməz. Xəstə cana pul-para nə zövq verə bilər?! Bəlkə də ürəyinizdə deyirsiniz ki,
sağlam canımız olmayandan sonra var-dövlət nəyimizə
lazımdır. Bəlkə
düşünürsünüz, ağa, xəstə
canın özünə qalsın, bizə öz
iştahamız bəsdir. Əgər belə
düşünürsünüzsə, haqlısınız.
Mərc söhbətini özüm
uydurmuşdum. Ona görə belə etdim
ki, öz sağlamlığınızın qeydinə
qalasınız, onu qoruyasınız. Əgər həmişə
pul qazanmaq, para əldə etmək barədə
düşünsəniz, bunun üçün təhlükələrə
girişməyə üstünlük versəniz həmişə
boş-boş şeylər arzulamaqdan canınız azar tapar və
nəhayət, neçə illərdən sonra məqsədinizə
çata bilsəniz, bu varın sizin üçün artıq
heç bir əhəmiyyəti ola bilməz.
Gözünüzün qabağında
keçirdiyim həyat dediklərimə bir nümunədir.
Uzun illər boyu topladığım sərvət
də nə qədər çalışsam da, harayıma yetə
bilmir. Gözüm görə-görə,
əzab çəkə-çəkə həyatımın
sonuna doğru sürətlə yaxınlaşır və
öz ölümümü intizarla gözləyirəm.
Artıq təsəllinin mənim üçün heç bir
faydası ola bilməz.
O, evə
tərəf addımlamağa başladı və geri dönərək
söhbətini belə bitirdi:
- Siz
kasıb olsanız da, deyib-güldünüz, şənləndiniz,
iştaha ilə yeyib-içdiniz, bu, məni çox sevindirdi.
Düşündüm ki, bəlkə də
heç zaman bir yerdə belə mehriban və hamılıqda
bir süfrə arxasında otura bilmədik. Odur ki, sizin hamınızı bir yerə topladım.
Sizə son sözüm, belə demək
mümkünsə, vəsiyyətim budur ki, heç vaxt pul, vəzifə
və sərvət barədə düşünməyin,
bilin, bunlar hamısı ötəri hisslərdir. Əgər kiminsə taleyinə imtiyaz, vəzifə,
pul yazılıbsa, ona da çatacaqdır. Daha bu qədər fikir edib canı üzməyin mənası
yoxdur. Sağlamlığınızı
qoruyun, bilin ki, sağlam can hər cür var-dövlətdən
üstündür.
Əli Cəfəroğlu
525-ci qəzet.-
2014.- 28 noyabr.- S.7.