“Dağlıq
Qarabağ münaqişəsi Türkiyə üçün
milli məsələdir”
Türkiyə-Azərbaycan
siyasi-iqtisadi münasibətlərində son durum necədir və
nə kimi perspektivlər var?
- Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlər çox yüksəkdir. Amma bu münasibətlərin mahiyyətini anlamaq üçün deyim ki, burda ortaq bir mirasdan söz edilməlidir. Təbii ki, bu mirasa sahib çıxmaq məsələsi də var və biz bu məsələdə şanslıyıq. Bir az yaxın keçmişə baxanda Qafqaz İslam Ordusunun sıralarında bura gələn və Azərbaycanın müxtəlif bölgələrindəki məzarlıqlarda uyuyan şəhid qardaşlarımızın bizə qoyduğu mirasdan danışırıq, ulu öndər Mustafa Kamal Atatürkün “sevincdə də, kədərdə də birlikdə olacağıq” sözlərini yada salırıq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə xalqlarımız haqqında “bir ananın iki övladı” demişdi, bu fikir özünü hər zaman və hər sahədə göstərir, təsdiq edir. Mərhum prezident Heydər Əliyev də “bir millət, iki dövlət” deməklə bərabər, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsi üçün böyük töhfələr verdi. Azərbaycan prezidenti burdakı seçkilərdən sonra ilk xarici səfərini Türkiyəyə həyata keçirmişdi. Bizim prezident ilə baş nazirimiz də ilk xarici səfərlərini Azərbaycana etdilər. Bütün bu faktlar siyasi əməkdaşlığın mükəmməl səviyyədə olduğunu göstərir. Eyni zamanda, bəhs etdiyim, qədim tarixi köklərə malik mirasa müasir dövrümüzdə dövlət başçılarımızın necə sahib çıxdığını təsdiq edir. Beləcə, keçmişdən gələn ümumi taleyimiz bugünkü siyasi iradə ilə gələcəyə daşınır. Siyasi səviyyədə dostluğun möhkəm olması da iqtisadi, mədəni və hər səviyyədə böyük imkanlar yaradır. Bizim səfirliyimiz ard-arda xeyli səfərlərin təşkilatçılığı ilə məşğul olur. Məsələn, Bakıda Türkiyə Mədəniyyət Günləri keçirildi, bizim mədəniyyət nazirimiz cənab Ömer Çelik Bakıda səfərdə oldu, cənab Əbülfəz Qarayev ilə görüşdü. Bu yaxınlarda təhsil nazirimiz Nabi Avcının da Bakıya səfəri gözlənilir.
İqtisadi sahədə əməkdaşlığımız enerji sektoru ilə bərabər digər sahələrdə də çox yaxşı səviyyədə inkişaf edir. Qarşılıqlı investisiyalar sürətlə artır. “Şahdəniz-2” yatağında BP-dən sonra ikinci ən böyük investor “Türkiye Petrolleri”dir. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonra Türkiyənin Azərbaycana yatırımları 8 milyard dolları keçib. Bu, bizim “Şahdəniz-2”yə, TANAP-a və ümumiyyətlə, Azərbaycanın düşündüyü layihələrə etimadımızın təzahürüdür.
Azərbaycanın da Türkiyədəki
investisiyaları artır. “Star” neft emalı zavoduna “SOCAR”ın investisiya yatırdığı
məlumdur. Ticarət dövriyyəmiz
hazırda 5 milyard dollara yaxındır, lakin 2020-ci ilə kimi
bu rəqəmi 15 milyard dollara çatdırmaq barədə
planlarımız var. Azərbaycan və Türkiyə
arasındakı siyasi-iqtisadi əməkdaşlıq hər
iki tərəfin maraqlarına xidmət edir və biz bu layihələrdən
hər iki ölkənin qazanclı çıxmasına önəm
veririk.
Prezidentlərimizin qarşımızda qoyduğu əsas
vəzifə kimi, hər iki ölkədə
qarşılıqlı investisiyalar üçün uyğun
şərtlər hazırlamağa
çalışırıq, eyni zamanda Azərbaycanla tərcihli
ticarət sazişi üzərində işləyirik. Bununla da iki
ölkə arasındakı ticarət əlaqələri
müəyyən sahələrdə daha da inkişaf edəcək.
-
Türkiyə bölgə ilə bağlı siyasətində
enerji və təhlükəsizlik məsələlərindən
başqa, daha hansı sahələrə üstünlük
vermək niyyətindədir?
-
Türkiyənin bölgə ilə bağlı siyasətində
ilk yeri Azərbaycanın ərazi bütövlüyü məsələsi
tutur. Beynəlxalq hüququn bu başlıca
prinsipini, həm digər dövlətlərlə əlaqələrimizdə,
həm də Gürcüstan, Ukrayna, İraq və Suriya kimi
yaxınlığımızdakı ölkələrdə yaşanan
son proseslər çərçivəsində hər zaman
ön planda tuturuq. Türkiyə bölgədə
Azərbaycanın maraqlarına zərər verəcək hər
hansı təhdidə qarşıdır. Gürcüstan
da yaxın tərəfdaşımızdır və birgə
layihələrdə hər üç ölkənin
maraqlarının təmin olunması bizim üçün əhəmiyyət
daşıyır. Türkiyə öz
inkişafını, sabitliyini davam etdirməyə, Azərbaycan
və Gürcüstanla birlikdə həyata keçirdiyi layihələr
vasitəsilə dünyaya sağlam tərəfdaşlıq
nümunəsi göstərməyə
çalışır. Qonşumuz İran
da Türkiyə üçün çox əhəmiyyətli
bir ölkədir. Bu səbəblə,
Türkiyənin nüvə məsələsinin sülh yolu
ilə həll edilməsinə keçmişdə birbaşa
töhfəsi olmuş və bu gün də bu istiqamətdəki
təşəbbüsləri dəstəkləməkdədir.
Bu problemin dəf edilməsi ilə birlikdə, bölgədə
İranın da daxil olduğu və Azərbaycanla birlikdə
Türkiyənin də töhfə verə biləcəyi
önəmli potensialı daha güclü şəkildə hərəkətə
keçirmək mümkün ola biləcək.
Suriyaya gəldikdə isə, Türkiyənin mövqeyi
başdan bəri məlumdur. Biz yalnız öz
ölkəmizdə deyil, qonşu ölkələrdə də
sülh və sabitliyin olmasının tərəfdarıyıq.
Suriyanın keçmişdə PKK-ya dəstək
göstərməsinə baxmayaraq, biz bu dövlətlə
münasibətləri yaxşı saxlamağa, inkişaf
etdirməyə çalışdıq. Bu
istiqamətdə də irəliləyiş əldə etdik.
Lakin sonra Suriya rəhbərliyi öz vətəndaşlarına
raketlər atmaya başlayınca, Əsəd rejiminin
narazılıqları zorla yatırmağa
çalışması ilə Ankaranın da mövqeyi dəyişdi.
Biz öz xalqına zülm edən belə bir
rejimi dəstəkləyə bilməzdik. Türkiyədə
hal-hazırda 1,6 milyondan çox
suriyalı qaçqına qapılarını açıb. İstərdik ki, İraqda və Suriyada sabitlik bərqərar
olunsun, vətəndaş müharibələri sona
çatsın və bölgənin sabit inkişafında biz də
önəmli rollardan birini oynayaq. Suriyada
iqtidarın öz xalqına ən ağır silahlarla
hücum etməsi qarşısında səssiz qalmamız təbii
ki, mümkün deyildi. Ümidimiz Suriyada
xalqın tamamını qucaqlayan və iradəsini əks etdirən
hökumətin ölkəyə hakim olmasıdır. Yaşadığımız geniş bir bölgənin
necə böyük potensiala və perspektivlərə malik
olduğunu anlamalı, xalqlarımızın gələcəyi
naminə addımlar atmalıyıq.
- Bölgə
ilə bağlı siyasətinizdən və Azərbaycan
maraqlarından söz açdınız. Türkiyədəki
bir sıra qüvvələr “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində
sərhədlərin açılması məsələsini
gündəmə gətirirlər. O cümlədən, vaxtilə
Azərbaycanda səfir olmuş Ünal Çeviköz deyib ki,
Türkiyə öz sərhədlərini tədricən
açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə
bilər. Bu, nə dərəcədə
mümkün və münasib variantdır?
- Əvvəla xahiş edirəm, “soyqırım” ifadəsi
işlədərkən, siz jurnalistlər də diqqətli
olasınız. Erməni lobbisi
düşünülmüş şəkildə təbliğat
aparır ki, “erməni” və “soyqırım” ifadəsi daha
çox bir yerdə işlədilsin və beyinlərdə
müvafiq assosiasiya yaratsın. Burda
“soyqırım”dan yox, iddialardan söhbət gedə bilər.
O vaxtkı Osmanlı dövlətinin milli və dini
azlıqlardan olan təbəələrinə qarşı necə
dözümlü yanaşdığı barədə xeyli
faktlar var. Arxivlərimizi də hər zaman açmağa və
təhlil aparılması üçün şərait
yaratmağa hazırıq. 1915-ci ildə
Türkiyə bir çox cəbhədə vuruşurdu,
xüsusən də, Çanaqqala cəbhəsinə yüz
minlərlə əsgərimiz səfərbər olunmuşdu.
O zamankı şəraiti təsəvvür edəndə, bu qədər
gərginliyin və problemlərin içində qəfil bir qərar
ilə erməniləri qətliama məruz
qoymağımız barədə iddialar həqiqəti əks
etdirmir. Osmanlı dövlətinin millət
sistemi içində yüz illər boyunca rahat
yaşamış, iqtisadi, siyasi və mədəni sahələrdə
ən etibarlı səviyyəyə çata bilmiş erməniləri
Osmanlı iqtidarı o ən çətin dövründə
niyə məhv etməyə qərar versin? Ermənilər özlərinə bu sualı verməlidirlər.
O dövrdə siyasi ambisiyalara və imperialist güclərin əməllərinə
qapılıb-qapılmadıqlarını düşünməlidirlər.
Qısacası, dövrün bütün həqiqətlərini
və dinamikasını nəzərdən keçirməli, tək
tərəfli əzbərçilikdən uzaqlaşmağa
hazır və bunu edə biləcək cəsarətə
malik olmalıdırlar.
Azərbaycan xalqının sərhədlər məsələdəki
narahatlığını anlayıram, amma demək istərdim
ki, narahatlığa heç bir əsas yoxdur. Prezidentimiz də,
baş nazirimiz də Azərbaycana son səfərlərində
bunu bir daha vurğulayıblar. Mənim təkrar
etməyimə ehtiyac yoxdur. Lakin biz Azərbaycan
xalqından da güvənini qorumağı gözləyirik.
Kiminsə nəsə deməsindən
asılı olmayaraq, Türkiyənin dövlət siyasətinin
konturları bəllidir. Sərhədlərin
açılması və Azərbaycanın ərazi
bütövlüyü məsələsində rəsmi Ankara
öz mövqeyini ifadə edib.
Ünal bəyin fikrincə gəlincə, o, şəxsən
tanıdığım, hörmət duyduğum, Azərbaycanı
sevdiyini bildiyim və müvəffəqiyyətli olduğunu
hesab etdiyim peşəmizin mötəbər şəxsiyyətlərindən
biridir. Lakin artıq təqaüdə çıxıb və
sözləri rəsmi mövqeyimizi əks etdirmir. Beləcə, sizdən və azərbaycanlı
qardaşlarımızdan xahişim, rəsmi bəyanatlara və
dövlətimizin ən yüksək səviyyədə irəli
sürdüyü mövqeyimizə inanmaları, spekulyativ həyəcanlara
qapılmamalarıdır.
- Ermənistan
hakimiyyəti və mediası bu iddialarla bağlı geniş
bir kampaniya həyata keçirir. Bir çox
diplomatların bu mövzuda fikirlərini öyrənməyə,
informasiya müharibəsində yararlanmağa
çalışırlar. Bu yaxınlarda Almaniyanın
Ermənistandakı səfiri Rayner Morel “Türkiyə Ermənistandan
üzr istəməlidir” dedi. Sizin həm bu məsələyə
münasibətinizi, həm də avropalı diplomatların və
beynəlxalq ictimaiyyətin nəzərdən
qaçırdığı məqamlar barədə fikrinizi
bilmək istərdik.
- Mən
erməni iddiaları ilə bağlı fikrimi bildirdim. Türkiyənin mövqeyini də
açıqladım. Ermənistan hakimiyyəti
və erməni diasporu anti-türk təbliğat aparmaq əvəzinə,
tarixi həqiqətləri gərçək mənada obyektiv
və ədalətli yaddaşa əsaslanaraq
araşdırmağa, bu anlayışla da dialoqa maraq göstərsəydi,
bu məsələ öz həllini tezliklə tapardı, iki
ölkə arasındakı münasibətlərə də aydınlıq
gətirilərdi. Ermənistanın
bölgədə yeritdiyi siyasət düzgün deyil,
qonşulara qarşı iddialar və ittihamlar irəli sürməklə
dövlətin, xalqın gələcəyini təmin etmək
olmaz. Alman diplomatın ifadələri haqqında bunu
söyləyə bilərəm: öncəliklə, hər
hansı bir tövsiyəsinə ehtiyacımız yoxdur. O ki
qaldı Almaniyanın İrəvandakı səfirinə, buna
ixtiyarı olmadığı halda Türkiyəyə
tövsiyə etməkdənsə, vəzifəsini icra etdiyi
ölkəyə, yəni Ermənistan iqtidarına
işğal etdiyi torpaqlardan çəkilmə
çağırışı etsəydi, məncə daha
faydalı bir iş görmüş olardı. “Türkiyə
üzr istəməlidir” kimi tələblər və Avropa
Birliyində də bu məsələni qabartmaq cəhdləri
əsassızdır, heç bir perspektivə malik deyil.
- Erməni
əsilli Türkiyə vətəndaşı Etyen
Mahçupyanın baş nazirin baş müşaviri təyin
olunması Azərbaycanda müəyyən narahatlıqla
qarşılanıb. Bu barədə nə deyə
bilərsiniz?
- Etyen Mahçupyan baş nazirin müşaviridir, hər
Türkiyə vətəndaşı kimi, qanunlar tərəfindən
tanınan hər cür hüquqlara və öhdəliklərə
malikdir. Bir az əvvəl də söylədiyimi kimi, Azərbaycan
ictimaiyyətinin ölkəmizin rəsmi bəyanat və rəftarlarına
diqqət etməsinin zəruri olduğunu xatırlatmaq istəyirəm.
Cənab baş nazirimizin rəftarı
aydındır və yaxşı bilinir. Özünə
seçdiyi məsləhətçinin bu rəftarı dəyişdirəcəyini
düşünmək yersizdir. Ona görə
də, azərbaycanlı qardaşlarımızın bu
mövzuda narahatlığına bir səbəb görmürəm.
- Dağlıq Qarabağ cəbhəsində baş verənlərdən
yəqin ki, xəbəriniz var. Helikopter hadisəsi gərginliyin
daha da yüksəlməsinə səbəb olub. Azərbaycan tərəfi
həmsədrlərin, eləcə də beynəlxalq ictimaiyyətin
və böyük dövlətlərin münaqişənin
nizamlanmasındakı mövqeyindən razı deyil və
vaxtaşırı tənqidlər səsləndirilir. Türkiyə Qarabağ münaqişəsinin
nizamlanmasının gedişindən razıdırmı?
- Cəbhədə
baş verənləri izləyirik. Ümumiyyətlə,
onu bilmənizi istərdim ki, Türkiyənin diplomatik xidmətlərində
çalışan hər bir şəxsin yaxından izlədiyi
əsas məsələlərdən biri Azərbaycandır.
Kipr problemi kimi, Dağlıq Qarabağ
münaqişəsi də bizim üçün milli məsələdir.
Dağlıq Qarabağ münaqişəni
“donmuş” adlandırmaq olmaz. Nizamlanma
prosesi getdikcə uzanır və bu, heç də Türkiyəni
razı salmır. Lakin cənab prezident Rəcəb
Tayyib Ərdoğan da bəyan edib ki, Türkiyə
münaqişənin dinc yolla, amma Azərbaycanın ərazi
bütövlüyünə hörmət prinsipi əsasında
həll edilməsini istəyir. Azərbaycan
kimi biz də bu münaqişənin sülh yolu ilə həll
edilməsini istəyirik. Azərbaycana
qarşı hər hansı ittiham səsləndirənlər,
güzəşt tələb edənlər torpaqları
işğal olunan tərəfin məhz Azərbaycan
olduğunu unutmamalıdır. Həmsədrlər
gərginlikdən narahatdır, lakin gərginliyin artmasına gətirib
çıxaran səbəblər də var. İlk növbədə
bu səbəblərə baxmaq lazımdır.
- Baş
nazir Əhməd Davudoğlu bu günlərdə “Yeni
Türkiyə” strategiyası ilə bağlı
danışarkən TANAP layihəsinə xüsusilə
toxundu. Bu layihə Avropa və Balkanlar
üçün bu qədər əhəmiyyət kəsb edərkən
ölkənizin Avropa Birliyinə üzvlüyü məsələsində
bir irəliləyişə ümid etmək olarmı?
-
Türkiyə siyasi, iqtisadi və mədəni baxımdan
Avropada başlıca faktorlardan biridir. Tarix
boyunca da belə olub. Belə ki,
Avropanın keçmişini Türkiyə olmadan yaza bilməzsiniz.
Bu qitənin gələcəyini də Türkiyəsiz
təsəvvür etmək mümkün deyil. Bu gün NATO kimi, Avropa Şurası kimi, müasir
Avropanın ən önəmli qurumlarının əksəriyyətinə
üzvük. Bəzilərinin
yaradılmasında da iştirak etmişik. Avropa İttifaqı ilə də, Gömrük
Birliyi başda olmaqla, bir çox sahədə dərin əməkdaşlığımız
mövcuddur. Namizədlik müddətimizin
tam üzvlüklə nəticələnməsi hədəfimiz
olaraq qalmağa davam edir. Belə ki, bu hədəf
son hökumət proqramında da qeyd olunub.
TANAP şübhəsiz böyük bir layihədir. Azərbaycanın
geniş enerji ehtiyatları var və Avropanın enerji təhlükəsizliyinə
töhfə verir. Bundan əvvəl
Bakı-Tiflis-Ceyhan neft kəməri bölgənin
siyasi-iqtisadi həyatına böyük təsir göstərən
bir layihə oldu. TANAP qaz kəməriylə
Azərbaycan və Türkiyənin bu sahədəki töhfəsi
daha da artacaq.
- Bir
müddət əvvəl Türkiyə İŞİD-ə dəstək
verməkdə ittiham olunurdu, lakin indi İŞİD-ə
qarşı mübarizədə Türkiyənin rolu
qabardılır. Bu məsələ ilə
bağlı fikirlərinizi və rəsmi Ankaranın
mövqeyini bölüşərdiniz.
-
Türkiyə tarix boyu bir çox əsassız ittihamlarla
üz-üzə qalıb. Suriyada baş verənlərdə
də Türkiyənin üzərinə günah yıxmaq cəhdləri
aydın görünür. Türkiyənin Suriya məsələsindəki
mövqeyi barədə az əvvəl
danışdım. Biz tamamilə sərhədlərimizi
açmışıq, 1,6 milyon
suriyalıya ölkəmizdə sığınacaq vermişik.
Bütün Kobani əhalisi hazırda Türkiyədədir.
220 min suriyalı qaçqın üçün düşərgələrdə
şərait yaratmışıq ki, buna da 4,5
milyard dollar vəsait xərcləmişik. Bütün
bunlardan sonra Türkiyəni nədəsə ittiham etmək əsassızdır.
Türkiyə həmişə terrorla mübarizədə
qabaqcıl yer tutub. Əgər Suriyaya gedən döyüşçülər
normal qaydada, sənəd göstərməklə Türkiyədən
keçibsə, biz onlara necə mane ola bilərdik?
Sizə əminliklə deyə bilərəm ki,
bizə xarici dövlətlər tərəfindən hər
hansı müraciət olunduqda, hər hansı ad verildikdə,
dərhal tədbir görürük. Görünür
ki, hansısa tərəf öz fəaliyyətsizliyinin
günahını Türkiyədə axtarmağa
çalışır.
- Azərbaycanla
yüksək səviyyəli hərbi dialoq çərçivəsində
növbəti görüşün tarixini və prioritet məsələləri
bilmək istərdik.
- Son zamanlar müdafiə sahəsində dövlətlərimiz arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb. Türkiyə və Azərbaycanın yüksək rütbəli hərbçilərinin qarşılıqlı səfərləri artıb, bizim müdafiə nazirimiz bir dəfə Naxçıvana olmaqla, bu il Azərbaycana 3 dəfə səfər edib. Azərbaycan öz ordusunu davamlı gücləndirmək, NATO standartlarına yiyələnmək istəyir. Bu istiqamətdə Türkiyə də əlindən gələn köməyi göstərməyə hazırdır. Dekabrın ortalarında Azərbaycanla yüksək səviyyəli hərbi dialoqun növbəti toplantısı olacaq. Bu tədbir çərçivəsində önəmli məsələlərin müzakirəsi gözlənilir.
525-ci qəzet.-
2014.- 28 noyabr.- S.4.