Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu

 

MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ TƏƏSSÜRATLAR

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan mədəniyyətinin çoxəsrlik, qədim mədəniyyətlər sırasında müstəsna yeri var. Burada mühüm yerlərdən birini isə, zəngin və orijinal musiqi sənəti tutur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsus ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Musiqimizin tarixi çox qədimlərə gedib çıxır.  Qədim zamanlardan Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar musiqi tariximizin qədimliyinə sübutdur. Azərbaycanda musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək təkmilləşib, əhatə dairəsi genişlənib, yeni-yeni janrlar mənimsənilərək zənginləşib.

Ölkəmizdə musiqi tariximiz ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğı ilə məşğul olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fəaliyyət göstərir.  Muzey 1967-ci ildə yaranıb. İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R.Behbudov 7 ünvanına köçürülüb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olanı böyük musiqiçi, dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Muzeyin təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilib. Geniş tamaşaçı kütləsi üçün muzey 1994-cü il sentyabrın 18-də qapılarını açıb. Hal-hazırda muzeyin mudiri Rza Bayramovdur.

Maestro Niyazi (20.08.1912- 02. 08.1984) bu mənzildə (Bülbül pr. 21, mən. 24) 1958-ci ildən ömrünün sonunadək yaşayıb–yaradıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılır. Digər 2 otaq – ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto–şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanan və muzey tərəfindən əldə olunan rəngkarlıq əsərləri nümayiş etdirilir. Niyazi muzeyində hal-hazırda: 120 ədəd Niyazinin not əlyazmaları; 2746 ədəd foto-şəkillər; 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar; 279 ədəd qramvallar; 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanmaqdadır.  Bunlardan 1500-ə yaxın material Niyazinin mənzil muzeyində nümayiş olunur.  Bu mənzildə mütəmadi olaraq Niyazinin həyat və yaradıcılığına həsr olunan tədbirlər-xatirə gecələri, konfranslar və konsertlər təşkil olunur. Bundan əlavə respublikamızın musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunan müxtəlif tədbirlər də burada keçirilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq materiallar saxlanılır.

Vaqif Mustafazadənin mənzil muzeyi. 28 iyul 1989-cu ildə Vaqif Mustafazadənin xatirə muzeyi yaradılıb. 1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. 1989-1997-ci illər ərzində V. Mustafazadə muzeyinin müdiri onun anası Zivər Ağasəf qızı Əliyeva olub. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunlar V. Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada V.Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Hal-hazırda muzeyin müdiri V. Mustafazadənin dayısı qızı Afaq Əliyevadır. Afaq Əliyeva eyni zamanda V. Mustafazadə adına mədəniyyət-xeyriyyə fondunun təşkilatçısı və rəhbəridir.

Ümummilli lider Heydər Əliyevin qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, muzeyin nəzdində 1996-cı ildən Qədim Musiqi Alətləri Ansamblı da fəaliyyət göstərir. Ansamblda 15 nəfər musiqiçi fəaliyyət göstərir. Ansamblın yaradıcısı mərhum sənətkar, Xalq artisti Məcnun Kərimov olub. Qeyd etmək lazımdır ki, Qədim Musiqi Alətləri Ansamblı həm respublikada həm də xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları bir çox beynəlxalq tədbirlərdə, seminarlarda ölkəmizi layiqincə təmsil ediblər. 2010-cu il  aprelin 7-də Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva və Rusiya Federasiyasındakı Azərbaycan səfirliyinin iştirakı ilə M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyində “YUNESKO inciləri Moskvada: “Azərbaycan muğamı” adlı tədbir keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Müqaviləni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən muzeyin direktoru Alla Bayramova və M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin direktoru Mixail Arkadyeviç Brızqalov imzalayıblar. 2011-ci ildə M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin təşəbbüsü ilə Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyası yaradılıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M. İ. Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyi və Sankt-Peterburq Dövlət Teatr və Musiqi Muzeyi arasında birgə mədəni əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Hər üç muzey Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasına təsisçi qismində daxil olublar.

2013-cü il 9-19 mart tarixlərində Bakı şəhərində “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilib. III Beynəlxalq “Muğam Aləmi” elmi simpoziumunun 14 mart 2013-cü il tarixli işində muzeyin direktoru Alla Bayramova “Milli musiqi alətləri: mətn və ikonoqrafiyanın düzgün oxunuşu haqqında” mövzusunda, muzeyin Qədim Musiqi Alətləri Anasamblının artist-ifaçısı Təranə Əliyeva “Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti” adlı məruzələr ilə çıxış ediblər.

Muzeydə həmçinin, elmi-maarif işi aparılır. Muzeydə və onun filiallarında mütəmadi olaraq tədbirlər keçirilir və sərgilər təşkil olunur. Muzeyin təşkil etdiyi elmi-kütləvi tədbirlər sırasında Klassik Muziqi Həvəskarları Klubunun işini xüsusi qeyd etmək lazımdır. 2008-ci ildən muzeydə Klassik Musiqi həvəskarları Klubu fəaliyyətə başlayıb. Əsas məqsəd klubun iştirakçılarını klassik musiqi sahəsində maarifləndirməkdir. Klubun tədbirləri ənənəvi olaraq maestro Niyazinin musiqi ocağı olan onun mənzil muzeyində keçirilir. Klassik Musiqi Həvəskarları Klubunun fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi 70-dən çox tədbir keçirilib.

Əbəs yerə deməyiblər ki, musiqi ruha qidadır. Bir də deyirlər ki, gözəllik dünyanı xilas edəcək. Amma bura əlavə etmək olar ki, dünyanı gözəllik və həyat üçün incəsənət xilas edəcək. Bu yolda rəssamların, şairlərin, yazıçıların və musiqiçilərin əməyi böyükdür. Musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdilər. Kiminsə kefini qaldıracaq, kimdəsə isə sakitlik, həzinlik...ən əsası budur ki, burda insan sakitləşəcək və hisslər də harmoniya təşkil edəcək. Bütün dünyanı və ürəkləri fəth edən musiqiçilərin əsərləri bu gün sağlamlığımız üçün də xeyirli bir vasitədir. Və bu da həmin şəxsiyyətlərin dahiliyini bir daha sübut etmiş olur. Musiqinin insanda necə təəssüratlar yaratdığını və insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir. Amma biz özümüz də bunun şahidi ola bilərik. Məgər biz hansısa bir musiqini dinlədiyimiz vaxt hansısa bir hiss keçirmirikmi? Musiqi həqiqətən də canlı orqanizm üstündə güclü təsirə malikdir. Sevimli musiqi ürəyi sağlam saxlayır. Biz də çalışaq, belə dəyərli musiqilərimizi mütəmadi dinləyərək qoruyaq və sağlam olaq – sözün həm fiziki, həm də mənəvi mənasında.

Samirə QULİYEVA

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.30.