Elçin İsgəndərzadənin həyat və sənət yolu

 

 

Yaxşı deyiblər ki, kitab oxumayanlar üçün hələ kitab yazılmayıbdır. Onlar üçün nə yazsan, nədən yazsan, necə yazsan oxumayacaqlar. Oxuyanlar üçün saysız-hesabsız kitablar yazılmışdır. Onları bütün ömrün boyu oxusan da, qurtarmır, bitmir. Bu kitab da oxuyanlar üçün yazılmış kitabdır. Kitabı sevən, ona qəlbən bağlı olan, kitabdan öyrənmək istəyində olanlar bu kitabdan şair, publisist, tərcüməçi, nasir, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin həyat və sənət yolunu – bir daha kimliyini öyrənəcəklər. Öyrənmək hər zaman lazımdır. Belələri kamilləşir, müdrikləşir, ətrafdakıların, geniş mənada cəmiyyətin gözündə böyüyürlər.

Yazılan kitabların mövzuları elə-belə seçilmir. Mövzunun özü seçildiyindən, fərqləndiyindən həmin mövzu istənilən bir kitabın obyektinə çevrilir. Elm adamlarından, şairlərdən, yazıçılardan, tərcüməçilərdən, publisistlərdən, naşirlərdən bir sözlə, ziyalılardan yazılan kitablar da belədir. Hər ziyalıdan kitab yazılmır, hər ziyalı kitabın mövzusuna, obyektinə çevrilə bilmir. Bu mənada kitab mövzusu, kitab obyekti olmaq haqqını qazanmışlardan biri də Elçin İsgəndərzadədir. Filologiya üzrə elmlər doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin bu kitabının obyekti, mövzusu Elçin İsgəndərzadədir. Elçin İsgəndərzadənin həyat və fəaliyyəti çoxsahəli və çoxşaxəlidir. Ancaq bu kitabda ondan texnika elmləri doktoru, professor, çoxlu elmi əsərlərin və kəşflərin müəllifi kimi deyil, şair kimi bəhs olunur. Onun alın taleyi, alın yazısı olan şairliyindən söhbət açılır. Kitabdakı başlıqlar altında Elçin İsgəndərzadə poeziyasının imkanları çərçivəsində onun lirik “mən” i açılır, bir növ poeziyadakı taleyi, bəlkə də həyat yolu, keçdiyi yaradıcılıq mərhələləri təhlil olunur. Oxucuya 50 yaşlı Elçin İsgəndərzadənin çağdaş poeziyamızdakı mövqeyi təqdim olunur. Təqdim olunur deyirəm, ona görə ki, istənilən bir poetik nümunəni və onun müəllifini təqdim etmək vacib şərtdir. Yəni təqdimatdan çox şey asılıdır. Belə ki, hər bir poetik nümunə də, onun müəllifi də haqqı çatan səviyyədə təqdim olunmalıdır. Bu mənada Elçin İsgəndərzadə haqqı çatan səviyyədə təqdim olunur. Buna həm də bir ədəbiyyatşünas – tənqidçi kimi Vaqif Yusiflinin qabiliyyəti imkan verir. O, kitabda elə məqamları qabardır, aktuallaşdırır ki, həmin məqamlar Elçin İsgəndərzadənin şairliyini və poeziyasının özünəməxsusluğunu səciyyələndirə bilir.

Kitabda “Üçüncü görüş” başlığı altında Vaqif Yusifli qeyd edir ki, Elçin İsgəndərzadənin birinci kitabından (“Yaşamaq dərsi”) deyil, üçüncü kitabından başlamaq istəyirəm. Ona görə ki, Elçinin üçüncü kitabı onun “Ədəbiyyata inamlı addımlarla gəlişindən xəbər verdi”. Belə ki, Xalq şairi Məmməd Araz onun kitabına “İstedaddan xəbər verən misraların işığı” adlı bir müqəddimə yazdı. Vaqif Yusifli həmin müqəddiməni öz kitabının “böyük epiqrafı” hesab edərək olduğu kimi verir. Oxucu bunu oxuduqda Məmməd Arazın hissiyyatını, qədirbilənliyini, gəncliyə diqqət və qayğı ilə yanaşdığını, ən başlıcası Elçin haqqında ilk xeyir-duanı verdiyini, dəyərli söz dediyinin şahidi olacaqdır. Təkcə bumu? Yox! Həm də Elçin İsgəndərzadənin çağdaş poeziyamızdakı qiymətini verir. Bu qiymətə Elçin İsgəndərzadənin poetik ilham mayasının Allah vergisi olması, sözün qədir-qiymətini bildiyi, poetik istedadının cilalandığı, qələminin bütövləndiyi, etimadı doğrultduğu, Vətənə, torpağa bağlılıq, şeirlərindəki nikbin və kədərli notların ürək çırpıntılarından, ürək yanğısından yaranması və s. daxildir. Vaqif Yusifli çox haqlı olaraq yazır ki, Elçin İsgəndərzadənin əsasən 90-cı illərdə yazdığı şeirlər onun poetik axtarışlarının səmərəli olduğundan, poetik səmtinin düzgün müəyyənləşməsindən xəbər verir. Elçin İsgəndərzadənin “Qələmim, əlim, ürəyim”, “Qaçqınım”, “Ağlayır uşaq”, “Bənövşən baş qaldıracaq”, “Ömrümdən səkkiz il”, “Yollara”, “Möcüzəymiş, möcüzə”, “Ana”, “Qayıtmaz, ana” və s. şeirləri vasitəsilə Vaqif Yusifli onun “Müqəddəs görüş” kitabının bütün poetik aləmini açır. Bununla da Elçin İsgəndərzadənin lirik “mən” i barədə konkret fikirlər söyləyir. Onun şeirlərində həqiqətə bağlılığı, insanın arzu və diləklə yaşamasını, hədəfi düzgün vurmasını, məhəbbətin qüdrətini, müqəddəsliyini, ülviliyini tərənnüm etməsini, yaşamağa və sevməyə inamla yanaşmasını və s. məsələləri əsas motivlər kimi xarakterizə edir.

Kitabda “Pəncərə möcüzəsi” başlığı altında Elçin İsgəndərzadənin yaradıcılığındakı “pəncərə möcüzəsi” açılır. O “Pəncərə möcüzəsi” ki şair həyata, dünyaya cəmiyyətə, insanlara öz pəncərəsindən boylanır. Aydın olur ki, Elçin İsgəndərzadənin şeirlərinin bir qismi “Pəncərə möcüzəsi”ndə toplanmışdır. Buradakı şeirləri vətənpərvərlik və romantik duyğulardan qanadlanır. Və sərbəst vəzndə yazılmış şeirlərlə yanaşı, heca vəznində yazılmış qoşmalar, gəraylılar forma müxtəlifliyi kimi “Pəncərə möcüzəsi”ni bəzəyir.

Vaqif Yusifli “Pəncərə möcüzəsi” başlığı altında Elçin İsgəndərzadənin “Pəncərə möcüzəsi” kitabında toplanmış şeirlərini səciyyələndirir. “Vətən türküsü”, “Savaş türküsü”, “Didərgin nəğməsi”, “Qəbirlə çiçək arısı”, “Qürbət havası” və s. şeirlərdə məna və məzmun dolğunluğu, obraz yaratmaq və bədii təzadlardan istifadə qabiliyyəti, gerçək aləmə münasibətdə mövqe aydınlığı – bütün bunların hamısı Elçin İsgəndərzadənin Vaqif Yusifli qeyd etdiyi kimi: “...bir şair kimi böyük poeziya meydanında ilk imtahanı oldu və bu imtahandan o, alnıaçıq, üzüağ çıxdı”.

Vaqif Yusifli kitabdakı başlıqları məntiqi və inandırıcı seçir. Məsələn, “Dönüş” başlığı. Burada Elçin İsgəndərzadənin keçən əsrin 90-cı illərindən sonra yaradıcılığında yeni bir mərhələnin – dönüş mərhələsinin yaranması əsas götürülür. Onun yaradıcılığındakı dönüş mərhələsinin poetik səviyyəsi, poetik keyfiyyətləri üzə çıxarılır. Əlbəttə Vaqif Yusiflinin bu cür yanaşma tərzi Elçin İsgəndərzadənin poeziyasının yeniliklərini, orijinal cəhətlərini bir daha ümumiləşmiş şəkildə oxucuya çatdırır. Bunlar nələrdir? Məsələn, mövzunu şeirlərində dolğun ifadə etmək qabiliyyəti, sözə, ifadəyə dirilik, poetik dirilik vermək qabiliyyəti, yəni poetik obrazlarla düşünmək qabiliyyəti. Bu, gəlişi gözəl olan fikir deyil. Faktlara söykənən fikirdir. Belə ki, Vaqif Yusifli Elçin İsgəndərzadənin 23 türkü yazmasını (“Ürəyimin sevda türküləri”, “Yağmur türküsü”, “Bənövşə türküsü”, “Qürbət türküsü”, “Ölüm türküsü”, “Vətən türküsü” və s.) və bu türklərin hər birinin öz məzmunu olmasını Rəsul Rzanın “Rənglər” silsiləsi ilə müqayisə edir. Belə bir qənaətə gəlir ki, Rəsul Rzanın “Rənglər” silsiləsi bu türkülərin yaranmasında öz təsirini göstərir. Vaqif Yusifli yazır: “Doğrudur, Rəsul Rza öz silsiləsində rənglərin fəlsəfəsini açır. Elçin İsgəndərzadə isə hər bir söz açdığı əşyanın, yaxud sözün onun qəlbində oyatdığı təəssüratları ifadə edir. Rəsul Rzanın silsiləsi ilə “Türküləri” birləşdirən də assosiasiyaya meyldir”.

Vaqif Yusifli Elçin İsgəndərzadənin yaradıcılığında dönüş mərhələsinin bir cəhətini də sözlərin, ifadələrin yaratdığı bədii təsvir vasitələri, söz ehtiyatının zənginləşməsi ilə bağlayır. Doğrudan da, əsl şair sözlərin, ifadələrin bədii, poetik imkanlarını üzə çıxarmağı, eyni zamanda gerçəkliyi əks etdirən sözlərdən yerində, məqamında düzgün istifadə etməyi bacarmalıdır. Açığı qeyd edək ki, Elçin İsgəndərzadənin yaradıcılığından verilmiş bu qəbildən olan bədii  təsvir vasitələri qəlbə yol tapandır: “bəyaz mələyin gecə duası”, “alça çiçəkli gecə”, “qürbət hücrəsi”, “bir bulud hüzn”, “bir yarpaq nisgil”, “ayrılıq çiçəkləri”, “bəyaz dua”, “qara rüzgar” və s. Bir sözlə, “Elçin İsgəndərzadə sözü, ifadəni yerində məqamında işlədən şairdir”. Bu fikrini əsaslandıran Vaqif Yusifli Elçin İsgəndərzadə yaradıcılığında dönüş mərhələsinin digər özəlliklərini də oxucuya çatdırır. Sərbəst şeirin gözəl nümunələrini yarada bilməsini, silsilə poemalarında aşıb-daşan poetik istedadının gücü, tərcüməçi kimi fəaliyyəti.

İstənilən bir yaradıcı adamın yaradıcılığındakı dönüş mərhələsinin özəlliklərini xarakterizə etmək üçün onun yaradıcılığını dərindən tədqiq etmək, öyrənmək lazımdır. Bu işin öhdəsindən necə gəlməyin səviyyəsi barədə öz sözünü mütəxəssislər, geniş mənada oxucular deyə bilər. Qətiyyətlə demək olar ki, Vaqif Yusifli də qarşıya qoyduğu məqsədə nail olub, cəfakeşlik tələb edən bu işin öhdəsindən gəlib.

Kitabda “Qürbət hücrəsində” Elçin İsgəndərzadənin xarici ölkələrdəki beynəlxalq elmi konfranslarda, simpoziumlarda, ədəbi – mədəni tədbirlərdə, tanınmış ictimai-siyasi xadimlər və sənət adamları ilə görüşlərində göstərdiyi fəaliyyət öz əksini tapır. Onun dünyanın 75 ölkəsindəki fəaliyyəti Azərbaycan ziyalısının təəssübkeşliyi üzərində qurulub.

Vaqif Yusifli Elçin İsgəndərzadənin uzaq-uzaq ölkələrdəki fəaliyyətini – daha çox bir şair kimi fəaliyyətini sözün həqiqi mənasında yaxşı xarakterizə edir. Xarici ölkələrdə də onun şair narahatlığını və narahatlıqdan doğan hissləri, hisslərin, məhz təmiz hisslərin nəticəsi olan poetik nümunələri konkret şeirlər əsasında izah edir. “Məmləkət”, “Vaqif Səmədoğluna” şeirləri, “Bu qala bizim qala” poemaları bu qəbildəndir.

Vaqif Yusifli kitabda “Məmməd Araz qayası” adlı bir başlıqda Məmməd Arazın poeziyasındakı silinməz misraları, unudulmaz misraları böyük hörmət və ehtiramla əks etdirir. Əslində bu böyük sənətkarın poeziyasındakı qəliblənmiş misraların verilməsini təsadüfi saymaq olmaz ki, Məmməd Arazın XX əsr Azərbaycan poeziyasının korifeylərindən biri olması işin bir tərəfi, ikinci tərəfi isə onun Elçin İsgəndərzadəyə xeyir-dua verməsidir, ona vaxtında uğurlu yol diləməsidir. Elçin İsgəndərzadə poeziyası həm də daha çox Məmməd Arazın bu misralarından su içir, enerji alır, güc tapır: “Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər”, “Səndən ötən mənə dəydi, Məndən ötən sənə dəydi. Məndən, səndən ötən zərbə, Vətən, Vətən, sənə dəydi”, “Ayağa dur, Azərbaycan!”, “Gedir yal davası, sümük davası...”, “Bu get-gəllər bazarına dəvədi dünya...”, “Dağlara qar düşdü, elə qəmginəm...”  və s. Kitabda Elçin İsgəndərzadə həm də bir sevda şairi kimi dəyərləndirilir. “Sevda şairi” başlığında onun eşq, məhəbbət haqqında olan poetik duyğuları real bədii detallarla izah olunur. “Eşq” poemasından gətirilən nümunələr, inanırıq ki, oxucuda eşq haqqında böyük təəssürat yaradacaq.

Kitabda Elçin İsgəndərzadə haqqında deyilənlər də özünə yer alır. “Elçin İsgəndərzadə haqqında deyilən fikirlərdən, yazılan məqalələrdən sətirlər” başlığı altında türk dünyasının çox dəyərli aydınlarının, qələm adamlarının fikirlərini oxuyuruq. Bunların hər biri dəyərli fikirlər kimi Elçin İsgəndərzadəni bir şair kimi xarakterizə edir, fərdi keyfiyyətlərini üzə çıxarır. Məsələn, Çingiz Aytmatovun, Bəxtiyar Vahabzadənin, Anarın, Rauf Dektaşın, İhsan Doğramaçının, Muxtar Şahanovun, Əlibala Hacızadənin, Şahmar Əkbərzadənin, Arif Əmrahoğlunun, Çingiz Əlioğlunun, Nizami Cəfərovun, Mevlut Kaplanın və digərlərinin fikirləri Elçin İsgəndərzadənin poeziyasının qapısını döyür, içəri daxil olur, xoş sözlərini deyir.

Vaqif Yusifli kitabda “Elçin İsgəndərzadə ilə baş-başa, göz-gözə” başlığı altında şəxsən özünün onunla apardığı müsahibəni – söhbəti verir. Bu da oxucu üçün maraqlıdır. Maraqlıdır, ona görə ki, burada Elçin İsgəndərzadənin həyat yolu, şeirə, sənətə bağlılığı, görkəmli şairlər barədə fikirləri, “VEKTOR” – Nəşrlər Evini necə təsis etməsi və s. məsələlər verilir.

Kitabın sonunda – “Elçin İsgəndərzadə haqqında daha iki məqalə” başlığı altında Vaqif Yusiflinin “Pəncərə möcüzəsi, şeirin sirri – sehri” və “Bu, Elçin İsgəndərzadədir...” məqalələri bir daha Elçin İsgəndərzadənin şair kimi xidmətlərindən, poeziyasının imkan və özəlliklərindən danışılır.

İnanırıq ki, “Elçin İsgəndərzadə – 50” kitabı oxucuların qəlbini isidən, duyğu və düşüncələrini təmizləyən, ovqatlarını xoşhal edən kitablar cərgəsində olacaq.

Əziz dostum Elçin İsgəndərzadəyə isə “əlli yaş ömrün ekvator xəttidir” deyənlərin fikrinə şərik olmaqla yeni – yeni yaradıcılıq uğurları, cansağlığı arzulayıram.

 

Buludxan Xəlilov

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.29.