Müharibə və
onun nəticələrinə təsir edən amillər
Müharibə,
bəzi dahilər tərəfindən insan təbiətinə
yad olan bir xüsusiyyət kimi qiymətləndirilsə də,
bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və
dəhşətlərinə görə əsrlər boyu
arası kəsilməyən tək görünməklə,
çox hallarda onun mahiyyətini düzgün dərk edənlərə
utanclıq bəxş etdiyi halda, dünyanın salnaməsində
bir qırmızı xətt təsiri
bağışlayır. Tarixdə müharibəni
özünə həyat tərzi kimi qəbul etmiş xalqlar
da olmuşdur. Qədim spartalılar döyüşmək
üçün yaşayır, həyatın mənasını
öz militarist ideyalarına haqq qazandırmaqda və alay tipli cəmiyyətlərini şərəfləndirməkdə
görürdülər. Bizim eradan əvvəl
VII əsrə qədər onlar artıq militarist dövlətlərini
yaratmışdılar. Spartalılar yeddi
yaşından ağrıya dözmək və
döyüşdə qalib gəlmək ruhunda tərbiyə
olunmaq və hərbi məşqlər keçmək
üçün baraklarda yaşayır, iyirmi yaşında isə
nizami hərbi xidmət üçün ordu sıralarına
daxil olurdular. Spartalı vuruşmaqdan başqa heç nə
bilmirdi..Ərzağı spartalılar
üçün əsir helotlar istehsal edirdilər.
Döyüşdə ölmək spartalı üçün
şərəf işi idi, hətta analar da öz
oğullarının döyüşdə ölmələrini
arzu edirdilər/ Başqaları Sparta kimi militarist dövlət
olmfsalar da,
müharibə allahına sitayişdə heç də
geridə qalmırdılar. Qədim Romanın görkəmli tədqiqatçısı
Tit Livi ( b. e. ə. 59 – b.e. 17 – ci illəri )yazırdı
ki, Roma öz qonşuları ilə
demək olar ki, arası kəsilməyən müharibələrlə
məşğul olurdu. Böyük Karl – Şarleman ( 742 – 814 –cü illər ) ömrü boyu əlli
dörd hərbi kampaniya aparmışdı. Bir
çox hökmdarlar saysız – hesabsız müharibələr
aparmaları ilə öyünsələr də, nəticədə
öz dövlətlərini iflas vəziyyətinə, əhalini
isə aclıqla üzləşməyə gətirib
çıxarmışdılar.
Tarixi və
təkamülü özü ilə səhvlər və fəlakətlər
cədvəlinə çevirməklə müharibə, elə
bil ki, hansısa bir genetik səhvin nəticəsi kimi nəzərə
çarpır. Bu səhv, genetik kodda baş verdiyi şəkildə
görünməklə, hətta belə sirli səbəbindən
asılı olmayaraq bəşəriyyətə dəhşətli
bəlalar “bəxş
edir”.
Müharibə əslində bəşəriyyətin
özünü intihar etmək cəhdidir/ Təsadüfi
deyildir ki, filosoflar müharibəni, bəşəriyyət
üçün heç bir dəyəri olmayan səfeh
mübahbsələrdə insan həyatının və
resurslarının ağılsızcasına israf edilməsi
kimi məhkum edirdilər. Bəzi müharibələr isə
“binövrədən mənasız münaqişə”
adlandırılırdı, məsələn, tarixçilər
Otuz illik müharibəni ( 1618- 1648 –ci illər
) belə qiymətləndirirdilər..Qanlı savaşın
eybəcərliyini rus rəssamı Vasili Vereşşagin
özünün “Müharibənin
apofeozu “ tablosunda, quru, günəşin
yandırdığı çöldə insan kəllələrindən
düzələn və üstündə qarğaların yem
axtarmaq üçün uçduğu iri piramida şəklində
təsvir edir. Əsər obrazlı şəkildə
müharibənin dəhşətlərini, saysız –
hesabsız qurbanlarını göz önünə gətirir.
Axı qızğın döyüşlərdə
də məsafə çox vaxt əsl ölçü vahidi əvəzinə
meyitlərin sayı ilə ölçülür.
Müharibəyə can atanlar, qan tökməyə susayanlar adətən,
bunu bir peşəyə, sənətə çevirmək istəyir,
özləri üçün ləyaqətli həyat tərzi
kimi qəbul etməklə, döyüşü bir həzz mənbəyi
hesab edirlər. Hələ Birinci Dünya müharibəsinə
yollanan almanlara bu şərəfli bir macəra kimi gəlirdi,
həmin və ondan sonrakı macəranın onlara hansı
“şərəf “ gətirdiyi isə
yaxşı məlumdur.
Müharibə
qan axıdılmasına, böyük həcmdə insan həyatı
itkilərinə, bütöv bir nəslin gəncliyinin ot kimi
biçilməsinə, şəhərlərin və kəndlərin
viran qalmasına, uşaqların xeyli hissəsinin yetimlik
acıları ilə üzləşməsinə səbəb olmaqla, qəribə də
görünsə, həm də yer üzündəki həyatın
təkamülündə böyük rol oynayan bir amilə
çevrilmişdir. Heç də sirr deyildir
ki, bütün böyük dövlətlər bol qan
hopmuş bünövrə üzərində
dayanmışlar. Müharibənin digər bir
xüsusiyyəti də ondadır ki, hücuma, torpaqları
işğala məruz qalmış xalq daha möhkəm birləşir,
həqiqi vətənpərvərlik hissini daşıyan
ayrı-ayrı fərdlər, qum sement vasitəsilə betona
çevrildiyi kimi, təhlükə anında başqaları
ilə çuğlaşıb vahid müqavimət qüvvəsini
nümayiş etdirən bir sotsium kimi çıxış
edir. Bu ölkənin torpaqlarında, elə bil ki, qədim
yunan mifologiyasındakı olduğu kimi, necə ki, Finikiya
şahzadəsi Kadmın səpdiyi əjdaha dişlərindən
torpaqdan döyüşçülər
çıxırdısa, ədalətli qisası reallaşdıra
bilən, Vətən yolunda hər cür fədakarlığa
hazır olan mərd oğullar ordusu meydana gəlir.
Əlbəttə, müharibə heç də
hansısa bir ağıldankəm adamın icadı deyildir. İlk dəfə
müəyyən şəraitdə, özü də zərurət
ucbatından meydana gəlmişdir. İbtidai insan icması
qida tapmaq sahəsində çətinlik çəkən
başqa qrupun həmlələrindən qorunmaq
üçün vuruşmağa başlamış, sonralar
mühafizə məqsədilə daha böyük icma kimi şəhərləri
yaratmış, əmək bölgüsünə
keçmiş və silah istehsalını da öz məşğuliyyətlərindən
birinə çevirmişdir.
Tarixən toqquşmalar daha geniş miqyas alanda
döyüşən qüvvələrin böyüməsinə
tələbat artmış, silah istehsalı genişlənmişdir. Sonralar
işğallar mühüm vəzifəyə çevrildiyindən
nizami ordu meydana gəlmişdir. Tədricən
ordu öz funksiyasından əlavə digər xüsusiyyətlərə
malik oldu, siyasi gücün ondan asılı olması
dövrü başlandı. B.e ə. 82-ci ildə Roma sərkərdəsi
Sulla bunu hiss edib, ordusu ilə Romaya girdi, Senat qorxu altında
ona diktator səlahiyyətləri verdi və
şəhərdə görünməmiş terror
başladı. Ordudan siyasi hakimiyyətə yiyələnmək
sahəsindəki Sulla ənənəsini Pompey və Sezar davam
etdirdi, Sezar özünü hətta ömürlük diktator
elan etdirdi.
Lakin ordunun əsas vəzifəsi ərazilər
işğal etmək, yeni imperiyalar yaratmaq idi. Buna haqq
qazandırmaq üçün səbəblər, daha çox
hallarda isə bəhanələr tapılırdı. Bəziləri isə bunu dövlətin
başlıca vəzifəsi kimi qələmə verirdi.
Prussiya kralı Böyük Fridrix ( 1712-
1786- cı illər ) işğal siyasətini əsaslandırmaq
üçün demişdi: “ Hökumətlərin fundamental
rolu öz ərazilərini genişləndirmək prinsipidir. “
İri nizami orduların inkişafı isə
ona gətirib çıxarırdı ki, zamandan zamana siyasi
mübahisələr diplomatiyadan daha çox silahlı
münqişə vasitəsi ilə həll edilməli olurdu.
Lakin ordunun tələbatına qayğı həç
də onun mövcudluğunun vacibliyi kimi xüsusi diqqətdə
olmurdu. Qədim dövrlərdə silahlar çox ləng
qaydada təkmilləşir, mürəkkəbləşirdi.
Tarixçilərin gümanına görə, qədim
Romada yeddi əsr ərzində, ordunun istifadə etdiyi silah
növlərində, demək olar ki, elə bir dəyişiklik
meydana gəlməmişdi, yalnız qılıncın və
nizələrin uzunluğu və ya qalxanın formaları dəyişirdi.
Silahlar köhnə dəbdə qalsa da, hərbi ustalıq
xeyli böyümüşdü, hərb sahəsində sərkərdəlik
qabiliyyəti ilə
seçilən dühalar mövcud dünyanın
sifətini dəyişmək kimi nəhəng bir işə girişmişdilər.
Bunu onların apardıqları müharibələr
aydın şəkildə göstərir.
Tarixin
böyük sərkərdələri
Troya
müharibəsindən doqquz əsr sonra makedoniyalı Aleksandr
ilk dəfə Avropadan Asiyaya keçməklə, əslində
Homerin “İliada”sından pərəstiş etdiyi mifik qəhrəmanların
da iştirak etdiyi, Aqamemnonun başçılıgı
altında baş verən yunanların
yürüşünü daha geniş miqyasda təkrar
etmişdi. O, artıq bir şəhər-dövləti deyil,
Persiya kimi böyük və qüdrətli imperiyanı məğlubiyyətə
uğradaraq məhv etmiş, üç qitənin ərazisində
öz nəhəng imperiyasını yaratmışdı. Epir sərkərdəsi Pirr İtaliya ərazisində
Roma üzərində iki mühüm qələbə
çalmışdı. Böyük
Aleksandrın işğalları həm də çox sayda
yeni şəhərlərin salınması ilə də
müşayiət olunmuşdur. Karfagenin məşhur hərb
xadimi Hannibal II Puniya müharibəsində İtaliya ərazisindəki
Kann döyüşündə (bizim eradan əvvəl
216-cı il) Romanın 70 minlik ordusunu
özünün tərkibi sayca az qala iki dəfə az olan və
Alp dağlarını aşıb keçmiş qoşunu ilə
məhv etmiş, antik dövrün dünya dövlətinə
çevriləcək bir ölkənin paytaxtının
qapısında dayanaraq, onu zəbt olunmaq təhlükəsi
qarşısında qoymuşdu. Yaxud, Roma sərkərdəsi
Qay Yuli Sezar Qalliya müharibəsindəki Aleziya
döyüşündə (b.e.ə. 52-ci il)
qiyam qaldırmış qalların sayca dəfələrlə
böyük olan qüvvəsini darmadağın edərək,
onların başçısı Vestinqetoriksi əsir
götürmüşdü. Ölkəsində vətəndaş
müharibəsinin başlanmasına bais olduqdan sonra, onun
qorxusundan Yunanıstana qaçmış, triumviratdakı
keçmiş müttəfiqi Qney Pompeyi Farsala
döyüşündə (b.e.ə. 48-ci il)
məğlubiyyətə uğratmış, yenə
qaçmağa üz tutan rəqibini təqib etmək
üçün Misirə gələrək, orada
Kleopatranı taxt-taca oturtmuşdu. Vaxtilə Böyük
Aleksandr öləndə olduğu yaşda olan Sezar
özünün hələ heç nəyə nail
olmadığından kədərləndiyi halda, sonralar ilk dəfə
yürüşlə materikdən Britaniyaya adlamış,
Avropanın mərkəzi hissəsini işğal etməyə
müvəffəq olmuşdu.
VIII əsrin axırıncı rübündə və IX əvvəllərində Böyük Karl – Şarleman Avropada böyük əraziləri zəbt etməklə, 800-ci ildə Roma Papasının əlindən imperator tacını qəbul etmiş, Qərbin timsalında köhnə Roma imperiyasını bərpa etmişdi. Bəziləri ən qüdrətli xristian hökmdarı kimi Böyük Karlın yaratdığı imperiyanı “Avropa səltənəti “ adlandırırdı. Bu imperiya şimalda Şimal dənizindən, cənubda İtaliyanın cənubuna qədər, Avropanın qərbində Fransadan, mərkəzi Avropadakı Vyanaya qədər uzanırdı. Ona görə də Böyük Karlın imperiyası, yalnız Aralıq dənizi dünyasının çox hissəsini tutan Roma imperiyasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Şarlemanın taclanması heç də Roma imperiyasının yenidən doğulması, intibahı əlaməti olmayıb, əslində yeni Avropa sivilizasiyasının meydana gəlməsi idi. Yəqin buna görədir ki, bəzi tarixçilər Şarlemanın işğal siyasətini bütünlüklə nəzərə almadan onu “ Avropanın atası “ adlandırırlar.
Böyük fransız sərkərdəsi Napoleon Avropanı bütünlüklə müharibə səhnəsinə çevirməklə, qitəni öz hökmranlığı altında birləşdirməyə cəhd etmişdi. Rusiyaya yürüşünün dəhşətli uğursuzluğu onun taleyində bədbəxt dönüş nöqtəsinin meydana gəlməsinə səbəb olmuş, 1815-ci ilin iyununda Vaterloodakı məğlubiyyəti isə özünün artıq ikinci dəfə, əvvəlkindən fərqli olan ağır sürgün həyatı keçirməsinə gətirib çıxarmış, uzaq Müqəddəs Yelena adasındakı məhrumiyyətlər və xəstəlik əzabı ilə dolu olan altı illik ömrünün finalı elə orada da başa çatmışdı.
Bunlar məşhur sərkərdələr haqqında qısa, ötəri məlumatlar olmaqla yanaşı, onların axıtdıqları insan qanı çayları barədə də təsəvvür yaratmağa imkan verir.
Silahlara gəldikdə, orta əsrlərdə odlu növlərin meydana gəlməsi ilə, onlar daha böyük itkilərə və iri miqyaslı dağıntılara səbəb olmuş, Avropada mühafizə məqsədilə geniş yayılan feodal qəsrlərin müdafiə qabiliyyətinə ağır zərbə vuraraq, onların mövcudluğunu xeyli kövrək hala gətirmişdi. Top atəşləri qalın divarları da keçib onları dağıtmaq gücündə idi. Türk sultanı II Mehmet – Mehmet Fateh 1453-cü ildə məhz topların köməyi ilə Konstantinopolun möhkəm müdafiə divarlarını dağıdaraq, Bizans paytaxtını zəbt etməklə, vaxtilə hərbi cəhətdən heç də zəif olmayan bir dövlətin tarixin arxivində qərar tutmasına nail olmuşdu.
Ədalətli müharibələrin qəhrəmanları
Müharibənin, ona bəslənilən nifrətlə yanaşı başqa bir qədər fərqli görünən tərəfi də vardır. Müharibə canlı itkilərə, dağıntılara səbəb olsa da, başa çatdıqdan sonra inkişafa, tərəqqiyə, qurub-yaratmağa diqqətin daha da artmasına səbəb olur. Görkəmli siyasi xadim, hərb elmi üzrə əsərlərin müəllifi olan general Şarl de Qoll müharibə barədə öz düşüncələrini belə ifadə etmişdir: “Müharibə insanda onun ən alçaq hisslərinin çirkini qaldırır, qəddarlığı mükafatlandırır, idarəetmə sükanını acgözlük əlinə təslim edir. O zəifləri qırır, yaramazları yuxarı qaldırır, tiraniyaya şərait yaradır və əgər saysız-hesabsız əsgərlər döyüş meydanlarında qan tökməsəydilər, nə Ellada, nə Roma, nə xristianlıq, nə də insan hüquqları olardı. Müharibə ən qorxulu bədbəxtlikdir, lakin onun hesabına indi bizə məlum olan dünya məhz belə görünür”. Tanınmış amerikan politoloqu Eduard Lyuttuak isə daha uzağa gedərək, zarafat şəklində demişdi ki, beynəlxalq birlik Saxaradan cənubda yerləşən Afrika ölkələrindəki kimi zəif dövlətlərin mövcud olduğu zonalarda müharibəyə şans verməlidir.. Müasir Avropa dövlətləri, onun rəyinə görə, əsrlər ərzində rəhmsiz hərbi münaqişələrin gedişində formalaşmışlar, Afrikaya isə onun müstəmləkə epoxasından qalmış qeyri – rasional dövlət sərhədləri öz problemlərini bu qaydada həll etməyə imkan verməmişdir. Dövlətlər orada nə öz güclü institutlarını, nə də tam milli özünəməxsusluqlarını yarada bilmişlər.
Müharibə iki üzlü Yanusa bənzəyir, Roma mifologiyasındakı ilahi qüvvənin bir üzü keçmişə, digər üzü isə gələcəyə baxırdısa, müharibə allahının bir üzü görünməmiş dəhşətlərə, digəri isə bəlkə də müharibəyə son qoymaq məqsədini güdən tərəqqiyə, inkişafa baxır.
Müharibə dəhşətlər, viranəlik simvolu olduğu kimi, bəzən haqqın müdafiəsinə də həsr olunur və bu vaxt axıdılan qan az qala müqəddəslik haləsi qazanır. Belə müharibə azadlıq uğrunda, öz torpaqlarını işğalçılardan təmizləmək uğrunda aparılan bir mübarizədən xəbər verir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.27.