Ağrı dağın ağrıları
Yazıçı
Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə
bu günlərdə yenidən nəşr olunmuş “Közərən
sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə
məlum olan və olmayan, bir sıra maraqlı məqamları
öz əksini tapıb. Aktuallığını
düşünərək, kitabdan bəzi hissələri
oxuculara təqdim edirik.
Bir səhər Rəhim müəllim telefonla mənə
zəng çaldı. Salam-kalamdan sonra:
– İrəvana gedirəm, gəl, səni də
aparım, – dedi, – çox gileylənirsən ki, İrəvanı
görməmişəm. Orada mənim cəmi bir-iki saatlıq işim var, onu
görüb, sonra şəhərlə tanış
olub qayıdarıq.
Getdim, kabinetində məni gözləyirdi. Ardımca
sürüçü içəri daxil oldu və:
–
Maşın hazırdır – dedi.
–
Hansı maşını gətirmisən?
– “Pobeda”nı – sürücü cavab verdi.
– Get
“ZİM”i gətir. Sən bu jurnalistlərin incə
məxluq olduğunu bilmirsən. Üzümüzə
deməsə də, daxilində fikirləşəcək ki, yəqin
“ZİM”ə qıymırıq. – Rəhim müəllim
incə zarafatla sürücünü başa saldı.
...”ZİM” maşını o qədər də rahat
olmayan Naxçıvan-İrəvan yolunda bizi atıb-tutmadan,
həm də yüksək sürətlə
şütüyürdü. Nazirlər Soveti
başçısının əhval-ruhiyyəsi həmişəkindən
fərqli olaraq bu gün çox yüksək idi. O, mənə
tərəf yönəlib, ərkyana:
–
Yoldaş jurnalist, heç soruşmursan ki, Moskvaya nəyə
getmişdin? – deyib söhbətə
başladı.
– Deyərsiniz,
bilərəm.
Müsahibimin
baxışları qayğılı ifadə aldı:
– Qırx
ildir Sovet hökuməti qurulub, ancaq Naxçıvan hələ
də elektrik işığından korluq çəkir. Orda-burda mazutla işləyən beş-altı
elektrik stansiyamız tüstülənir. Onnan
da kar aşmır. Çox əlləşib
vuruşandan sonra Naxçıvana çerez İrəvan yüksək
gərginlikli elektrik xəttinin çəkilməsini bu ilin
planına daxil etdirmişik. Di gəl ki,
layihədə klimatik şərait nəzərə
alınmayıb. Xəttin dəmir-beton
dayaqlarla yox, ağac dirəklərlə çəkilməsi
nəzərdə tutulub. Bu da bizə əl
vermir. Nədi, nədi, bir neçə ton
metala, beş-on manat da pula qənaət edilsin. Ancaq ağac dayaqlar Araratın rütubətli,
yağmurlu ətəklərində nə qədər ömr
eləyə bilər? Beş-on ildən
sonra hamısı çürüyüb tökülməlidir.
Bu da, nə Azərbaycanlıq, nə də ki
Naxçıvanlıq məsələdir. Bunu yalnız Moskva həll edə bilər. Ona görə də heç kəs dərisini kola
verib, bu işə girişmək istəmir. Məcbur olub özüm düşdüm
ortalığa, düz Kremləcən getdim. Bu boyda vəzifəm ola-ola, böyük bir çətinliklə
Malenkovun qəbuluna düşə bildim. Muxtar
Respublikanın iki xarici dövlətlə sərhəd
olmasından, bu qədim diyarın coğrafi şəraitindən,
iqtisadi çətinliklərindən, xüsusilə elektrik
enerjisinin qıtlığından, kəndlərdə hələ
də adamların neft lampalarından istifadə etməsindən...
ətraflı danışdım. Məni
diqqətlə dinlədi. Sonra elə həmin dəqiqə
göstəriş verdi ki, İrəvan-Naxçıvan
yüksək gərginlikli elektrik xətti ağac yox, dəmir
dayaqlarla çəkilməlidir. Bununla da məsələ
qurtardı. Mənə qəribə gələn o oldu
ki, Mərkəzi Komitənin Baş katibi, Nazirlər Sovetinin sədri
vəzifələrindən azad olunub, yalnız ölkənin
elektrikləşdirilməsi sahəsinə baxan bu adam məni dinlədi, göstəriş verdi,
vəssalam! Malenkov mənimlə bircə kəlmə
başqa söz danışmadı. Elə
bil sözümü daşa deyib, ondan cavab alıb,
çıxdım. Onun sifətinin ifadəsində,
baxışlarında da heç bir ifadə hiss etmədim.
İndi bu məsələ ilə əlaqədar İrəvanlıq
yüngül bir iş qalıb, onu da bu gün mütləq həll
etməliyik, – müsahibim əlavə etdi.
Rəhim Kərəmoğlunun xoş əhval-ruhiyyədə
olmasının səbəbini anladım. Sən demə
Naxçıvana yüksək gərginlikli elektrik xəttinin
çəkilişi probleminin həllini yoluna qoyub. Bu münasibətlə onun qanadı olsaydı,
uçardı.
Rəhim müəllim nikbin söz-söhbətinə
fasilə verib ani fikrə getdi. Nə düşündüsə, təəssüf
və təəccüb mənasında başını
buladı:
– Bundan
qabaq Moskvada olarkən, Mərkəzi Komitə aparatının
məsul işçiləri ilə aramızda qəribə
söhbətlər keçdi. – Rəhim müəllim bu
sözləri deyib, bir qədər duruxdu və yenə də
sözünə davam etdi:
–
Düzü, deməyə çətinlik çəkirəm,
– dedi. – Bu, onlarla mənim aramda olan çox sekret söhbətdi.
Bunu heç kimə danışmaq olmaz. Amma Sizə etibar edirəm. Bilirəm,
ağzından çıxmaz. Məndən
dərin maraqla soruşdular ki, Rusiyadan Naxçıvana
neçə nəfər müəllimə göndərilib.
Dedim, bizdə rus dili müəlliməsi çoxdur, ancaq
neçə nəfər olduğunu dəqiq bilmirəm. Sonra soruşdu ki, onlardan neçə nəfəri ərə
gedib, özünə ailə həyatı qurub? Bu suala da dürüst cavab verə bilmədim. Onlar cavablarımdan narazı qaldılar və bunu mənə
bərk irad tutdular. Söz verdim ki, geri
dönəndə sizi maraqlandıran bu məsələlərlə
ətraflı məşğul olaram. Axır
sözləri də o oldu ki, innən sonra bu məsələni
daim diqqət mərkəzində saxlayın və
çalışın ki, ora göndərilən rus dili
müəllimələri vaxtında ərə getsinlər,
ailə qursunlar, əks təqdirdə geri qayıda bilərlər.
Ona imkan verməyin...
Nazirlər
Sovetinin başçısı yenə də dərin fikrə
getdi, sonra sükutu pozaraq:
– Əlbəttə, onların bu yöndə olan
sorğu-sualı məni açmadı. Çünki
hər kəlmələrindən böyük millətçilik
iyi gəlirdi. Bu cür siyasət bizi yaxşı
sonluğa aparmır – dedi. Vaxtilə Lenin deyirdi
ki, böyük millətçilik iddiası yarananda, xırda
millətçilik əhval-ruhiyyəsi mütləq baş
qaldırmalıdır.
lll
Rəhim müəllim İrəvan-Naxçıvan
elektrik xətti çəkilişinin Ermənistanla əlaqədar
düyünlərini çətinliklə olsa da, birtəhər
açıb işi çəminə qoymuşdu. Odur ki, əhvalı
yaxşıydı. İrəvanın bəzi
görməli yerlərinə ötəri baş vurub geri
döndük. Gedəndə olduğu kimi,
qayıdanda da Vedi el-obasına çatar-çatmaz
sürücü maşının radiosunu söndürdü.
“ZİM”in sürəti azaldı. Müsahibimin bayaqkı xoş əhval-ruhiyyəsi də
qeybə çəkildi. Mənə elə
gəldi ki, Araz da bu yerlərdən keçəndə sifəti
bozarmışdı, tutqun görünürdü. O
taydakı Ağrı dağı da hüznlü kimi idi. Ətrafa sanki qəbir sükutu
çökmüşdü. Hərdən
qulağıma tükürpədici səslər də gəlirdi.
Ancaq bu, canlı varlıqların səsinə bənzəmirdi.
Elə bil doğmalarını itirmiş
torpağın sızıltısı idi. Haradasa
eşitmişdim ki, Ağrı dağı həmişəki
kimi vüqarlı deyil, qəddi-qaməti bir az
miskinləşən kimi olub. Sən demə
Ağrı dağın ağrılı dərdləri
varmış. İrəvandan tutmuş Təbriz ellərinəcən
Arazboyu o tay-bu tay olan, tikə-tikə,
parça-parça pay-puş edilən, didim-didim didilən,
yaralanmış Azərbaycan torpaqlarının dərdiymiş,
Ağrı dağa ağır dərd olub, onun belini bükən.
Qələm əhli kimi bütün bunları
duyduqca, bu niskil mənim də yuxa qəlbimə sirayət
etdi. Heç birimiz dillənmirdik. Yolumuza duman, çiskin çökübmüş
kimi maşınımız çətin irəliləyirdi.
Bəlkə də ona görə ki, torpaq
incikliydi, iniltiliydi, giley-güzarlıydı. Altımızdakı maşın da bunu duyubmuş
kimi ağır gedirdi.
Rəhim
müəllim yana çönüb
avtomaşının kabinəsindən görünən
yaxın-uzaq kəndləri, baş daşları
sındırılmış müsəlman qəbiristanlıqlarına
işarə edib:
– Buralar
ta qədimdən Azərbaycan məskənləridir, – dedi. Ölənlər ölüb, qalanlarını da ermənilər
sıxışdırıb çıxarıblar. İndi ucqarlarda tək-tük azərbaycanlı
qalıb. Yəqin onlarınkı da bu
gün-sabahlıqdır. Ona görə də
hər dəfə buralardan keçəndə əhvalım
pozulur, özümə gələ bilmirəm.
Müsahibim sükuta daldı. Və sonra yenə də
üzünü mənə çevirərək:
–
Daşnak millətçiliyi vəbadan qorxulu xəstəlikdi,
– dedi. Taleyimiz elə gətirib ki, onun fəsadlarından xilas ola bilmirik.
Müsahibim belə deyəndə mənim ağlıma
ayrı şey gəldi. Və bir anlığa
düşündüm – uşaq anadan olandan sonra bəzi qorxulu
xəstəliklərə qarşı onu əvvəlcədən
peyvənd edirlər. Qatı millətçilik xəstəliyi
əleyhinə də belə bir peyvənd mümkün
olsaydı... Onda erməni millətçiləri
də belə bir virusdan xilas edilərdi. Və
onların qonşuları da öz yurd-yuvasında dinclik
tapardılar.
Müsahibim
isə söhbətinə ara vermədən
danışırdı: heç uzağa getməyək,
dünənəcən, tarixi dəqiqliklə desək, ötən
əsrin əvvəllərinəcən İrəvanın
müstəqil hakimi Məhəmməd xan idi. Və
o, ən mühüm məsələlərin həllində
Naxçıvan hakimi Kalbalı xanın dedikləri ilə
oturub-dururdu. Rus qoşunlarının
komandanı Sisyanov İrəvana təşrif gətirəndə,
bu yerlərin hakimi kimi yalnız Məhəmməd xanla
hesablaşır, onunla danışıqlar aparırdı.
İndi ermənilər yaxalarını
yırtıb deyirlər ki, bu torpaqlar dədə-babadan
bizimkidir. Harda da xaç nişanı olan
bir alban kilsəsi görürlər, şivən qoparıb
yüz çür saxta dəlil-sübutlarla əsaslandırmağa
çalışırlar ki, bunun bünövrə
daşını qoyan erməni əcdadlarımızdır.
Utanmasan oynamağa nə var ki?! Belə yerdə deyiblər ki, yersiz gəldi, yerli
qaç. Bu bədxah ermənilər
sonradan-sonraya qonşuluğumuzda peyda olandan hər
çür hiyləyə əl atır, sadəlövh azərbaycanlıları
dədə-baba yurdlarından didərgin salırlar.
Müsahibim
bu sözləri ürək yanğısı ilə
danışırdı:
– Jurnalist
kimi bu, sizin üçün də maraqlı olar – söhbətinə
davam etdi. – Bir dəfə qatarla Moskvaya gedirdim. Təsadüf
elə gətirdi ki, vaxtı ilə Mircəfər
Bağırovla bir yerdə Mərkəzi Komitənin katibi
işləmiş S. ilə eyni kupeyə düşdük.
Onu çoxdan tanıyırdım. Söhbətimiz tutdu. Mənə belə bir qəribə
əhvalat danışdı:
Aparatda ikinci şəxs sayılırdım. Bağırov
bəzi məsələlərdə mənimlə
hesablaşırdı. Bir gün məni
yanına dəvət etdi. Getdim, adəti
üzrə əlində bir neçə karandaş kabinet boyu
o tərəf bu tərəfə var-gəl eləyirdi. Onun xasiyyətinə bələd idim. Hiss etdim
ki, qanı qaradır. Bərk əsəbiləşib.
Ancaq bu barədə ondan heç nə
soruşmadım. Sən demə Mikoyan
Beriyanın qılığına girib onunla birlikdə Stalini
başdan çıxarıblar. Stalinə
izah ediblər ki, artıq müharibə qurtarıb, müxtəlif
xarici ölkələrdə yaşayan ermənilər öz
dindaşlarının yanına qayıtmaq istəyir. Lakin Ermənistanın ərazisi darısqal
olduğundan onların yerləşdirilməsi çətinlik
törədir. Bunun üçün yeganə
bir çıxış yolu var. Azərbaycanda Mingəçevir
su hövzəsinin tikintisi başa çatıb. Mil-Muğan zonasında min hektarlarla xam torpaq su ilə
təmin olunub. Bu geniş torpaqları əkib-becərmək
üçün böyük işçi qüvvəsi
lazımdır, ona görə də yaxşı olardı ki,
Ermənistanda əkinçilik üçün imkanları
onsuz da məhdud olan Azərbaycan rayonlarının əhalisi
Mingəçevirin sututarlarına
köçürülüb, orada məskunlaşdırılsınlar.
Onların da yerində xaricdən gələn
ermənilər yerləşdirilsin.
Mikoyanla Beriyanın bu mülahizəsi Stalinin
ağlına batır. Lakin soruşur:
– Bu barədə
Bağırovla danışmısınızmı?
– Xeyr, –
Mikoyan və Beriya cavab verirlər.
– Mən
etiraz etmirəm. Ancaq Mircəfər
Bağırovun da bu barədə rəyini öyrənmək
lazımdır.
Mikoyanın hiyləsi ilə Beriya Bağırova zəng
vurub məsələni ona çatdırır və
Bağırovu inandırır ki, guya bu, Stalinin fikridir. Və
artıq o, öz razılığını verib.
Bağırov çıxılmaz vəziyyətdə
qalır. Və
Beriyaya belə bir cavab verir:
– Bir halda
ki, Stalinin sözü qətidir və bu barədə
razılıq verib, mən daha nə deyə bilərəm?!
Mikoyanla Beriya da elə Bağırovun bu sözünə
bənd idi. Stalinə tez çatdırırlar ki, Mircəfər
etiraz etmir, razıdır.
Bu barədə
hazırlanmış məktubun üstünə Stalin göy
karandaşla belə bir dərkənar qoyur: “Na suqubo
dobrovolnıx naçalax” (“Sırf könüllülük əsasında”).
Stalinin könüllülük prinsipi Ermənistan rəhbərliyi
tərəfindən bəşər tarixində görünməmiş
vəhşi bir zorakılıqla həyata keçirilir. Köçürülən
azərbaycanlıların da bir qismi Milin, Muğanın istisinə
tablaşmadıqlarından qırılıb məhv oldular.
Müsahibim
söhbətinin istiqamətini dəyişib soruşdu:
– Stalinin
İrəvanın üst tərəfindəki meşələrin
əhatəsində olan nəhəng heykəlini
görmüsünüz?
– Bəli,
bir dəfə ötəri...
–
Mikoyanın ideyası ilə ucaldılan həmin heykəlin sənətkarlıq
baxımından və əzəmətinə görə
ölkədə misli-bərabəri yox idi. Bəs
necə, Mikoyan öz həmyerlisi üçün canından
keçməyə hazır idi. Stalin də
onu elə bu cür başa düşür və Mikoyanın
sədaqətinə əsla şübhə etmirdi. Ona
necə də inanırdı! Ancaq çox təəssüf! İyirminci əsrin siyasət nəhəngləri
olan Çörçilin, Ruzveltin aldada bilmədiyi Stalini
Mikoyan asanlıqla aldadıb yoldan çıxarır və
ondan sui-istifadə edirdi. Axırı nə
oldu? Stalinin tabutuna balta endirib, onun ruhunu təhqir etməkdə
Mikoyan Xruşşovdan az canfəşanlıq
göstərmirdi. “Stalinin “SSRİ-də sosializmin iqtisadi
problemləri” əsəri çətin ki, tələblərimizə
cavab versin” – bu söz ilk dəfə Mikoyanın dilindən
çıxdı. Stalinin İrəvanın
başı üzərində ucaldılan nəhəng heykəlin
uçurulmasında da Mikoyan İrəvanı başa
saldı ki, birinciliyi əldən vermək olmaz. Bu həm də Mikoyanın Xruşşova olan səmimiyyətinin
nümayişi demək idi. Axı, ona indi
də Xruşşovun qılığına girmək lazım
olmuşdu.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.26.