Yeni çağırışlar: Azərbaycandan
dünyaya
XXI əsrin
gətirdiyi qloballaşma, multikulturalizm, tolerantlıq, terrorizm
və sair kimi dünyanı əhatə edən proseslər
dövlətləri və xalqları yenidən
düşünməyə, fərqli baxışdan
yanaşmağa çağırır. Bütün bunlar isə
ölkəni, xalqı dünya ilə birlikdə görmək
və göstərməklə yanaşı, həm də
ölkə maraqlarını, milli-mənəvi dəyərləri
qoruyub saxlamağı və daha da möhkəmləndirməyi
tələb edir. Elmi-siyasi ədəbiyyatlarda uzun illər ərzində
bu məsələlərdə ya birtərəfli mövqe,
yaxud da seyrçi ümumiləşdirici baxışların
ifadə olunması ilə kifayətlənilib. Yaxşı cəhətdir
ki, son dövrdə problemə kompleks yanaşmaları əks
etdirən və ölkə maraqlarını önə
çıxaran araşdırmalar meydana
çıxmaqdadır.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası xarici əlaqələr
şöbəsinin sektor müdiri, iqtisadiyyat üzrə fəlsəfə
doktoru Ərəstü Həbibbəylinin növbəti “Yeni
çağırışların işığında”
adlı kitabında dünyada baş verən siyasi proseslərin Azərbaycanın
milli maraqları müstəvisindən təhlili, verilən
şərhlərin elmi-nəzəri cəhətdən
dolğunluğu və aktuallığı ilə diqqəti cəlb
edir. Kitabda həmçinin Azərbaycan Respublikasının
beynəlxalq arenadakı uğurları, inkişafın Azərbaycan
modelinin təqdirəlayiqliyi və Azərbaycanın Avropaya
inteqrasiyası proseslərinə geniş yer verilib. Müəllif
verdiyi izahlar, apardığı təhlillər, gətirdiyi
faktlarla, eləcə də beynəlxalq münasibətlərin
müasir səviyyəsinin yaratdığı problemlərə
elmi və tarixi yanaşma metodu ilə oxucu marağını
qarşılamağı və düzgün istiqamətləndirməyi
bacarıb. Azərbaycan Respublikasının beynəlxalq
münasibətlər sistemində öz layiqli yerini
tutması, dünyanın qabaqcıl ölkələrinin belə
həsəd apardıqları sosial-iqtisadi inkişaf sürəti
əldə etməsi, dünyaya yalnız Azərbaycana xas olan
inkişaf modeli təqdim etməsi ümummilli lider Heydər
Əliyev siyasətinin və bu siyasətin İlham Əliyev tərəfindən
uğurla və yaradıcılıqla davam etdirilməsinin nəticəsi
olması kitabın əsas süjet xəttini təşkil
edir. Azərbaycan əsası ümummilli lider Heydər
Əliyev tərəfindən yenilməz milli ideologiya və
özünün potensial imkanlarına söykənərək
yüksək sürətlə inkişaf edir və beynəlxalq
arenada öz milli maraqlarını ifadə edən xarici siyasət
yürüdür. Azərbaycanın bütün sahələrdə
qazandığı nailiyyətlərin
işıqlandırılması fonunda bu xalqın həm də yüksək mənəvi
dəyərlərə sahib olması, digər xalqlara
münasibətdə yüksək tolerantlıq nümayiş
etdirməsinə də diqqət çəkilir.
Kitabda
müasir beynəlxalq münasibətlərdə Qərbə
məxsus dəyər olaraq təqdim olunan multikulturalizmin tarixi səciyyə
daşıdığı və Şərqdə də əsrlər
boyunca əsas dəyərlərdən biri olması fikri əsaslandırılır.
Hazırkı şəraitdə multikulturalizm Qərbdə
öz böhran dövrünü yaşadığı halda
Şərqdə, xüsusilə də Azərbaycanda min illərdir
yanaşı yaşayan müxtəlif sivilizasiya təmsilçilərinin
münasibətlərində heç bir gərginlik
müşahidə olunmur. Halbuki Qərbdə, xüsusilə
Avropa ölkələrində məskunlaşan digər
xalqların, eləcə də müsəlmanların öz mənəvi
dəyərlərini və həyat tərzlərini qoruyub
saxlamalarına qarşı dözümsüzlük
nümayiş etdirilir. Qərb ölkələrində müsəlmanlara
qarşı
dözümsüzlüyün dövrümüzdə
meydana gələn bir hadisə olmadığı və bunun
tarixi köklərlə bağlı olması faktlarla sübut
olunur. İspaniyada Kardova xilafəti
dağılanda, Osmanlı imperiyası zəifləyəndə
və tarixi şəraitin yaratdığı bu kimi dönəmlərdə
Avropada müsəlmanlar təqib edilib, yer-yurdlarından didərgin salınıb və
kütləvi şəkildə qadınlı-uşaqlı qətlə
yetirilib.
Hazırda
Türkiyədən, Şimali Afrikadan, Yaxın və Orta
Şərqin keçmiş müstəmləkə ölkələrindən
Avropaya gələn müsəlmanlara qarşı
dözümsüzlük göstərilir. Avropa müsəlmanlarının
öz dinlərinə sadiq qalmaları, islamın bir din olaraq
get-gedə populyarlaşması, müsəlman əhalinin
demoqrafik artımı Qərb ölkələrində
narahatçılıq doğurur. Bu baxımdan islama
qarşı mübarizə olaraq onu bir fobiya kimi təqdim etməyə
çalışırlar. Bütün bunların sübutu
olaraq gətirilən faktlar, arqumentlər və təhlillər
Ərəstü Həbibbəylinin “Yeni
çağırışların işığında”
kitabının məntiqi dəyərini daha da artırır.
Müəllif Vatikan ədalət və sülh
icmasının sədri kardinal Pyotr Turksonun “Sinodo” ruhani məclisində
İslamı Avropanın gələcəyinə bir təhlükə
olaraq görməsini onun aşağıdakı sözləri
ilə diqqətə çatdırır: “2026-cı ildə
Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq.
Fransa isə 39 ildən sonra islam dövləti olacaq. Haqlı
olaraq göstərilir ki, İslam və Qərb mədəniyyətlərinin
yanaşı yaşaya bilməsini inkar edən fikirlər səsləndirilir.
Xatırladılır ki, Hollandiya ilahiyyatçısı Qret
Vilders “Multikulturalizmin yenilənməsi, yaxud islam hücumunun
qarşısını necə almalı” adlı məqaləsində
islamı təhlükəli ideologiya adlandıraraq bildirir ki,
İslam bizim Qərb həyat tərzimizə uyğun deyildir.
Doğru olaraq qeyd edilir ki, Qərbin multikultural dəyərləri
və dini tolerantlığı daha çox öz dini dəyərlərinin
digərlərinə qəbul etdirilməsi üzərində
qurulub. Bu isə o deməkdir ki, Avropa dövlətləri fərqli
mədəniyyət daşıyıcıları olan millətlərə
münasibətləri heç də multikultural münasibət
deyil, əksinə, onları Qərb cəmiyyətinə
assimilyasiya etməkdir. Qərbin dırnaqarası multikultural
strategiyası da məhz Qərb həyat tərzinin
dominantlığını qlobal miqyasda yaymaq taktikası ilə
mədəniyyətlərin qarşıdurmasına son
qoymağa nail olmaqdır. Göründüyü kimi, bu
strategiya məsələyə multikultural yanaşma deyil, məsələni
birtərəfli olaraq Qərbin xeyrinə həll etmək deməkdir.
Multikulturalizm
sözü Qərbdə yaransa da, ümumiyyətlə
multikuturalizmə bir Qərb dəyəri kimi baxılması
ilə razılaşmayan Ərəstü Həbibbəyli hər
bir bölgənin və ayrılıqda hər bir ölkənin
özünəməxsus multikultural dəyərlərinin
olması fikrini irəli sürür. Kitabda ayrı-ayrı
Şərq xalqlarının min illərdir fərqli sivilizasiyalara mənsub xalqlarla
yanaşı yaşayaraq qarşılıqlı təsir
hesabına zəngin mədəni mühit
formalaşdırması bəşəriyyətin təbii
inkişaf yolunu şərtləndirən nəticə kimi
ortaya qoyulur. Bu fikrin təsdiqi olaraq Şərqlə Qərbin,
Şimalla Cənubun, xristianlıqla islamın, müxtəlif
sivilizasiya və mədəniyyətlərin
qovşağında yerləşən Azərbaycandamultikulturalizmin
tarixi köklərə malik bir dəyər kimi daimi
mövcudluğu nümunə olaraq əsaslandırılır.
Bu fikirlərin danılmaz həqiqət olması Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Bakı Beynəlxalq Humanitar Forumundakı
çıxışında söylədiyi
aşağıdakı sözlərə istinad olunmaqla nəzərə
çarpdırılır: “Multikulturalizm bizim həyat tərzimizdir.
Nisbətən yeni anlayış olmasına baxmayaraq,
multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir
anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin,
millətlərin nümayəndələri Azərbaycanda bir
ailə kimi yaşamışlar”.
Bütün
bunlar nəzərə alınaraq kitabda qeyd olunur ki, Qərbsayağı
multikulturalizm dünyada universal model kimi qəbul olunmamalı,
multikulturalizmi həyat tərzi seçən, ən
başlıcası, onu yaşatmağı bacaran digər mədəniyyət
daşıyıcılarının fərqli dəyərləri
də nəzərə alınmalıdır. Qərbin
multikultural dəyərləri ilə yanaşı Şərq
dəyərlərinin, xüsusilə Azərbaycanda yaranan və
müstəqillik dövründə daha geniş imkanlar əldə
edən multikultural dəyərləri alternativ bir model olaraq təqdim
etmək olar. Buna görə də Ərəstü Həbibbəylinin
“Yeni çağırışların
işığında” kitabında “İnkişafın Azərbaycan
modeli”,“Mədəniyyətlərarası dialoqun Azərbaycan
modeli”, “Multikulturalizmin Azərbaycan modeli” kimi dəyərlər
dövrün alternativ modelləri, formaları kimi qiymətləndirilib.
Kitabda
dövrün siyasi həyatınınən aktual problemlərinə
toxunulub, onların əsas siyasi məqsədlərinin
arxasında dayanan gerçəkliklərə aydınlıq gətirilib.
Xüsusilə Şərq dünyasına qarşı yönəlmiş
– “Böyük Orta Şərq layihəsi”, “Dünya media
monopoliyası”, “Yeni geoiqtisadi təsir aləti kimi “xarici
yardım”lar”, “Xarici serialların təsir imkanları”, “Soros
fondunun “xeyriyyəçilik” missiyası” kimiböyük siyasi
kampaniyaların məqsəd və mahiyyətləri müasir
geosiyasət səviyyəsində geniş təhlil olunub və
oxucuda aydın təsəvvür yaradılıb. Kitabdakı
“İslamafobiya kimə və nəyə xidmət edir”, “Hərbi
bazalar – xarici siyasətin əsas aləti kimi”, “Su diplomatiyası”, “Məbəd
diplomatiyası” kimi başlıqlar altında müasir
dünyamızın yeni geosiyasi
çağırışlarının əsl mahiyyəti
açılır və kölgəli, yaxud da
işıqlı məqsədləri göstərilir. Qərbin
Şərq üzərində öz
dominantlığını saxlaması üçün
bütün imkanlardan, eləcə də Qərb mənəviyyatının
cəlbedici imkanlarından da istifadə edildiyi nəzərə
çatdırılır.
Müəllif
dövrümüzdə dünyanı idarə etməyə təşəbbüs
siyasətinə də kitabda geniş yer vermişdir. Qərbin
ən zəngin ailələrinin, xüsusilə neft
maqnatları olan Rokfellerlər ailəsinin siyasi proseslərdə
pərdəarxası iştiraklarına,siyasi proseslərə
təsir vasitələrinə, rokfellerlərin beynəlxalq
siyasətdə tutduqları mövqeyə və ABŞ-ın
xarici siyasətinə təsir imkanlarına diqqət çəkilir.
Qeyd olunur ki, Rokfellerlərin maliyyə yardımı göstərdikləri
sahələr arasında təhsil sektoru və beyin mərkəzləri
xüsusi yer tutur. Buna misal olaraq “Bilderberq klubu”nun adı
çəkilir. Dəyişən tarixi şəraitlərə
uyğun qeyri-daimi üzvləri olan klubun zaman-zaman Marqaret
Tetçer, Toni Bleyer, Bill Klinton, Anqela Merkel, Romano Prodi, Henri
Kisincer və s. kimi görkəmli
şəxsiyyətlərdən ibarət üzvləri olub.
Dünya idarəetmə sisteminin mərkəzi sayılan bu
klub ABŞ və Qərbi Avropanın Atlantizm ideyalarına xidmət
edir. Müəllif dünya siyasətinin pərdəarxası
aktyorlarının biznes və onunla bağlı maraqları ilə
yanaşı onların dünya idarəetmə təsəvvürlərini,
eləcə də təsir dairələrinin genişliyini nəzərə
çatdırır.
“Yeni
çağırışların işığında”
kitabında müasir dünyamızda sivilizasiyaların
tutduqları yerə və beynəlxalq münasibətlərdə
sivilizasiyaların roluna nəzər salan Ərəstü Həbibbəyli
geniş faktik materiallara, aksiomatik fikirlərə və
ideyalara istinad edərək məsələnin mahiyyətinə
elmi cəhətdən yanaşıb. O, sivilizasiyaları
xarakterizə edərək Türk dünyası
sivilizasiyasını yarandığından bəri
davamlılığını sürdürən,
dayanıqlılıq və möhkəmliyini saxlayan mükəmməl
bir sivilizasiya sayıb. Haqlı olaraq əsərdə
“çöl” landşaftı Türk sivilizasiyasını səciyyələndirən
amil kimi qiymətləndirilir. Ümumiyyətlə, Ərəstü
Həbibbəyli Azərbaycan
sivilizasiyaşünaslığını yeni yanaşmalarla, fərqli
baxışlarla zənginləşdirir.
Beynəlxalq münasibətlərdə sivilizasiyaların oynadığı rolun təhlili zəminində yüksək sivilizasiya yaradıcısı olan xalqların fərqli sivilizasiyalara hörmətlə yanaşdığı göstərilməklə bərabər, türk dünyası sivilizasiyasının öz fenomenliyi ilə fərqləndiyi ön plana çəkilib və sivilizasiyalar bəşəriyyəti ayırmaqdan çox, birləşdirən bir dəyər olaraq əsaslandırılıb. Müəllifin gəldiyi qənaət əsasən bundan ibarət olmuşdur ki, bəşəriyyətin gələcəyi fərqli sivilizasiyaların toqquşması ilə deyil, onların yanaşı mövcudluğunu şərtləndirən əməkdaşlığa söykənən multikultural inkişaf yolunun müəyyənləşməsi ilə bağlıdır. Hər bir xalq, hər bir sivilizasiya öz dayanıqlılığının möhkəmliyinə, gələcəyinin təminatına səy göstərdiyi üçün sivilizasiyaların dialoqu sivilizasiyaların toqquşmasının qarşısını alacaq və fərqli sivilizasiyaların yanaşı yaşayacağı dünyamızın gələcəyini təmin edəcəkdir. Bu arada Türk xalqlarının yaratdığı sivilizasiya digər öncül sivilizasiyalarla qarşılıqlı harmoniya, əlaqə və münasibətlər zəminində elmi cəhətdən təhlil olunur. Müəllif faktik elmi materiallara istinadən Türk sivilizasiyası ilə qarşılaşdırdığı Slavyan, Xristian-Qərb, Çin və İslam-Şərqsivilizasiyaları arasında mükəmməl elmi-nəzəri dəyərləndirmələr aparıb, əhəmiyyətli nəticələrə gəlib. Kitabda sivilizasiyalarda mövcud olan bəşəri dəyərlər bu sivilizasiyaların dialoqunun mümkünlüyünün zərurəti kimi şərtləndirilməklə bərabər, sivilizasiyaların yanaşı mövcudluğundakı harmoniya, qarşılıqlı əlaqə və münasibətlər, bir-birlərinininkişafına təsirləri ön plana çəkilib. Bu istiqamətdə aparılan elmi dəyərləndirmələrlə müəllif sivilizasiyaların dialoqunun mümkünlüyünü, hətta zəruriliyini əsaslandırmış olur. Bütün bunlar isə sivilizasiyaşünaslıqda yeni olmaqla bərabər, həm də bəşəriyyətin gələcəyinə optimist baxışların formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Təqdim olunan kitabda erməni məsələsinə də toxunulub, bu məsələnin mahiyyətinə, dünya siyasətində tutduğu yerə aydınlıq gətirilib, həmin problemə yanaşmada dünyanın aparıcı dövlətlərinin ikili standartlar sərgilədiklərinə diqqət çəkilib. Erməni məsələsinə böyük dövlətlərin ikili yanaşmalarının doğurduğu ədalət böhranının müasir dünyamızda nə qədər acılı problemlərə səbəb olması danılmaz faktlarla əsaslandırılıb. Ermənilərin tarix boyunca hər zaman xəyanətkar rol oynadıqlarına, öz hamilərindən yardım almaq üçün onların maraqlarına xidmət etdiklərinə, yaşadıqları müsəlman ölkələrində müsəlmanları hər zaman əzablara düçar etmələrinə dair nəzərə çarpdırılan sübutlar geniş təhlil üçün meydan açıb. Hələ səlib yürüşləri zamanı ermənilərin bir qismi səlibçilər tərəfində vuruşub, müsəlman içərisində yaşayan digər qism ermənilər isə səlibçiləri müsəlman qala şəhərlərinə hücumu vaxtı öz xəyanətkar əməlləri ilə bir çox qalaların təslim olmasına səbəb olublar. Ermənilər bu xəyanətkar hərəkətlərini indi də davam etdirirlər. Kitabda göstərildiyi kimi, ermənilər tarixin köklü sistem dəyişikliyi dönəmlərində, yaşadıqları ölkədə bir icma olaraq mübarizənin hər iki tərəfində iştirak etməklə, özlərini siyasi proseslərə inteqrasiya edir və qələbə çalan tərəfindən erməni icmasının cəmiyyətdəki maraqlarının nəzərə alınmasına nail olurlar. Müəllif ərəb oyanışı zamanı Misirdə, Livanda, Suriyada ermənilərin ikili siyasət yeritmələrinə dair tutarlı faktlar gətirməklə, onların kimə xidmət etmələrindən asılı olmayaraq öz maraqları naminə hər kəsi satmağa və hər cür xəyanətə əl atmağa qadir olduqlarını göstərir.
Ərəstü Həbibbəylinin “Yeni çağırışların işığında” kitabı dünyada gedən proseslərin mahiyyətini açan və məsələyə Azərbaycan reallıqları baxımından qiymət verən elmi mənbə kimi mühüm əhəmiyyətə malikdir. Bu kitab bütün sahələrdə olduğu kimi, beynəlxalq münasibətlər, geosiyasət istiqamətində də Azərbaycan Respublikasının böyük uğurlarını dolğun şəkildə əks etdirir və həmin istiqamətdə gedən proseslərə təkan verir.
Yusif HÜSEYNOV
Naxçıvan
Dövlət Universiteti Beynəlxalq münasibətlər
kafedrasının müdiri, fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.24.