Yumşaq səsin zənguləsi
(“Bu gün dünəndən
başlayır” silsiləsindən)
Azərbaycan
radiosunun əməkdaşı olduğum illərdə efirə
gətirdiyim proqramlardan biri də “Axtarış” idi. Gənclik
redaksiyasında işləyirdim deyə bu verilişə daha
çox cavanları dəvət edir, onları axtarıb
tapır, üstün cəhətlərindən söhbət
açır, danışdırır, söz, könül
mülklərinə güzər edirdim. Amma sonralar
“Axtarış”in sərhədlərini bir az da genişləndirdim,
istədim çağdaş gəncliyimizi həm də vaxtilə,
tutaq ki, 20-30 il əvvəl el arasında populyar olmuş,
adı dillərdən düşməyən, sonralarsa
zamanın, taleyin hökmüylə unudulmuş, tərki-dünya
olmuş, hardasa incimiş, küsmüş insanlarla-elm, mədəniyyət
xadimlərimizlə tanış edəm. Bu məqsədlə
ara-sıra ”Axtarış”ın böyüdücü
obyektivini belələrinə sarı tuşlayır, onları
dindirir və hər belə efir görüşlərindən
sonra gənclərimizin xoş reaksiyasının şahidi
olurdum. Çünki gənclik həm elm, mədəniyyət,
sənət tariximizin yaxın keçmişiylə
tanış olur, həm də özlərini gələcək
həyata, bəzən də çətin, keşməkeşli
mübarizələrə bir növ səfərbər edirdi.
Bundan savayı, elə verilişin efir dəqiqələrində
ürəyini boşaldan, ümdə istək və
arzularını dilə gətirən yaşlı insanlar da
unudulmadıqlarına görə xoşhal olur, həyata,
yaşamağa daha möhkəm tellərlə
bağlanırdılar.
Gün o gün oldu ki,
“Axtarış” xanəndə Novruz Feyzullayevi axtarıb
tapdı. Ötən əsrin 60- cı illərindən
başlayaraq bir-neçə onillər boyu Azərbaycan efirində
özünün yumşaq səsi, həlim ləfzi, bizlər
üçün yeni olan qəribə zəngulələri ilə
cövlan eləyən bu müğənni sonradan elə bil
qeybə çəkilmişdi. Uzun fasilələrlə
radiomuzun musiqi proqramlarından səsi eşidilsə də sənətə
axınla gələn xanəndə və mügənnilərin
tünlüyündə Novruz Feyzullayev elə bil susmuş, bir
küncə qısılmışdı. Amma onun sənətinə
bələd olanların xatirində Novruz özünün
“Nazlana nazlana”, ”Ayrılıq”, ”Heydər baba”, ”Təbrizim”,
”Qaragilə” mahnıları, ”Hümayun”, ”Dəşdi”
muğam dəsgahlarıyla yaşamağındaydı. Bir də
ki, təkrar edirəm, həzin səsi, yumşaq zəngulələri
və ...Təbrizli ləhcəsiylə. Elə bu
sadaladıqlarımın işığında onu axtarıb
tapdım, çoxdan yadırğadığı, amma
özünə dost, həmdəm bildiyi doğma radiosuna dəvət
etdim. Mikrofonu açmazdan öncə bir xeyli söhbətləşdik.
O vaxt mən İran İslam Respublikasına səfərdən
təzə qayıtmışdım. Orda gördüklərimdən,
təbii ki, Təbriz günlərindən, Saat qabağı
meydanından, Şah gölündən, Firdovsi xiyabanından,
Ərdəbildə Şah İsmayıl məqbərəsi
önündə şəkil çəkdirməyimdən
danışdım. Bir də baxdım gözləri dolub. Dedi
ağa, sən neylədin, barigahımı dağıtdın
ki! İllərdən bəri görməkdən yana burnumun
ucu göynəyən o yerlərə, küçələri
müsk-ənbər ətirli Təbrizimə aparıb gətirdin
məni. Və elə bu yerdəcə qəriblik məfhumuna
münasibətini öyrənmək istədim. Çünki
qəddar zamanın vahiməli küləkləri
ağuşunda Arazı adlayıb quzey Azərbaycana pənah gətirmiş
cənublu soydaşlarımızın – Rübabə
Muradovanın, Söhrab Tahirin, Əbülfəz Hüseyninin, Mədinə
Gülgünün, Hökumə Billurinin, vaxtilə anadan
olduğum İsmayıllı rayonuna pənah gətirmiş,
atamın da, şəxsən mənim də isti münasibətlərdə
olduğum Ağa Sadiqinin, Əsgər Şahbazzadənin,
İmran, Böyükağa dayılarının gözlərində
yuva salmış qəribliyin zəif şüasını
sezmişdim. Bu üzdən onu dindirmək istədim, dedim
baxıram sizə, gözlərinizə ... Dalısını
gətirməyə qoymadı. Qayıtdı ki, müəllim,
insan olan kəs vətənində, doğmaları arasında
özünü qərib saymaz. Qəriblik onda baş verər
ki, səni saymayalar, qabağına bəndlər, hasarlar
çəkələr. Mən burada özümü daim Təbrizimdəki
kimi hiss eləmişəm. Amma olub, elə məqamlarla üzləşmişəm
ki, nəinki Bakıdan, nəinki Təbrizdən, Ərdəbildən,
vallahi baş götürüb bu dünyanın özündən
getməyim gəlib. Bax o anlarda özümü qərib
sanmışam. Nə yaxşı ki, sənətim olub,
radioda, televizionda, el məclislərində oxuyub dərdimi, məlalımı
dağıtmışam, rahat olmuşam, özümü evimdə
bilmişəm. Yox, mən qərib deyiləm !
Mikrofon
açılanda isə ilk sualım belə oldu:
–
Novruz müəllim, siz özünüzü xanəndə
sayırsız, yoxsa müğənni, yəni istərdim bu
iki məfhuma aydınlıq gətirəsiz. Sualıma əlüstü
cavab verdi, bununla da radio müsahibəmiz baş alıb getdi:
– Xanəndəylə
müğənni sözlərinin kökü eynidir. Yəni
oxuyan. İntəhası muğam, dəsgah oxuyana xanəndə,
mahnı oxuyana isə müğənni deyirlər.
Çünki nə qədər muğam meyilli olsam da
mahnılarsız ötüşmürəm. Məsələn,
30 ildən çoxdur mənim “Humayun” muğamım radio
efirindən düşmür. Burda mən əlbət ki, xanəndəyəm.
Amma özümün bəstələdiyim mahnıları
oxuyanda məni müğənni kimi təqdim edirlər və
düz də eləyirlər. Amma bir gileyim var ki,
qoşduğum mahnıların bəstəçisi olsam da
öz adımla getməyə icazə vermirlər, deyirlər
sən bəstəkarlığı qurtarmamısan, otur yerində
(gülür).
– Xanəndə
qocalırmı, ümumiyyətlə oxuyanın
qocalığı özünü nədə göstərə
bilər, ya bəlkə əsl oxuyan üçün yaş həddi
mövcud deyil.
– Özümdən danışa billəm.
Vallahi – billahi oxuyarkən özümdə belə halı hiss
eləməmişəm. Xanəndə yaşa dolduqca sənətin
zirvəsinə doğru gedir, səsinin imkanları
müqabilində muğamın daha dərin qatlarındakı
sirrləri görür. Əyər oxuduğu ahənglə
sözü mahiranə birləşdirə bilirsə ona necə
qoca demək olar? Hal – hazırda mən yaradıcılıqla
məşğulam. Unudulmuş muğamlarımızı,
onların guşələrini tapıb yerbəyer eləyirəm.
Məsələn “Əfşar” adlı bir muğam var.
Çox möhtəşəmdir. Onun bəzi hissələrini
radioda, televizorda oxumuşam. Amma hələlik çiy
haldadı. İnşaallah dəsgah tam hazır olandan sonra mən
onu oxuyum siz də qulaq asın, görün qocanın
canında nələr var.
–
Novruz müəllim, adını çəkdiyiniz
“Əfşar” ayrıca muğamdı, yoxsa bizə məlum
olan muğamların tərkibində bir guşədir?
–
Gözəl sualdır. “Əfşar” muğamdı, dəsgahdı,
12 hissədən ibarətdi. Bu hansısa muğamın tərkibində
olmayıb. Müstəqil həyatını yaşayıb və
yaşamaqdadı. İntəhası istər İranda, istərsə
də digər şərq ellərində çox nadir, ustad sənətkarlar
ona müraciət ediblər.
– Hər
halda mən inanıram ki, bizdə qəbul olunmuş,
böyük Üzeyir bəyin nota saldığı 7
muğamımızda “Əfşar”- dan bəzi məqamlar
olmasın.
– Mən
öz fikrimi bildirəcəm. Mənə elə gəlir ki,
yüz illər boyu İranda, cənubi Azərbaycanda, lap elə
Şimali Azərbaycanda da xanəndələrin oxuduğu bu
muğamı nədənsə bu tayda unudublar. Yoxsa
muğamlarımızın sayı 7 yox, indiyə 8 olardı.
– Sizə
demək artıq olar ki, muğamlarımızı
özünün təlqin elədiyi ovqata görə bəzən
qəm muğamı, bəzən dəm muğamı
adlandırırlar. Bəs “Əfşar” muğamını
xarakteri etibarı ilə hansı qismə aid etmək olar?
– Bunda daha çox lirika
özünü göstərir. İstər bəmində, istər
zilində, istərsə də təsniflərində. Son dərəcə
həzin, hətta kədərlidir. Nə bilim vallah, bəlkə
elə həddən artıq qəmgin ovqatlı olduğuna
görə bu muğamdan vaz keçiblər. Amma unutmaq olmaz
ki, sevinclə kədər qapıbir qonşudurlar. Biri bitəndə
biri başlayır, biri başlayanda o biri bitir.
– Hər halda böyük intizarla
“Əfşar” muğamının ifanızda səslənəcəyi
günü gözləyirik. Bu yerdə bir daha səs məsələsinə
qayıdıram. Bizim ifaçılıq sənətimizdə
bir neçə sənətkar var ki, səsləri bənzərsizdi,
onları istəsələr də təkrarlaya, yamsılaya
bilməzlər. Məsələn, Qulu Əsgərovun, Qədir Rüstəmovun, Mirzə
Babayevin, Oqtay Ağayevin səslərini kim çıxara bilər?
Necə deyərlər, ayaqqabılarını geyə bilərlər,
amma yerişlərini yeriyə bilməzlər. Mən məmnuniyyətlə
sizin də səsinizi bu sıraya daxil edərdim. Həzin, ahəstə
səs tembri, sözlərin aydın, dəqiq tələffüzü
və sair. Bəs siz səsiniz barədə nə fikirdəsiz,
ondan bir sənətkar ömrü ərzində yetərincə
istifadə edə bildinizmi, bu
sarıdan ürəyinizdə nigarançılıq, nisgil
qalmaylb ki ?
– Qalıb. Ona görə ki, bu səslə
istər keçmişlərdə, yəni hələ
İranda yaşarkən, istərsə də indilərdə
çox işlər görmək istəmişəm, amma
görə bilməmişəm. Bax, sinnimin bu vədəsində,
səsimin bu mərhələsində, biliyimin,
dünyagörüşümün indiki dönəmində
bir yeni sıçrayışa hazırlaşıram. Hədsiz
– hüdudsuz layihələrim, planlarım var. Mənə
güc, qüvvət, həvəs verənsə Arazın bu
tayındakı Azərbaycanımın müstəqilliyi,
öz sözünü özünün deməsidir. Gün o
gün olsun ki ...(səsi qırılır, kövrəlir.)
– Səsiniz,
ifanızla ötən əsrin 60-cı illərindən bəri
tanış ola bildik. Yəni Cənubi Azərbaycandan
köçüb Quzey Azərbaycana gələndən sonra.
Soruşmaq istərdim, orda, doğma yurd-yuvanızda nəyiniz
qaldı. Mən təkcə qohum – əqrəbanı,
doğmaları nəzərdə tutmuram, ümumiyyətlə
daha böyük mənada Güney Azərbaycanda nələri
qoyub gəldiniz?
–
Əvvələn onu deyim ki, mənim bu “Cənub”, “Şimal”
deyimlərindən xoşum gəlmir. Məndən ötrü
Azərbaycan yekdir, bütövdür. Nəyi qoyub gəlməyimi
soruşursunuz. 30 milyondan çox
qardaş-bacılarımı, İranın hər buçağından, hər
guşəsindən qulağa dəyən Azərbaycan
türkcəsini, şirinli-acılı nəğmələri,
aşıq havacatlarını. Hələ mən şairləri,
rəssamları demirəm. Bir sözlə hünərməndləri
qoyub gəlmişəm. Bəli, siz mənim səsimlə
60-cı illərdə tanış oldunuz. Amma sənətə
gəlişim 1942-ci ildə olub. Ərdəbildə Səfəviyyə
mədrəsəsində oxuyanda böyük qardaşım əlimdən
tutub dostu, gözəl xanəndə Mirzə
Əliağanın yanına aparardı ki, mənə
oxumağın yollarını öyrətsin. Həmin ildə
ustadım mənə dörd muğam oxumağı öyrətdi.
“Humayın” idi, “Dəşdi”, “Bayatı-türk”, bir də ki,
”Əfşar” muğamlarıydı.
– “Bayatı-türk” dediniz, bəlkə
“Bayatı-kürd”ü nəzərdə tutursunuz ?
– Yox, yox, “Bayatı-türk”. Oradan gələndən
sonra istədim sizin bu radionuzda oxuyum, qoymadılar ki, ay aman orda
”türk” sözü var. İnşaallah onu da bu yaxınlarda
dirildəcəm. Yeri gəlmişkən deyim ki, Ərdəbildə
olarkən adını çəkdiyim “Əfşar”
muğamını o qədər yaxşı oxumuşdum ki, ərdəbillilər
məni o muğamın adıyla – Novruz Əfşari deyə
çağırırdılar. Ta 60- cı illərəcən
bu adla tanınmışam. Bura gələndən sonra oldum
Feyzullayev.
– Bir vaxtlar İran radiolarından
verilən muğam konsertlərinə həvəslə
dinşək kəsilərdik. Xüsusilə Əbülhəsənxan
İqbalın, Mustafa Payamın səsləri bizləri valeh edərdi.
Onlarla necə, əlaqələriniz olubmu ?
– Əbülhəsən xan
sıradan bir xanəndə olmayıb, böyük mənsəb
sahibiydi. Təbrizin rəisi – şəhridarıydı, yəni
şəhərin meri. Tehrana gəlişində mən şəxsən
onun ziyarətində olmuş, məsləhətlərini dinləmişəm.
“Ayrılıq” mahnısını yazan Əli Səlimi oxuyarkən
tarda məni müşayət edərdi. Bir yerdə işləmişik
onunla. Yazdığı mahnıların çoxunun ilk
ifaçısı mən olardım. Mustafa Payamla da Tehranda bir yerdə
oxuyardıq. Orada mehmanxanası vardı. Ailəvi dost idik. Bu taya gələndə məni yola salanlar
arasında o da vardı. Qardaşı
Əli Zərgərə məxsusi salamlarını yetirməyi
gözləri yaşlı halda məndən rica elədi.
Mən də bura gələn kimi onun arzusunu
yerinə yetirdim.
– 90- cı illərin
ortalarıydı, mənim İran İslam Respublikasına bir
səfərim oldu, turist kimi. Vaxtilə radiomuzun
“Bulaq” verilişinin redaktoru olduğumdan xəbər tutanlar Təbrizdə
qaldığım oteldə məni axtarıb
tapmışdılar. Həm onlarla, həm
də digərləriylə apardığım söhbətlərdən
bir şey mənə aydın oldu ki, orda demək olar hamı
şeir yazır, səninlə şeir dilində
danışır. Yəni sənətin
başqa sahələri yoxdurmu ki, onlar şeirə üz
tuturlar?
– Dadaş, İranda Azərbaycan
türksəsində məktəb yox, universitet yox, gecə-gündüz
radio-televizionlar farsca danışır. Üstəlik
də ta qədimlərdən bizlərdə
çalıb-oxuyan, atılıb-düşən, oynayanlara
pis baxıblar. Bəs bu adamlar neyləsin?
Ona görə də özlərini veriblər
söz, şeir səmtinə. Buna pis baxmaq
lazım deyil. Dərdin, məlalın,
sevgi, mərhəmət, vətənpərvərlik
duyğularının izharının bircə yolu vardır ki,
onun da adı şeirdir. İranda belələrinə
hünərmənd, yəni hünər sahibləri deyirlər.
– Bəlkə də bu sualımdan inciyəcəksiz,
dediklərim xətrinizə dəyəcək, amma
özümü saxlaya bilmirəm. Sizin oxu
üslubunuza, xüsusən də muğamlarınıza
İran-fars yolu xasdır. Hərçənd
mən bunu qəbahət saymıram, muğam qoca Şərqin
müştərək sərvətidir. Amma
heç bu barədə, yəni stilinizdə dəyişiklik
eləmək barədə fikirləşmisiz?
– Mənim Arazın o tayındakı
stilim necə olubsa onu özümlə bu taya keçirib gətirmişəm.
Məncə bunu mənə bağışlamaq
olar. Çünki bir qayəm, bir arzum
olub- milli musiqimizi pərvazlandırıb göylərə
qaldırmaq. Ola bilsin orada doğulub boya –başa
çatdığımdan, oranın musiqisini çox
eşitdiyimdəndir ki, o ləhcə, o avaz canıma hopub,
dilimdə yuva salıb. Amma bu olsa-olsa ləhcə,
dialekt fərqidir. Bu fərqi hər
hansı bir diyarın ayrı-ayrı bölgələrində
də müşahidə etmək mümkündür. Məsələn
ərdəbillilər deyir “a yetim, nəğareysən, hardan gəleysən, hara gedeysən?”
Amma görün təbrizli necə deyir,
“dadaş, nə deeirsən, hardan gəliirsən, hara gediirsən?”
O da azərbaycanlıdı, bu da, xırda ləhcə
tafavütü var. Bax, mənim ifalarımda duyduğunuz o xallar
ki var, sırf ləhcə işidir, başqa bir şey deyil, ola da bilməz. Əbdülhəsən xan İqbalda da bu
vardı, Mustafa Payam da, Ququşda da. Amma
hamısı azərbaycanlıydılar.
– Artıq xeyli vaxtdır bir zamanlar
radionun, televiziya ekranının bəzəyi olan Novruz Feyzullayev
sənət dairələrində bir qədər seyrək
görünür. Sənətkar olaraq bu sizi
sındırmır ki?
– Yox, sındırmır. Ona görə ki, həvəsdən düşməmişəm.
Səsimdəki öz yerindədir, sözümə
baxır, hara deyirəmsə oraya gedir. Dövlət
Teleradio Şirkətindən çox razıyam ki, səsim
yazılmış lent yazılarını qoruyub-saxlayır,
vaxtaşırı səsləndirir, məni elin
yaddaşından silinməyə qoymur. Bir az
yeni araya-ərsəyə gələn özəl, qeyri
dövlət radio- televizionlarından gileyim var. Ucuz şoulara
çox yer verirlər, əsil sənəti qapı dalında
saxlayırlar. Bax, o dediyiniz qocalıq var ha, sənətkar
onda qocalır. Belə yaramaz. Sənətkarı
hər yaşda dindirib danışdırmaq
lazımdır.Onlardan öyrəniləsi, görüb-götürüləsi
çox şeylər var. O ola ki, mən təki cavan
oğlandan (gülür) ...
O
güldü, mən də güldüm və bizim söhbətimiz
üçün ayrılan vaxtın daraldığından
narazı qalsam da görüşümüzə
razılıq verdiyinə görə təşəkkürümü
bildirib əl-ələ görüşdüm. Sonra söhbətimizin
lentə alındığı studiyadan çıxıb pillələri
enə-enə ona dedim çox sağ olun ki, “Axtarış”
verilişinin bu sayının araya-ərsəyə gəlməsi
üçün çox axtarmalı olmadıq, çox
arzulardım ki, uzun və uzun illər beləcə
axtardığımız yerdə tapaq sizi. Özü
də bax belə şən, gümrah, sevdiyiniz, könül
bağladığınız sənətin sükanı
arxasında. Oxuyun, həmişə oxuyun və
bu oxumaq sədaları altında daim sizi anaq, sizdən sənət
inciləri umaq.
Bu sözlərimdən onun alındığını
duydum. Şükranlarını mənə əllərimi
bərk-bərk sıxmağıyla bildirdi. Və bu təmasdan ürəklənib ona daha bir sual
verdim, mikrofonsuz-filansız.
– Ərdəbilə, Təbrizə, bir sözlə
ana vətənə getməyiniz gəlirmi?
– Hələ ki yox.
– Niyə?
– Niyəsini soruşma. Çün
istək başqadır, şərait, səbəblər
başqa. Bircə orasını deyim ki,
45-ci ildə cənubda Milli Hökumətimiz yarananda mən
artıq Təbriz filarmoniyasının solisti idim. Orada ta qədimlərdən çox möhtəşəm
bir orkestr fəaliyyət göstərirdi. Müstəqillik
aylarında daha da qol-budaq açmışdı. Cahangir
Cahangirov, Hacı Xanməmmədovla da orda tanış
oldum. Həmin orkestrdə işləyir,
dirijorluq edirdilər. Cibim həmişə
pullu olub, el məclislərindən yaxşı qazanardım.
Amma iş yerimdən ilk dəfə Milli Hökumətimizin
pulunu alanda o 150 tümən pulun üzərinə göz
yaşlarım ələndi. Çünki o mənim
doğma pulum idi, müstəqil dövlətimin göstəricilərindəndi.
Sonra da... sonrası sizə məlumdur... Hər
şeyi zaman həll eləyir. Zaman
yetişər verdiyiniz suala “yox”əvəzinə “hə” deyə
cavab verərəm.
Novruz Feyzullayev (Əfşari) ilə bu söhbətimin
alındığı tarix 2001-ci ilin Novruz ayına təsadüf
eləmişdi. Şən, qıvraq, həyat eşqiylə ləbaləb
dolu bir insanla şəxsən tanış
olmuşdum. Sevinir, qürur duyurdum, sənətimə minnətdarlıq
edirdim ki, sayəsində daha bir dost qazanmışam. Oxuyarkən səsində üzə çıxan həzinliyin,
bir növ pıçıltıya bənzər həlimliyin
tam əksi olaraq həm də həyatda sərt idi, ötkəm
idi, hər an amalı, əqidəsi uğrunda
döyüşə atılmağa hazır idi. Arada sənət adamlarının ən incə yeri
olan ad, titul məsələsinə də toxunub
qırımını yoxlamışdım. Adıma nə gəlib ki, dadaş, demişdi. Bəsimdi deyələr ki, oxuyur Novruz Feyzullayev.
Təki Allah səsimə qıymasın,
qalanı düzələn şeydi.
Ayrıldıq
və haqqında danışdığı layihələri həyata
keçirəndən sonra bir daha görüşüb
söhbət edəcəyimizin ”hə”sini
ondan aldım. Sonra günlərin bir günü radiodan “Heydər
baba” mahnısını dinləyən təki evlərinə
zəng vurdum ki, hal-əhval tutam, bir də görüşək.
Dedilər yerində yoxdur və bir daha olmayacaq.
O boyda sənətkar səsindəki həlimliyin özü
kimi, haysız – küysüz, pıçıltıya bənzər
bir sakitliklə dünyasını dəyişibmiş sən
demə. O, bu, daha ona zəng eləmirəm. Bilirəm
ki, yerində deyil. Amma həm də yerindədir
məncə, canı, qanı qədər sevdiyi,
özünü heç zaman qərib saymadığı Vətən
torpağının altında. Oraya köç edib ki,
cismi ilə torpağı bir az da qabartsın, artırsın,
aradabir Vətən göylərində havalanan
mahnıları, muğamları, yumşaq zəngulələri
ilə həm ona, həm özünə layla çalsın,
salam versin.
25 oktyabr 2014
İsmayıllı.
İntiqam Mehdizadə
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.22.