Meraklısı için
öylə bir hekayə
Türkiyə Mədəniyyət həftəsinin son günündə qonaqlarımız azəri tamaşaçılarına “Meraklısı için öylə bir hekayə” tamaşasını təqdim etdilər. Doğrusu, bukletə baxanda da ilk öncə diqqətimi tamaşalar çəkmişdi. Son on ildə türk kinosundakı inkişaf, dəyişiklik hər kəsin gözü önündədir. Türk teatrı haqqında isə bilgilərimiz azdı. Düzdü, teatrlarımız türk dramaturqlarının əsərlərinə aradabir müraciət edirlər, amma yenə də türk teatrı haqda məlumatımız çox azdı. Bu mənada Türkiyə Mədəniyyət günlərində həm də tamaşaların nümayişi bizlərdən ötrü xeyli maraqlı oldu.
“Meraklısı için öylə bir hekayə” tamaşası türk yazıçısı, şairi, tərcüməçisi Səid Faiq Abasıyanıqın hekayələri əsasında hazırlanıb. Monotamaşadır, rejissoru Murad Çidamlıdır. Tək rolun ifaçısı Savaş Dinçəldir.
Son illərdə dünyada monotamaşalar xüsusi aktuallıq qazanıb. Hər il bir neçə
şəhərdə monodram
festivallar keçirilir.
Azərbaycanda da kiçik
səhnə estetikası,
bir yaxud iki nəfərlik tamaşalar axır zamanlarda xüsusi maraqla qarşılanır.
Ancaq onu da qeyd
etmək lazımdı
ki, monotamaşa rejissordan və aktyordan yüksək peşəkarlıq, xüsusi
istedad tələb edir. Hərəkətin
və dialoqların, mübahisələrin və
intriqanın az
işləndiyi bu tip tamaşalarda əsas yük aktyor oyununun üzərinə düşür, daha doğrusu aktyorun müxtəlif psixoloji hallar ifadə etmək, tamaşaçını
öz aurasına salmaq məharətindən
asılı olur. Ona görə bir çox monotamaşalarda əsas priyom tamaşaçını prosesə
cəlb etmək olur.
Tamaşaçı aktyorun onunla dialoqa girməsini, oyununun onun reaksiyaları
üzərində qurmasını
hiss edir və gedişatı daha da maraqla izləyir. İkinci bir
priyom isə aktyorun öz-özüylə
mübahisəsi, davasıdı.
Bu dəfə də “Meraklısı için öylə bir hekayə”nin qəhrəmanı özüylə
mübahisələri və
eyni zamanda tamaşaçı ilə
aktiv dialoqları ilə maraqlı idi. Qəhrəman deyəndə əlbəttə Səid
Faiq Abasıyanıqı
nəzərdə tutulur.
Əsər Səid Faiqin
hekayələrindən ibarətdi,
amma burada həm də onun həyatına aid bir çox detallar, fərqli məqamlar tamaşada istifadə olunub. Ümumiyyətlə, Səid
Faiq özü bir az qəribə, həm də başqa adam olub. Türk hekayəçiliyində
yeni üslubun, tərzin banisi hesab edilir. Rejissor qəhrəmanına aid bir
çox avtobioqrafik məsələləri iri
və xırda detallarla göstərir.
Səid Faiqin dənizə bağlılığı, balıqçılarla
dostluğu, onlara aid əsərlər yazması
tamaşanın lap əvvəlindən
nəzərə çarpan,
daha doğrusu qabardılan məqamdı. Sınıq-salxaq
qayıq, balıqçı
torları, ağ-ağ
yelkənlər, fonda quşların səsi bunlar hamısı səhnədə
Səid Faiq ovqatı yaradır. Və yazıçı özündən
danışa-danışa hekayələrinin
qəhrəmanları ilə
görüşür, söhbət
edir, əsərlərinin
yaranma tarixçələrini
yadına salır.
Savaş
Dinçəlin enerjili
oyunu və rejissorun düşündüyü
ayrı-ayrı priyomlar,
gedişlər bitib-tükənməyən
monoloqun darıxdırıcı
olmasına imkan vermir. Səhnədə texniki effektlərdən
də istifadə olunur. Ekran qurulub, bəzən
bu ekranda kölgə effektləri, bəzən sakit-sakit yırğalanan dəniz, bəzən də Səid Faiqin şəkillərini görürük.
Amma çox vaxt qəhrəmanın danışdığı
hadisələrə uyğun
görüntülər gəlir
ekrana. Doğrusu, XXI əsr teatrının
bəzi bu tipli ayaqlaşmalarını
qəbul eləmək
teatrallardan ötrü
çətindir. Çünki onsuz da bütün
həyatımızı zəbt
etmiş ekranı, texnikanı gedib teatrda da görmək,
orda da müxtəlif
səhnələrə ekranda
baxmaq, montajın yaratdığı “möcüzələrə”
tamaşa etmək adama maraqlı görünmür.
Bunu deməklə
kinonun, teleekran estetikasının səviyyəsini,
insan zövqünə
təsirini qətiyyən
azaltmaq istəmirəm. Amma hər
halda teatra gələn tamaşaçı
ilk növbədə CANLI sənəti,
necə deyərlər
aktyorun ağzından
çıxan parı,
gözündəki işığı
görmək istəyir.
Hansısa rəng və
işıq effektləriylə
“bəzədilmiş” ekranı
yox. Ancaq yenə də hər şey öz həddində gözəldi, maraqlıdı
və təəssüf
ki, bu tamaşada
ekranın rolu həddindən bir az artıq
göründü mənə...
Tamaşanın əsas ideyasına, qayəsinə gəlincə
məncə müəllif
Səid Faiqin timsalında sadəcə sənətkar, yazıçı
obrazı göstərməyə
çalışıb. Bu yazıçının ana
bətnindəki görünüşündən
başlanır əsər.
Fondakı qadın səsi
hər birimizin dünyaya eyni cür gəldiyimizi, ağzımızın, burnumuzun,
gözlərimizin, başqa
əzalarımızın eyni
olduğunu deyir.
Amma bəs onda qələm
adamının başqalarından
fərqi nədir?
Bax bunun cavabını tamaşa boyu Səid Faiqin müxtəlif qəhrəmanları
ilə söhbətlərindən
anlayırıq. Yazıçı
bir martı
quşunun ölümündə
acı çəkir,
bir balıqçının
o martı quşuyla bağlılığını duyur yazıçı. O martı quşunun
cəsədi önündə
ağlayıb sızlayan
yazıçıya ətrafındakılar
gülür, onun halını məsxərəyə
qoyurlar.
Məncə, həyatı boyu
heç olmasa üç-beş normal əsər
yazan, həyata başqalarından bir az fərqli
baxan hər kəsin başına gələn hadisədir bu... Sənin az qala hönkürüb
ağlamaq istədiyin
hadisə başqalarından
ötrü gülməlidi,
sənin üçün
mənası olanı başqaları
lağa qoyur. Sən təkliyə çəkilmək istəyirsən,
özün, həyatın,
qorxuların, sevgin, gələcəyin, ölümün
haqda düşünmək
istəyirsən... Amma
olmaz... Sən də hər kəs kimi deyilsənsə,
xəstəsən, dəlisən
deməli! Elə Səid Faiqin
də “dəlilikləri,
xəstəlikləri” ayrı-ayrı
epizodlarda görünür.
Amma daha çox həyata sevgisi, insanlığa sevgisi hiss olunur. Şairin dostlarına bağlılığı
əsasən, Orxan Vəliyə aid dediklərindən
duyulur. Orxan Vəlidən dediyi
şeir tamaşanın
təsirli anlarından
biri idi.
Tamaşada Səid Faiqin əsasən son hekayələrindən
istifadə olunub. Bunlar – “Son quşlar”,
“Hişt, hişt”, “Bir qaya parçası”,
“Siviriada gecələri”,
“Dondurmaçı çırağı”
və başqa hekayələridir. Bir neçə
hekayənin sintezi də maraqlıdır.
Məsələn, “Son quşlar” ilə
“Hişt, hişt” adlı hekayənin. Tamaşaya baxandan sonra bu əsərləri təkrar oxuyanda yazıçının həyata,
insanlara bağlılığını
daha çox duydum. Təklənmiş,
tənha bir adamın qulağına səs gəlir hər yerdə: hişt, hişt... Elə bil kimsə
sataşır ona, ya çağırır,
ya çəməndə
otlayan bir heyvandı, ya qanad çalan quşdu, bilmir... Bəlkə qulaqlarında səs qalıb?! Bunu da bilmir... Amma
əsərin sonunda:
“Hardan gəlirsə,
gəlsin, dağlardan,
quşlardan, dənizdən,
insandan, otdan, böcəkdən, çiçəkdən. Gəlsin
də haradan gəlir gəlsin! Bir hişt səsi
gəlmədisə, çətindir.
Gəldikdən sonra yaşasın
çiçəklər, böcəklər,
insan oğulları”.
– deyir müəllif
və qəfəslərdən
qorxub “qaçan” quşların daha ona yaxın gəlməməsindən gileylənir.
Əslində, tamaşa boyu bu “hişt, hişt”in mənasını
anlamağa çalışırdım. Amma sonda insanlığa, gələcəyə, təbiətə
görə gözüyaşlı
qəhrəmana baxıb
düşündüm ki,
bu “hişt” hənirdir, həyatın,
sevdiklərimizin, təbiətin,
gözəlliklərin həniri...
Və həyatın, gözəlliklərin,
sevdiklərimizin hənirini
duymayınca, yaşamağın
mənası qalmaz.
O gəldikdən sonra
böcəklərin, çiçəklərin,
insan oğullarının
yaşaması, sadəcə
varlığı xoşbəxtlik
üçün yetər...
Savaş
Dinçəl bunları
deyərək ağlayır,
sınıq-salxaq qayığında
gizlənmək istəyir
sanki... Bu, təkliyin,
gücsüzlüyün, bütün
tamaşa boyu danışılan dərdlərdən
çıxılmazlığın ifadəsidir...
Tamaşa bitdikdən sonra aktyor publikanın reaksiyalarından, münasibətindən
məmnun qaldığını
bildirir.
Azərbaycan teatrallarını yetişdirmiş
sənətçilərə təşəkkürlərini çatdırır. Amma ən təsirlisi rejissorun dedikləri idi: “Sizlərə kiçik bir sirrimi açacam... İllər öncə hələ gəncliyimdə
Vaqif İbrahimoğlunun
“Heydər babaya salam” tamaşasına
Türkiyədə baxdım...
Bəzən deyirlər,
filan əsəri oxudum, həyatım dəyişdi... Bax mən də Vaqif İbrahimoğlunun tamaşasına baxdım,
həyatım, həyata
baxışım dəyişdi...”
Qürur hissinin gətirdiyi sevinc, xoşbəxtlik bənzərsizdi
sadəcə... Ona görə Vaqif İbrahimoğlu adı çəkilən kimi alqış səsi də başqa cür gəlir elə bil!
... Dram teatrının pillələrini
isladıb yağış...
Yağışın səsi
dəyişib sanki... Sakitcə pıçıldayır:
... Hişt, Hişt...
PƏRVİN
525-ci qəzet.- 2014.- 29 noyabr.- S.21.