İnsan kimi də, yazıçı kimi
də unudulmaz...
DƏYƏRLİ ƏDİBİMİZ, MAHİR ÇEKİST MUSA QOCAYEVƏ VƏFA BORCU
Pislikləri tez bir zamanda unuduram, yaxşılıqlar isə
illər boyu yadımdan çıxmır, ürəyimdə
dolanır. Bir zaman əlimdən tutan, hayıma yetib,
qayğıma qalan insanın nurlu çöhrəsi
ömür boyu xəyalımdan silinmir. Əlim
çatanları axtarıb tapır, əlim
çatmayanların xatirələri ilə baş-başa
verirəm. Düz 21 il bundan əvvəl,
1993-cü ildə eşitdiyim bəd xəbərin giziltiləri
hələ də canımdadır. Musa Qocayev həmin il vəfat elədi, 61 yaşında.
Doxsanıncı illər ağır dövr idi. Onu axtarıb
tapmaq ürəyimdən keçsə də dövr
özü asudə bir vaxtda görüşə imkan
yaratmadı. Xülasə, indi çox
şey demək olar, fakt odur ki, Musa Qocayevin mənə elədiklərinin
əvəzini sağlığında ona qaytara bilmədim.
Qaytaracağım “əvəz”-təşəkkürlər,
minnətdarlıqlar olacaqdı. Deyəcəkdim “Musa
müəllim, sən gözəl insansan, xeyirxah rəhbər,
istedadlı yazıçı, qayğıkeş dost, ailə
başçısısan. Bilirsənmi, hansı
vaxtımda, hansı günümdə mənə əl tutdun,
köməklik elədin. Elə vaxtda ki, kimsə bir
balaca yubanıb, haya-haraya yetməsə, əldən
yapışmasa, adam quyunun dibinə
düşə bilər. Onda vaxt məndən
ötrü çox ağır idi, cavan çiynim bu
yükün altında əzilirdi”.
70-ci illərdə, Sovet dövrünün ən qaynar
illərində, bütün nailiyyətlərin, göstəricilərin
kəllə-çarxa vurduğu dövrdə şəhər
və rayonlarda sayılan əsas vəzifələrdən biri
DTK rayon şöbəsinin sədri idi. Bizim idarələrimiz
(mən o vaxt Əli-Bayramlıda – indiki Şirvanda
çıxan “İşıq” qəzetində şöbə
müdiri işləyirdim) bir-birinə yaxın idi. Pəncərədən-qapıdan şöbəyə
gəlib-gedənləri aydın görürdük. Şöbə bir neçə rayona
baxdığından, yaxud nəzarət etdiyindən üzbəüz
səkinin böyrünə vəzifəlilərin
maşınları düzülürdü. Şöbə əməkdaşları heç kəslə
durub-oturmur, yanımızdan salamsız-kəlamsız
keçir, işdir kimsə zarafatyana irad tutanda “vəzifənin
belə tələb elədiyini” deyirdilər. Biz artıq buna adət etmiş və eyni zamanda bu
fikri qəbul etmək məcburiyyətində
qalmışdıq.
Həmin dövrdə mən çox ağır bir
haqsızlıqla üz-üzə qaldım. Ətrafım,
yaxınlarım ədalətsizliyin qurbanı olduğumu bilsələr
də, əllərindən heç nə gəlmirdi. Uçurum kənarında dayanmışdım sanki,
güclü bir əl lazım idi, məni dərənin dibinə
düşməkdən xilas eləsin. Kiçik
bir səhvim adi səhlənkarlıq məsuliyyəti həddində
olsa da, məsələm partiya komitəsinin bürosuna
qaldırıldı. Büro iclasından əvvəl
təlimatçılar, aparat məmurları mənə
bol-bol məsləhət verib, etik qaydaları (?) gözləməyi,
büronun çıxaracağı hər hansı qərarı
ədalətli və qanuni hesab etməyə borclu olduğumu
tapşırdılar. “Ədalətli və
qanuni saymalı olduğum” büro qərarı ilə...
işdən çıxarıldım. Cəmisi
25 yaşım var idi. Əyalətdə
yazıb-yaradan gənc şair idim, dərdimi heç kəsə
deyə bilmədim. Daxili
sarsıntılarla qol-boyun olub, çətinliklərlə
üzləşdiyim günlər başlandı.
Yaxşı kişilərdən biri müdiri olduğu zavodda
ixtisasıma, bacarığıma uyğun olmayan bir qulluq verdi. İşə gedib-gəlsəm
də, həyat məni sıxır, əzirdi. Elə bu vaxt DTK şəhər şöbəsinə
yeni rəis təyin olundu. Adamlar yenə də
qapı-pəncərədən zəhmli idarə tərəfə
boylanmağa başladılar. Səkinin böyrünə
düzülən maşınların sırası
yavaş-yavaş seyrəldi və az
müddət sonra onlardan bircəsi də gözə dəymədi.
Təzə rəisin peşəkar, savadlı
çekist, həm də yazıçı olduğunu eşidəndə
bəlkə də hamıdan çox sevinən mən oldum. Ürəyimdə
nəyə görəsə ümid
qığılcımları yarandı. Sövq-təbii
hiss etdim ki, deyəsən bəxtimə gün doğacaq. Təzə rəis tezliklə şöbənin zəhmli
binasının həyətində, yaxınlıqdakı
parkda görünməyə başladı. Üz-üzə
gəldiyi adamlarla salam verib, salam aldı. Gözəl, yaraşıqlı adamdı, gözəgəlimli
boy-buxunu var idi. Əsmər (vallah bu,
yaxşı sözdür) sifətindən təbəssüm,
istiqanlılıq, doğmalıq yağırdı. Tələm-tələsik, onun kitablarını
axtarıb tapdım. Povest, hekayə,
romanlarını oxuyandan sonra bir daha məndə yəqinlik
yarandı; təzə rəis əsl camaat adamıdır,
dövlətin, xalqın keşiyində dayanan güclü
çekistdir. Dədə-babadan da
görmüşük ki, güclü adamlar həmişə
sadə olurlar. Çekist-yazıçının
qəhrəmanları ağır dövlət qulluqlarında
– istintaq orqanlarında çalışsalar da, bu sayaq vəzifə
adamlarının sxolastik, şablon xarakterindən uzaq idilər.
Onlarda insanpərvərlik, vətənpərvərlik
hissi güclü idi, bu qəhrəmanlar mərdlik, cəsarətlilik
nümunəsi göstərir, məsələlərə təkcə
vəzifə rakurslarından deyil, kişilik, qeyrətlilik
baxımından yanaşıb onların həllinə
çalışırdılar. Musa Qocayevin
qəhrəmanları ilə özü arasında son dərəcə
güclü oxşarlıq var idi. Ürəyimdə
onunla danışmağa başlamışdım. Görüş üçün məqam
axtarırdım. Deməyə sözüm
çox idi. Demək istəyirdim ki, yoldaş polkovnik, dəyərli
yazıçımız, mən də şairəm, söz
adamıyam, haqsızlığa düçar olmuşam... Demək
istəyirdim, ancaq harada, necə?...
Tələbəlik illərində böyük həvəslə
kitabxanalardakı şeir dərnəklərinə gedərdik. Ağacavad Əlizadə
Sabir adına kitabxanada şeir dərnəyinin
rəhbəri, həm də “Azərbaycan” jurnalının məsul
katibi idi. Dərnəkdə bəyəndiyi
şeirləri jurnalda çap etdirirdi. Özüm
də bilmirdim, nəyə görəsə mənə
münasibəti sərin idi. Bəyəndiyi
şeirlərin çapı barədə bir kəlmə
söz demirdi. Bir dəfə Ağacavad
bizi yığıb Montindəki (Nərimanov) bir peşə məktəbində
görüşə apardı. Gənc şairlərə
söz verəndə Ağacavad onların adının
qabağına ”istedadlı”, “qabiliyyətli”, “ümidverici” və
bu kimi başqa sözlər əlavə etsə də, mənim
sadəcə ad-familiyamı deməklə kifayətləndi. Qələm dostlarımın hərəsi bir
şeir oxumuşdu. Mən də “Anama” adlı şeirimi
oxuyub oturmaq istəyəndə, alqış sədaları ara vermədi. Gözüm
Ağacavadda idi, o, bir şeir də oxumağımı istədi,
bu dəfə məhəbbət şeiri oxudum. Gənclər yenə də əl çaldılar, səs-küylə
məni yenə şeir deməyə
çağırdılar. Daha oxumadım.
Etika gözlədim. Həmin
görüşdən sonra Ağacavadın mənə olan
münasibəti dəyişsə də, “Azərbaycan”a
şeir vermədim. Bir gün, kefim kök
idi – “Ulduz” jurnalında “Gecikmişəm” adlı şeirim və
yaxşı bir şəklim dərc olunmuşdu –
Yazıçılar İttifaqının qabağında, əlimdə
də jurnal, Ağacavada rast gəldim. Köhnə
dostlar kimi görüşdük.
– Bilirəm
məndən inciksən, şeirlərini gətir, bir padborka
verəcəm, dedi.
Təşəkkürümü bildirdim. Əlavə elədi:
–
Əli-Bayramlıda nə var, nə yox, – birdən ani fikirləşib,
– Musa necədir, – soruşdu, – Musa Qocayevi deyirəm, bizim
dostumuzdur...
Əla məqam idi. Mən başıma gələnləri
danışdım. Qocayevin mənə kömək edə
biləcəyini, buna onun imkanının
çatdığını dedim. Səssiz-səmirsiz
cibindən kağız-qələm çıxartdı.
Yaxınlıqdakı maşının kapotunun üstünə
əyilib bu cümlələri yazdı: “Musa, salam, Tofiq
Hüseyn bizim istedadlı gənclərimizdəndir. Haqsızlığa mübtəla olub. İmkan tapıb ona kömık etməyini
dostcasına xahiş edirəm”.
Öpüşüb ayrıldıq. Səhəri
gün Ağacavadın məktubunu şeirim dərc olunan
“Ulduz” jurnalının arasına qoyub Musa Qocayevin qəbuluna
getdim. Ağacavadın məktubunu verdim, oxudu, sonra
yavaşca jurnalın qatladığım səhifəsini
göstərdim: “Mənim şeirimdir, – dedim, – təzə
çıxıb”.
Şeiri oxumağa başladı və bu anda mən bütün diqqətimi ona yönəltdim. İndiki məqamda şeirin oyatdığı reaksiya məndən ötrü çox vacib idi. Sifətindəki ifadədən hiss edirdim ki, şeir xoşuna gəlir. Hər bənddən sonra başını ehmalca tərpədir, çöhrəsinə xoş təbəssüm qonurdu.
“Əla şeirdir, – dedi, – təbrik edirəm. İndi
danış görək, səni niyə incidiblər”.
Danışmağa başlayanda sözümü kəsdi: “Gəl
belə eləyək. Nə baş veribsə,
hamısını olduğu kimi danış. Bu, işin xeyrinə olar”.
Ürəkləndim. Hadisə necə
olubsa, artırıb-əskiltmədən nəql elədim.
“Səni nahaq çıxardıblar, – dedi, – şəhər
partiya komitəsinin bürosuna bir ərizə yaz, mənə
danışdıqlarının hamısını ərizədə
göstər.
Aparıb verərsən ümumi şöbəyə.
Tapşıracam, qeydiyyata alarlar”.
Sevindiyimdən, bilmirdim, nə edim. Ayağa qalxdım, iri, enli,
cod əli ilə əlimi möhkəm sıxıb: “Hər
şey yaxşı olacaq,- dedi, –
darıxma”.
Düz bir həftədən sonra evə zəng vurub məni
şəhər partiya komitəsinə
çağırdılar. Təlimatçılar
tapşırdılar ki, gözləmə otağında
oturum, çağıranda pencəyimin, köynəyimin
düymələrini bağlayıb içəri girim. Hansı qərar çıxsa, həmin qərara
etiraz etməyim, partiya etikasını gözləyim.
Xeyli – lap
iclasın axırına kimi gözlədim. Məni
çağırmadılar. Aman Allah,
ürəyimdən yenə qara qanlar axdı. İclas qurtarana kimi, necə deyərlər, o
dünyanı görüb qayıtdım. Ancaq
nahaq yerə. Bir azdan içəridəkilər
bir-bir çölə çıxmağa başladılar.
Lap axırda Musa Qocayev çıxdı, üzündəki –
mənə son dərəcə gözəl təsir
bağışlayan – xoş təbəssümlə... Yenə güclü, cod əli ilə əlimi
sıxdı. “Təbrik edirəm, – dedi. – Qayıt, yerində işlə,
yaxşı məqalələr yaz, şəhər həyatını
işıqlandır, səndən təzə şeirlər
gözləyirik...”
İnternetdə Musa Qocayev haqqında məlumatlar
axtardım. Zeynəb Cəfərli adlı bir xanımın məqaləsindən
və Musa müəllimin qısa tərcümeyi-halından
başqa heç nəyə rast gəlmədim. Aman
Allah! Musa Qocayevin saytda gedən şəkli mənim
“Ulduz” jurnalında çap olunan şəklimə nə qədər
bənzəyir. Çox güman ki, Musa
müəllim də bu şəkli, mənim kimi, 25
yaşı olanda çəkdirib. Elə
bil bir almanı yarı bölüblər. Kövrəldim. Bu gözəl
ziyalı, yazıçı haqqında geniş məlumatlar
yaymaqda saytlar, görəsən, niyə xəsislik edir? Ona niyə bu dərəcədə laqeydlik göstərilir?
Axı Musa Qocayev 60-cı illərdə ədəbiyyata
gəlmiş istedadlı yazıçılardan biridir. Sovet dövründə kitab nəşrinin necə
çətin bir məsələ olduğunu heç birimiz
unutmamışıq. Buna baxmayaraq, Musa müəllimin
1967-ci ildə çapdan çıxan “Mühüm
tapşırıq” kitabından sonra bir-birinin ardınca “Tək
əldən səs”, “Mühüm əməliyyat”, “Gecələrin
mahnısı”, “Maye qızıl”, “Qartal balası”, “Məhəbbət
olan yerdə”, “Qanlı çinar” roman və povestləri kitab
halında nəşr olunub. Vaxtilə Xalid
Əlimirzəyev, Nizami Cəfərov, Mustafa İsgəndərzadə
və başqa alimlər onun
yaradıcılığını yüksək qiymətləndiriblər.
Bu məqalələrdən çoxlu sitatlar gətirmək
olar. Ancaq Nizami Cəfərovun: “Harda həyat həqiqəti
varsa, Musa Qocayevin qələmi orda güclü olur” – fikri
çekist-yazıçının yaradıcılıq məziyyətlərini
tam ehtiva edir. Onun yaradıcılığı
başdan-başa həyat həqiqətlərindən ibarətdir.
Özü danışırdı ki, saatlarla istintaq prosesində
iştirak edirəm, çünki cinayətkarlığın
fəlsəfəsi çox mürəkkəb fəlsəfədir,
insanlar niyə cinayətə əl atır, onları buna nə
vadar edir – çox maraqlıdır...
Nəhayət özümdə nisbətən
yüngüllük, rahatlıq hiss edirəm. Musa müəllimin
kitabları əlimin altındadır və onun barəsində,
gec də olsa, yazmaq istədiyim yazını
yekunlaşdırıram. Bir də axı mən nə
vaxt, hara gecikməmişəm ki... “Ulduz” jurnalında 70-ci illərdə
Musa müəllimin şəklinə oxşayan şəklimlə
birgə dərc olunmuş “Gecikmişəm” adlı şeirimdə
dediyim kimi:
Bir işıq sürəti hardadır, harda?
Bir işıq sürəti gəzirəm hərdən.
Mən tələsən
yerə tramvaylar da
Çox zaman tez çatır təyyarələrdən.
Tofiq HÜSEYN
Əməkdar jurnalist
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.20.