Ustad jurnalist və böyük alim

 

 

Şərqdə ilk demokratik respublika olan Azərbaycanın 20-ci əsrin sonlarında öz müstəqilliyini bərpa etməsi bir sıra gözlənilməz məqamlarla, siyasi qarşıdurmalarla, iqtisadi çətinliklərlə müşayiət olunsa da, söz sənətimizin qarşısında geniş üfüqlər açdı. Demokratik inkişaf yolu seçmiş Azərbaycanda söz və mətbuat azadlığı, senzuranın ləğv edilməsi, çoxlu sayda və fərqli yönlərdə mətbuat orqanlarının yaradılması ilə nəticələndi. Bütün bunların fövqündə, xüsusilə, jurnalistikanın inkişafı daha qabarıq nəzərə çarpmağa və cəmiyyət həyatına təsiri artmağa başladı.

Azadlığın cazibəsi ilə mətbuata güclü axın yarandı və təbii ki, bu axında yaxşılarla yanaşı, peşənin gerçək missiyasını bilməyənlər, çalışdığı sahəyə qazanc mənbəyi kimi baxanlar, milli jurnalistikamıza ləkə gətirənlər də az olmadı. Amma önəmlisi budur ki, müstəqillik illəri həm də çox böyük istedadlı jurnalistlər ordusu yetişirdi və bu, bizim mətbuat sahəsində itirdikərimizi qat-qat üstələyən ən böyük qazancımızdır.

Yeni nəslin öncülləri

Yeni nəslin yaranmasında, yeni jurnalistika prinsiplərinin bərqərar olmasında, həyatımıza nüfuz etməsində həm peşəkarlığı, həm şəxsi nümunəsi, həm də öyrətmə qabiliyyəti ilə seçilən jurnalistlərimiz də ictimai səhnəyə çıxdı ki, onlardan biri, bəlkə də birincisi, indi filologiya elmləri doktoru və professor adını halal haqqı kimi daşıyan Qulu Məhərrəmlidir. Açığını deyim ki, sadaladığım üç keyfiyyətin hər hansı biri kimdə varsa (belələri heç də az deyi), o, böyük hörmətə layiqdir. Amma bu üç keyfiyyətin, yəni, həm istedadın, həm şəxsi nümunənin, həm də araşdırma və öyrətmə qabiliyyətinin üçü də eyni zamanda az-az adamda cəmləşə bilir. Bu mənada, Q. Məhərrəmli Azərbaycan jurnalistikasının, həqiqi mənada, sayılıb-seçilən simalarındandır.

O, ötən əsrin 90-cı illərində, Azərbaycanın ictimai-siyasi həyatının ən keşməkeşli, təzadlı illərində, milli oyanışın gücləndiyi və tədricən, ictimai şüurun böhranla üzləşdiyi bir dövrdə “1000 saniyə” informasiya proqramı ilə efirə çıxdı. Dərhal da yeni tip aparıcı olması ilə diqqəti cəlb etdi, çünki tamaşaçı kağızı üzündən oxuyan quru intonasiyalı diktorun əvəzinə, indi efirdə səmimi bir intonasiya ilə danışan, düşündüklərini deyən, ənənəvi davranış tərzindən uzaq olan bir sima görürdü.

Sevgi düsturu

Qulu müəllim niyə yaddaşlarda qalıb tanınır? Niyə onu dəyərləndirir və bu qədər sevirlər? Bunun bir səbəbi hələ sovet dövründən dövlət televiziyasında reportyor, şərhçi, nəhayət, aparıcı kimi çalışması ilə bağlıdırsa, ondan da qat-qat böyük səbəbi sözünə, özünə və tamaşaçıya hörmətlə yanaşması, daim həqiqəti deməyə can atması, dediyinə cavabdeh olması, yerində sayıb bazasını xərcləməsini yox, öz üzərində çalışmasını həyatı boyu qarşısına məram kimi qoyması və buna nail olmasıdır.

O, vaxtilə apardığı “Xəbərlər” proqramına öz səmimiyyəti ilə insani sifət verə bilirdi. Böyük məharətlə apardığı “7 gün”, “Təfsilat”, “Gerçəklik” kimi həm informativ, həm də analitik verilişlərdə dərin intellekti, orijinal jurnalist dəst-xətti ilə seçilirdi və bəyənilirdi. Rəsmi dövlət tədbirlərindən, beynəlxalq forumlardan, konfranslardan, dövlət başçısının səfərlərindən hazırladığı reportajlarda Q. Məhərrəmlinin şərhləri informasiya bolluğu, səmimiliyi, təhlil və ümumiləşdirmə yükü ilə həmişə fərqlənirdi.

Mən onun, xalqımızın 20 Yanvar, 31 Mart kimi tarixi günlərində istər reportajlarda, istərsə də canlı efirlərdə tamaşaçını həm mövzuya kökləmək, həm məlumatlandırmaq, həm də maarifləndirmək məramını necə ustalıqla uzlaşdırmasını xüsusi qeyd etmək istərdim. Bu hadisələrin milli azadlığa aparan mürəkkəb tarixi-fəlsəfi mahiyyətini, siyasi-mənəvi paradokslarını canlı publisistik dillə, görüntülərlə əlaqələndirib improvizələrlə tamaşaçılara çatdırmaq jurnalistdən çox böyük məharət tələb edir. Mən bu məharəti onun “Böyük ömrün anları”, “Qobustan”, “Müstəqilliyin çətin yolu”, “Qaçqınlar”, “Mingəçevir” və s. sənədli filmlərində də görmüşəm.

Q.Məhərrəmlini sevdirən cəhət onun nəyi necə deməyi bacarması, həqiqətə sadiq qalması, ictimai əxlaqı qorumasıdır. Məncə, onun ən böyük senzoru öz daxilindəki vicdan və məsuliyyət hissidir. Şübhəsiz ki, onun ekrandakı səmimiyyəti, tamaşaçı ilə ünsiyyət qurmaq bacarığını, xoşqılıq olmasını, səsinin ürəyəyatımlılığını, nitqinin rəvanlığını, təhkiyəsinin aydınlığını da buraya əlavə etsək, bu sevginin düsturunu tam açmış olarıq.

Üzünə açılan “Səhər”

Qulu Məhərrəmlinin yaradıcılığı, müstəqillik dövrümüzün televiziya tarixinin müəyyən bir səhifəsidir. O, son 20 ildə bu televiziyaya bir çox yeniliklər gətirib. Efirdə diktorları əvəz edən ilk jurnalistlərdən biri, televiziyanın ilk siyasi icmalçısı olub. AzTV-də ilk müəllif proqramı (“Təfsilat”), ilk tok-şou (“Xalqın sözü”, “Gerçəklik”) da onun adı ilə bağlıdır. Onun intellektual və təşkilatçılıq qabiliyyətinin ən böyük zirvəsi isə məncə, o vaxt teleməkanda ilk addım kimi yadda qalan “Səhər” verilişi oldu. O, rəhbərlik etdiyi kollektivin həm ideoloqu, həm proqramın ideya müəllifi, həm meneceri və prodüseri, eləcə də müəllifi və redaktoru kimi bu verilişin strukturu, məzmunu ilə böyük bir addım atdı. “Səhər” qısa müddətdə tamaşaçıların qəlbinə nüfuz edə bildi. Proqramın uzunömürlülüyünü və öz çəkisini həmin dövrdə saxlaya bilməsi də məhz Q. Məhərrəmlinin şəxsi keyfiyyətləri və onun düzgün seçib istiqamətləndirdiyi yaradıcı kollektivin fəaliyyəti ilə əlaqədardır. Televiziyada bir verilişin uzun illər populyar qalması çox çətin məsələdir. Qulu müəllim 12 il rəhbərlik etdiyi “Səhər”in yüksək reytinqli veriliş kimi qalmasını təmin etdi. Elə indi də bu proqram AzTV-nin baxımlı verilişlərindən biridir.

Qulu müəllimin televiziya fəaliyyətinin janr və forma xüsusiyyətləri nə qədər fərqli olsa da, o, bütün istiqamətlərdə öz vəzifəsinə peşəkar kimi yanaşmağı bacarır. Bu baxımdan “Xəzər” televiziyasında apardığı “Dost məclisi”, “Gündəm” kimi maraqlı proqramlar da tez fərqləndi. Həmin proqramlar müəllifin mövzuya analitik yanaşması, məsələnin görünməyən tərəflərini aça bilməsi, bir jurnalist kimi, Qulu Məhərrəmlinin yaradıcılıq imkanlarının yeni çalarlarını üzə çıxardı.

Televiziya yaradıcılığının yüksək intellekt və dünyagörüşü, bir az da xarizma tələb edən sahəsidir. Bu baxımdan bir az da elitarlığı ilə fərqlənən Qulu Məhərrəmli daim gündəmdə qalan, çox orijinal təfəkkürə, maraqlı yaradıcılıq üslubuna malik olan intellektual jurnalistdir. Beynəlxalq problemlərin şərhindən başlamış bugünkü daxili problemlərə, elmi məsələlərə kimi müxtəlif sahələri işıqlandırmaq üzrə onun zəngin jurnalist təcrübəsi var.

Zamanın rənglərini duyan publisist

Parlaq istedad sahibi olan Q. Məhərrəmlinin təkcə, televiziya sahəsində deyil, qəzet publisistikasının inkişafında da böyük xidmətləri var. O, cəmiyyəti narahat edən ən mühüm ictimai, siyasi məsələlərlə bağlı istənilən mövzuda öz müstəqil fikrini deməkdən çəkinmir, ən ciddi suallardan belə qaçmır. Ötən il onun çapdan çıxmış “Zamanın rəngləri” adlı publisistik məqalələr toplusunu nəzərdən keçirərkən, bir daha əmin oldum ki, bir yaradıcı şəxsiyyət və vətəndaş kimi, Qulunun ürəyi Azərbaycan üçün döyünür. Müəllifin, vaxtilə, “525-ci qəzet”, “Aydınlıq” “Zaman”, “Dünya” və s. mətbu orqanlarda çıxan yazılarının toplandığı bu kitab 90-cı illərin siyasi mənzərəsini dolğun əks etdirir, yazılar öz üslubu, hadisələrə fərqli yanaşması ilə seçilir, oxucunu cəlb etmək cazibəsini özündə saxlayır. Məncə, istənilən qələm sahibi üçün bu, ən arzuolunan, amma hamının əlinin çatmadığı bir uğurdur.

Elmdə yeni cığır

Qulu müəllim şəxsiyyəti, cəmiyyətdə tutduğu mövqeyi, insanlarla ünsiyyəti, özünə tələbkarlığı, ictimai ideallara bağlılığı etibarilə Azərbaycanın çox dəyərli ziyalılarından biridir. Eyni zamanda, sözün həqiqi mənasında, ciddi bir alimdir, dilçidir və Azərbaycan dilçiliyində çox az araşdırılan, adətən, diqqətdən kənarda qalan bir sahə üzrə bu gün, demək olar ki, əsas mütəxəssisdir. O, radio-televiziya, mətbuat dilinin həm praktikasını, həm də nəzəriyyəsini yaxşı bilir. Qulu Məhərrəmli mütəxəssisi olduğu jurnalistika sahəsinin problemlərini ümumdünya səviyyəsində qaldıra bilən və onların həlli yollarını göstərən, yeri gələndə həll edə bilən çox yüksək səviyyəli bir alimdir. Təbii ki, bu nüans da ona Azərbaycanda böyük şöhrət gətirib.

Bizim çox dəyərli insanlarımız var ki, şəxsiyyətləri, mədəniyyətləri ilə seçilirlər, amma bəzən mütəxəssis, ixtisas bacarığı, elmi səviyyə ilə paralel getmir. Qulu müəllimin xoşbəxtliyi ondadır ki, onun böyük şəxsiyyəti, mədəniyyəti ilə yanaşı, çox yüksək elmi səviyyəsi də var. Bu gün təmsil etdiyi jurnalistika sahəsinin həm praktiki, həm nəzəriyyəçisi, həm də tədqiqatçısı olan alim- jurnalist, məncə, təkcə, Qulu Məhərrəmlidir. Etiraf edək ki, bu cür yolla getmək də hər adamın hünəri deyil. Onu  bir alim kimi mənə doğmalaşdıran, həm də Qulu müəllimin media-dil problemlərini özünə tədqiqat obyekti seçməsidir.

Dil sahəsi ilə də məşğul olduğum üçün yaxşı bilirəm ki, xüsusən, müstəqillik illərində KİV-in dil problemi çox aktuallaşdı. Sovet dövründə teleradionun və mətbuatın, istər orfoqrafik, istərsədə orfoepik qaydalar baxımından, meyar rolunu oynaması demokratik mətbuat dönəmində öz dəyərini saxlaya bilmədi. Özəl mətbuatda çoxlu səhvlər, mübahisələr baş alıb getdi. Zamanın nəbzini tutmağı bacaran Q. Məhərrəmli bu boşluğu doldurmaq üçün də öz sahəsində çox gərəkli işlər gördü və onların çoxunda da ilk addımı özü atdı. “Kütləvi kommunikasiya və dil”, “Kino, radio, televiziya terminləri”, “Mediada işlənən alınma sözlər”, “Məktəblinin alınma sözlər lüğəti” (R.İsmayılovla birgə) kitabları onun çox gərgin əməyin məhsuludur.

Tədqiqatçı-alim Q. Məhərrəmli zəngin arxiv materialları əsasında Azərbaycan radiosunun (1926), Azərbaycan Televiziyasının (1956) və Təbriz radiosunun (1946) salnaməsini yazdı, teleradiomuzun tarixi inkişaf mərhələlərinin sistemli elmi-nəzəri təhlilini verdi. Bütövlükdə jurnalistikanın, o cümlədən, radionun və TV-nin nəzəriyyəsini işlədi, bu sahənin özəl xüsusiyyətlərinə əsaslanaraq ekranda və efirdə, həmçinin, kinoda və qəzetdə ədəbi dilin tətbiqinin nəzəri və təcrübi problemlərini araşdırdı. Elmi ictimaiyyətimizə “Audiovizual nitq” (2000) kimi dilçiliyimizdə, tamamilə, yeni istiqamətin əsasını qoymuş sanballı monoqrafiya təqdim etdi. Jurnalistikanın nəzəri problemlərini ön plana çıxardı, bu sahədə Qərb modelinə əsaslanan monoqrafiya və dərsliklər yazdı, kütləvi kommunikasiya və dil problemlərini araşdırdı, milli jurnalistikada lüğətçiliyin əsasını qoydu. Bu baxımdan onun “Televiziya haqqında etüdlər”, “Radio dalğalarında”, “Televiziya dili”, Tehranda nəşr olunmuş “Ekran və ədəbi dil”, “Jurnalistikanın əsasları” kitablarını sahə elminin inkişafına impuls verən dəyərli nümunələr kimi qiymətləndirmək olar.

Sözü eşidilən şəxsiyyət

Onu Azərbaycandan kənarda da tanıyır və hesablaşırlar. Qulu Məhərrəmli beynəlxalq elmi tədbirlərdə, konfrans və simpoziumlarda Azərbaycan mediasını və sahə elmini ləyaqətlə təmsil edir, milli təfəkkür tərzimizi yüksək səviyyədə təqdim etməyi bacarır. Bu gün ölkədə elə bir nüfuzlu jurnalist toplantısı tapılmaz ki, orada Qulu müəllimin yeri görünməsin. O, azad medianın ən etibarlı dəstək verənlərindəndir, çünki düzgün inkişafın yalnız bu yanaşmadan qaynaqlandığını həm peşəkar, həm ziyalı, həm də siyasi proseslərin obyektiv müşahidəçisi və təhlilçisi kimi yaxşı bilir.

Qulu müəllim düşüncəsində, həyatında, fəaliyyətində olduqca sərbəst, heç bir diqtəni, mənasız qadağaları, kanonları qəbul etməyən, yalnız öz ürəyinin hökmü ilə hərəkət edən, yalnız düşüncələrinin hakimiyyəti altında olan bir insandır. Bəlkə bu, kimlərəsə xoş gəlmir. Amma şəxsiyyət üçün ruhun azadlığı vacib şərtdir və Qulu da böyük daxili gücü olan, ruhən azad və zəngin şəxsiyyətdir. Qulu Məhərrəmlinin jurnalist, ziyalı, alim, pedaqoq kimi xoşbəxtliyi bundadır ki, onu, həm dəyərləndirib sevirlər, həm də ona inanırlar. Çünki Q. Məhərrəmli fikrini əsaslandırmağı və inandırmağı, üstəlik, insanları arxasınca aparmağı bacarır. Bu isə onun liderlik keyfiyyətlərindən xəbər verir. O, çalışdığı bütün söz cəbhələrinin lideri olmağı bacarır. Amma bu liderlik süni özüllərə deyil, gərgin zəhmətdən, axtarışlardan, çalışmalardan yoğrulan möhkəm dayaqlara əsaslanır.

Qulu Məhərrəmli çalışdığı bütün sahələrin həm əsgəri, həm də generalıdır. Yerində saymamaq, öz üzərində işləmək və cəmiyyətə daha çox fayda vermək onun həyat amalıdır. 60 illik ömründə o bu amala sadiq olduğunu, yetərincə, nümayiş etdirə bilib. Bu isə qalan ömrün də eyni cür davam edəcəyinə ən yaxşı zəmanətdir.

 

Nizami Cəfərov

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.18.