Naxçıvan Universitetində Qüdsi Vənəndinin “Divan”ının təqdimatı
olub
Naxçıvan Dövlət
Universitetinin Elmi kitabxanasında universitetin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə elmlər
doktoru, professor Əsgər Qədimovun nəşrə
hazırladığı, Qüdsi Vənəndinin
“Divan”ının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimini Tarix-filologiya fakültəsinin dekanı,
filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli açaraq kitab haqqında təəssüratlarını bildirib. Qeyd olunub ki, Qüdsi Vənəndinin yaradıcılığını
2 kitabda oxuculara təqdim etməyi nəzərdə tutan Əsgər Qədimov I cilddə onun Azərbaycan dilində əsərlərini toplayıb,
şairin fars
dilində olan əsərləri isə
(II cild) tərtibçi
tərəfindən çapa
hazırlanmaqdadır. Natiq
vurğulayıb ki,
“Elm və təhsil” nəşriyyatında işıq
üzü görən
yeni nəşr, filologiya üzrə elmlər doktoru, professor,
AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun elmi redaktorluğu, həmçinin
filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin,
filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyevin rəyi ilə yüksək poliqrafik səviyyədə, böyük
tirajla çap olunub.
Tədbirdə Əməkdar elm xadimi,
filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin Qüdsi Vənəndinin “Divan”ı
haqqında ümumi məlumatı dinlənilib.
Qeyd olunub ki, Əsgər Qədimov Naxçıvan
ədəbi mühitinin
unudulmuş simaları
haqqında bir sıra kitablar çap etdirib. Natiq, belə
bir faydalı kitabı Əsgər Qədimovun klassik ədəbi-mədəni irsin
öyrənilməsi sahəsində
növbəti uğurlu
addımı, həmçinin
son dövr Azərbaycan
ədəbiyyatşünaslığında
klassik irsin nəşri sahəsində
görülmüş mühüm
işlərdən biri
kimi dəyərləndirib.
Natiq yeni nəşr barədə ətraflı
məlumat verərək
vurğulayıb ki, “Divan”da XIX əsr Azərbaycan şairi və Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra”
ədəbi məclisinin
ilk rəhbəri Hacı
Mirzə Ağarəhim
Qüdsi Vənəndinin
AMEA-nın M.Füzuli
adına Əlyazmalar İnstitutunda mühafizə
olunan iki əlyazma(avtoqraf) divanlarından və başqa mənbələrdən
toplanmış yalnız
Azərbaycan türkcəsində
olan əsərləri
verilib.
Müəllif “Divan”da dilçi tədqiqatçılar üçün
dil tarixi baxımından Qüdsinin
fərdi üslubunu və leksikonunu saxlamağa çalışıb. Kitabda şərhlərə də
xüsusi yer ayrıldığını bildirən
professor Hüseyn Həşimli,
oxucuların ön söz vasitəsilə Qüdsi Vənəndinin yaşayıb yaratdığı
ədəbi mühitlə
tanış olduqlarını nəzərə
çatdırıb.
Kitabda qeyd olunub ki,
Qüdsi Vənəndi
klassik lirika ənənələrini, həm
Şərq tarixini, islam mədəniyyətini,
ərəb-fars dillərini,
klassik Azərbaycan ədəbiyyatını, həm
də klassik Şərq poetikasının
qayda-qanunlarını mükəmməl
şəkildə bilən
şair idi. Kitabda ön sözdən sonra Qüdsi Vənəndinin şeirləri
müxtəlif bölmələr
üzrə qruplaşdırılır.
Bu bölmələrdə nəsihətnamələr,
mənzum məktublar,
səfərnamələr, qəzəllər
və s, son bölmədə
isə Qüdsi Vənəndinin dini məzmunlu şeirləri yer
alıb.
Vurğulanıb ki, Qüdsi Vənəndinin “Divan” kitabında
toplanmış şeirlər
XIX əsr Azərbaycan
məişətinin, mühitinin
ictimai reallıqlarını
öyrənməyə də
bir mənbə kimi kömək edir. Tədbirdə universitetin Azərbaycan dili və Ədəbiyyat
ixtisasının I kurs
tələbələri Gültəkin
Rüstəmli, Gülnar
Cəlilova, Fatma Seyidlinin ifasında Qüdsi Vənəndinin şeirləri səsləndirilib.
Təqdimetmə mərasiminin sonunda
professor Əsgər Qədimov
əldə etdiyi elmi faktlardan söz açıb, tədbirin təşkilatçılarına,
kitabın araya-ərsəyə
gəlməsində əməyi
keçənlərə minnətdarlığını
bildirib. Təqdimat mərasimində müəllifin
elmi-pedaqoji fəaliyyətini
əks etdirən slaydlar nümayiş olunub.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.16.