Dörd qoşa saatbütöv ömür  

 

 

 

 

Şirməmməd müəllimlə bağlı yazacağım yazını düşünəndə Mətbuat Şurasının sədri Əflatun Amaşovun bu yaxınlarda mənə yazdığı yubiley təbrikindən bir məqamı xatırladım:

Mətbuat Şurasının ofisi adi axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı kabinetə girəcəkdə gördüyü şəxs həmkarımı ənənəvi olaraq hamı ilə görüşmək fikrindən bir anlığa daşındırdı. Birbaşa ona doğru yön aldı. Qarşısında dayandı, əyilərək əlindən öpdü. Azərbaycan jurnalistikasının canlı əfsanəsi Şirməmməd Hüseynov... sözün yaxşı mənasında çaşqınlıq içərisindəydi. Sonradan Rəşadmən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərindən öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm...” yazacaqdı...”

Sonra yadıma düşdü ki, düz on beş il qabaq – 1999-cu ildə professor Şirməmməd Hüseynovun 75 yaşı tamam olanda “525”də onun haqqında kiçik bir təbrik yazısı yazmışdım. Qəzetin cildlədib saxladığımız köhnə nüsxələri içərisindən o yazını tapıb bir baxdım:

Dörd qoşa saat yaxud haçansa yazılacaq məqalə haqqında anons

BDU-nun keçmiş Kommunist küçəsində yerləşən korpusunda Jurnalistika fakultəsində təhsil aldığım vaxtlar yadımda qalan çoxlu hadisələr var. Amma ən yadımda qalanı professor Şirməmməd Hüseynovun bizim qrupa dörd qoşa saat dediyi mühazirələriydi ki, elə o mühazirələrə qulaq asa-asa haçansa Şirməmməd müəllim haqqında mütləq yazacağımı qət eləmişdim. həmin o yazının adını da dəqiqləşdirmişdim: “Dörd qoşa saat”.

Hələ məşhur yenidənqurmanın başlanğıcında dörd qoşa saatBurjua jurnalistika”sının  mahiyyətini anladan Şirməmməd müəllim həm bir az ezop diliylə, bir az sətiraltı sözlərlə, bir az mimikayla Sovet mətbuatıyla burjua mətbuatı arasındakı fərqi bizə çox aydınca başa salmışdı. bu sətirlərin müəllifinin dünyagörüşündə ilk dəyişik çalarlar, demokratik cücərtilər , deyəsən, elə o vaxt oyanmağa başlamışdı.

 ... Sonra 88-ci il gəldi. Burulğanlardan, təlatümlərdən adlaya-adlaya keçdiyimiz hər ilin müəyyən məqamlarında mən o yazını yazmağa ehtiyac duydum elə o təlatümlər düşündüklərimi kağıza köçürməyə imkan vermədi.

 Dünən isə Şirməmməd müəllimin 75-i haqladığını eşitdim.

Təbrik edirəm, bütün tələbələri adından Şirməmməd müəllimi bağrıma basıram, böyük xidmətlərinə görə çox sağ olun deyirəm.

P.S. “Dörd  qoşa saat”ı isə mütləq yazacağam”.

Xatırladığım üçüncü məqam isə istedadlı, iti müşahidə qabiliyyətinə malik gənc jurnalistimizin dedikləri oldu: “İlk dəfə mən hələ 2010-cu ildə sizin Şirməmməd müəllimlə danışığınıza heyrətlənmişdim. Sonsuz sayğıyla, ehtiramla, ən adi sözü belə möhkəm deməkdən ehtiyatlanaraq,  sözlərə nəvaziş qataraq, yumşaq, qayğıkeş danışırdınız”.

İndi oturub düşünürəm, nədi axı, 30 il məni bu insana, müəllimə, jurnalistə, şəxsiyyətə qarşı belə sayğıda saxlayan bu hiss?

Şirməmməd müəllimin haqqında hələ özünü görməzdən, dörd qoşa saat mühazirəsini dinləməzdən öncə eşitmişdim; adı gələndə çayxanalarda, jurnalist dairələrində mif  kimi, əfsanə kimi, işlədiyim “Elm həyatjurnalında isə canlı, doğma, hamının ehtiramla adını çəkdiyi bir insan kimi danışılırdı.

Səksəninci illərdə “Elm həyatjurnalında korrektor kimi işə başlamışdım, tanınmış, səmimi yoldaşlarım içərisində Ülkər xanım Hüseynova da vardı. Ülkər xanım jurnalın Elm şöbəsinə rəhbərlik edirdi, ciddi, qəliz, çətin mövzulardan yazırdı, fərqli insanlar barədə danışırdı. Mən indi hamımızın qürur duyduğu, məşhur həmyerlimizin   Lütfi Zadənin adını da ilk dəfə Ülkər xanımdan eşitmişdim. Cavan jurnalistlərin dilindən ciddiliyi, sərtliyi barədə müxtəlif hadisələr eşitdiyim Şirməmməd müəllimin adı Ülkər xanımın dilində sadəcə, “Şirməmməddeyə səslənirdi. Ülkər xanım Şirməmməd müəllimin həyat yoldaşı idi əlçatmaz müəllimimizin həm real bir insan olduğunu bizə xatırladırdı. Ülkər xanım dilində indi bütün ölkədə tanınan, musiqimizə, mədəniyyətimizə böyük xidmətlər göstərən Lalə Hüseynovanın, Fərəh Əliyevanın adları da sadəcə, “Lalə”, “Fərəhkimi deyilirdi. Belə müraciət bu insanları da “Elm həyatailəsinin doğma üzvlərinə çevirmişdi.

Bugünlərdə Şəkidə Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycanın ilk xanım redaktoru Xədicə xanım Əlibəyova ilə bağlı çəkilən filmə baxdıq. Mən Ülkər xanımın Xədicə xanım barədə, onun Şəkidə gördüyü işlər haqqında söhbətinə baxıb yenə “Elm həyatailəsini xatırladım.

Gərək ki, Şirməmməd müəllimin özü ilə ilk dəfə, əslən Şəkidən olan, görkəmli türkoloq alim Aydın Məmmədovla birlikdə oturmuşduq. Mən uzaqdan ehtiram bəslədiyim müəllimimlə birinci dəfə yaxından görüşür, söhbətlərini dinləyirdim.

Sonralar Şirməmməd müəllimlə tez-tez görüşmək imkanımız oldu  Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində,  “525”in redaksiyasında, mətbuatla bağlı tədbirlərdə.

Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəni, Üzeyir Hacıbəyovu “525”in müəlliflərinə çevirdi, “Həyat”ın, “İrşad”ın ilk sayları, “Azərbaycan” qəzetinin Cümhuriyyətin 1 yaşına aid sayı latın qrafikasıyla, “525”ə əlavə kimi çap olundu. Cümhuriyyət tariximizlə, mətbuat tariximizlə bağlı ən ciddi məsələlərə Şirməmməd müəllimin münasibətini, tapdığı yeni faktları, üzə çıxardığı yazıları məmnuniyyətlə çap etdik.

Şirməmməd müəllim bizim üçün, bizdən sonrakı nəsillər üçün diqqətin, məsuliyyətin, dəqiqliyin, gördüyü işə hədsiz sevginin simvoludu. Dəfələrlə olub ki, ya özünün təqdim etdiyi, ya da qəzetdə çıxan başqa materiallarda yalnız onun diqqətini çəkə biləcək, yalnız onun sezəcəyi hansısa rəqəmlərə, faktlara aid qeydlərini, düzəlişlərini dərhal telefonla çatdırıb. Əksəriyyətimizə çox xırda, əhəmiyyətsiz görünə biləcək həmin məqamlara son dərəcə həssas münasibəti əslində ona Ustad adı qazandıran müstəsna cəhət, nadir keyfiyyətdir.

Son illər bir neçə dəfə Şirməmməd müəllim qəfildən redaksiyamıza qonaq gəlib. Mən də, redaksiyanın əksər əməkdaşları da onun – Müəllimimizin hüzurunda sayğıyla dayanmışıq, Şirməmməd müəllimlə birlikdə çəkdirdiyimiz şəkillərimizi sosial şəbəkələrdə paylaşmaq fürsətini də fövtə verməmişik.

Təxminən on il qabaq, yaşlı nəslin nümayəndələri hələ yeni texnologiyalara müqavimət göstərdiyi bir vaxtda Jurnalistika fakultəsində, Mətbuat tarixi kafedrasında Şirməmməd müəllim, Cahangir müəllim və mən – üçümüz söhbət edirdik. Birdən cib telefonu zəng çaldı. Mən, ilk ehtimal kimi, Cahangir müəllimə baxdım. Qımıldanmadı. Şirməmməd müəllim əlini pencəyinin cibinə atıb telefona cavab verdi. Güldümzövq aldım. Yaşıdları içərisində mobil telefonla ən tez dostlaşanlardan biri olduğuna heyrətlənib sevinmişdim.

İki il öncə Bəstəkarlar İttifaqında Lalə xanımın kitabının təqdimatı keçirilirdi. Tədbirin sonunda Şirməmməd müəllimlə söhbət edirdik. Birdən qayıtdı ki, Rəşad, mən bu səhnədə 1938-ci ildə Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin qarşısında çıxış etmişdim. Tədbir sonunun qələbəliyinə, hay-küyünə görə deyilən fikri tam anlaya bilməmişdim. Bir an duruxandan sonra təəccüblə “Neçənci ildə?” deyə soruşdum. Hadisəni danışdı: “Bugünlərdə Milli Kitabxananın direktoru Kərim müəllim 1938-ci ilin “Bakraboçi”qəzetindən bir məlumatın surətini çıxarıb göndərib mənə. Yazılıb ki, tədbirdə 14 yaşlı Şəki məktəblisi Ş.Hüseynov çıxış edib. O məktəbli mən idim. Onda bura Pionerlər eviydi. Mən də böyük bəstəkarların münsif olduğu müsabiqədə muğam oxumuşdum”.

Hərdən bu epizodları dostlara danışır, Şirməmməd müəllimin bizim  üçün örnək olmalı bir çox keyfiyyətlərindən söz açıram. O bizim üçün bir Nümunə, gerçək Əfsanə, həm də gözümüzün qarşısında olan canlı Tarixdi!

Belə adamların hüzurunda sayğıyla dayanmaq, əllərindən öpmək isə ümumən mətbuatımıza, tarixi şəxsiyyətlərimizə, müəllimimizə sayğı və hörmətdi!

Əflatun Amaşovun yazının başlanğıcında verdiyim müşahidəsi isə dəqiq və məncə, hamımızın edə biləcəyi, etməli olduğu hərəkətdi!

Elə böyük Müəllimimizin 90 yaşına ehtiramın və minnətdarlığın ifadəsi olan bu yazı da məhz bu sözlərlə bitməlidi – Əllərinizdən öpürəm, Şirməmməd müəllim!..

 

Rəşad MƏCİD

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.15.