Həcc: mənası, dini mahiyyəti və
tarixi
Həcc - müqəddəs qəbul edilən yerləri
dini məqsədlə ziyarət etməyə deyilir.
İbrani dilində "hag" şəklində olub
"bayram" deməkdir. "Həcc"
sözü "bir şeyin ətrafında fırlanmaq,
dolanmaq" mənasındakı "hvg" gökündən
törəyib. "Hac" və ya "hag"
sözü əski bir sami təbiri kimi
ibrani dlindən başqa, arami və sabii dillərində də
mövcuddur. Kəlmənin əsl
anlamının "nəyinsə ətrafında fırlanma,
dolanma və halqa oyunu" olduğu, daha sonra "bayram" mənasını
qazandığı bildirilir. Ərəb
dilində "getmək, yönəlmək; ziyarət etmək"
anlamlarına gələn "həcc" kəlməsi fiqh
termini kimi imkanı olan hər bir müsəlmanın müəyyən
zamanda Kəbəni, Arafat, Müzdəlifə və Minanı
ziyarət edərək bəzi dini vəzifələri yerinə
yetirməklə müşayiət olunan ibadəti ifadə
edir. Bu ibadəti yerinə yetirənlərə
ənənə olaraq "hacı" deyilir.
Həccin təməlində üluhiyyətin hər
hansı bir yerdə təcəlli etməsi inancı
dayanır. Dinlərdə müqəddəs qəbul edilən
yerlərin əslində məkan olma cəhətdən digər
yerlərdən heç bir fərqi yoxdur. Amma
burada üluhiyyətin təcəllisi, inancla bağlı bir
hadisənin baş verməsi, yaxud buranın dini bir şəxsiyyətlə
əlaqəsi məkanı digər yerlərdən fərqləndirərək
müqəddəsləşdirir. Sözügedən
məkanın əsrarəngiz olması və qorxuducu vəsfi
də bir müqəddəslik ünsürüdür. Müqəddəs məkan insan tərəfindən
seçilmiş deyil, kəşf ediləndir.
Müqəddəs məkan anlayış və bu cür
yerlərin ziyarəti tarix boyunca bütün inanclarda
mövcud olub.
Müqəddəs məkanların ziyarətinin
səbəbi həmin məkanın müqəddəsliyinin bəxş
edə biləcəyi maddi, mənəvi və əxlaqi
faydaları əldə etməkdir. Etdiyi bu
ziyarətlə insan cismani rahatlıqdan tutmuş əbədi
həyatın qazanılmasına qədər bir çox
faydalar ümid edir.
Qəbiləpərəst, milli və ümumbəşəri
dinlərin hamısında müqəddəs qəbul edilən
məkanlar və bu məkanları ziyarət etmək ənənəsi
mövcuddur. Həcc Yaxın Şərqdə miladdan öncə
II minillikdən etibarən, xüsusilə vahələrdə
və şəhər mədəniyyətinin mövcud
olduğu yerlərdə təşəkkül edib. II minilliyin üçüncü rübündə
Babilistanda Nippur, Assuriyada Ninova bu cür ziyarət yerləri
idi. Şumerlər dönəmindən
başlayaraq həcc üçün müqəddəs
sayılan güzərgahlar mövcud idi. Xetlərdə
(m.ö. II minilliyin başlanğıcından m. Ö. VIII əsrin
sonuna qədər Anadoluda dövlət quran bir xalq
topluluğudur) kral baş rahib sifəti ilə hər il qış mövsümündə
krallığın böyük ibadət mərkəzlərini
ziyarət edərdi. Əski Çində,
Hindistanda və digər ölkələrdə müxtəlif
yerlərdə və müxtəlif adlarla ziyarətgahlar olub.
Yapon inancına görə dağlar
tanrıların yurdudur və buna görə də dağ təpələri
yüzillər boyu həcc yeri olub. Yaponların
"junrey" adlandırdıqları həcc müxtəlif
yerlərdəki ziyarət mərkəzlərinə səyahəti
ifadə edir. Yəhudilikdə və
xristianlıqda da müqəddəs yerlərin ziyarət edilməsi
geniş tətbiq edilib. İlk xristianlar yəhudilikdə
olduğu kimi Qüdsdəki məbədi ziyarət edirdilər.
Bununla yanaşı kilsə yeni bir tapınaq
qurmaq istəyirdi. Epifanenin bildirdiyinə görə,
imperator Hadrianus 130-cu ildə etdiyi bir səyahətdə
Qüdsdə hər şeyin dağıdılmış
olduğunu, yalnız bir neçə ev və Hz.İsanın
səmaya yüksəlişindən sonra şagirdlərin
toplandıqları evin yerində kiçik bir kilsənin
olduğunu görüb və sözügedən kiçik
kilsə sonralar hacıların ziyarət etdikləri Sion kilsəsi
olub.
Fələstinin müsəlmanların əlinə
keçdikdən sonra Avropada yeni həcc mərkəzləri
meydana gəlməyə başlayıb. Qüds, Roma və
İspaniyadakı Santiago de Compostela olmaqla dünyada
üç xaç mərkəzini "müqəddəs
il" münasibətilə ziyarət edənlərə
Katolik kilsəsi tərəfindən indulgensiya (bağışlama) verilir. Müqəddəs elan edilən illərdə həmin
yerə həccə gedənlərin sayı artır.
Bu gün Avropada həcc məqsədi ilə ən
çox ziyarət edilən yer Cənubi Fransadakı Lurddur
(Lourdes). Təbabətin
müalicə edə bilmədiyi xəstəlikləri
çayın kənarında düzəldilmiş xüsusi
vannaları ilə yaxşılaşdırdığına
inanılan bu yeri ildə təqribən beş
milyon adam ziyarət edir. İkinci yeri
Portuqaliyadakı Fatima adlı həcc yeri tutur ki, bu da ildə
dörd milyon zəvvarı qəbul edir. Parisdəki
Rü dü Bak (Rue du Bac) isə ildə
1milyon şəxs tərəfindən ziyarət edilməkdədir.
İslami qaynaqlara görə, həccin Hz.Adəmə qədər
uzanan bir keçmişi vardır. Bir qismi yəhudi əfsanə və
müqəddəs yazılarına dayanan bəzi rəvayətlərə
görə, Kəbəni öncə mələklər təvaf
edib, daha sonra isə Hz.Adəm Allahın əmri ilə Məkkəyə
gedərək Arafatda Hz.Həvva ilə tapışıb ona
Beytullahın ətrafındakı həclə bağlı
müqəddəs yerləri göstərən mələklərin
rəhbərliyi ilə həcc edib. Hz. Şitin
peyğəmbərliyi zamanı təmir olunan Kəbə Nuh
tufanı zamanı qumlar altında qalıb, nəhayət,
Hz.İbrahim və oğlu İsmayıl tərəfindən qədim
təməllər üzərində yenidən inşa olunub.
Bəqərə surəsinin 127-ci ayəsi buna işarə
edir:
"Onu
da xatırla ki, İbrahim və İsmail evin (Kəbənin) təməllərini
ucaltdıqları zaman (belə dua edirdilər): "Ey Rəbbimiz!
(bu işi) bizdən qəbul buyur! Şübhəsiz ki, (hər duanı) eşidən,
(hər şeyi) bilən yalnız Sənsən!"
Həcc etmək İslamda namaz qılmaq və oruc tutmaq
kimi fərzdir, yəni Allahın əmridir. Qurani-Kərimdə buyurulur:
"Orada açıq-aydın dəlillər -
İbrahimin məqamı vardır. Ora daxil olan şəxs
əmin-amanlıq içərisindədir. Getməyə gücü çatanın o evi ziyarət
etməsi Allahın insanlar üzərində bir
haqqıdır. Kim bunu inkar edərsə
bilməlidir ki, Allah aləmlərə möhtac deyildir!"
(Ali-İmran, 3/97).
İnsanları həcc etmək üçün Məkkəyə
dəvət edən ilk peyğəmbərin Hz.İbrahim
olduğu anlaşılır. Hz.İbrahim həccin təlimatını
təsbit edərək Kəbənin hər il
ziyarət edilməsini təmin edib və oğlu
Hz.İsmayılı orada qoyub, Fələstinə
qayıdıb. Sonra gələn peyğəmbərlər
və ümmətləri də Kəbəni ziyarət ediblər.
Yəmənli
bədəvilər Məkkəni zəbt etdikdən sonra beş əsr davam edən hakimiyyətləri
zamanı bütpərəstlik sürətlə
yayılmağa başladı. Hz.Peyğəmbərin
beşinci nəslindən babası olan Kusey ibn Kilab
zamanında Kəbənin qorunması yenidən
Hz.İsmayılın nəvələrinə keçdi. Cahiliyyə dövründə Məkkə şəhər-dövləti
on üzvlü bir məclis tərəfindən idarə edilir,
ayrıca dörd xarici qəbilə də həcc idarəçiliyində
iştirak edirdi.
İslamın yaranışı zamanında Kəbəni
təvaf etmə, ümrə ziyarəti, Arafat və Müzdəlifədə
dayanma, qurban kimi adətlər davam etdirilməkdə, həcc
bütpərəstlik ənənələri ilə birlikdə
mövcud olmaqda idi. Ümrə ziyarəti xurma
mövsümünə təsadüf edən rəcəb ayında
icra edilir, Kəbənin ziyarət edilməsi Səfa və Mərva
arasında yeddi dəfə yürüş etməklə
tamamlanırdı. Minada üç gün
müddətində şeytan daşlama və qurban kəsmə
mərasimi başa çatdıqdan sonra müxtəlif
toplantılar təşkil olunur, şeirlər oxunur və qəbilələr
öz dədə-babaları ilə öyünürdülər.
Bu haqda deyilir:
"Mərasiminizi tamamladıqda, atalarınızı
andığınız kimi, hətta ondan da coşğun bir
anma ilə Allahı anın! İnsanlardan eləsi
də vardır ki, "Rəbbimiz! Bizə
(nəsibimizi) elə bu dünyada ver!" - deyər. Beləsinin axirətdə
heç bir nəsibi yoxdur!" (əl-Bəqərə
2/200).
Cahiliyyə
dövründə ərəblər Kəbəni əllərini
bir-birinə keçirərək, əl-Ənfal surəsinin
35-ci ayəsində də göstərildiyi kimi, fit verib əl
çalmaqla təvaf edirdilər.
"Onların Kəbənin yanındakı duaları
fit verib əl çalmaqdan başqa bir şey deyildir" (əl-Ənfal
8/35).
Hilləyə mənsub qəbilələr (Hillə - Cahiliyyə dövründə həcc və Kəbə ilə bağlı heç bir imtiyaza sahib olmayan qəbilələr haqqında işlədilən termin) bəzən çılpaq təvaf edirdilər. Sonra tanrı "İsaf"ın bütünün yanında qurban kəsilir, qanından Kəbənin divarlarına sürtülürdü. Cahiliyyə ərəbləri Kəbədən başqa Lat, Mənat, Uzza və Zulxaləsa kimi tanrıların tapınaqlarını, qəbilə başçılarının qəbirlərini də təvaf edirdilər.
Hacılara su və yemək ikram etmək adəti (səqayə, rifadə) çox qədim dövrlərdən bəri mövcud idi. Cahiliyyə dövründə bu vəzifələri icra etmək üçün xalqdan vergi toplanırdı. Daha sonra bu işi şərəf qazanmaq istəyən zənginlər öhdəsinə götürdü. Zəmzəm quyusu Hz.Peyğəmbərin babası Əbdülmüttəlib tərəfindən yenidən işə salındıqdan sonra səqayə vəzifəsi tamamilə buradan təmin olunmağa başladı. Əbdülmüttəlib dəvələrini sağar və bunları bal ilə qarışdırıb zəmzəmlə bərabər hacılara paylayardı. İslamın zühuru zamanı bu vəzifəni Əbu Talib yerinə yetirirdi. Amma maliyyə vəziyyəti pisləşdiyi üçün bu işi kiçik qardaşı Abbasa tapşırdı. Abbas bu vəzifəni Məkkənin fəthinə qədər fasiləsiz davam etdirdi. Rəsuli-Əkrəm həcc əmiri vəzifəsini Əbu Bəkrə vermiş, Vida həccində bu işi öz öhdəsinə götürüb, dolayısı ilə vəfatından sonra yerinə keçən xəlifələr bu işi yürütməkdə davam ediblər. Məkkənin fəthindən sonra Kəbənin içində və ətrafında olan bütlərlə birlikdə Hz.İbrahimin təbliğ etdiyi həcc ibadətində olmayan şirk ünsürləri də tamamilə aradan qaldırılıb.
Arafat və Minadakı ticarət yasağı da nazil olan ayə ilə ləğv edilib:
"(Həcc əsnasında ticarətlə məşğul olaraq) Rəbbinizdən lütf diləməyinizdə bir günah yoxdur. Arafatdan ayrılıb (sel kimi Müzdəlifəyə) axın etdiyiniz zaman Məşərulharamda Allahı zikr edin! Sizi hidayət etdiyinə görə Onu xatırlayın. Doğrusu, siz bundan əvvəl yolunu azmışlardan idiniz" (əl-Bəqərə 2/198).
İslamiyyətin yaranmasından sonra hillə əhli Səfa ilə Mərva arasında edilən səyi yerinə yetirmirdilər və belə hesab edirdilər ki, bu, həcc mərasiminə aid deyildir. Amma nazil olan ayə səyin həcc mərasiminə daxil olduğunu açıqlayaraq şübhələrə son qoyub:
"Həqiqətən, Səfa və Mərvə Allahın (dininin) əlamətlərindəndir. Evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, Allah bütün yaxşılıqları artıqlaması ilə mükafatlandırandır, etdiyiniz hər şeyi biləndir" (əl-Bəqərə2/158).
Həccin, çox ehtimal ki, Hz.İbrahimdən bəri yerinə yetirilən bir ibadət olmasına görə müsəlmanlara nə zaman fərz qılındığı barəsində fikir birliyi yoxdur. Qaynaqlarda hicrətin 5, 6, 7, 8, 9 və 10-cu illəri göstərilir. Amma 9-cu ildə fərz qılındığı görüşünün daha qüvvətli olduğu anlaşılır.
Həclə bağlı fiqhi hökmlər. Qurani-Kərim gücü yetənlərin həcc vəzifəsini ifa etməsinin Allahın insanlar üzərində bir haqqı olduğunu bildirib. Hz.Peyğəmbər həccin İslamın beş şərtindən biri olduğunu söyləyib. İslam dininin praktik hökmlərini, müsəlmanların fərdi davranış və sosial münasibətlərini "ibadət", "müamələt" və "üqubat" olaraq üç başlıq altında nəzərdən keçirən fiqh kitablarında həcc ibadəti namaz, oruc və zəkatdan sonra dördüncü yerdə xatırlanır və "Kitabü-l-Həcc" başlığı altında araşdırılır.
Həcc icra edilməsi baxımından "ifrad", "təməttö" və "qıran" şəklində üç yerə bölünür. İfrad həcci ümrəyə girmədən sadəcə həcc mərasimini yerinə yetirməklə icra edilir. Təməttö həccində ümrəyə girildikdən sonra ehramdan çıxılır, ardından eyni vaxtda təkrar həcc üçün ehrama girilərək həcc mərasimi icra edilir. Qıran həccində isə ehrama girərkən həm ümrəyə, həm də həccə niyyət edilir və eyni ehramla hər iki ibadət yerinə yetirilir.
Bir kəsə həccin fərz olması üçün onun müsəlman, ağıllı, həddi-buluğa çatması və azad olması, xüsusilə, həcc vəzifəsini yerinə yetirmə imkanına sahib olması gərəkdir. Bu son şərt həcc yolçuluğuna çıxan şəxsin gedib qayıdana qədər həm özünün, həm də himayəsində olanların sosial səviyyələrinə uyğun ölçüdə dolanacaqlarını təmin edəcək maddi vəsaitə malik olması deməkdir.
İdris ABBASOV
525-ci qəzet.-
2014.- 1 oktyabr.- S.4.