Mətbuat tariximizdə “Kaspi”nin öz yeri var

 

"Kaspi" qəzeti təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində də yayılırdı

 

1906-ci ilin ilk yanvar günü Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetinin 25 illik yubileyində çıxış edərək deyir: "...Şəkk yoxdur ki, dünyanın işi həm zəhmət, həm pul ilədir. Zəhmət pulsuz iş görə bilməz və həm pul zəhmətsiz iş görə bilməz. Bəs lazımdır ki, bizlərin hər iki tərəfdən öz bacarığımız, qüvvəmizi göstərək. Mən teatr tikdirdim və qəzetə aldım, fikir elədim ki, bu iki şeyin vücudu ilə mən aləmin əksini xalqa bildirə bilərəm. Bunların hər ikisi bizim üçün mühüm məsələlərdəndir".

Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" daha uzun ömür sürərək müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi nəşr edilib. Birinci redaktoru Viktor Vasilyeviç Kuzmin olan qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1897-ci ildə qəzetin növbəti redaktoru Nikolay Aleksandroviç Sokalinskinin ölümündən sonra "Kaspi" qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verir. Belə ki, Hacı Zeynalabdinin Tağıyev 57 min rubla qəzeti mətbəəsiylə birgə alır. Tağıyev istəyirdi ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin və bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy Zərdabini Bakıya gətirmək istəyirdi. "Əkinçi" bağlandıqdan sonra Həsən bəy mətbuatdan kənar düşmüşdü, 10 ildən çox idi ki, əyalətdə yaşayırdı və aqrar məsələlərlə bağlı müxtəlif məqalələr yazırdı. Tağıyev də "Kaspi" qəzetini məhz Zərdabiyə görə almışdı. 1907-ci ilə qədər "Kaspi"nin de-fakto baş redaktoru Həsən bəy Zərdabi olub. Redaktorluq vəzifəsi Əlimərdanbəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunur.

1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı.

"Kaspi" qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə onun mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Təsadüfi deyil ki, qəzet ilk nömrəsindən başlayaraq, süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda, üslubda müdafiə etmişdir. Qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış edirdilər. Tədqiqatçılar yazır ki, onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi.

Müxtəlif vaxtlarda "Kaspi" qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və başqaları iştirak etmişlər. 1902-ci ildə C.Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdi. Məşhur müəllim və ictimai xadim M.Sidqi qəzetlə sıx əlaqə saxlayırdı. Lənkəran ibtidai məktəbinin müəllimi Teymurbəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi. Mahmudbəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı. Əhməd bəy Ağayev isə qəzetin ədəbiyyat və mədəniyyət şöbəsinin redaktoru idi. Ümumilikdə 38 illik çap fəaliyyəti dövründə "Kaspi"nin 10 mindən çox nömrəsi işıq üzü görüb.

Üzeyir bəy Hacıbəylinin Azərbaycan mədəniyyətinə gətirdiyi yeniliklər, milli operanın əsasını qoyması bəzi anadilli mətbu orqanların, o cümlədən "Tuti" dərgisinin iradları ilə qarşılasa da, "Kaspi" əks mövqe nümayiş etdirirdi. Dünya və Avropa mədəniyyətini təbliğ edən "Kaspi" qəzeti Üzeyir bəyin "Leyli və Məcnun" operası barəsində yazırdı: "Nicat" cəmiyyəti dram və opera əsərləri üçün müsabiqə elan edir. Cəmiyyət bu günlərdə gənc publisist və musiqiçi Üzeyir Hacıbəylinin tərtib etdiyi "Leyli və Məcnun" operasının nəşri və quruluş haqqını almışdır. Bu müsəlman həyatında ilk operadır, özü də Tağıyev teatrında oynanılacaq. Gənc kompozitor Füzuli poeması əsasında opera yazmış və onun əsərlərindən operaya daxil etmişdir. Truppa təşkil edilmiş və müəllifin rəhbərliyi altında tamaşa hazırlanır. Operaya böyük xərc sərf edilmişdir".

"Leyli və Məcnun" operasının səhnə quruluşu haqqında geniş resenziya çap edən "Kaspi" bu barədə təəssüratları belə dəyərləndirirdi: "Gənc kompozitor Üzeyir Hacıbəylinin ilk təcrübəsi olan "Leyli və Məcnun" operası Şərqin "Romeo və Cülyetta"sı idi. Bu opera kütlənin son dərəcə xoşuna gəldi və hər dəfə göstərilərkən teatr az qala ağzına qədər dolu idi".

"Leyli və Məcnun", "Arşın mal alan", "Şah İsmayıl" kimi ilk klassik operalarımızın təqdimatı və təbliğində "Kaspi"nin yaradıcı heyəti böyük rol oynadı. Belə ki, Bakı teatrlarında oynanılan müxtəlif Avropa və Qərb müəlliflərinin əsərlərini, afişalarını ilk səhifədə reklam şəklində çap edən qəzetdə milli dram və operalarımızın təqdimi xüsusi yer tutur. Bu, Azərbaycan mədəniyyətinin Rusiyada və "Kaspi"nin oxunduğu bir çox ölkələrdə təbliği demək idi.

Mətbuat tariximizdə öz əzəmətli yeri, mövqeyi ilə seçilən, "Azərbaycan" qəzetinin ilk baş redaktoru Ceyhun bəy Hacıbəyli də 1916-cı ildən başlayaraq "Kaspi" ilə əməkdaşlıq edərək, Rusiya müsəlmanlarının həyatı, onların öz hüquq azadlıqlarının təmini üçün xeyli sayda məqalə ilə çap etdirməyə başladı. "Müsəlmanın qeydi" rubrikası altında çap edilən yazılarda Ceyhun bəy "Rusiya ruslar üçündür" ideyasının zərəri barədə düşüncələrini oxuculara çatdırır və bu ideoloq sahiblərini ciddi arqumentlərlə tənqid edirdi. Rusiyada yaşayan 30 milyon müsəlmanın "gəlmə deyil, öz tarixi torpaqlarında yaşadıqlarını", müsəlmanlara belə "kliçkanın" qoyulmasının yolverilməz olduğunu bildirir, 30 milyon müsəlman əcnəbi, yaxud gəlmə ola bilməz deyirdi. Rusiyada yaşayan bütün xalqların hamısının vətəndaş olduğunu həm siyasi, həm də hüquqi baxımdan əsaslandıran C.Hacıbəyli hər bir xalqın milli mədəniyyətə sahib olduğunu vurğulayırdı.

C.Hacıbəyli "Dağıstani" imzası ilə "Kaspi"də çap etdirdiyi məqalələrdə müsəlman həmrəyliyi ideyasını irəli sürür, müsəlmanların digər xalqlarla birgə azad yaşamaq istəyini qələmə alırdı. Azərbaycan xalqının milli Novruz bayramı ilə əlaqədar Bakı müsəlmanları cəmiyyətinin keçirdiyi tədbirdən reportaj hazırlayan Ceyhun bəy M.H.Hacınskinin, F.X.Xoyskinin, M.Ə.Rəsulzadənin siyasi düşüncələrinə də toxunur, onların çıxışlarından fraqmentlər verir. Milli siyasi liderlər həmin dönəmlər Azərbaycan muxtariyyatı ideyasını müdafiə edirdilər və Rusiyanın yenidən təşkili üçün müxtəlif ideyalar, fikirlər səsləndirirdilər. Bakı müsəlmanlarının Novruz bayramı tədbirində digər xalqların nümayəndələrinin iştirakı, onların çıxışları da Ceyhun bəyin bu reportajında əksini tapmasının bir anlamı da Azərbaycanın gələcək siyasi taleyində heç bir etnik ayrıseçkiliyə yol verilməyəcəyinin nişanəsidir. C.Hacıbəylinin "Kaspi"dəki fəaliyyəti bununla yekunlaşmır.

Azərbaycan xalqının təşkilatlanması, siyasi baxımdan hazırlıqların əldə olunması, erməni terroruna qarşı mübarizəsi "Kaspi"nin 1917-ci ildəki nəşrlərində daha çox görünür. 1917-ci ilin aprel ayından başlayaraq "Bakı Müsəlmanları Müdafiə Cəmiyyətinin xəbərləri" adlı xüsusi buraxılış demək olar ki, 1918-ci ilin əvvəllərinədək "Kaspi"nin 6-cı səhifəsində dərc olunub. Buna qəzet içərisində qəzet də demək mümkündür və Cümhuriyyət tariximizin araşdırıcıları üçün bu buraxılış əsas tədqiqat mənbəyi ola bilər. Buraxılışın ilk sayı 30 aprel (13 may) 1917-ci ildə Aley Aleksandrovun redaktorluğu ilə buraxılıb. "Redaksiyadan" müraciət məqaləsində "Bakı Müsəlmanları Müdafiə Komitəsinin "Xəbərlər"inin nəşrinin məqsəd və məramı açıqlanır və sonda göstərilir ki, korrispondensiyalar, xəbərlər "Kaspi" qəzeti redaksiyasına təqdim olunmalıdır. Məhz ilk buraxılışda C.Hacıbəylinin "Qardaş köməyi" adlı məqaləsi də dərc olunub. Bu məqalədə Ceyhun bəy Qars, Ərzurum, Ərdahan, Otul, Rizə kimi türk bölgələrindən Azərbaycanın Güneyinə, Qafqazın digər bölgələrinə pənah aparan, erməni-rus hərb birliklərinin törətdikləri faciədən əziyyət çəkən müsəlman övladlarına yardım göstərilməsini xalqdan təvəqqe edir.

A.Aleksandrovdan sonra 1917-ci ilin iyun ayından etibarən buraxılışa müvəqqəti redaktorluq Ceyhun bəy Hacıbəyliyə həvalə olunur. Bu dönəmlərdə Rusiya müsəlmanlarının həyatı, ictimai fəallığı ilə bağlı yazıları Azərbaycan türklərinin qarşılaşdığı çətinliklər, Qarabağda baş qaldıran erməni separatizminə qarşı çıxışlar, bölgə xəbərləri, Azərbaycan ziyalılarının dünyada baş verən proseslərlə bağlı mövqeləri əvəz etdi. R.Axundzadənin, S.İbrahimin, Kərim bəy Məmmədovun, Abdul Cavanın, Hacı bəyin, Hacı bəy Şirvanskinin, Əli Heydər Mövsümzadənin, Fətəli Xan Xoyskinin, M.Hacınskinin xüsusi buraxılışda bir-birindən istiqamətcə fərqli məqalələri dərc olundu. 1917-ci ilin sentyabr ayından sonra C.Hacıbəyli buraxılışın müvəqqəti redaktorluğundan getdi və bir müddət xüsusi səhifə redaksiya heyəti tərəfindən hazırlandı.

1905-ci ildə ermənilərin Qafqazın müxtəlif bölgələrində yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə, soyqırım faktlarına, Türkiyənin Şərq vilayətlərində erməni dövləti qurmaq iddialarına cavab olaraq "Kaspi" kəskin mövqedə dayandı. 1905-ci ilin dekabrından başlayaraq 1906-cı ilin ortalarınadək demək olar ki, qəzetin hər bir sayında bu barədə ətraflı məlumatlar var. Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, İsmayıl bəy Səfərəlibəyovun, Mehdi Hacınskinin, azərbaycanlıların hamisi, xeyriyyəçi-mesanat Hacı Zeynalabdin Tağıyevin ermənilərin törətdikləri soyqırımların qarşısının alınması yönündə çalışmaları və millətin mühafizəsi üçün atdıqları addımlar oxucuların diqqətinə çatdırılırdı. Rusiya qəzetlərinə yol tapan yalançı erməni təbliğatına qarşı aparılan mübarizənin bütöv salnaməsini də qəzet daha aydın, dolğun faktlarla tarixiləşdirib.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 1 oktyabr.- S.11.