Yasin Xəlil, yolun hayanadır?

 

 

 

 

Yasin Xəlilin çox gözəl, maraqlı bir dizaynda, nəfis şəkildə, "Seçilmiş əsərləri" seriyasından "Şehin nağılı" (463 səhifə ) kitabı bugünlərdə "Nurlar" nəşriyatında çap olunub. Açığını deyim ki, son vaxtlar kitab qıtlığı hər tərəfdə aydın hiss olunur.

 

Düzdü, müxtəlif kitablar çap işıq üzü görür, müəllifinin iri rəngli şəkli kitabın üz qabığında, içində arxasında  olan toplular daha kitab "dadı" vermir. Yasin Xəlil kitabına heç şəklini verməyib. Ön söz yazdırmayıb. Kiminsə "ön sözü"nün arxasında gizlənməyib. İri, rəngli şəklini köməyə çağırmayıb. Sadəcə öz qəzəllərini ortaya qoyub. Şeirlər onun arxasında yox, o şeirlərin arxasında gizlənib. Şeirlər onun yerini oxucuya çox asanlıqla nişan verir.

 

Kitab poliqrafik cəhətdən çox mükəmməldi. Dünya nəşr qanunlarının bütün tələblərinə əməl olunub. Deyərdim ki, ölkəmizdə bütün nəşriyyatlara nümunə ola biləcək bir kitab ortaya qoyulub.

 

Kitabın adı həm klassik, həm müasir şeir bağlarını daha da möhkəmləndirən şehin üzərində qurulub. Şeh adətən səhərlər olur. Demək, yeni gün, günəş, gələcək estetikası var "şehin nağılı"nda. Şeh realist anlama gəlsə , nağıl keçmişə səyahət edir, folklora, xüsusən klassik ədəbiyyatımıza gedib çıxır. Bu günlə gələcəyin, klasik şeirlə müasir şeirin görüş yeri "şeh" "nağıl" sözlərində kodlaşaraq  asossiasiya yaradır.

 

Yasin Xəlili uzun illərdi tanıyıram. Sadə, aydın, işıqlı bir adamdı. İlk baxışda asanlıqla oxunur. Kim ona baxsa, bir-iki kəlmə söhbət eləsə onu öz rayonundan tanıdığı bir insana bənzədə bilər. Yəni Yasin Xəlil o qədər adama tanış gəlir ki, elə bilirsən tələbə ya yoldaşındır. Əlbəttə, bizə tanış gələn, bizi birləşdirən ümumi bir cəhət var. O, insanlıqdır, insanlığındakı şair obrazıdır.

 

Kitabına özü maraqlı bir ön söz yazıb. Keçib gəldiyi keşməkeşli əzablı həyat yolunun eskizlərini cızıb. Ön sözə bir düzəliş etmək istəyirəm. Yasin Xəlil deyir ki, "Mən poeziya aləminə təsadüfən gəldim. Əgər bir bazar günü  "İçərişəhər" metrosunun yanında yerləşən "Vahid" bağından keçməsəydim, təsadüfən "Vahid poeziya Məclisi"inin iştirakçısına çevrilməsəydim, bu işlə ciddi məşğul olmazdım. Məclisin əsas profili əruz vəzni olduğundan mən əruzda yazmaq qərarına gəldim".

 

Bu sözlər şairin daxili mədəniyyətidir. Hardan öyrəndiyini diqqətə çatdırır. Sağ olsun. Amma mənim düzəlişim orasındadır ki, Yasin Xəlil illər öncə Şamaxı torpağından, S.Ə. Şirvaninin, M.Ə. Sabirin əruz məktəbindən keçib gəlib. Əruz onun ruhundadadır, kənardan gəlmə deyil, istedadının daxilindədir. İlk baxışda Yasin Xəlil heca, xüsusən sərbəst şeirlər müəllifinə bənzətmək olar. Bu da özlüyündə maraqlıdır. Əslən Şamaxıdan olan şair dostum Zahid Sarıtorpaqda da belədir.

Onun sərbəst şeirlərinin materialı əruzdur. Yasin Xəlilin "Əruz"unun içində bəzən qəlibə yatsa belə, heca sərbəst şeir elementləri olduqca boldur.

 

O yarın dərdidir alnımda qırış şəklində,

Göz yaşımdır yağan ahəstə yağış şəklində.

 

Mən deyərdim ki, burdakı bənzətmələr ancaq sərbəst şeirə aiddir. Yox, bəlkə yanılıram. Sırf ərəb fars tərkibləri ilə yazan şairlər bəlkə məni çaşdırır. Onda Yasin Xəlilə min əhsən! O sərbəst düşüncələri əruza elə salmışdır ki, həm sən onu sərbəst şeir kimi qavrayırsan. Bu şairin ustalığıdır. Yasin Xəlilin qəzəlləri, xüsusən əlimdə olan "Şehin nağılı" kitabı qəzəl həsrətimizə su çilədi.

 

Yasin Xəlil kitaba ön sözündə başqa yazılarında haradan gəlib hara getdiyini deyir. Tibb fakültəsindən texniki fənlərə qədər, ordan da kimyəvi texnologiyalara qədər, alimliyə qədər yol başlasa da, onun əsas yolu, istiqaməti bir qəzəlində dediyi kimi İlahinin, o böyük Yaradanın verdiyi şəriət, mərifət, təriqət, həqiqət yolundan başlayır.

 

Sürüyür könlümü xülyam özü səhrayə tərəf,

Çəkməyə yelləri səbrin közü dəryayə tərəf.

 

Yasinin ilhamı şükr Allaha, qalxıb şahə,

Aparır dördnala hər bir sözü misrayə tərəf.

 

Yasin Xəlil bir çox müasirlərindən fərqli olaraq qəzəli obrazlı, bədii düşüncə elementləri ilə zəngilişdirməklə onu əruzun qəliblərinə ustalıqla "oturdur". Onun qəzəlləri bu günün qəzəlləridir. Burda zamanın möhürü aydın hiss olunur. Elə qəzəl yazanlarımız var ki, bu gün yazıb- yaratsalar da, yazdıqları 16-cı əsrin qəzəl dilindən seçilmir. 20-ci əsrin əvvəllərində Əliağa Vahid, 21-ci əsrin əvvəllərində isə Yasin Xəlil qəzəl ədəbiyyatımıza böyük sadəlik axıcılıq, eyni zamanda mənsub olduğu dövrün duyğu düşüncələrini, ən əsas da ritmini gətirdi.

 

Cəngimiz kor qələm ilə gözəl üstündəymiş,

Söz dil altındadır, ancaq əzəl üstündəymiş.

Məni dövran yıxa bilmir, çalışır var güclə,

Yaxşı ki, səbr özü möhkəm təməl üstündəymiş.

Günlərim dərd ağacından tökülür yarpaqtək,

Çox xışıldar, xəfif ömrüm xəzəl üstündəymiş.

Gözlərim boş yerə yol çəkdi, bilsin bədbəxt,

Yolların ta əzəlindən, əcəl üstündəymiş.

Min şükür, arzularım ölmədi heç könlümdə,

Onların çünki mübarək bir əl üstündəymiş.

Yasini sözləri hifz eylədi düşmənlərdən,

Zikri, əlbəttə, gözəl bir qəzəl üstündəymiş.

 

Bununla belə, Yasin Xəlil qəzəli ağır ləngərindən çıxarmır, əksinə o ləngəri dərinləşdirərək yaşadığı dövrün əsəri olduğunu təsdiqləyir.

 

Yasin Xəlin qəzəllərində əğyarla düşmən deyil, onun əğyarı məşuqə qara sevdanın  mövcudluğunun təsdiqidir.

 

Yasin Xəlil qəzəl janrını yüngül, ötəri, tənqidi, satirik ovqatlarla yükləmir. Onun qəzəlləri M. Füzulu Seyid Əzim ədəbi məktəbinin missiyasını ləyaqətlə yerinə yetirir.

 

Özünün bir qəzəlində deyildiyi kimi:

 

Əhsən, üzün aşiqlərin eylədi Məcnun,

Haqqında gəzir min cürə əfsanə bu gün .

 

Bu sözdən çıxış edərək bu gün qəzəl ədəbiyyatımızın üzünü eləyən Yasin Xəlilə halalca " əhsən" düşür

Fikrimcə, bu kitab müstəqillik dövrü ədəbiyyatımızın dəyərli səhifələrindən sayıla bilər.

 

Qəşəm NƏCƏFZADƏ

525-ci qəzet.- 2014.- 2 oktyabr.- S.8.