Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət
(Əvvəli ötən sayımızda)
M.Ə.Rəsulzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında olduğu kimi postmonarxist düşüncədə,
o cümlədən rusların
və SSRİ xalqlarının
ədəbiyyatşünaslığnda tarixin təftişi, fakt, hadisə və sənədlərin
təhrifini, təftişini
tənqid edirdi. Buna misal olaraq Rusiya
və İran arasında imzalanan, Azərbaycanın parçalanması
ilə nəticələnən
"Gülüstan" (1813), "Türkmənçay" (1828) müqavilələrinə dostluq
donu geydirilməsinə
tənqidi fikirləri
göstərmək olar.
M.Ə.Rəsulzadənin "Azərbaycan
Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü
və şimdiki vəziyyəti" (1923), "Əsrimizin
Səyavuşu", "İstiqlal
məfkurəsi və
gənclik", "Rusiyada
siyasi vəziyyət"
(1923-1925), "İstiqlalçı sosializmin iflası və demokratiyanın gələcəyi" (1928), "Milliyyət və bolşevizm" (1928), "Panturanizm
haqqında" (Paris, rus
dilində, 1930), "Panturanizm
və Qafqasiya problemi" (Varşava, rus dilində, 1930), "Azərbaycanda Milli Hərəkat" (19 noyabr
1933), "Çağdaş Azərbaycan ədəbiyyatı"
(1936, 1950), "Azərbaycan problemi" (Almaniya, almanca, 1937), "Azərbaycan
müstəqillik uğrunda
mübarizədə" (Varşava,
polyakca, 1938), "Azərbaycan
şairi Nizami" (avqust 1941, Almaniya, Buxarest, 1951), "Azərbaycan
tarixi" (1947), "Azərbaycan
Kültür gələnəkləri"
(1949) kitabları, çoxsaylı
elmi-nəzəri və
publisistik yazıları
həyatının mühacirət
dövründə yazılıb
və nəşr edilib.
Azərbaycan mühacirətinə liderlik
edən M.Ə.Rəsulzadə
hansı ölkədə
və hansı şəraitdə yaşamasından
asılı olmayaraq böyük Azərbaycan idealına sadiq qalıb, vətənini tanıtmaq, onun azadlığına qovuşmaq
üçün çalışıb. Bu fikri birmənalı söyləməyə əsas
verən görkəmli
siyasətçi, alim,
ədib, ictimai xadim olan M.Ə.Rəsulzadənin
zəngin irsi, qürbət acıları,
Vətən həsrəti
ilə qovrulan şəxsiyyəti, tərcümeyi-halındakı
həqiqətlərdir. Onun xarici ölkələrdəki
ictimai-siyasi fəaliyyəti
və yaradıcılığı
rəhbərlik etdiyi,
redaktoru olduğu qəzet və jurnallarla bilavasitə bağlıdır. Bunlar
"Yeni Qafqasiya"
(1923), "Prometey"(1926), "Azəri-türk" (1928), "Odlu yurd" (1929), "Bildiriş" (1930), "İstiqlal"
(Berlin, 1932), "Qurtuluş" (Berlin, 1934),
"Azərbaycan" (1952) və sairdən ibarətdir. Xarici ölkələrdə, xüsusən
də Türkiyə, Polşa, Almaniya, Fransa və Rumıniyada məskunlaşan
azərbaycanlı mühacirlərin
təşkilatlanmasına fədakarlıqla
çalışan, onların
yaşam haqlarının
tanımasını vacib
sayan M.Ə.Rəsulzadə
siyasi mühacir olan həmfikirlərinin mövqeyini yazılarında
açıq-aydın ifadə
edir, bütövlükdə
Azərbaycanın, Xalq
Cümhuriyyətindən sonrakı
taleyinə, kommunist işğalına dair məqalələrlə çıxış
edirdi. Bu zaman mövcud ictimai-tarixi fakt və həqiqətlərə,
sovet mətbuatı materiallarına istinad edən M.Ə.Rəsulzadə
Azərbaycan ədəbiyyatı
və mətbuatı materiallarına xüsusi əhəmiyyət verir, xalqın tarixi taleyi ilə mövcud vəziyyəti arasında paralellər aparır, təhlil etdiyi gerçəkləri
irs-varislik əlaqələri
zəminində aydınlaşdırırdı.
Məhz həmin mövqedə dayandığına görədir
ki, o Azərbaycanın
kommunist istilasından
azad olacağına inanır, milli-mədəni
dəyərlərin hər
cür siyasi şüarlardan üstün
olduğunu diqqət mərkəzində saxlayırdı.
Maraqlıdır ki, M.Ə.Rəsulzadə nəinki
irihəcmli monoqrafiyalarında,
məsələn "Azərbaycan
şairi Nizami" və başqa əsərlərində ədəbiyyatı,
nəsr, poeziya və dramaturgiyanı təhlil, tədqiq obyekti seçir, eyni zamanda sosial-siyasi
və fəlsəfi məzmunlu məqalə və düşüncələrində
də bədii materiallara, şeir nümunələrinə mühüm
yer ayırırdı.
Diqqətəlayiq bir məqam da ondan ibarətdir
ki, hər hansı ədəbi şəxsiyyət, əsər,
şeir nümunəsinə
istinad edərkən M.Ə.Rəsulzadə azadlıq,
hürriyyət, müstəqillik,
haqq və ədalət duyğularına
üstünlük verir,
insanların birgə və bərabər yaşamına xidmət göstərmənin ən
ali vəzifə olduğunu diqqət mərkəzində saxlayırdı.
Yəqin elə buna görədir ki, Böyük Azərbaycan şairi Nizami Gəncəvi onun istəklərinə daha dolğun cavab verir, adil
hökmdar, ədalətli
cəmiyyət, birlik və bərabərlik prinsipləri ilə yaşayan ədəbi qəhrəmanlar M.Ə.Rəsulzadəni
hamıdan çox maraqlandırırdı. M.Ə.Rəsulzadənin
klassik Şərq ədəbiyyatının məşhur
nümayəndəsi Əbülqasım
Firdovsinin "Şahnamə"sinə
istinadla yazdığı
"Əsrimizin Səyavuşu"
əsəri Azərbaycanın
azadlıq ruhunu ifadə edir, bədii əsərdən
daha çox siyasi-fəlsəfi traktat səciyyəsi daşıyan
bu əsərin xəyali və real qəhrəmanları "azadlıq,
bərabərlik, qardaşlıq"
cəmiyyətinin qurulacağına
inam bəsləməsi
ilə maraq doğurur.
"İnsanlara hürriyyət,
millətlərə istiqlal"
şüarını dövrün
ictimai-siyasi tələblərinə
uyğun şəkildə
müdafiə edən
M.Ə.Rəsulzadə sosial,
mədəni düşüncələri,
ədəbi-nəzəri fikirləri
və şəxsi həyat təcrübəsində
də ona əməl edir, məqalələrində Azərbaycan
ədəbiyyatı və
mətbuatının demokratizmini
ön plana çəkir, milli ədəbiyyatın ümumbəşəri
dəyərlərinə diqqət
yönəldir, tarixən
"doğru fikir, doğru söz, doğru əməl" (Zərdüşt) düşüncəsi
ilə yaşayan azərbaycanlıların sovet
Rusiyasının asılılığından
qurtuluşunu başlıca
vəzifə sayırdı.
M.Ə.Rəsulzadənin bu istiqamətdə
apardığı mübarizəni
onun ictimai-siyasi məzmunlu yazıları ilə yanaşı ədəbi-tənqidi məqalələri
də parlaq şəkildə əks etdirir. Onun "Şəkilcədə də,
mühtəvaca da ruslaşdırma", "Ağaoğlu
Əhməd", "Azərbaycan
mətbuatının piri",
"Böyük kompozitor
Hacıbəyli Üzeyir",
"Mirzə Fətəli
Axundzadə", "Vəzirli
Nəcəf bəy",
"Ədəbi bir hadisə", "Ricali-Azərbaycan
dər əsri-məşrutiyyət"
və sair məqalələri bu mənada daha çoxdiqqətəlayiqdir. Marksist-leninçi ideoloqların sosialist realizmi metodologiyasının
pərdəsi altında
ruslaşdırma siyasəti
yürütdüyünü ifşa edən M.Ə.Rəsulzadə bildirirdi
ki, "Çar dövründəki senzor Azərbaycanı mətbuatsız
buraxmışdı. Kommunist dövründəki
işğal isə Azərbaycanı istiqlalından,
mətbuatını da
milli şüura xidmətdən məhrum buraxmışdır.
Fəqət, Rusiya çarizmi
"Milliyyət"i, "Millət" olmakdan nasıl mən etmədiysə (mane ola bilmədi isə), Bolşevizm dəxi "Millət"i,
"Milliyyətə çevirmək
qüdrətində deyildir"
("Azərbaycan mətbuatının
piri"). Yeni sovet Adamı,
kommunist tipi, oktyabryat,
pioner yetişdirən
ideologiyanın mahiyyət
və məqsədini
öngörücülüklə söyləyən M.Ə.Rəsulzadə
bu işdə ədəbiyyat və mətbuatın xüsusi rolu olduğunu vurğulayırdı. milli
dil, düşüncə,
hiss və duyğular kompleksini qoruyan mətbuat nümunələri
və bədii ədəbiyyat xadimlərini
həmin meyarla tədqiq, təhlil və təqdim edən M.Ə.Rəsulzadə
"Əkinçi" qəzetinin
xidmətlərini həmin
məqsədlə diqqət
mərkəzinə çəkir,
onun ictimai dəyərinə mühüm
diqqət verirdi.
O deyirdi: "Əkinçi"nin zühuru, tək milli deyil, eyni zamanda
demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri
kimi o, saraylara və saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi, milli
bir məqsəd güdürdü.
Xalqı aydınlatmaq onun ən böyük məqsədi idi.
Mətbəəsizlik, mürəttipsizlik
kimi maddi müşkülləri və
mühitdəki təəssüf
kimi mənəvi maneələri ideal eşq
və əzmlə aradan qaldırmaq istəyən Həsən
bəy özü kimi çağdaş elm və fənn cihazi ilə silahlanmış olan sayları məhdud gənc aydınları işə çağırır
və deyir ki:
"Ey elm təhsil
edən cavanlarımız,
doğrudur, bizim Vətən qardaşlarımızla
üns tutmaq şiddətlidir. Sizin danışdığınızı
onlar başa düşmür. Sizə kafır
deyib incidəcəklər.
Doğrudur, qeyri millətlər,
sizin kamalınızı
görüb sizə artıq rütbə verəcəklər. Amma insaf
deyil ki, beş günlük ömür ləzzətindən
ötəri milləti,
qardaşlarımızı atıb onları kor və sərgərdan
qoyasınız" ("Azərbaycan
mətbuatının piri").
Göründüyü kimi mütəfəkkir tənqidçi
"Əkinçi"nin meydana
gəlməsini ümummilli
ictimai tərəqqi əsasında "demokratik
hadisə" kimi qiymətləndirir, qəzetin
xalqa xitabını, onun ictimai ideallara
xidmətini xüsusi vurğulayaraq deyirdi ki, "Əkinçi"
xalqlar dövrünün
şairləri kimi saraylara və saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi,
milli bir məqsəd güdürdü.
Xalqı
ayıltmaq onun ən böyük məqsədi idi".
"Azərbaycan mətbuatının
piri" XIX əsrin sonunda, XX əsrin əvvəllərində mətbuatdakı
hadisələri yaxından
izləyən M.Ə.Rəsulzadənin
özü də aktiv publisist, redaktor, siyasi icmalçı, dövlət
xadimi kimi mətbuatın "ümmətdən
millətə" keçiddə
mühüm rol oynadığını gördüyündən
sovet dövründə
ədəbiyyat və
mətbuatın hansı
istiqamətdə fəaliyyət
göstərməsinə diqqət
yetirir, forma və məzmunca dəyişən
sovet ədəbiyyatı
və mətbuatının
pərdəarxası oyunlarını
düzgün müəyyənləşdirir,
sosialist realizmi metoduna əsaslanan yazarların mövqeyini ifşa və tənqid edirdi. Bu münasibətlə yazmış olduğu
"Şəkilcə də,
mühtəvaca da ruslaşdırma" məqaləsi
ayrıca maraq doğurur.
(Ardı var)
525-ci qəzet.- 2014.- 2 oktyabr.- S.6.