İki evdən Kiyevəcən
Ömrümün bir hissəsi yollarda keçib. Hesaba-kitaba
vurub, ilini, ayını, gününü dəqiq
saymamışam, amma bilirəm ki, xeyli vaxt eləyir. Gah rayonlarımıza, gah da ölkədən kənara
düşüb güzarım. Bir-birindən
maraqlı səfərlər, tədbirlər,
görüşlər hamısı yaddaşımda iz qoyub.
Bu dəfə də yola çıxmışdım. Bərəkətli
Ukrayna torpağına, qaim-qədim Kiyevə sarı üz
tutdum. Orasını deyim ki, bu səfər
tamam fərqliydi. İnşallah
düşünüb-daşındığım bir layihənin
tərkib hissəsi, başlanğıcıydı. İlk addım atılırdı - bu bir, ikincisisə
ən azı yığcam heyətin görəcəyi işi
təkbaşına üzərimə götürdüyüm
üçün məsuliyyətli və
ağırıydı. Di gəl, inandığın və
gözlədiyin uğur naminə dözməkdən, bu
çətinliyə qatlaşmaqdan özgə yol yoxuydu...
Tanışlarla
üz-üzə
Hava limanındayam. Yüklərin qeydiyyatı nədənsə
uzun çəkir. Əksəriyyət
darıxır, xüsusilə də gənclər. Qərəz, bu prosedurdan qurtuluruq. Sonra əl çantamızla bərabər
özümüz də yoxlama məntəqəsindən
keçirik. Vaxta az qalıb. Gözləmə zalında Kiyevə və Moskvaya
uçacaq sərnişinlər yanaşı oturub. Qəribədi,
bu anda da təxəyyül adamı dinc qoymur:
reallıqdakı rəsmi Moskva-Kiyev münasibətləriylə
həmin şəhərlərə gedəcək bu
adamların düşüncələri, yaşantıları
arasında əlaqə axtarıram. Siyasət ölkələr,
xalqlar arasına qan-qada salsa da, həyat onları bax beləcə
- bir-birinə düşmən kəsilmədən
yanaşı da oturdur... Və elə bu dəmdə
gözümə tanış bir sima dəyir.
Kinorejissor Oqtay Mirqasımla
görüşürük. Adəti
üzrə gülümsəyərək
salamlaşmağın ardından bir-birimizin kef-əhvalını
xəbər alırıq. Amma rahat
danışmağa imkan yoxdu. Oqtay müəllm
kimliyini bilmədiyim bir gənc oğlanla bayaqdan nə barədəsə
söhbətləşir deyə, onları baş-başa
buraxıram. Yalnız onu bilirəm ki,
köhnə tanışım Moskvaya və ordan dərhal
Kazana uçacaq. Qarşıdan onu
kinofestivalda iştirak gözləyir. Uğurlar
arzulayıram.
Bir azdan təyyarəyə minəcəyik. Gözümə yenə tanış bir adam dəyir. Zahid
sabirabadlıyla üz-üzəyəm. Çoxdan
bəri rastlaşmadığım bu şəxsi görən
kimi tanıdım. Məşhur klarnet
ifaçısıdı qarşımda. Onu
ilk dəfə toyda gördüyümü xatırlayıram.
Və bir də heç kimlə dəyişik
düşməyəcək görkəmiylə yadımda
qaldığını. Zahid surət
baxımından rəhmətlik Telman Adıgözəlovun gəncliyidi
elə bil. Şəxsi münasibət
yoxdu deyə, hal-xoş eləmirəm. Hamının
gözü sanki onun əlindəki iki balaca qutudadı.
Kim bilməsə də, mənim o qutuların birində nə
olduğundan xəbərim var: heç şübhəsiz bu
klarnetdi. Demək, Zahid Ukraynaya toya gedir...
Ukraynalılardan ibarət gülərüz təyyarə
heyəti bizi salamlayır. İlk elanlar səslənir.
Və elə təyyarədəcə artıq
gedəcəyim ölkənin dilində birinci kəlmələri
eşidirəm. Bəziləri
tanışdı və rus dilindən azacıq fərqləndiyindən,
anlaşılandı. Eşitdiyim kəlmələrin,
cümlələrin arasında xoşuma gələn və
yaddaşımda ilişib qalan bir söz birləşməsi
olur: şanovnı passajirı. Bizim dildə mənası
hörmətli sərnişinlərdi. Bir azdan neçə
gün boyunca ən çox eşidəcəyim söz
olacaqdı bu...
Biletimizdə
uçuşun müddəti dörd saat saat beş
dəqiqə göstərilsə də, təyyarə hələ
havaya qalxmamış üç saat yarımdan sonra Kiyevə
- Borispol aeroportuna enəcəyimizi elan edirlər. Geriyə
uçuş biletimdə də müddət indi elan
olunandı: üç saat yarım. Necə deyərlər,
otuz beş dəqiqə fərqi
öz-özünə aradan qalxır...
Düz üç saat yarımdan sonra təyyarə
Borispolda yerə endi. Burdan havaya qalxanda yerli vaxtla səhər
saat 6:10 dəqiqəni göstərirdi. Dan yeri
sökülməmişdi və bu məndə qaranlıqdan
işığa doğru təəssüratı
yaradırdı... İndisə ora vaxtıyla
saat səkkizə iyirmi dəqiqə qalırdı. Heyət gülərüzlə bizi yola salır,
Ukraynada xoş dəqiqələr, günlər arzulayır.
Məmnun halda sağollaşırıq. Təyyarənin pilləkənindəcə Kiyevin xoş
havası ciyərlərimə dolur. Günəşli,
aydın havadı, amma sentyabr olduğu artıq duyulur. Əməllicə sərindi. Birdən
Zahid sabirabadlını düz yanımda görürəm.
"Salam, sabahınız xeyir! Həmişə
xeyir işlərdə!" deməyimə bayaqdan heç kimlə
kəlmə kəsməmiş həmyerlim sevinir və sanki
dilinin qıfılı açılır. Bir
anın içində ərklə "mənə köməyiniz
lazımdı" söyləməyilə, macal vermədən,
"rus dilində bilmirəm, bir yerdə çıxaq, sənədi
yoxlanda nə soruşsalar, cavab verin, olar" - deməyi bir
olur. Doğrusu, bu elə xahiş idi ki, etiraza
yer yox idi. Necə deyərlər, onu qəriblikdə
Allah ümidinə buraxası ha deyildim...
Sənədlərimizi qeydiyyatdan keçiririk. Nəzarətçi
hərbi formalı yaraşıqlı xanımdı. Üzümə və sənəddəki
bığlı şəklimə zənnlə baxıb,
mehriban tonda kimliyimi və gəlişimin məqsədini xəbər
alır. Mədəniyyət sahəsindən
olduğumu biləndə, çöhrəsi daha da
xoşallanır. Növbə Zahidindi. Ağzını
açmağa qoymadan, onun da musiqiçi olduğunu söyləyirəm.
Ardınca da arıqlığına və
hündür boyuna işarəylə "görkəmindən
klarnet çalan olduğu yəqin sizə əyandı"
deyib, zarafatımdan qalmıram. Nəzarətçi
xanım gülümsəyərək sənədlərimizə
möhür vurur və artıq Ukrayna torpağına qədəm
basdığımız rəsmləşir. Zahid məmnundu, sual-cavabdan canı qurtarıb. Amma maraq güc gəlir, soruşur ki, sənədləri
yoxlayan qız nəyə güldü? Nə
dedyimi onun üçün təkrarlayıram. Musiqiçi tanışımın Sabirabad ləhcəsiylə
"o bilməz ey klarnet nədi, rusca saksofon deyirlər, elə
söyləyəydin dənə" deməyinə
uğunuram. İkicə saniyə sonra Zahid
də öz dediyinə gülür.
Yüklərimiz təyyarədən boşaldılıb,
amma gəlişi bir azca yubanır... yolunu gözləyirik. Zahid artıq
məndən ayrılıb, yükü yoxdu deyə,
çıxışa doğru - onu qarşılayacaq adamı
axtarmağa gedib. Beş dəqiqə sonra
məşhur klarnetçini bir sarışın alagöz
oğlana nəyisə başa salmaq istədiyi məqamda
görürəm. Yenidən
rastlaşmağımıza sevinir, həmyerlisinin dadına
yetişəcəyinə arxayındı. "Başuva
dönüm, məni qarşılayası adam
gəlib çıxmayıb, buna denən ki, o göstərdiyim
telefon nömrəsinə zəng vursun. Narahat
olmasın ey, hörmətini eləyəcəm" deyir.
Adı Nikolay olan təzə sürücü
tanışım, etirazsız-filansız nömrəni
yığır, amma zəng çatmır. Belədə Zahid Bakıyla əlaqə saxlamaq məcburiyyətində
qalır. Və yenə də Kolyanın
telefonundan istifadəyə ehtiyac duyur. Qərəz,
beş-on dəqiqəlik cəhddən sonra musiqiçi
eloğlumuzu qarşılayacaq şəxslə əlaqə
yaranır. Az sonra həmin adamın
aeroportda olacağını öyrənirik. Sağollaşıb
gedərkən, Zahid köməklik üçün minnətdarlıq
edəndə Kolya yarı təbəssümlə "bəs
təsadüfən siz olmasaydız, o burda dil bilmədən
necə baş çıxaracaqdı" soruşur. "Allah
böyükdü, o bəndəsini darda qoymur" deməyimi ən
tutatlı dəlil sayıb da, susmağa üstünlük
verir Kolya.
Şəhərə sarı gedən,
rahatlığına görə taksidən geri qalmayan xudmani
"Mersedes" avtobuslar düz aeroportun qarşısında
dayanıb. Onların dəmir yol vağzalınacan getdiyini
burdaykən öyrənmişəm. Günün
istənilən vaxtı 50 qrivnaya - bizim pulla təqribən
üç manata - nə qədər yükün olsa belə
bu avtobusla gedə bilərsən. Bakıda
yalnız gündüz, o da böyük fasiləylə işləyən
bircə avtobusu nəzərə almasaq, mənzil başına
çatmaq üçün ordakı qiymət xeyli
münasibdi.
Binəylə müqayisədə Borispol şəhərdən
daha uzaqdı.
Amma yol darıxdırıcı deyil. Şəhərin girişinəcən olan magistral
yol demək olar büsbütün xiyabandı. Həm gözəllik, həm təmiz hava - bundan
yaxşı nolar? "Mersedes" bizi əzəmətli
Dnepr çayının üstündəki körpüdən
keçməklə, sol sahildən sağ sahilə aparır.
Təqribən bir saat yol gedəndən sonra dəmir yol vağzalındayam. Bəzi tanışların dediyinə görə, üç yerli mobil operatordan ən sərfəlisi sayılan Life-dən nömrə alıram. Qiyməti bizim pulla heç bir manat da deyil. İlkin olaraq, təqribən iki manat yarımlıq kontur yükləyirəm. Bu eyni operatorla pulsuz, digər operatorlarla isə bizdəkindən xeyli münasib tariflə danışmaq imkanı verir.
Vağzalın qarşısında gündəlik ev kirayəsiylə məşğul olan yaxası elanlı üç qadın dayanıb. Biri heç yaxınlaşmamış, alıcı quş kimi başımın üstünü kəsdirir. Kreşatik, ya da Politexnik İnstitutu metrosu həndəvərində evlərin qiymətiylə maraqlanıram. İnternetdə rastlaşdığım və tanışlarımın dediyi qiymətlərdən xeyli baha söyləyir. Razılaşmadığımı görüb, dilə tutmağa və məni təklifinin ən münasib olduğuna inandırmağa çalışır. Amma ortaq məxrəcə gələmmirik. Qəfil bir xanım yaxınlaşır. Onun kirayə verdiyi evin şəraiti və qiyməti barədə dedikləri daha cəlbedici görünür. Həmin xanımın maşınında evə baxmağa gedirik. On-on beş dəqiqə sonra artıq razılığa gəlirik. Mənzil münasibdi, təmizliyinə, zəruri avadanlıqla təchizinə görə məni qane edir. Evini kirayə verən Natalya adlı xanım bəri başdan pulu almağı və vizit kartını stolun üstünə qoyub sağollaşmağı unutmur.
Az keçmiş müvəqqəti mənzilimin beş dəqiqəlik məsafəsindəki metronun qarşısındayam. İrəlicədən bloknota qeyd etdiyim telefon nömrələrinə zəng vurmağa başlayıram. İlk iş günümdü, hər şey yenidi, bircə peşəmdən və ünsiyyətə, hər yerə tezcə alışmaq bacarığımdan savayı...
İki evdən Kiyevəcən
Hə, söhbətimizin şirin yerində vaxtilə bu torpaqlarda mövcud olmuş Kiyev Rus Dövləti haqqında ekskurs etmək yerinə düşər. Əvvəla, ondan başlayaq ki, salnaməçilərin yazdığına görə, şəhərin adı bu yeri bina edən üç qardaşdan ən böyüyü Kiyin adından götürülüb. Amma digər versiya həqiqətə daha yaxın hesab olunur. Bu ehtimala söykənsək, Kiyev şəhərinin əsasını qədim türklərin qoyduğu üzə çıxır və "Kiyev" sözünün qədim türk dilində "ki" yəni "iki", "yev" ya da "ev" türk ləhcələrində geniş yayılmış "ev" kəlmələrindən yarandığı iddia olunur. Tarix boyu Kiyevin boynuna şərəfli və məsuliyyətli vəzifə düşüb. Bu qədim və müasir şəhər polyanların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildənsə müstəqil Ukraynanın paytaxtı olmaq qisməti yaşayıb.
Kiyev Rus Dövləti Moskvadan xeyli əvvəl yaranıb. Belə ki vı - vııı əsrlərdə ruslar, beloruslar və ukraynalılardan ibarət Şərq slavyanlarının əmlak bərabərsizliyi baş verəndə, ilk tayfa ittifaqları meydana çıxır. Üstündən bir qədər ötür, Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev Rus Dövləti yaranır. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onların arasında inkişaf etməkdə olan ticarət əlaqələri çox kömək edir. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatır. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yolboyu dövlətin bu iki mühüm mərkəzi birləşdirilir. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb edir. Amma şərq slavyanlarının çoxunun hələ Kiyevə bağlılığı yox idi. Kiyev dövləti isə Dneprdən, Lovatidən, Volxovdan keçən böyük su yolu boyunca şimaldan cənuba doğru nisbətən ensiz zolaq kimi uzanıb gedirdi. XI əsrin axırları, XII əsrin əvvəllərində Kiyev dövləti geniş ərazini əhatə etməyinə baxmayaraq, möhkəm deyildi. Kiyev knyazlığından varlı və güclü knyazlıqlar meydana gəlmişdi. Natural təsərrüfatın yaranması və feodalların iqtisadi müstəqilliyə can atması, yerli boyar və knyazların siyasi hakimiyyətinin güclənməsi, şəhərlərin siyasi və mədəniyyət mərkəzi kimi meydana gəlməsi nəticədə feodal dağınıqlığına səbəb olur.
XII əsrdə monqollar Rusiyaya hücum edirlər. Böyük ərazini
işğal edən monqollar Kiyevəcən irəliləyirlər
və 1240-cı ildə oranı tuturlar. Daha
sonra Avropaya soxulurlar. Bu arada onlar rus
knyazlıqlarının bütünlüklə
işğalına nail olurlar. Rusların 240 il
monqolların hakimiyyəti altında qalması dövrü
başlayır. Uzun müddət bu torpaqlarda qərarlaşan
türk kökənli monqollardan tarixdən silinməyəcək
çox şeylər, o cümlədən Ukraynada neçə-neçə
yer adları qalır...
Seymur ELSEVƏR
525-ci qəzet.-
2014.- 2 oktyabr.- S.4.