El anası

 

Səidə Məmmədəliyeva-100

 

 

Səidə Salam qızı Məmmədəliyeva (Salamzadə) 1914-cü ilin 7 avqustunda Şəki şəhərində din xadimi Axund Hacı Seyid Salamın ailəsində dünyaya göz açıb. Hacı Seyid Salam Hacı Mirbaba oğlu Şəki-Ağdaş qəzasının şiyəməzhəb qazısı vəzifəsində çalışmışdır. Seyid Salam 15 il İranda dini təhsil alıb. Övladlarının dediyinə görə Axund Seyid Salam Vladimir İliç Leninlə yaşıd imiş. Güman ki 1870-ci ildə anadan olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra vəfat edib. Kəbin kəsməkdən gələndə arabada canını tapşırıb. Evlərində olarkən qapının döyüldüyünü eşidən kimi elə başa düşürmüş ki, onu aparmağa gəliblər. O vaxtlar din xadimlərinə ağır divan tutulurdu, sürgünə göndərilirdilər. Hər gün ruhanilərin evlərindən zorla çıxarılıb həbsxanaya aparıldığı dövr idi.

Hacı Seyid Salamın atası Hacı Mirbaba 107 il ömür sürüb. O çavuş kimi iyirmi beş dəfə zəvvarları Məkkəyə Həcc ziyarətinə, qırx dəfə Kərbəla ziyarətinə  aparıb. O zamanlar həftələrlə, aylarla yol gedərmişlər. Atdan, dəvədən başqa nəqliyyat yox idi. XX əsrin əvvəllərində ziyarətdən qayıdarkən Ağdaş ərazisində Türyançay vadisini keçən zaman suda boğulub. Yanındakılar deyiblərmiş ki, ağa atı burdan sürmə, gəl bir az irəli gedək, dayaz yerdən keçək. Tərs seyid idi. Məhz burdan keçəcəyəm deyə atı sürən zaman heyvanın ayağı büdrəyir, suya yıxılır. Bu vaxt isə çavuşu əcəl girləyir. O, 107 yaşında deyərmiş ki, mən səkkiz guşəli qəbri 40 dəfə qucaqlamışam. İmam Hüseyn Əleyhissalamın qəbrini 40 dəfə ziyarət edənə ölüm yoxdur. Deyirmiş ki, mən çürümərəm. Qurban olduqlarımın ziyarətində dualar etmişəm. Onu dağın döşündə dəfn edəndən sonra qəbri üstündə ziyarətgah yaranıb. Kimi gəlib parça bağlayır, kimi nəzir verirmiş. Sovet hakimiyyətinin tüğyan elədiyi bir dönəmdə bu hal qəbuledilməz idi. Belə qərar verilir ki, qəbri köçürsünlər. Yeni layihələndirməyə görə həmin yerdə məktəb tikilməli idi. Traktor gətirirlər ki, daşı sürüyüb çəksin. Allahın möcüzəsi olur. Üç dəfə traktorun sepi qırılır. Birtəhər qəbri açırlar. Torpağa tapşırılmasından 9 il ötməsinə baxmayaraq meyit sanki yeni dəfn olunmuşdu. Təbii ki, o vaxta kimi meyit çürüməliydi. Şəkinin lığ, yağlı palçıq kimi torpağı var. Onun da təsiri istisna deyildi. Nəmişlik havasızlıq çürüməni ləngidə bilərdi. Nəvəsi Səkinə xanım deyirdi ki, elə bil dünən dəfn olunmuşdu... Sonra Seyid Mirbabanı başqa qəbristanlığa aparıb dəfn ediblər. Təbii ki, məqsəd dindar, mollagünə insanların izinin itirilməsi, sadə adamların tapındığı ziyarətgahların məhv edilməsi idi.

Səidə xanım belə bir ocağın qızı olub. Uşaq vaxtından evin başçısını itirəndən sonra uşaqlar min bir əzabla dayılarının himayəsində yetkinlik yaşına çatırlar. Səidə xanım bacısı Mənsurə ilə Bakıya gəlir. Tibb təhsili alır təyinatla Masallıya yola düşür. Bir müddət orda çalışdıqdan sonra Bakıda ailə quran Mənsurə bacısının təkidi ilə 1932-ci ildə Bakıya qayıdır, Kürdəxanı kəndində ambulatoriyada mamaça vəzifəsində çalışır. 1937-ci ilin repressiyalarından yaxa qurtarmaq üçün əvvəl Pirşağı kəndində, gözdəniraq bir yerdə həkim kimi çalışan Məmmədəli Hacı İbrahim oğlu Məmmədəliyev elə həmin ərəfələrdə Kürdəxanı ambulatoriyasına gəlir. Burada Səidə xanımla tanış olurlar. 1938-ci ilin sonlarında toy məclisi qurub evləndikdən sonra kənd sakini Gülbala kişinin evində təmənnasız  yaşayırlar.

Kürdəxanıda qonşuları Səidə xanıma Seyid qızı, əhali isə Səidə bacı deyə müraciət edərdilər. Qonşuları Balacaxanım arvad, Xanımnisə, Səbirə, Nisə xala, Hökümə xanım ilə bacılıq, rəfiqəlik edərdi. Sənəti mama həkim olduğundan gecəsi-gündüzü olmazdı Səidə xanımın. Mamaça olmasına baxmayaraq, tibbin bir çox sahələrini yaxşı bilirdi. Oğlu Vasim Məmmədəliyevin xatirələrindən: "Anam bir gün görmədi ki... Səhər-axşam evin divarını daşla döyərdilər. Səs eşidən kimi deyirdi ki, yəqin filankəsdi, onun vaxtı olmalıdır.  Neft maşinkasının üstündə daim qaynayan iynə qabını balaca çemodanına qoyub tələsik evdən çıxardı. Hərdən hansısa yaşıdım gəlib anamı səsləyəndə çıxıb soruşardım ki nə olub?. Deyirdi ki filan xalanın beli ağrayır, ya da bibimin qarnı ağrıyır. Nə onlar, nə də biz bilmirdik ki, anamı nə üçün çağırırlar. Müəyyən yaşa çatandan sonra başa düşdük ki, nə üçün gəlib anamı səsləyirmişlər".

Səidə xanım təbii ki, tək deyildi. Ömür-gün yoldaşı doktor Məmmədəli də elin xidmətində idi. Hər ikisi təmənnasız olaraq əhaliyə tibbi xidmət göstərirdilər. Ailələri çoxuşaqlı olduğundan kənd əhalisi də öz təsərrüfatlarından imkanları yetən qədər tərəvəz, süd, doşab, quyruq yağı və s. Məmmədəliyevlər ailəsinə gətirərdilər. O zamanlar pul deyilən bir şey yox idi. Hətta öz maaşlarına dərman alıb əhaliyə pulsuz paylayardılar. Gözü-könlü tox, zəhmətkeş adam idi Səidə xanım. Müharibə illərində və ondan sonrakı quruculuq dövründə iş saatı tez başlar, gec bitərdi. Səidə xanım səhər saat 5:00-da səkkiz uşağın yeməyini hazırlayıb evdən çıxar, ən tez qayıtdığı vaxt isə 18:00 olardı. Hər iki valideyn eyni sahədə çalışdığından bir-birlərinə qarşı dözümlülük var idi. İndikindən fərqli, yeməklər neft plitəsi və ya primus üstündə bişirilərdi. Səidə xanım həm elin, həm də ailəsinin qulluğunda duran mətin, fədakar bir qadın idi. Həyat yoldaşı Məmmədəli nə qədər çılğın, əsəbi adam olsa da Səidə xanım həmişə barışıq mövqeyində münasibətləri tənzimləyərdi. Oğlu Vamiq Məmmədəliyevin xatirələrindən: "Atam əsəbini heç kimdən gizlətməzdi. Tutarlı, polad arqumenti var idi. Əgər gecə saatlarında evə xəstə gəlsəydi atam əsəbləşərdi. Deyirdi ki, elektrik lampasında mən sənə baxa bilmərəm, get gün işığında gəl. Sənin üzünün, gözünün rəngini bu işıqda necə seçim? Anam atama Əli deyə müraciət edərdi - Ay Əli ümidsiz qaytarma, pərt eləmə, qəbul elə, sabah bir də gələr. Atam acıqlanıb deyərdi ki, axı mən ona dərman yaza bilmərəm. Müayinə üçün təbii işıq lazımdı. Əgər həkim otağa daxil olan xəstəyə ilk baxışıyla diaqnoz qoymadısa qalanı yanlış olacaq. Anam bir az da təkid edəndən sonra o yumşalar, xəstəni qəbul edərdi".

1961-ci ilə kimi Kürdəxanıda Səidə xanımın gərgin əməyi ilə hamiləlikdən azad olan qadınların içində bircə ölüm faktı olmayıb. Sonralar ətraf kəndlərdə Səhiyyə Nazirliyi tərəfindən doğum evləri açılsa da bəzi mühafizəkar ailələr öz hamilə qadınlarını yenə də Səidə xanıma etibar edirdilər. Səidə xanımın o qədər hörməti, o qədər nüfuzu var idi ki, kəndin mühafizəkarları da onunla hesablaşırdılar. Müharibədən sonrakı dövrdə çoxuşaqlı ailələrin sayı artmışdı. Hamı öz övladına bənzər adlar qoyurdu. Bəzən Səidə xanım müdaxilə edib yeni ad təklif edirdi. Sakinlər onunla razılaşır, Səidə bacının şərəfinə bu adı qoyaq deyə ehtiramla qəbul edirdilər. Qız alan, oğul evləndirən sakinlər çox vaxt Səidə xanımdan ailə və nəsillər haqqında məsləhət alardılar. Allah rizası olan yerdə Səidə xanım bəzən susar, bəzən də kəskin fikir söyləyərdi. Çünki həm doktor Məmmədəli, həm də Səidə xanım Kürdəxanıda bir çox nəsillərin irsi xəstəliklərini uzun illərin təcrübəsindən öyrənmişdilər. Hər kəs də istəyirdi ki, yeni qurulan ailə sağlam olsun. O vaxtlar tibb elminin gen mühəndisliyi, DNT və RNT tədqiqatları indiki kimi inkişaf etməmişdi. Bəzən çox həssas davranmalı olsalar da həkim qərarı yanlış ola bilməzdi. Həyat yoldaşı ilə birgə qərar verdiyi anlar da istisna deyildi. Elə nəsillər var idi ki ürək, qan-damar xəstəliklərinə meylli idi, elələri var idi ki, uroloji xəstəlikləri var idi. Səidə xanım və Məmmədəli doktor xəstəyə dərman yazan vaxt bu kimi irsi xəstəlikləri nəzərə alıb fəsadsız müalicə aparırdılar. Səidə xanımın sonuncu tutduğu uşaq 23 mart 1974-cü ilə təsadüf edir. O vaxtdan ta 1985-ci ilə, yəni ömrünün sonuna kimi ağbirçək Səidə xanım, öz fəaliyyətini davam etdirərək yaşayıb ömrünü başa vurdu.

Övladları hələ sonralar biləcəkdilər ki, Səidə xanım hansı məşəqqətli yollar keçib. Amma buna baxmayaraq, o səkkiz övlad böyüdüb, oxudub, boya-başa çatdırıb. Oğlanları Asim Məmmədəliyev, Akademik Vasim Məmmədəliyev, tibb işçisi Nasim Məmmədəliyev, tarzən, dosent Vamiq Məmmədəliyev, ərəbşünas Nasir Məmmədəliyev, qızları Xariqə Məmmədəliyeva qadın həkimi (ginekoloq), Nəzifə Məmmədəliyeva ginekoloq-cərrah, Səyyarə Məmmədəliyeva pediatr kimi yetişdirməyin nə demək olduğunu duymaq çətindir. Elin xidmətində duran bir ailənin evi get-gəlli olmasına baxmayaraq valideynlər uşaqların dərs oxumağı üçün əllərindən gələnləri əsirgəmirdilər. Səidə xanımın qadınlara verdiyi məsləhətlərdən, cinsi tərbiyədən qızı Xariqə öz yolunu seçdi. Anasının işini daha ali səviyyədə davam etdirmək üçün qızı Nəzifə də bu yolu seçdi. Ananın uşaqlarına olan qayğı və məhəbbəti isə Səyyarənin taleyini həll etdi. İndi AsimNasim Məmmədəliyevlər haqq dünyasında olsalar da hamı o şirin-acılı günləri yaxşı xatırlayır.

Növbə ilə böyükdən kiçiyə ötürülən geyimlərlə böyüyən övladlar ata və analarının hansı çətinliklərlə ailə yaşatdıqlarındanmı, yoxsa gen daşıyıcıları olduqlarından yetişib cəmiyyət üçün, dövlət üçün, Azərbaycan üçün yararlı insan oldular? Demək çətindir. Hər iki qüvvənin - genetik kodların və tərbiyənin təsirindən desək episentr Səidə xanımdır.

Ömrünün ixtiyar çağlarında bir neçə nəvəsini məktəbə yola saldı, gəlinlərini doğum evində qarşıladı, övladlarından doymamış, sabit həyatdan kam almamış gözlərini əbədi yuman Səidə Hacı Seyid Salam qızı Məmmədəliyeva kənd sakinlərinin xatirələrində, keçmişin əzablı günlərinin zəhmətkeş qadını, el anası kimi ehtiramla yad olunur.

Allah rəhmət eləsin!

İqbal MƏMMƏDƏLİYEV

525-ci qəzet.- 2014.- 3 oktyabr.- S.8.