Natəvan Dəmirçioğlunun nəsrində milli müəyyənlik və psixoloji dərinlik

 

 

Qədim türk düşüncəsində uçmaq cənnət deməkdir. Təsadüfi deyil ki, dahi şair, romantik filosof Hüseyn Cavid özünün ən kamil mənzum faciələrindən birini-"Şeyx Sənan"ı uçmaqla tamamlayır. Mövzusu böyük sufi şairi T.Əmmarın "Məntiq-üt-teyr"əsərindən alınmış bu dramda müəllif qəhrəmanları mütləq uçuruma - cənnətə göndərməli idi. Çünki ilahi eşqin məkanı, son mənzili məhz Allahın dərgahı olan cənnətdir...

İstedadlı yazıçı və alim Natəvan Dəmirçioğlu da XX əsrin 90-cı illərində sanki yuxudan çıxıb uçaraq ədəbiyyata gəlib. Onun povest və hekayələrdən ibarət "Birinci Kitab"a (2006) yazdığı "Yazardan qısa bir yazı"da oxuyuruq: "Uşaq vaxtı yuxularımda hey uçurdum. Dağların, dərələrin, böyük suların, uçurumların, şəhərlərin üstündən uçurdum. Bir- iki dəfə xalama dedim ki, yuxularda uçuram, qorxuram. Dedi: "Qorxma böyüyürsən ondandır".

Bir dəfə bir gəzərgi seyid gəlmişdi həyətimizə. Nə istədi verdik, amma həyətimizdən getmək istəmədi. Dedi: "Hökmən gərək birinizin taleyindən gördüklərimi deyim". Soruşdum ki, gördüklərinizi deyib neyləyirsiniz? Dedi: "Çox dərdə əlac eləyirəm". Dedim: "Onda mənim dərdimə əlac edin. Yuxularımda uçuram, canım boğazıma yığılıb uçmaqdan". Gözlərimin içinə baxdı - Ay qız! Səni mələklər uçurdur -dedi- vergilisən sən. Bunu heç kimə demə.

...daha yuxularımda uçmuram. Təkcə yazı yazanda yuxularda uçduğum kimi çəkisizlikdə oluram. Uçmuram, uçunuram". Əslində mən bu sətirləri yazıb bu yazıya nöqtə qoymalıyam. Natəvan yazıçıdır! Yazıçılıq ona yuxuda, mələklərin sırasında uçduğu zaman buta verilib. Mən bilmirəm bu ilahi vergi ilə O, 50 yaşa qədər necə yaşayıb, onun psixoloji yükünü necə çəkib!...

Bir gün türk qızı - gözəl şairə Anna Axmatova poeziya göyərçini Marina Svetayevaya məktub yazır. Məktubun sonuna bir cümlə əlavə edir: "Blok umer". M.Svetayeva ona cavab məktubu yazır. Sonda belə bir cümlə əlavə edir: "Udivitelno ne to, çto Aleksandr Blok umer, udivitelno to, çto on de sex por jiv". Bu qeydim Natəvandan uzaq olsun, O Allahın verdiyi qədər, həyat yoldaşı, iki övladı və gələcək nəvələri ilə xoşbəxt yaşasın. Xatırladım ki, Natəvan Dəmirçi qızı Atamoğlanova 1 noyabr 1963-cü ildə ədiblər və şairlər yurdu, Azərbaycan ədəbiyyatına M.P.Vaqifi, M.V.Vidadini, S.Vurğunu, M.Hüseyni, İ.Şıxlını, H.Arifi, M.Dilbazini, Muğannanı, Yusif və Vaqif Səmədoğluları, N.Həsənzadəni bəxş etmiş Qazax rayonunun Daşsalahlı kəndində dünyaya gəlib. Beş il (1984-89) BDU-nun jurnalistika fakültəsində təhsil alıb. Tələbə ikən Zaqafqaziya Universitetləri Tələbələrinin  Beynəlxalq  Elmi  Festifalının qalibi olub. Hələ tələbəlikdən - 1988-ci ildən bu günə qədər  - 25 ildir ki, taleyini Azərbaycan Dövlət Televiziya və Radiosu ilə bağlayıb, 18 ildir ki, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri kimi ağır, şərəfli və məsuliyyətli bir işdə çalışır.

Yazının tələblərinə əməl edərək üç mühüm faktı da qeyd etməliyəm: Natəvan xanım istedadlı gənc yazıçı kimi 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin, 2010-cu ildə isə dövlətimizin başçısı cənab İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb; "Yetim" povestinə görə "Yaddaş" komissiyasının qərarına əsasən "Qılınc və Qələm" mükafatı ilə təltif edilib; nəhayət, 2010-cu ildə Moskvanın "Filinta" nəşriyyatında povest və hekayələrindən ibarət 10 çap vərəqi həcmində "Pervaya kniqa" kitabı böyük tirajla çap olunub.

Natəvanın yaradıcılığı ilə 2004-cü ildən tanışam. Mən "Yaddaş" komissiyasının sədri kimi onun müsabiqəyə təqdim olunan "Yetim" povestini oxumuşam. O, bir pyesin, bir neçə povestin, onlarla maraqlı hekayənin müəllifi, fəal ictimai mövqeyə malik vətənpərvər ziyalı, prinsipal qələm sahibi, publisist, milləti və dövləti hər şeydən uca tutan yazıçı - qələm sahibidir. Mən onu Azərbaycançılıq mövqeyindən sərt mənəvi-ideoloji döyüşlər aparan təmiz qanlı bir türk qızı kimi tanıyıram. Bu qənaətlərimə dayaq üçün "Yetim"in üzərinə qayıdıb, Natəvan Dəmirçioğlunu bir yazıçı kimi ətraflı təqdim etmək istəyirəm.

"Yetim" mürəkkəb arxitektonaya, çoxşaxəli süjet xəttinə malik bir əsərdir. Sadə təsvir və təhkiyə ilə yox, gərgin psixoloji keçidləri olan mətn üzrə yazılıb. Əsərdə özünə məxsus xarakteri, psixoloji tutumu olan obrazlar var: Yazıçı, Yetim - oğul Nüsrət, qətl edilmiş ata Nüsrət, Nüsrətin nənəsi, qatil-Əmiroğlu, Səs-Şeytan və toplum obrazlar - tələbələr, Yetimin ailəsi, kənd camaatı...

Natəvan Dəmirçioğlunun "Birinci kitab"ına yazdığı ön sözdə görkəmli tənqidçi, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov onun yaradıcılığına doğru yöndən yanaşır: "Türk varlığının, mənəviyyatının ən zəngin və dolu qatı mifoloji düşuncə ilə bağlıdır. Bu da Natəvanın yaradıcılığını küll halında əhatə edir. Əvvəlki əsərlərdə - "Üç nöqtə" və "Səbət"də xüsüsi olaraq diqqəti çəkən mistik anlayışlar, ölüm- həyat, bu dünya - o dünya, yerüstü və yer altı yaşam həqiqətləri, Yer və Göy əlaqələri çox orijinal şəkildə özünü göstərir... Hələlik onun sonuncu əsəri olan "Yetim"də isə mifoloji düşuncəsi yeni sferalarda gəzişməyə başlayır. Povesdə İnsan və (Allah lənət eləmiş) Şeytan qarşılaşması, İnsanın mənəvi gücü, dolayısı ilə elə yazıçının öz gücü deməkdir. Qarının həm bu dünyada, həm o dünyada yaşaması, əslində iki dünya arasında insanlığın gözlə görüb, şüurla dərk etmədiyi güclü və birbaşa rabitənin  olduğuna əsaslanır".

"Bir olan Tanrım!...Özündən yetim qoyma məni!"- Povest belə başlayır. Sonra deyilir: "İnsan  atadan, anadan yetim ola bilər, ancaq Allahdan yetim qalmasın, taleyi yetim olmasın". Bu ideyanı yazıçı əsərin sonunda konseptual bir məqama çatdırır. Natəvanın qəhrəmanı olan yazıçı ( təbii ki, o özü! ) qupquru qurumuş, Yetim gələnə qədər ölməyən Qarı ilə söhbətdən sonra belə qənaətə gəlir: "Belə götürəndə birinin Allahdan yetim qalmasına nə var ki, uzaqbaşı bir adamdı. Yetimdi, bir nəsil onun qeydinə qalacaq. Toyunu bir qohumu edəcək ( öz xeyri xatirinə ), vayını bir qohumu yola verəcək ( ad-san xatirinə ). Bir nəsil də Allahdan yetim qalsa, dərd yarıdı. Çünki bir nəsil bir elin içində nədi ki! Onun dərdi yaxındı. "El içində, öl içində" atalar deyib bunu! El içində ölüm də asandı, yüngüldü. Qalıb ki, yetimlik ola. Dərd odur ki, bir millət Allahdan yetim qala". Yazıçını əlinə qələm almağa vadar edən bax, bu narahatçılıqdı.

Yazıçı, atası Nüsrət müəmmalı qətlə yetiriləndə hələ anasının bətnində olan Yetimin uşaq ikən sanki gələcəkdə taleyinin necə olacağını olduqca gözəl, gerçək bir təsvirlə verir. Nənəsi onu tər yarpız yığmağa göndərir. "Yetim isə arx aşağı, arx yuxarı gedirdi. Arx aşağı getmək xoşuna gəlmirdi. Su arxadan itələyir, tələsdiyindən barmaqları daşa ilişir, ağrıyırdı. Arx yuxarı getməyin xatirinə arx aşağı gedirdi. Təzədən ləzzətlə arx yuxarı çapırdı. Dizindən yuxarı qalxan su baldırlarına güc gəlir, qırçın-qırçın ləpələnirdi... Bəs deyincə oynadı. Üzünü suya salıb açıq gözlərlə arxın dibinə baxdı. Hardansa axıb gələn bir əlçim yunu çubuğa keçirib bayraq kimi havada yellədi, qızlara verməyə beş dənə yumru, sığallı beşdaş daşı tapdı, suyun kənarında dəvədabanı yarpağının üstünə qoydu, palçıqlıqda  dalbadal gedən on adamın ayaq izini düzəltdi, otlardan yolub suda axıtdı- kef elədi.

Birdən yadına düşdü ki, nənəsi onu gözləyir". Bu sadəcə təsvir deyil, peyzaj-prosesdir. Onu psixoloji paralelizm də adlandırmaq olar. Uşağın-insanın təbiətə qovuşmasını obrazlaşdıran bu dolğun sətirlər nəinki uşağın xarakterini açır, eyni zamanda onun gələcək taleyindən soraq verir, hələ dünyaya gəlməmiş, ana bətnində yetim qalan bu uşaq gələcəkdə axına qarşı üzməli olacaq. Natəvan xanım tək oynayan uşaq haqqında öz psixoloji düşüncələrini belə açıqlayır: "Nənəsi ağlayanda ona elə gəlirdi ki, dünyada nənəsi ilə tək qalıb. Bu təklik qorxudurdu  Onu.

... - Niyə tək oynayırdın?- Nənəsi soruşdu.

- Heç kim yox idi. Təkcə mən idim.

...O öz-özünə daha yaxşı oynayırdı... Beləcə tək oynamaq onu yormurdu. Molla Feyzullah deyirdi ki, bu uşağın xeyir əyəsi var, xeyirli qüvvələr himayə eləyir Onu. Hansı uşaq tək oynaya bilmirsə onu pirlərə aparmaq, üstündən qoruyucu şeylər asmaq lazımdır. Demək, onun toxunması var. Tək oynaya bilən uşaqlar  yaxşı uşaqlardı. Eşitdiklərini başa düşməsə də yaddaşına yazılırdı. Beləcə, böyüklərin arasında böyüyürdü".

Yazıçı əsas psixoloji diqqəti Yetimin uşaqlıq dövrünə   və yaşlanıb doğma ocağa qayıtdığı vaxta yönəldir, tələbəlik, alimlik, vəzifə həyatını isə publisistik bir sürətlə ötüb keçir.

On iki yaşı olanda Nənə ona ilk dərin, son tapşırığını,  əbədi vəsiyyətini edir: " Sən daha kişisən. Mən bunları danışıram ki, Sən biləsən. Sən bunları bilməlisən... Atana qəsd edənlər Sənin düşmənlərindi. Onlar kimdi? Biz onu bilmirik. Bəlkə tale, qismət onu sənə tuş gətirəcək. Onda neynərsən özün bilərsən. Amma düşmənini tapmaq ürək dincliyi, ondan heyfini almaq ömür-gün qiymətidir. Ömür insana bir dəfə verilir, ikincisini görən olmayıb. Ömrünü qiymətli yaşa". Yetim- Nüsrət bu uşaqlığın son dərsini ömrü boyu unutmur. Tələbə dostları arasında da, onun xətrini istəyən həmtaleyi professorla söhbətlərində də, sevib-seviləndə də, elmi əsərlər yazanda da, vəzifədə işləyəndə də özü ilə ən qiymətli ömür əmanəti kimi qoruyub saxlayır. Ömrünün təqaüd çağında həmin sözlər Onu əhənrüba kimi çəkib doğma kəndə, Nənənin ağlaya-ağlaya ona sonuncu dərsi verdiyi ata yurduna gətirir.

Yazıçı mistik obrazlardan - Şeytandan, Yetimi görməyənə qədər can verə bilməyən qupquru qurumuş Qarının qeybindən bacarıqla istifadə edir.

Mən bir oxucu və tənqidçi kimi onun yaradıcılığındakı cəsarət və səmimiyyəti bəyəndim. O, yüksək səviyyəli, hazırlıqlı, elitar oxucu üçün yazır. Yazdıqlarında güclü bir daxili inam, sarsılmaz türk ruhu var. Bu ruh mifdən gəlir, onun Yetimi elə bil ki, böyük türk yazıçısı Ç. Aytmatovun "Ağ gəmi" povestindəki Oğlanın müasir qardaşıdır. Povestdə həm Qarının, həm Yetimin, həm də Qocanın- Əmiroğlunun təsviri dərin psixologizmlə yüklənib.

Natəvan dilimizin qədrini bilir, onu israfçılıqla işlətmir, urvatdan düşməyə qoymur. Mənim üçün yazıçı dilə münasibətdən başlanır. O, ən böyük sərvətimiz olan dilimizin hər sözünə nəsrin fəzasında nəzər salmağı bacarır...

Sonda qeyd edim ki, Natəvan xanım həm də istedadlı və cəsarətli, öz mövqeyini elmi mübahisələrdə qoruya bilən tədqiqatçı alimdir. Mən onun "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün BDU-da, akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi Dissertasiya Şurasında uğurla müdafiə etdiyi dissertasiyanın rəsmi opponenti olmuşam.

Natəvan Dəmirçioğlu Allahın ona səxavətlə bəxş etdiyi istedadı həm yazıçılığa, həm jurnalistikaya, həm elmi yaradıcılığa və nəhayət həm də pedaqoji işə həsr etmiş hərtərəfli milli ruhlu ziyalıdır. O, zəngin bilik və təcrübəsini səbr və səbatla müstəqil Azərbaycanın münəvvər gəncliyinə öyrədir, maarifçi kimi fəaliyyətini əzmlə davam etdirir.

 

Şəmsizadə Nizaməddin

525-ci qəzet.- 2014.- 3 oktyabr.- S.7.