"Şagirdləri vətənpərvərlik
ruhunda tərbiyə etmək hər bir müəllimin borcudur"
5 oktyabr dünyanın bir çox ölkəsində olduğu
kimi, Azərbaycanda da Müəllim Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Azərbaycan
Respublikasının əməkdar
müəllimi, Ağdam
şəhər 32 saylı
orta məktəbin fizika müəllimi Leyla Quliyeva (Bağırova) ilə görüşdük.
Leyla xanım Qarabağ bölgəsinin tanınmış
ziyalılarından biri
olmaqla yanaşı, müəllim adını
şərəflə təmsil
edən insanlardandır.
Müəllim Günü
ərəfəsindəki görüşümüz
zamanı ondan ilk əvvəl özü haqda məlumat verməsini xahiş etdik.
- 1949-cu il sentyabrın 2-də Ağdam rayonunun Şıxbabalı kəndində
ziyalı ailəsində
anadan olmuşam. Altı yaşımda məktəbə gedib
1966-cı ildə Şıxbabalı
kənd orta məktəbini medalla bitirmişəm. Məktəb
illərində rəqs
dərnəyində, şeir
dərnəyində, olimpiadalarda
iştirakımı heç
vaxt unutmuram. 9-cu sinifdə oxuyarkən respublika riyaziyyat olimpiadasında akademik Maqsud Cavadov tərəfindən mükafatlandırılmışam.
11-ci sinifdə fizika olimpiadasında ikinci yerə çıxaraq
professor Abbaszadə tərəfindən
diplom və mükafata layiq görülmüşəm.
- Məktəb illərindən
ən yadda qalan xatirəniz nədir?
- 11-ci sinifdə oxuyarkən çox maraqlı bir hadisə mənim həyatımda ömürlük iz qoydu. 1966-cı ilin may ayının əvvəlləri
idi. Ədəbiyyat dərsində idik. Birdən qapı döyüldü və sinifə üç nəfər daxil oldu. Onlardan ikisini mən tanıyırdım, ancaq digər bir nəfəri tanımadım.
Məktəbin direktoru
və Ağdam Təhsil Şöbəsinin
müdiri arxa partalardan birində əyləşdilər. Lakin
orta boylu, mülayim görkəmli üçüncü şəxs
lövhəyə yaxınlaşdı.
Ədəbiyyat müəllimim
dərhal məni lövhəyə dərs danışmağa çağırdı.
Ani olaraq müəllimin üzünə
baxdım. Onun rəngi qaçmışdı
sanki. Mən bir az qorxdum,
fikirləşdim, görəsən,
bu gələn kimdir? Gələn respublikanın maarif naziri, akademik Mehdi Mehdizadə imiş. Mən onu necə tanıya
bilərdim? Nazir mənə yaxınlaşıb
dərsimizin mövzusunu
soruşdu. Mən isə sinifdən xaric oxu olduğunu
söylədim. Ən
çox sevdiyim şairlərdən olan Səməd Vurğunun
"Aygün" poemasından
bir parça öyrənmişdim. Maraqlı
hissə idi. Aygün Əmirxandan küsüb gedir, şair onun acınacaqlı həyatını
təsvir edir. Onu da qeyd
edim ki, mənim fizikanı, riyaziyyatı sevməyimə
baxmayaraq, deyilənə
görə, çox yaxşı diksiyam var idi. Həmişə
tədbirlərdə şeir
söyləyərdim. Şeir
əzbərləmək mənim
üçün çox
asan idi. Öyrəndiyim hissəni
söylədim: nə
az, nə çox, düz 45 dəqiqə. Zəng vuruldu, dayandım. Ancaq heç kim tərpənmirdi. Elə yanımda dayanan mərhum nazirimiz də. Demə, şeir deməyim onu heyran edib. Qəfil
soruşdu: "Qızım,
şeiri deyib, qurtardın?" Cavabında
söylədim "Yox,
zəng vuruldu". Bu
cavab nazirin xoşuna gədi. Dedi: "Yəni hələ yenə əzbər bilirsən?"
Mən etiraf edirəm ki, demək olar o zaman poemanın çox hissəsini əzbər bilirdim, hələ indi də yadımdan çıxmayıb. Bir neçə gün sonra Qarabağ üzrə zona müşavirəsi keçirən
nazir çıxışı
zamanı deyib: "Mən 500 məktəbdə
oldum. Ancaq Qarqar çayının sahilində yerləşən
köhnə bir məktəb binasında təhsil alan qızcığazın səsi
mənim qulaqlarımdan
getmir. O qız əsl medala layiqdir deyərək əli ilə Ağdam rayon Təhsil Şöbəsinin müdirinə
işarə edib".
Nazirin təklifi ilə mən Şıxbabalı kənd
orta məktəbini qızıl medal ilə bitirdim. Bu, mənim ilk böyük qələbəm
idi. Çünki oxuduğum məktəbdə
medal alan ancaq mən olmuşam.
- Bəs, ədəbiyyata bu qədər sevgisi olan insan niyə fizika müəllimi oldu?
- Genimdə olan bir hiss məni fizika müəllimi olmağa vadar etdi. Buna peşman deyiləm. Məktəbi bitirdikdən sonra sənədlərimi Bakı
Dövlət Universitetinin
Fizika fakültəsinə
verdim. Fizikadan əla qiymət aldım, digər imtahanlardan azad oldum. Beş il 126-cı qrupun qrup nümayəndəsi oldum. K. Köçərlinin
rəhbərliyi altında
diplom işi yazaraq onu əla
qiymətlə müdafiə
etdim. Beləliklə,
1971-ci ildə fizikşünas
ixtisası ilə universiteti bitirdim. Bu gün də mən öz peşəmi sevirəm, dərs dediyim şagirdlərə də
sevdirirəm.
- Universiteti bitirdikdən sonra harda çalışmısız?
- Təyinatla 22 il - Ağdamın işğalına
qədər Şıxbabalı
kənd orta məktəbində böyük
həvəs, böyük
enerji ilə fəaliyyət göstərdim.
Pedaqoji sahədə yeniliklər etmək, metodikada dəyişiklik etmək, sinifdən xaric işlər təşkil etmək, bir də ciddilik
və tələbkarlıq
mənə gənc yaşlarımdan uğurlar
gətirdi. Çox qısa zamanda həm məktəbdə,
həm də rayonda tanındım. Şagirdlərimin sorağı
respublikamızın ali
məktəblərindən, SSRİ-nin digər şəhərlərinin universitetlərindən
gəldi. Keçirdiyim
tədbirlər, konfranslar,
yarışlar, təşkil
etdiyim "fiziklər
klubu" rayona səs saldı.
- Bildiyimizə görə, sizin bir çox yazılarınız mətbu orqanlarda işıq üzü görüb. Bir qədər bunun haqqında məlumat verərdiz.
- Müəllimlik fəaliyyətimlə yanaşı pedaqoji, metodiki məqalələr də yazmağa başladım. Mətbuatda çoxlu metodik yazım çıxdı, qəzet və jurnallar haqqımda yazılar dərc etdi. "Müəllim" qəzetində "Müvəffəqiyyətin sirri", "Fizika həftələrinin təşkili təcrübəsi", "Düşündürən suallar", "Nizami Gəncəvi yaradıcılığı və fizika" və s adlı məqalələrlə mətbuatda yazılarım dərc olunub. Çox gənc yaşlarımda qurultay nümayəndəsi seçildim. "Krupskaya"adına (SSRİ maarif naziri tərəfindən) mükafata layiq görüldüm. Zəngin fizika kabinəsi yaratdım, "Baş müəllim", "Metodik müəllim" adını aldım. Respublikada keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi oldum.
- Yaradıcılığınızda Qarabağ mövzusu xüsusi yer tutub, bununla bağlı nə deyə bilərsiz?
- 1990-cı ildə respublikada ilk dəfə olaraq "Qarabağ yurdum mənim", "Qarabağın tarixi" mövzusunda konfrans təşkil etdim. Bütün rayon rəhbərlərinin, ictimaiyyət və mətbuat işçilərinin iştirak etdiyi bu tədbir böyük təsirə səbəb oldu. Müəllim və şagirdlərin iştirakı ilə keçirilən bu konfransda ermənilərin Qarabağ və Dağlıq Qarabağın nə vaxt köç etdikləri, "Qarabağ" sözünün lüğəti mənası (Böyük behişt) bu konfransda müzakirə olundu. "Qarabağ" qəzeti həmin tədbiri çox gözəl şəkildə işıqlandırdı. Mən isə rayon rəhbərliyi tərəfindən bir il müddətində hər ay aldığım əmək haqqı qədər əlavə əmək haqqı almaq hüququ qazandım. Ancaq mənim məqsədim əlavə nə isə almaq yox, Qarabağımızın əsl tarixini ictimaiyyətə çatdırmaq idi.
- Ağdamın işğalından sonra da siz digər şəhər məktəblərinə getməmisiz. Bunun səbəbi nədir?
- İşğaldan sonra mən öz fəaliyyətimi 32 saylı Ağdam köçkün məktəbində davam etdirməli oldum. Bu, mənim üçün çox çətin anlar yaşatdı. Yeni kollektiv, yeni şagirdlər...Ancaq digərləri kimi mən nə şəhər məktəbi axtardım, nə də dəvət aldığım universitetlərə getdim. Çox keçmədi ki, iş üsulum, biliyim, pedaqoji ustalığım köməyimə çatdı. 1994-cü ildə "Ali kateqoriyalı müəllim" adına layiq görüldüm. 1995-ci ildə rayon üzrə "İlin ən yaxşı müəllimi" mükafatına, 2001-ci ildə Ağdam rayon şöbəsi tərəfindən "Keyfiyyət ili" çərçivəsində səmərəli fəaliyyətimə görə, 2002-ci ildə XXIV Respublika "Pedaqoji Mühazirələr" müsabiqəsindəki fəaliyyətimə görə, 2008-ci ildə Ağdam Azad Həmkarlar İttifaqı tərəfindən iş üslubu və pedaqoji prosesin həyata keçirilməsində fərqləndiyimə görə Fəxri Fərmanlara layiq görülmüşəm. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il sentyabrın 1-də verdiyi Sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olaraq "Ən yaxşı müəllim" adına layiq görülmüşəm. Prezidentin 2009-cu il 30 sentyabr tarixli 504 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüşəm. 1994-cü ildən repititorluqla məşğulam. Digər yerlərdə işləməyi qəbul etməməyimin də bir səbəbi ağdamlı köçkün uşaqlara təmənnasız yardım edib onların ali məktəbə qəbul olmağına kömək etməkdir.
Onu da qeyd edim ki,
2001-ci ildən TQDK ilə əməkdaşlıq edirəm. Qapalı, açıq,
model testlərin müəllifiyəm.
Ekspert kimi dəvət alaraq yeni testlərin yoxlanmasında iştirak edirəm. Fizika dərsliklərinin müzakirəsində
iştirak edirəm.
2013-2014-cü tədris ilində
TQDK-nın sədri Məleykə Abbaszadənin
ümumi rəhbərliyi
ilə ümumi təhsil müəssisələrində
tədris prosesində
mənimsənilmiş bilik
və bacarıqlarının
yoxlanılması və
qiymətləndirilməsi məqsədi
ilə nəşr edilən "Fizika" vəsaitinin müəlliflərindən
biriyəm. Bu vəsaitdən
həm ümumtəhsil
müəssisələrində qiymətləndirmə vəsaiti
kimi, həmçinin ixtisasartırma kurslarında,
pedaqoji yönümlü
ali təhsil müəssisələrində, qəbul imtahanının hazırlıq kurslarında
istifadə oluna bilər.
- Leyla xanım, son olaraq müəllim həmkarlarınıza nə
demək istərdiz?
- Vətənimizin şərəfini
qorumaq, Qarabağımızı
unutmamaq, şagirdlərimizi
vətənpərvərlik ruhunda tərbiyə etmək hər birimizin borcudur. Bu günlərdə qeyd olunacaq müəllim günündə biliyi, metodu, pedaqoji ustalığı ilə gənc nəslin təlim-tərbiyəsində iştirak
edən hər bir müəllimi ürəkdən təbrik
edir, yeni dərs ilini qələbə sevinci ilə qarşılamağı
arzu edirəm.
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.- 3 oktyabr.- S.2.