“Allah bu
50 ildə mənə elə gözəllikləri layiq bildi ki...“
Elçin İsgəndərzadə:
“ŞUŞANIN QAYASINA, DAŞINA QOVUŞACAĞIM GÜNÜN
ARZUSUYLA YAŞAYIRAM”
Yaradıcı insan – hələ bu insan şair
olmaqla bərabər, həm də dəqiq elmlər üzrə professordursa – həyatının müəyyən
dönəmlərini tam bir
riyaziyyatçı –mühəndis
kimi yuvarlaqlaşdırıb
yubiley yaşını
keçirəndə təbriklər
də silsilə şəklində olur. Amma yaş
özü yuvarlaqlaşıb
50-yə çatanda təbriklər
də, riyazi dillə ifadə eləsək, ədədi
yox, həndəsi silsiləylə artır.
Bu yaxınlarda şair-alim, professor Elçin
İsgəndərzadə ömrünün
beşinci onilini yola saldı. Yubileyöncəsi və sonrası, özü demiş, “üzərinə
dalğa kimi tökülən” təbrik
yazılarının, müsahibələrinin
ara verməsini
gözləyib, eyforiya
sovuşandan sonra yubilyarla söhbətləşməyi
qərara aldım. Uzun sürən mükaliməmiz təkcə
yubiley təəssüratları,
50 illik bir ömrün yaşantıları
ilə məhdudlaşmayıb,
eyni zamanda bir şairin, alimin, naşirin, pedaqoqun, həyat yoldaşının, atanın
dünyaya baxışını
və daha çox doğulduğu torpağı, uşaqlıq
xatirələrinin yaşandığı
yerləri istəmədən
düşmən tapdağına,
murdar nəfəslərə
buraxan bir həmvətənin ağrısını
özündə əks
etdirir. Və hərdən də bu mükalimə, müsahibədən daha çox, ən müxtəlif mövzular
– ədəbiyyat, sənət,
ortaq dostlar, ümumi tanışlar, pedaqoq-tələbə, valideyn-övlad,
qadın-kişi münasibətləri
və ümumən, gəlmişlər-keçmişlər barəsində maraqlı bir fikir mübadiləsinə
çevrilir...
Uşaqlıqda mənə “bala
Lenin” deyirdilər
Uşaqlığım haqqında indi bəzən özümə
danışanda inanmağım
gəlmir. Hələ üç yaş yarımlıqdan nənəm
Qəmərin (Allah ona
qəni-qəni rəhmət
eləsin, 105 il yaşadı- hamımıza qismət,
Lenin ordenli sağıcı,
əmək qəhrəmanı
idi) əsl köməkçisi olmuşam.
Lap o məşhur mahnıda
deyildiyi kimi: “Sağıcıdır mənim
nənəm, köməkçisi
mənəm, mənəm...”
Yadıma gəlir, balaca
su qabımızla – “cürdək” deyirdik – su gətirib çaydana töküb ocağa qoyurdum. Yaylaqda yaşadığımız vaxt
alaçığın içərisini
bacardığım qədər
sahmana salırdım,
səliqə yaradırdım.
Bunu mənə sonralar nənəm, anam, bibim danışardı.
Qəmər nənəm həyatda
ən çox sevdiyim insan olub. Bəlkə də onu anamdan
da çox sevmişəm... Məni körpə ikən şalla belinə sarıyıb iş gördüyünü də
xatırlayıram, kövrəlirəm.
Nənəmin qoxusu hələ də burnumdadır, eynən Şuşa kimi...
Körpə vaxtı içindəki
südü içəndən
sonra şüşəni
daşa vurub qırırammış. Şuşanın
o daşınacan hər
şeyi incəliyinə
qədər xatırlayıram...
Zatən bütün yaddaşım, hafizəm Şuşa ilə
bağlıdır, sonrakı
həyatım da, yaradıcılığım da
onun həsrəti ilə bağlı oldu... Atam mühəndis idi
və onu o zaman müəyyən müddətə Kalininqrada
kursa göndərmişdilər.
Anam ona məktub yazırdı. O vaxt hələ hərfləri
bilmirdim deyə, o məktubları oxumağı
bacarmırdım. İnad edirdim
ki, anam mənə hərfləri
öyrətsin. Deyirdi ki,
ay bala, məktəbə
gedəndə öyrənərsən,
indi nə vacibdi ki, sən
dədənə məktub
yazasan? Özümü yerə çırpırdım
ki, yox, öyrətməlisən, vəssalam.
Anam işini-gücünü atıb
bir müddət mənə hərfləri
öyrətdi və mən hələ məktəbə getməmiş,
atama məktub yazmağa başlamışdım.
Orta məktəbdə oxuyanda müəllimlərim deyirdi
ki, Elçin böyüyüb professor olacaq.
Poeziya, ədəbiyyat son tapınağımdı...
Ədəbiyyatın xilaskar rolu haqqında
diskussiyalar aparılanda
çox vaxt bu rolun əhəmiyyətlilik
dərəcəsi haqqında
bədgüman olurlar. Amma şəxsən
mən ədəbiyyata
dünyada ən böyük qüvvə kimi baxıram. Dünyada sözdən qüvvətli,
sözdən dəyərli
heç nə yoxdur mənim aləmimdə. 31 il bundan əvvəl – 1983-cü
ildə Xalq şairimiz Məmməd Araz “Azərbaycan gəncləri” qəzetində
mənə “Uğurlu
yol” yazıb şeirlərimi təqdim edib. Məmməd Arazun o “Uğurlu
yolu”nu bu gün Nobel mükafatından
üstün tuturam.
Neçə illərdir,
peşəkar ədəbiyyatın
içindəyəm və
bu illər ərzində həmişə
o “Uğurlu yol”un məsuliyyətini dərk eləmişəm,
Məmməd Arazın
etimadına layiq olmağa çalışmışam.
Ola bilər ki,
kənardan Elçin İsgəndərzadə daha
çox alim kimi nəzərə çarpır. 47 ixtiranın müəllifi,
Avropanın fəxri alimi və əməkdar
ixtiraçısıyam. Təvazökarlıqdan kənar kimi
görünməsin, ölkədə
öz sahəsi üzrə bu qədər ixtirası olan ikinci alim
yoxdur. Bəlkə də bütün
bunlara görə şairliyim alimliyimin kölgəsində qalır.
Amma əslində belə deyil. Şairliyim daha öncə
başlayıb və mənim üçün poeziya da elm qədər önəmlidir.
Mərhum alimimiz Arif Əmrahoğlu mənim “Qürbət hücrəsində” kitabımdakı
şeirlərimdən birinin
misrasını yazdığı
ön sözdə başlığa çıxarmışdı:
“Şair sözə əmanət”. Bu misra
ilə məni bütövlükdə düzgün
ifadə eləmişdi.
Həqiqətən, mən təkcə
şairləri yox, bütün dünyanı
sözə əmanət
eləmişəm. Yaşadığım bu 50 ildə yalnız sözə tapınmışam. Texnika elmləri
doktoru, professor Elçin
İsgəndərzadəyə də mən şair Elçinin gözü, təfəkkürü,
düşüncəsi ilə
yanaşmışam həmişə.
Sanki poeziyanın texnikada da variasiyası
var. Sırf texinki kəşflərimə, ixtiralarıma,
yeniliklərimə də
şair kimi yanaşmağa çalışmışam.
Düşünürəm ki, içimdəki
şair Elçin olmasaydı, hərtərəfli
Elçin İsgəndərzadə
də olmazdı.
Biz şeirin gözəl
vaxtlarını yaşamışıq.
30 il bundan
əvvəl Bəxtiyar
Vahabzadə, Məmməd
Araz bir şeir yazıb çap etdirəndə ertəsi gün hamı onu əzbərləyirdi.
Poeziyanın belə zamanı olub... Amma açıq etiraf edək, bu gün
şeirə əvvəlki
maraq qalmayıb.
Bunda nə şairi, nə oxucunu qınamaq olmaz-zaman dəyişib.
Ailəm
mənim ən böyük sərvətimdir
İndi – artıq yaşımın
bu vaxtında anlayıram ki, insan ən böyük
hüzuru ailəsində
tapır. Bəlkə də gənclikdə
bunu o qədər də dərindən dərk eləmirsən, dostlarla, tanışlarla daha artıq vaxt keçirməyə meyilli olursan, bəlkə məsuliyyət
də xanımın istədiyi səviyyədə
olmur. Etiraf edirəm, o vaxtlar
ailəmə ayırmadığım
o saatlara görə indi peşmanam. Bəlkə qadın da hansısa
məqamlarda ömür-gün
dostundan, həyatının
kişisindən daha artıq diqqət, daha çox qayğı, nəvaziş
ummaqda haqlıdır.
Mən atamla anamın münasibətindən nümunə
götürmüşəm. Qadına münasibəti atamdan öyrənmişəm. Bəlkə də
bu lap ideal nümunə
olmayıb, amma mənim gördüyüm
ailə modeli sevgiyə, sayğıya əsaslanıb. Mən də
gördüyümü götürmüşəm.
Bugünlərdə xanımımla ailə
qurmağımızın 25 illiyi münasibətilə
“Eşq” kitabımı
ona sürpriz etdim. Və hələ də ağlımdadır hər
şey, lap dünənki
kimi...
Ah, huşumu başımdan aldı
Sənə könül verdiyim
günün
incə yasəmən
qoxusu...
İnsanın insana, insanlığa məhəbbəti ailədən başlayır. Ailəsini, uşaqlarını sevməyən başqasına necə sevgiylə, sayğıyla yanaşa bilər?
Naşirlik və pedaqoqluq da fəaliyyətimin önəmli hissəsidir
İndiyədək “Vektor” nəşriyyatında 700 kitab nəşr olunub ki, bunların da böyük əksəriyyəti ölkəmizin istedadlı adamlarının yaradıcılığını özündə əks etdirir. Hansısa bir istedadlı gəncə Şahmar Əkbərzadə mükafatını verəndə, onun ilk kitabını buraxanda həmin müəlliflə bərabər mən də böyük sevinc hissi keçirirəm. İstedadlı insanları sevindirmək mənə zövq verir. Onların kitablarını nəşr etməklə bir daha ədəbiyyatımıza xidmət göstərdiyimi düşünürəm və bundan məmnun oluram. Tələbələrimə də sərhədi gözləmək şərtiylə dost kimi yanaşıram. Problemləri ilə maraqlanıram. Bəlkə də buna görə dara, çətinə düşəndə tələbələrimin ilk müraciət elədikləri müəllim mən oluram. Onlara hər hansı formada yardım edəndə özümü xoşbəxt hiss edirəm.
“Mən sənsiz ölmədim, məni bağışla...”
Alim, şair, ziyalı, müəllim həyatımda bir çox ilklərə imza atmışam. İxtiralarıma, kəşflərimə, kitablarıma görə saysız mükafatlara layiq görülmüşəm. Bütün bunlara görə yaşadığım ömürlə fəxr edirəm. Mənə bu taleyi yazdığına görə Allaha şükranlığımı bildirirəm. Bu yubiley mənim üçün xüsusilə əlamətdar oldu. Sanki yubiley öncəsi və sonrası 10 gün içərisində keçdiyim ömür yolunun nəticələrini payız bəhrəsi kimi qarşıma qoyub özümə nümayiş etdirdilər. Dəniz anlayışı ilə assosiasiya olunsa, yubiley günlərində sanki üstümə nəhəng bir dalğa çırpıldı. O ərəfələrdə bir neçə gün sanki heç nəyi dərketməz hala gəlmişdim. Düzdür, hamının təbriklərinə cavab da verirdim, tədbirlərə də qatılırdım, amma məni sanki bir yubiley eyforiyası sarmışdı. Keçən doğum günlərimdə belə ajiotaj yaşamamışdım. Bu dəfə fərqli oldu. Bunun üçün gərək 50 yaşın ola, adam bunu yalnız öz başına gələndə anlaya bilər. Elə bil, 50 yaşımı gözləyirlərmiş ki, mənə olan sevgilərini, ehtiramlarını izhar eləsinlər, bütün mənəvi, fiziki borclarını qaytarsınlar (gülür) İnsanın bütün əməlləri 50 yaşında küll halında özünə qayıdır. Bütün bunların nəhəng dalğası içində, hətta ən keyimiş halımda belə məndən soruşsaydılar ki, bu halını bir kəlmə ilə ifadə elə, deyərdim: Şuşa! Yəni o anda da ağlıma bircə Şuşa gəldi... Bəlkə də bu hissləri xırdalığına qədər açmaq, çalarını təsvir eləmək bir az mümkünsüzdür, amma mən o anda ancaq Şuşanı düşündüm...Yəqin ki, bütün bunlara nail və layiq olmaq üçün mütləq Şuşada doğulmaq lazım imiş. Corc Oruel yazır ki, insan 50 yaşında layiq olduğunu tapır. Allah bu 50 ildə mənə elə gözəllikləri layiq bildi ki... Amma bütün bunlarla bərabər, mən Şuşasızlığa layiq deyildim axı... Biz buna layiq deyildik. Hər ili ötürdükcə gələn yubileyimi xarıbülbüllü Şuşamda keçirəcəyimə dəli bir ümid bəsləyirəm. Neçə illər öncə ürəkdən inanırdım ki, 50 yaşımı Şuşada qeyd edəcəm. Təəssüf ki, yenə də olmadı. Hərdən bu dərddən ölmədiyim üçün özümü qınadığım da olur... Ramiz Rövşənin şeirindəki kimi:
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla...
Böyük uğurlar qazanasan, hər şeyə sahib olasan, amma biləsən ki, uşaqlıq xatirələrinin, gənclik yaşantılarının olduğu yerlərə fiziki olaraq getmək imkanın yoxdur, – bu dərdlə necə tam xoşbəxt olmaq olar, qazandıqlarına necə ürəkdən sevinmək olar? Şuşasız yetim kimiyəm, ağzımın tamı qalmayıb. Hər şeyin dadı dəyişib. Şuşanın qayasına, daşına qovuşacağım günün arzusuyla yaşayıram. Allah bu yeganə arzumu gözümdə qoymasın...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 4 oktyabr.- S.28.