İçində işıq gəzdirən adam və yaxud Aristoteldən deyilən mühazirə

 

 

 

Qədim inanclarımıza – şamanizmə görə, insanın üç canı var. İnsan öləndə həmin canın biri məzarda qalar, ikincisi kölgələr diyarına – yeraltı aləmə yenər, üçüncüsü göy üzünə çıxar. Uyğur şamanizminə görə ruhu güclü və işıqlı adamlar təkrar – təkrar doğula da bilərlər. M.F.Axundov, Ə.Hüseynzadə, Əhməd Ağaoğlu, Məmməd Tağı Sidqi, Mirzə Cəlil, F.Köçərli, A.Şaiq, Ü.Hacıbəyov və adını sadalamadığım neçə-neçə maarifçi mütəfəkkir bu təkrarın böyük nümunələri olmalıdı, məncə. Bu adamlar millətin içindəki cəhaləti, cahilliyi yox etmək üçün zaman – zaman özlərini də məhv etmək zorunda qalmış əbədi sərgərdanlar deyilmi?

 

Bu əbədi sərgərdanlığı görünmək, əfsanələşmək üçün seçmədilər ki onlar. Məşhur alman şairi Hölderlin dediyi kimi “belə olması gərəkirdi, belə istəyirdi tanrı”

 

Mənim hörmətli və sayğıdəyər müəllimim İ.Həbibbəyli bu təkrarın işıqlı bir davamıdır.

 

Bu adamı fərqli qılan şeyin nə olduğunu lap sonralar anladım. İsa müəllim üçün nəyisə fəth eləmək, nəyisə əldə tutmaq, nəyəsə sahib olmaq düşüncəsi yaddı. Onun üçün əsas olan, sormaq, aramaq, aydınlatmaq və bunları sevə-sevə anlatmaqdır. Yəni hər kəsin bacarmadığı bir şey...

 

Və mən o fikirdəyəm ki, nəyəsə, nələrəsə sahib olmaq duyğusundan uzaq, millət və məmləkət adına tanrının dediyini yapanların bir adı da F.Nitsşenin dediyi kimi “fövqəlinsandır”.

 

Maarifçilər bütün zamanlarda mənim üçün qəhrəmanı olmayan faciənin özü, (Mirəli Seyidov) uçurumların üstündəki hamının yandırmaq istədiyi körpü, (Azad Mirzəcanzadə) Artur Şopenhauerin dediyi kimi “öz dəyəri ilə öyünmədən, dünyaya dəyər verən” (Rafiq Əliyev) adamlardı. Mən müqayisədə qəbul olunan şeyləri heç sevmədim.

 

Və mən elə fikirləşirəm ki, mənim çox hörmətli və əziz müəllimim İ.Həbibbəyli də müqayisə olunmadan, yəni aralıq mahiyyətindən çıxıb, özü özündə bir dəyər, özü öz mahiyyətidir.

 

Getdiyi yolun sonunda özünün dayandığı görən adamdan xoşbəxt adam yoxdu bu yer üzündə.

 

İsa müəllim getdiyi yolun kənarında bitən çiçəklərə baxıb yolun özünü unutmayan, tanıdığım tək adamdı.                          

 

İsa müəllim əvvəli və sonrası içində olan bir yolu getməyin sevincini yaşayan xoşbəxt fikir və düşüncə adamıdı. O yolun bircə adı var – fədakarlıq.

 

I.

NAXÇIVAN

 

Naxçıvan nağıldı, bu nağılların,

Sözü babaların içindən keçər.

Araz Naxçıvanda dağ-daşdan deyil

Axıb adamların içindən keçər.

 

Naxçıvan mənim üçün  təkcə doğulduğum yer deyil. Min illərə sinə gərib bəxti kimi əyilən Möminə Xatın türbəsidi, Cavidin, Cəmilin dərs aldığı məktəbdi, Bəhruzun möcüzəli rəngləridi. Ordubadda dağların qoynunda tək-tənha qoyub gəldiyim qardaş qəbridir Naxçıvan. Bir dağ kəndindən arxamca, Bakıya boylanan boynubükük atamla anamdı Naxçıvan.

 

Kəndbəkənd boşalmış bir göytürk çadırıdı Naxçıvan. Bu çadırda üşüyür adam.

 

Amma Naxçıvan həm də özü boyda bir işıqdı. Şaxta, soyuq, qar, əsib-keçən rüzgarlar qorxutmaz onu.

 

II.

TƏKRAR

 

Yetər aldatdığım, özümü Tanrım!

Nə günəş təzədir, nə bu dan özgə.

Milyon il əvvəlki adamam elə,

Bu ömür heç nədir təkrardan özgə.

 

Hər şey irəliyə doğru hərəkət eləyir deyən adamlar təkrarı yazdan çıxararlar. Bir mövsüm yaşayıb sonda əmələ gəldiyi toxuma çevrilən çiçək, bir ömür yaşayıb sonda yarandığı torpağa çevrilən insan, hər gün çıxıb-batan günəş təkrar deyil bəs nədir?

 

Bir insan ömrü həm yol, həm də son mənzildi əslində.

 

Heç bir kəs heç kəsin olmadığı kimi, heç kəs də tək öz ömrünü yaşamır. Kimsə yarımçıq bitmiş qardaşının, kimsə qısa ömür yaşamış ata-anasının, kimsə də millətin, məmləkətinin böyük fikir adamlarının yarımçıq ömrünü yaşayır.

 

Mənim hörmətli və sayğıdəyər müəllimim İsa Həbibbəyli ömrü həbsxanada bitən Cavidin, ömrü məhrumiyyətlər içində keçmiş Mirzə Cəlilin, anlatmaq dərdindən ömrünün sonunda dərvişə çevrilmiş Qəmküsarın (Kefli İsgəndər ), içində zora, hədəyə baxmayaraq işıq gəzdirən Sidqinin yarımçıq qalmış ömrünü yaşadır məncə.

 

Dünyada nə varsa – insan, ağac, ot, hər şey, nə vaxtsa bitəcək ömrü ilə özünün təkrarıdır.

 

İsa müəllim də o işıqlı adamların təkrarıdı, başqa biçimdə.

 

Məncə, həm məktəb, həm də müəllimdi Naxçıvan.       

 

III.

ARİSTOTELİN  POETİKA”SI

 

İçimizdə od ki var,

Cəhənnəmi yandırar.

Bürünsə yüz son bahar,

Bəs eylər dumanımız.

 

Mən ali məktəbi Bakıdan çox-çox uzaqda, bir əyalət institutunda, Naxçıvanda oxumuşam. İnstitut təzə təşkil olunduğundan müəllimlərimizin əksəriyyəti elm dərəcəsi olmayan, Naxçıvanın kəndlərindən gəlmiş orta məktəb müəllimləri idi.  Buna baxmayaraq təhsilimin səviyyəsi heç Bakı Dövlət Universitetinin səviyyəsindən aşağı deyildi. Bakıda təşkil olunan tələbə elmi konfranslarında bunun dəfələrlə şahidi olmuşdum.

 

II kursa ədəbiyyat nəzəriyyəsindən mühazirə oxumaq üçün auditoriyaya cavan bir müəllim girdi. Bizdən 5-6 yaş böyük olardı. Aristotelin “Poetika”sından danışırdı. O danışmırdı, danışdıqca qanadlanırdı, uçurdu. 70-ci illər idi... Böyük həqiqətləri ancaq dahilərin adıynan, diliynən demək mümkün idi. İsa müəllim nəyi demək mümkün idisə hamısını deyirdi. İsa müəllim mənim yaddaşıma Aristotelin “Poetika”sı ilə həkk olundu. Birinci mühazirədə İsa müəllimin “Poetika”dan dediyi hər şey indiyəcən sözbəsöz yaddaşımdadır. Mənim indi cəhənnəm yükünə davam gətirən zərif qanadlarımda İsa müəllimin Aristotelin “Poetika”sından geydirdiyi zireh hələ də durur.

 

Sonralar illər boyu oxuduğu mübarizələri də 1-ci kimi şövq və ehtirasla yorulmadan, usanmadan oxudu.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli... Təbii ki, bunlar İsa müəllimin yaradıcılığına, çox illik yaradıcı fəaliyyətinə verilmiş qiymətdir. Ancaq bunlar mənim üçün statistik məlumatdan başqa bir şey deyil. İsa müəllimin gördüyü işlər ona verilən qiyməti çoxdan aşıb keçib. Azərbaycanda akademik də çoxdu, əməkdar elm xadimi, professor da. Bu adlardan yuxarıda hər adamın qalxa bilməyəcəyi bir ucalıq da var-ziyalılıq!

 

İsa müəllim sözün həqiqi mənasında M.F.Axundovla başlayıb, XX əsrin əvvəllərində çiçəklənən, 30-cu illərdə dara çəkilən ziyalılar nəslinin layiqli nümayəndələrindən biridir.

 

Onun 13 elmi monoqrafiyasını, 17 dərs vəsaitini, 40-dan yuxarı broşurasını, tərtib etdiyi onlarla kitabı, yüzlərlə məqaləsini bir kənara qoysaq belə, onun Azərbaycan mədəniyyəti və elmi adına ucaltdığı, böyük bir abidə, elm qalası – Naxçıvan Universiteti onun nə dərəcədə böyük bir ziyalı və vətənpərvər fədai olmasına yetərli sübutdur.

 

Mən dünyanı gəzdim: Avropada bir çox ali məktəbləri və universitet şəhərciklərini gördüm. Mənimçün

Naxçıvandakı universitet şəhərciyi dünyanın bütün şəhərlərindən böyük və doğmadı mənə.

 

Düz 35 il bundan əvvəl təhsil aldığım bu məbədin işıqları gur yanır indi. Mən Bakıda və xaricdə çox ali məktəblər görmüşəm. Naxçıvan Universiteti onların ən gözəli, ən möhtəşəmidir. Xaricdən gəlib burda təhsil alan tələbələr, dərs deyən müəllimlər bir əyalət şəhəri üçün möcüzədir məncə. Bütün bunlar İsa müəllimin fədakar əməyinin nəticəsidir. Naxçıvan Universiteti elm və mədəniyyətimizə Naxçıvanda qoyulmuş böyük bir abidədir əslində. Sələfi böyük Mirzə Cəlilin arzu və istəklərini bir fədai, cəfakeş kimi müqəddəs vəzifəsinə çevirib İsa müəllim.

 

Azərbaycanda hay-küy salmadan pıçıltıyla millətə sevgisini nümayiş elətdirməyən məmləkətə və millətə xidmət eləyən ən böyük adamlardan biridir İsa müəllim!

   

IV.

İŞIQ GƏZDİRƏN ADAM

 

Naxçıvanda bir adam var –

Könlümüzü görən adam.

Bu işığı hardan aldın,

Ay işıq gəzdirən adam.

   

Mən sevimli müəllimim İsa müəllimdən söz düşəndə həmişə yadıma düz 25 il bundan əvvəl baş vermiş bir hadisə gəlir. Gözəl və böyük şairimiz S.Rüstəmxanlı ilə Naxçıvana getmişdik. Xalq hərəkatının ilk cücərtiləri göyərirdi Naxçıvanda. Şərurda görüş keçirməli idik. Təbii ki, Sabir müəllimə möhkəm dost olan İsa müəllim keçirdiyimiz görüşlərin həm rəhbəri, həm də təşkilatçısı idi. Bizim görüşlərimizdən rahatsız olan rayon rəhbərliyi gecə, görüş vaxtı işıqları söndürdü. Bu hərəkəti nə biz, nə İsa müəllim gözləyirdi. 200-dən çox adamın yığışdığı salon qaranlığa qərq olmuşdu. Birdən-birə İsa müəllimin və qardaşlarının əllərində məşəl yanmağa başladı. Biz İsa müəllimin tutduğunu məşəlin işığında şeir oxuyurduq. İsa müəllim illər boyu içində qoruyub saxladığı işığı məşəli çevirib başının üstünə qaldırmışdı. İlk dəfə orda ağlıma gəldi ki, İsa müəllim təkcə işıqlı adam deyil, o həm də işıq gəzdirən adamdır.

 

Düz 25 il bundan əvvəl yandırdığı məşəlin işığında bu gün İsa Həbibbəyli Sidqinin, Cavidin, Mirzə Cəlilin, Qəmkusarın canlı, möhtəşəm heykəli kimi dayanıb Naxçıvanda. Zamanın əsən rüzgarları onun eyninə deyil.

Nə qədər ki məmləkətdə içindəki işığı məşəl kimi qaranlıqların içindən başının üstünə qaldıran İsa müəllim kimi ziyalılar var, bu millətə ölüm yoxdur.

     

V.

 

65 YAŞ – HÜZN VƏ HÜZUR ZAMANI.

 

Dünyadan çıxıb getməyin

Dərdin daşana qalacaq.

Bu dünya nağıldı, dünya

Nağıl qoşana qalacaq.

 

Mən sevimli və sayğıdəyər müəllimim İsa Həbibbəylinin sonbaharda – payızda doğum günü olduğunu həmişə bilmişəm. Buna baxmayaraq müəllim-tələbə münasibətindən doğan utancaqlığımdan ona heç bir yazı ünvanlamamışam.

 

Ancaq indi içimdə qarşıdan gələn payızın hüzn və kədəri içində müəllimimə söz demək cəsarəti tapdım. Axı payız həm onun həm də mənim fəslimdi.

 

Payızdı, – payıza bənzədim,

Bu dərdim çəkilməz, ağır.

Külək əsir sözlərimdən,

Sözlərimə yağış yağır.

 

Sözlərim üşüyür, gedək,

Gedənmi, qalanmı, kim haqq?!

Bu payız, Allah, dəlilər

Təzədən dəli olacaq.

 

Gedək buralardan gedək.

Gedək yağışlar yağacaq.

Biz vaxtsız açan çiçəyik,

Üstümüzə qar yağacaq.

 

Gedək buralardan, gedək,

Geyib ayrılıq libasın.

Kölgətək çəkilib gedək,

Gedək bir kimsə duymasın.

 

İçim boş bir məzar kimi

Ölən sevdalara açıq.

Getməyə bir yer var, bir yer,

Yazıq ayaqlarım, yazıq.

 

Sözlərimə yağış yağır,

Eşit pıçıltısını səsin.

Allah kimi çıxıb gedək,

Heç mələklər də bilməsin.

 

Payızdı, – payıza bənzədim,

Bu dərdim çəkilməz, ağır.

Külək əsir sözlərimdən,

Sözlərimə yağış yağır.

 

P.S.  Əzizim İsa müəllim! 65 yaş hüzn və hüzur zamanıdır. Sizə həyatınızda hüzur, yaradıcılığınızda ustad Mirzə Cəlilin təbirincə desək“qələmin müqəddəs vəzifəsi”ni, bundan sonra da layiqincə yerinə yetirməyə ömür və güc arzulayıram.

 

Hörmət və sevgi ilə tələbəniz

Rüstəm BEHRUDİ

525-ci qəzet.- 2014.- 4 oktyabr.- S.24.