Ogyüst Roden – müasir heykəltəraşlığın
titanı
(Əvvəli
ötən şənbə sayımızda)
Heykəltəraşlıq üçün XX əsrin
zövqü eskizlərə bağlı idi, onlar rəssamların
ideyalarını anlamaq imkanı yaradırdı, əslində
onların başlanğıcı idi. Bu ardıcıl olaraq
Rodenlə də baş verirdi.
Roden Mikelanceloda məhz bütün dövrlərin ən
gözəl rəssamlarından biri ilə üz-üzə gəldi,
onun ideyaları son formaya nail olmaqda ardıcıl olaraq
uğursuzluğa uğrayırdı. Həm də nəticələr
silinmirdi, çünki onlar fraqmentlərdən başqa bir
şey deyildi. Əksinə, onların vəziyyətini
düşündükdə bu fraqmentlər də adamı
sevindirirdi. Roden belə bir fikrə gəlirdi ki,
müdrik adam rəssamın başlıca
tamamlanmış işlərini sevən və onlara valeh olan
vaxt, bu əsərlərin təxəyyülü hərəkətə
gətirən fraqmentlərini də qiymətləndirə bilər.
Heykəltəraş özu hiss etdiyi kimi deyirdi ki, “gözəl
əsərin qalan qırığı elə bir şeydir ki, o gözəl əsərin özündən
daha gözəldir”. Fraqment təsəvvür
etməyə və şadlanmağa imkar verir. Seyr edən
adam güman edir ki, yaradıcı aktın
özündə iştirak edir, rəssamın niyyətlərinin
tamamlanması qaydasında öz təxəyyülünə
arxalanır. Müəyyən fraqmentlər bizi əsir
etməkdə nəhəng gücə malik olur.
Roden
öz fraqmentlərində də digər başlıca bir
obyektivliyə nail oldu, bunlar “Addımlayan adam”da
və “Bədən”də də görünür. Rilke çox düzgün olaraq müşahidə
etmişdi ki, “Bu elə bir nöqtə idi ki, Roden öz sənətinin
fundamental elementini kəşf etmişdi. Onun
sənəti hansısa böyük ideyaya əsaslanmırdı,
nəsə kiçik şeylərin icadı
qaydasındakı həllinə, nailiyyət əldə etməyin
nəsə bir bacarığına, texniki məsələsinə
arxalanırdı. Burada onda heç bir təkəbbür
yoxdur. O, özünü, müşahidə, hökm və
mühakimə edə bildiyi gözəlliyin mühüm və
çətin aspektinə həsr edir. Digər,
daha böyük gözəllik onun üçün hər
şey hazır olanda gəlməlidir, necə ki, heyvanlar gecə
öz hökmranlığına başlayanda və meşə
tanış olmayan vəhşilərdən azad olanda su
içməyə gəlirlər”.
Roden cavan olanda modelyer kimi də fəaliyyət göstərmişdi. O, öz ustaları
üçün heç də mərmər üzərində
işləməyə keçməklə
razılaşmırdı, gil model də
daş və ya mərmər kimi eyni dərəcədə
heykəltəraşı valeh edirdi, axı
axırıncıları pulla almağa qadir olmaq lazım idi.
O vaxtlar bütün reproduksiyalar tabelikdə olan sənətkarlar
tərəfindən yaradılırdı.
Rodenin yaşlı vaxtında necə işləməsi
gənc Avstriya yazıçısı Stefan Tsveyqi heyran
etmişdi. Nahardan sonra onlar birgə studiyaya yollandılar. Bu iri bir otaq idi. Orda onun əsərlərinin dəqiq
kopiyaları var idi, ancaq onların arasında həm də qiymətli
olan kiçik studiyalar var idi – əl, qol, at yalı, qadın
qulağı, əsasən yalnız gil
modellər. Tsveyq bu sakinlərin çoxunu
yaxşı xatırlayırdı, onları Roden
özünün təcrübə aparmaq niyyəti ilə
düzəltmişdi və onların haqqında saatlarla
danışa bilərdi. O, yazıçının
gözü qabağında qadın heykəli yaradırdı,
bu qadın elə bil ki, canlı, nəfəs alan
məxluq idi. O, güzgüdə heykələ baxdı,
başa düşülməyən səslər tələffüz
edirdi, işinə dəyişikliklər və düzəlişlər
edirdi. Rodenin gözləri qəribə
işıqla parlayırdı, o, elə bil ki, daha da
böyüyür və cavanlaşırdı. O,
bütün ehtirası və ağır bədəninin var
gücü ilə işləyir, işləyir, işləyirdi.
O, heç nə eşitmirdi. Yanında dayanan gənc
oğlanı da, elə bil ki, görmürdü. Bu oğlan isə ağzını belə
açmadan dayanmışdı, ürəyi boğazında
idi, çox sevinirdi ki, ona bu unikal ustanı işləyən
vaxt görməyə icazə verilmişdir.
Tsveyq yazır ki, o, məni bütünlüklə
unutmuşdu, mən onun üçün mövcud deyildim. Təkcə
heykəl, parça örtüyü ilə gizlədilmiş
qadın heykəli var idi. O, örtüyü
götürdükdə yazıçı təəccübündən
“heyrətamiz” ifadəsini işlətdi. Hətta
ildırım zərbəsi də Rodeni bu işdən
ayıra bilməzdi. Onun hərəkətləri
ağırlaşırdı, o, demək olar ki, hirsli idi.
Elə bil ki, onun üzərinə vəhşiliyin
və ya sərxoşluğun bir növü hücum
etmişdi. O, getdikcə daha yeyin işləyirdi. Bu vaxt onun əli tərəddüd edənə
çevrildi. Elə
görünürdü ki, o, hər şeyi etmişdir və
daha nəsə etmək üçün heç nə
qalmamışdır. Dəyişiklik etmədən
bir, Iki, üç dəfə geri addımladı. Sonra o, nəsə dodağının altında
mızıldandı. Heykəlin çiyinlərinin
üstünə bir sevimli qadın kimi şal sərdi. Dərindən nəfəs aldı və dincəldi.
Onun bədəni yenidən elə bil ki,
ağırlaşdı. Alov söndü.
Yenidən ev paltarını geyinib, getmək
üçün qapıya tərəf döndü. Tsveyq yazır ki, “həmin vaxt özünə
müstəsna diqqət hesabına o, məni
bütünlüklə unutmuşdu. O, artıq yaddan
çıxarmışdı ki, bu gənc oğlanı
özü studiyaya gətirmişdir ki, ona öz işini
göstərsin. Ona görə də heykəl
kimi hərəkətsiz dayanmışdı. Bu vaxt mən
bütün böyük sənətin əbədi sirrini,
gözləri, özünü bəyan edən ötəri
nailiyyətin hər bir nişanəsini gördüm... Mən, bütün ömrüm üçün bəzi
şeyləri öyrəndim”.
Roden özünün “Düşüncələr”ində
antik dünyaya valeh olduğunu açıb göstərir. Böyük heykəltəraş
Bernininin təsiri Fransada o dərəcədə hiss olunmurdu,
ancaq başqalarının vasitəsilə Rodenə də
öz təsirini göstərdi. Onun Berniniyə aludəçiliyi
başa düşülən idi, çünki az
sayda rəssam onun getdiyi yolla öz nəslinin sərhədlərində
antik sənəti izah etmək dühasına malik ola bilərdi.
Roden də həmçinin
yaşadığı era üçün eyni işi görmək
yollarını axtarırdı.
1870-ci illərdə Rodenin qalib gəlmək
bacarığı Londonda keçirilən müsabiqə üçün
işləməyə başlayanda aşkar oldu. İngiltərənin
paytaxtında böyük şair lord Corc Bayronun şərəfinə
heykəl ucaltmaq üçün müsabiqə elan
olunmuşdu. 1875-ci ildə Böyük Britaniyanın
baş naziri Bencamin Dizraelinin sədrliyi altında böyük
və nüfuzlu komitə yaradılmışdı, buna Metyu
Arnold, Lonqfello və Tennison kimi yazıçılar daxil idi. Abidə üçün ilk müsabiqə
1876-cı ilin noyabrında Cənubi Kensiqton (indiki Viktoriya və
Albert) muzeyində keçirilirdi. Ancaq qərara
alındı ki, “müsabiqəyə göndərilən
heç bir əsər komitənin tələblərinə
bütünlüklə cavab vermir”. Həmin
vaxt bir cəhət kimi o da qeyd olunurdu ki, burada “ingilis heykəltəraşlarından
heç bir namizəd və ya Royal Akademiyanın hansısa bir
üzvü yox idi. Fransa heykəltəraşlarından
burada az adam və ya heç kəs yox idi
– Karrye-Bellyozdan savayı heç bir ad eşitmədik. Onun heykəl qrupu ən yaxşı olmasa da, əslində
ən yaxşıların arasında idi”.
Roden çox cəhd etdi ki, ikinci müsabiqəyə
öz əsərini göndərsin, bu müsabiqə 1877-ci
ilin iyulunda Albert Hollda keçirildi. Şairin heykəli
üçün onun layihəsi pyedestalın üzərində
dayanan və iki alleqorik fiqur tərəfindən əhatə
olunan Bayronu təsvir edirdi. Əsl model
Brüsseldə hazırlanmışdı və sonra Parisdə
onun köməkçisi tərəfindən
tökülmüşdü.
Baxmayaraq ki, model Londona salamat çatmışdı və
digər otuz yeddi iştiraka müraciət edənlərin əsərləri
ilə birlikdə lazımınca nümayiş etdirilmişdi,
lakin bədbəxtlikdən heç bir təsir göstərə
bilməmişdi. Görünür, mətbuat da onu diqqətsiz
buraxmışdı. Hər halda müsabiqəyə
sadəcə daxil olmağın özü də komitə tərəfindən
həqiqi məmnunluq əlaməti kimi qiymətləndirilirdi.
Ancaq Riçard Belt qalib elan edildi və onun
yaratdığı heykəl 1880-ci ildə Londondakı Hayd
Parkda qoyuldu. London isə ona xoş
münasibətə görə Rodenin müsabiqədə
qalib gəlməkdəki uğursuzluğuna görə
çox narahat olmuşdu.
Brüssel illəri bütün problemləri və
çətinlikləri ilə yanaşı Rodenin
karyerasında dönüş nöqtəsini
formalaşdırmalı oldu. O, iri miqyasda işləməyi təcrübədən
keçirdi və İtaliyaya səfər onun gözlərini
yeni üfüqlərə açdı. Lakin o,
hələ də ümumi qaydada bəyənilməni
qazanmalı idi, öz enerjisinin fokus nöqtəsini tapmalı
idi.
Əvvəlki
inkar münasibətlərinin əksinə uğurun ilkin
müjdələri
Paris bir
daha Rodeni geri çağırmağa başladı, 1877-ci
ilin avqustunda, həmin ili onun atası
ölmüşdü, o doğma şəhərinə
qayıtdı. Van Rasburq ilə kontraktını
da həmin vaxt başa çatdırdı. Paytaxtda məskunlaşmamışdan əvvəl o,
bütün Fransanı gəzdi ki, çox böyük məhəbbət
bəslədiyi Fransız kafedral kilsələrini öyrənsin.
Bu səyahət onun çox illərdən
sonra, 1914-cü ildə nəşr olunan məşhur
kitabının əsasını təşkil etdi. Parisə
dönən kimi o, və Roza Sen Jak küçəsində ev tutdular. Onun studiyası isə
Furno küçəsində yerləşirdi.
“Bürünc
epoxa”nın ətrafındakı həyəcanın
əksinə Roden hələ də öz
dolanışacağını kommersiya rəssamı kimi
qazanmağa məcbur olurdu. Misal üçün, o, üzərində
məzəli maska bəzəyi olan şabalıd
ağacından düzəldilən sandığın, iki
kariatidanın və kupidonlarla bəzənmiş yataq
otağının dizaynını verdi. O,
başqa bir heykəltəraşla birgə işləyirdi,
onunla birlikdə iki böyük dekorativ maska düzəltdi və
bu iş partnyorunun adı altında 1878-ci il
Salonunun sənaye incəsənəti bölməsində
qızıl medal aldı. Bununla yanaşı, onun
“Qırılmış burunlu adam” əsəri
bir müəllif kimi öz adı altında göstərilsə
də, heç nə udmadı. O, həmçinin park
üçün bir neçə dekorativ baş düzəltdi,
lakin onlar qoyulandan azacıq sonra oğurlandı. 1878-ci ilin yazında o, Nitsaya getdi ki, dekorator heykəltəraş
Kordye ilə birlikdə işləsin və orada nəhəng
Neptun heykəlini və iki kariatida yaratdı. Kariatidalar de Anqlez sahil gəzinti küçəsindəki
bir müğənniyə məxsus olan Neptun villasında
sirenaları təmsil edəcəkdi.
Bu vaxt Roden adını tanıtdırmağa
çalışırdı, baxmayaraq ki, hələ də
özünə dolanışıq qazanmaq məcburiyyətində
qalmalı olurdu. Müasirlərinə onun müstəqil
şəxsiyyət olması məlum idi, onu avanqard rəssam
hesab edirdilər. Beləliklə, onun “Qırıq burunlu
adam” əsəri Fransız Rəssamları
Cəmiyyətində nümayiş etdirildikdə, gənc rəssamlar
Parisdə heç vaxt görmədikləri bu heykəldən
heyrətə gəlmişdilər, onun Donatello dövrlərinə
layiq olduğunu və antik heykəllərlə bir yerdə
xatırlamasına yararlı olduğunu bildirdilər. Onlar heykəltəraşın studiyasına gələndə
Bellyoz üçün bir kommersial sənət növündə
nəsə işlədiyini gördükdə təəccübləndilər
və özlərindən asılı olmayaraq öz hisslərini
heyrətamiz sözlərdə ifadə etdilər. Buna o,
mülayim qaydada cavab verdi ki, “Bəli, mən
bunu Bellyoz üçün edirəm – çörək
qazanmaq üçün”. O, “Uqolin” heykəlini onlara göstərəndə
gənc rəssamlar daha çox təəccübləndilər
və artıq deməyə söz tapmadılar. Bu heykəl
bir qədər Mikelancelonun əsərinə bənzəyirdi,
həm də böyük, həyatı sevən adam təsiri bağışlayırdı.
Roden bu vaxt Salona daxil olmaqda uğur qazandı və
1879-cu ildə o, Salonda “Müqəddəs Con (İoann)
Bantist”in başı ilə təmsil olundu. Bu əsər
ona üçüncü dərəcəli medal
qazandırdı. Bu onun Fransada layiq
görüldüyü ilk rəsmi mükafat idi. “Dua edən
müqəddəs Con Bantist”in tamamlanmış heykəli isə
Salonda 1880-ci ildən başlayaraq üç il
nümayiş etdirildi. Onun “Gizlin qulaq asan
qız” əsəri 1878-ci ildə yaranmışdı və
bu heykəli mühüm özəl patron olan baronessa Nataniel
de Rotşild almışdı. Buna baxmayaraq o, hələ
də tam şəkildə qəbul olunmağa nail ola bilməmişdi.
Onun “Müdafiə” və ya “Silaha çağıran”
heykəli, erkən dövrlərdəki ən cəsarətli
əsərlərindən biri olmaqla müəyyən uğur
qazanmalı idi. Lakin 1878-ci ildə Paris şəhəri tərəfindən
paytaxtın müdafiəsini xatırladan abidə
üçün müsabiqəyə təqdim edilsə də,
hətta jürinin seçdiyi otuz əsərin
siyahısına da düşmədi. Roden
Lazar Karnonun heykəli üçün təşkil olunan
müsabiqədə də etiraf olunmaqda uğursuzluğa
uğradı. Bu əsər heç vaxt
maraq doğurmadı. Hətta çox
qüdrətli əsər olan “Bellona” (bu heykəl
üçün Roza model qismində xidmət etmişdi), onun
müharibə vaxtı işğaldan əvvəlki hisslərini
ifadə etsə də, 1879-cu ildə Dekorativ İncəsənət
müsabiqəsində nümayiş etdirildikdə, hansısa
bir marağa səbəb olmadı. Bu əsərə
də “Müdafiə”yə olan kimi eyni münasibət göstərildi.
Nəticədə ancaq 1880-ci ildə Parisin de
Vil oteli üçün D`Alamberin heykəlini yaratmq
sifarişini aldı.
1879-cu
ilin iyununda müəyyən maliyyə köməyi gəlməyə
başladı, bundan üç il əvvəl
Karrye-Bellyoz Sevr milli çini qablar manufakturasına direktor təyin
olunmuşdu və o, Rodenə qeyri-adi bir vəzifə təklif
etdi. Bu vəzifə onun aylıq maaşını 1700 frank məbləğində
etdi, həm də hər saatına üç frank məbləğində
bonus veriləcəkdi. Roden heç vaxt tapşırıqdan
imtina edən adam olmamışdı, ona
görə də fiqurların modellərini yaratmağa
başladı. Bu fiqurlar Karrye-Bellyozun “Ov səhnələri”
üçün istifadə ediləcəkdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.25.