Təhsilimizin əsgəri
36 il bundan
qabaqdı – 1978-ci il. Elmlər Akademiyasının
Nəsimi adına
Dilçilik İnstitutunun
qiyabi aspiranturasından
əyanisinə dəyişilərək
Bakıya gəlmiş,
İnstitutda “oxumağa”
başlamışdım. Xarici
dil dərsində birgə oxuduğum aspirant
yoldaşlardan biri elə həmin il aspiranturaya
girmiş Əsgər
Quluyev idi. Səmimiliyinə, yüksək savadına,
hazırcavablığına, şən davranışına
görə diqqətimi
cəlb etdi və tezliklə dostlaşdıq. 1981-ci ildə
ikimiz də aspiranturanı bitirdik, ancaq çətin həyat problemləri üzündən yalnız
iki il
sonra – 1983-də müdafiə
etdik. Ayrı-ayrı şöbələrdə çalışırdıq. Təvazökarlıqdan nə qədər
uzaq olsa da, deməliyəm ki, institutda ən perspektivli gənc dilçilərdən
sayılırdıq. Respublika televiziya
və radiosunda maraqlı verilişlər
aparırdıq. 1985-ci
ildə görkəmli
alim və siyasi-ictimai xadim, millət vəkili rəhmətlik Aydın Məmmədov İnstitutda
yeni şöbə açdı və buraya yalnız gəncləri topladı, Əsgərlə məni də bu şöbəyə
baş elmi işçi götürdü.
Beləliklə, biz İnstitutun tarixində
bu vəzifəni tutmuş ən gənc alimlər olduq. Şöbənin sosiolinqvistika üzrə
elmi-tədqiqat işləri
ilə bağlı olaraq Moskvaya birgə elmi ezamiyyətə getdik,
SSRİ EA-nın müxtəlif
institutlarında ən
görkəmli alimlərlə
görüşüb fikir
alış-verişi etdik.
Azərbaycan elmində ilk dəfə
olaraq etnososioloji anketlər, sorğu vərəqələri tərtib
etdik və bir çox başqa faydalı işlər gördük.
Ancaq məncə, görülən
işlər içərisində
ən faydalısı
nəşrinə Aydın
Məmmədovun başladığı
“Azərbaycan filologiyası
məsələləri” toplusunun
nəşrində yaxından
iştirakımız oldu.
1985-ci ildə mən
Akademiyanın yeni yaradılmış “Elm” qəzetinə
redaktor təyin edildim və Dilçilik İnstitutundan
ayrıldım, ancaq Ə.Quluyevlə əlaqələrim
indi başqa sahədə davam etdi.
Bura çatanda kiçicik “texniki fasilə” elan edərək oxucuları Əsgər Quluyevin ömür yolu ilə lap qısaca tanış
etmək istərdim...
Əsgər Qədir oğlu Quluyev 1954-cü ildə Gədəbəy rayonunun Daryurd kəndində dünyaya göz açıb. 1961-71-ci illərdə öncə Daryurd məktəbində
oxuyub, sonra orta təhsilini Əli İsmayıllı
kənd məktəbində
başa vurub. 1971-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin əyani
şöbəsinə girərək
oranı 1975-ci ildə
fərqlənmə diplomu
ilə bitirib. O,
İnstitutun ən seçilən qabaqcıl
tələbələrindən olub, Nizami Gəncəvi
adına Dövlət təqaüdü
alıb.
1975-ci ildə gənc
müəllim təyinatla
Xaçmaz rayonuna göndərilib. Burada o, Xanlıqoba və
Qalağan kənd məktəblərində müəllim
işləyib. Üçillik təyinat müddəti bitdikdən sonra 1978-ci ildə Azərbaycan EA Dilçilik İnstitutunun
əyani aspiranturasına
girib. O, İnstitutun
direktoru akademik Məmmədağa Şirəliyevin
elmi rəhbərliyi altında dissertasiya işini hazırlamağa başlayıb və onu 1983-cü ildə müdafiə edib. 1981-1990-cı illərdə Dilçilik İnstitutunda
öncə kiçik,
sonra baş elmi işçi vəzifələrində çalışıb,
1990-1992-ci illərdə Elmlər
Akademiyasının əyani
doktorantı olub.
Bu qısa tanışlıqdan
sonra yenə geriyə dönürəm.
Yanılmıramsa, 1985-ci ildə şöbə müdiri Aydın Məmmədov həm də Akademiyanın humanitar məsələlər
üzrə akademik-katibi
Məmməd Cəfərin
elmi katibi təyin edildi. Təbii
ki, o da vaxtının çoxunu
“İsmailiyyə”də – Elmlər
Akademiyası Rəyasət
Heyətinin indiki binasında Məmməd Cəfər müəllimlə
bir kabinetdə keçirirdi. Çox keçmədi ki,
Aydın müəllim
də, Məmməd Cəfər müəllim
də Əsgər Quluyevin savadından idarəçilik işində
də yararlanmağa başladılar. O dönəmdə
akademik-katibliyin işinin
rəvan getməsində
Ə.Quluyevin də əməyi vardı. Redaktoru olduğum “Elm” qəzeti də “İsmailiyyə”də yerləşdiyinə
görə biz tez-tez görüşür və
mən onun buradakı işləriylə
də tanış
ola bilirdim. O, “Elm” qəzetində də çıxış edir,
dilimizin ən müxtəlif problemləri
haqqında səhifələr
dolusu müzakirələr
açırdı.
1987-ci ildə mən
EA-nın Əlyazmalar
İnstitutunda şöbə
müdirliyinə keçdim. İş binalarımız
qonşu olduğuna görə yenə tez-tez görüşürdük.
Elə bu zamanlar ümumittifaq “Sovetskaya türkologiya” (sonralar: “Türkologiya”) jurnalının redaktor müavini təyin edilmiş Aydın Məmmədov Əsgərlə
məni də jurnalla əməkdaşlığa
cəlb etdi. Biz orada “İrs”
adlı yeni rubrika açdıq və 1930-cu illərdə
repressiya olunmuş dilçi alimlərin həyat və yaradıcılığı haqqında
məqalələr verməklə
yanaşı, onların
elmi əsərlərindən
nümunələr də
dərc etdirdik. Əsgər Quluyevlə mənim qoşa imzamızla 1988-1990-cı illərdə
“Sovetskaya türkologiya”da
dərc edilmiş prof. A.R.Zifeldt-Simumyagi,
Abdulla Şərifov, prof.
Qulam Bağırov, prof. Bəkir Çobanzadə, prof. İdris Həsənov haqqında yazılar onların ölümündən
sonra sovet dilçiliyində işıq
üzü görən
ilk məqalələr idi.
1992-ci ildə mən
təhsil nazirinin müavini kimi dərslik və proqram məsələləri
ilə məşğul
olmağa başladım. Bu, çox
ağır və məsuliyyətli iş idi. Mənə yardım göstərməyi
dost kimi Əsgərdən
xahiş etdim. Sözümü yerə salmayıb Nazirliyə gəldi, az
sonra Tədris ədəbiyyatı və
nəşriyyatlar idarəsinin
rəisi təyin edildi. Hüseyn Quluyev, Esmira Şıxəliyeva və
başqa əməkdaşları
ilə birgə müstəqil Azərbaycanın
milli ideologiyaya əsaslanan yeni proqram və dərsliklərinin yaradılmasında
Əsgər Quluyevin əvəzsiz xidmətləri
oldu.
O zaman ölkə müharibə aparırdı,
iqtisadi durum acınacaqlı
idi. Ə.Quluyevin idarəsi proqram
və dərsliklərin
4 ay müddətində hazırlanması
məqsədi ilə yaradılmış Fövqəladə
Elmi-Metodik Şuraya və Nazirliyin yeni Vahid Elmi-Metodik
Şurasına mindən
artıq alim, metodist və müəllimi cəlb etdi. Bunun sayəsində Təhsil
Nazirliyi qısa müddətdə yeddi əsas fənn üzrə tam yeni proqram hazırladı və onların hər birini ən azı 10 min tirajla mətbuatda çap etdirdi. Bu proqramlar əsasında 82 adda yeni dərslik
yaradıldı ki, bir ildə belə
nəhəng həcmli
işin öhdəsindən
hətta Rusiya və Türkiyə kimi bu sahədə
zəngin təcrübəsi
olan dövlətlər
belə gələ bilməzdi!
O dövrdə dərslikləri təkcə “Maarif” nəşriyyatı nəşr edirdi. 1992-ci ildə həmin nəşriyyat rəsmən bildirdi ki, o, yalnız 30 adda dərsliyi nəşr edə bilər. Bu zaman Nazirlik hökumətin qərarı ilə özünün “Öyrətmən” (sonralar: “Təhsil”) nəşriyyatını yaratmağa məcbur oldu. Daha sonra da nəşr ediləcək dərsliklər üçün xaricdən kağız alınıb gətirildi. Bütün bu sadaladığım işlərdə ən böyük ağırlıq təşkilatçı kimi Əsgər Quluyevin çiyinlərinə düşmüşdü. Ə.Quluyev dərslik işində həm də müəllif kimi iştirak edirdi.
1993-cü ilin sonunda mən Nazirlikdən ayrılaraq indiyədək çalışdığım Bakı Avrasiya Universitetində (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) müəllim işləməyə başladım və Ə.Quluyevlə əlaqələrim onun işinin gərginliyi üzündən seyrəldi. Nadir hallarda görüşür, zəngləşir, hal-əhval tuturduq...
Bunu da hökmən xatırlatmalıyam ki, bir qrup “dərslik eksperti” yeni nazir təyin olunmuş mərhum Lidiya Rəsulovanın dövründə dərslik və proqramlara aramsız hücumlar edirdi. Yüzlərcə alim, müəllim və metodistin gerçəkdən qəhrəmancasına əməyi sayəsində yaradılmış yeni dərslik və proqramlarımızın taleyi ciddi təhlükə altında idi. Bu zaman məhz Əsgər Quluyevin cəsarəti və prinsipiallığı sayəsində həmin proqram və dərsliklər məhv olmaq və məktəblərimiz isə uzun illər dərsliksiz qalmaq təhlükəsindən qurtardı! Təcrübəli idarəçi Lidiya Rəsulova bir çox sınaqlardan sonra ona tam inandı, bədxah ağızları susdurdu və bunun sayəsində həmin dərsliklər həyata vəsiqə alaraq məktəblərimizdə on ildən artıq istifadə olundu...
Dərsliklərin hazırlanması nə qədər çətin prosesdirsə, o zaman onların nəşri daha mürəkkəb problem idi. Həmin dərsliklərin Türkiyədə nəşri də yalnız Əsgər Quluyevin bacarığı, cəfakeşliyi, vətənpərvərliyi sayəsində gerçəkləşdi! Onun bu yolda çəkdiyi əzab-əziyyətlər geniş bir kitabın mövzusu ola bilər. Məhz dərslik məsələsinə olan istək Əsgəri doktorluq dissertasiyasını müdafiə etməyə imkan vermədi. Ancaq bununla belə, Əsgər məmurluqla müəllimliyi uzlaşdırmağı ləyaqətlə bacardı. Belə ki, Nazirlikdə işlədiyi bütün dövrdə Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində müəllimlik peşəsini davam etdirdi. Buna görə də, “Əməkdar müəllim” fəxri adına layiq görüldü.
Əsgər Quluyev sonrakı illərdə də dərsliklərin təkmilləşdirilməsi və yeni dərsliklərin yaradılması işində savad və bacarığını əsirgəməyib. Ancaq təəssüf ki, onun əməyi o zamanlar Nazirlikdə layiqincə qiymətləndirilmədi və vəzifəsi illər ötdükcə sıravi əməkdaşadək kiçildildi. Məncə, bunun başlıca səbəbi Əsgərin şəxsiyyətcə çox müstəqil adam olmasında, prinsipiallığında, heç kəsdən çəkinmədən sözü üzə deməsində, necə deyərlər, “qabağından yeməməsində” idi. Ancaq o, əsl alim kimi yaradıcılığında idi. Dərsliklər və təhsil tariximizlə bağlı kitablar yazmaqda davam edirdi. Həmin illərdə Əsgər Quluyev Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “Azərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2001, 278 s.), “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” (Bakı, 2003, 250 s.) kimi dəyərli monoqrafiyalarını çap etdirdi. Eyni zamanda on ildən artıq məktəblərdə uğurla istifadə edilmiş I-IV siniflər üçün 4 hissədən ibarət “Ana sözü” dərs vəsaitinin, V-VI siniflər üçün “Ədəbiyyat” dərsliklərinin, Türkiyədə çap olunmuş və türk liseyləri üçün nəzərdə tutulmuş 2 cildlik “Türk dünyası ədəbiyyatı” (Ankara, 2003) dərs kitabının əsas müəlliflərindən biri kimi dərslik yaradıcılığına öz töhfəsini verdi. Bu illərdə apardığı araşdırmalar içərisində Azərbaycan Milli Ensiklopediyasının xüsusi “Azərbaycan” (Bakı, 2006) cildindəki (Azərbaycan və rus dillərində çap edilib) onun qələmindən çıxmış “Təhsil” oçerkini ayrıca qeyd etmək istərdim. Ümumiyyətlə, indiyədək Əsgər Quluyevin 170-dən artıq əsəri çap olunub. O, hazırda “Azərbaycan maarifinin korifeyləri” adlı kitabını çapa hazırlayır...
Çox xoşdur ki, ötən il Təhsil Nazirliyinin yeni rəhbərliyi tərəfindən Əsgər müəllimin dərslik problemləri üzrə bilik və təcrübəsinin tətbiqinə daha geniş imkanlar yaradıldı və o, Nazirliyin Tədris resursları şöbəsi müdirinin müavini təyin edildi. Beləliklə, o, yenidən dərslik sahəsində qaynar fəaliyyətə döndü.
36 illik dostumun bu günlərdə – 18 sentyabrda 60 yaşı tamam oldu. Ancaq inanıram ki, milli təhsilimizin həqiqi əsgəri olan Əsgər Quluyevin bu 60 ili nə qədər şərəflə yaşanıb, xalqımız, millətimiz üçün nə qədər faydalı və məhsuldar olubsa, o, bundan sonrakı fəaliyyəti ilə də təhsil tariximizə öz imzasını əbədi həkk edəcək!
Ədalət Tahirzadə
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.23.