Azərbaycanın gözəl SİMASI
Anarın “Azərbaycan ədəbiyyatı,
incəsənəti, mədəniyyəti” (“Literatura. İskusstvo.
Kultura Azerbaydjana”) kitabı haqqında publisist
düşüncələri
III cild
Yay tətilində demək olar ki, bütün asudə
vaxtımı Anarın yarım əsrlik yaradıcılıq
fəaliyyəti dövründə (doğrudu, onlardan
çoxu məhz bu layihə üçün yazılıb) qələmə
aldığı və “SİMA” adı altında
topladığı esseistikasının mütaliəsinə həsr
etdim. Bu, o qədər
asan başa gəlmədi, xüsusən də kitabların
ölçü və həcmini nəzərə alıb bu səbəbdən
divana uzanıb oxumaq vərdişimin
mümkünsüzlüyünü nəzərə
alanda.Bununla yanaşı, mən əsl mənəvi təmizlənmə,
ruhi yüksəliş anları yaşayır və nə gizlədim,
bəzən gözlərim yaşarırdı.Anarın
gözləriylə oxunan uzunəsrlik mədəniyyət
tariximiz mənə həddən ziyadə maraqlı və ibrətamiz
göründü. Oxucularla “SİMA”nın birinci və ikinci
cildləri ilə
bağlı düşüncələrimi əvvəlki
saylarda bölüşmüşəm. Bu
gün isə söhbət yekun kitabdan gedəcək.
“SİMA”nın
üçüncü cildi ön sözdə də
yazıldığı kimi özündə dünya mədəniyyəti,
elmi, mətbuatının fərdlərinə və problemlərinə
həsr olunmuş geniş məqalə və esseləri ehtiva edir. Anar adətən
yaxşı tanıdığı, dostluq etdiyi, ünsiyyətdə
olduğu, respublikasının şərəf və ləyaqəti
uğrunda erməni separatçılarına qarşı
çiyin-çiyinə mübarizə apardığı
insanlardan yazır.1991-ci ilin 20 noyabrında həlak olmuş
görkəmli dövlət xadimi Tofik İsmayılov və Vəli
Məmmədov haqqında olan oçerklər öz səmimiliyi
və təsirliliyi ilə xüsusi seçilir.”Elm” bölməsində taleyin mənimlə
rastlaşdırdığı, özümə əziz
bildiyim əlamətdar adlar gördum. Anarın bu qeyri-adi
şəxsiyyətlər – ilahi vergili alimlər Abbas Zamanov və
Əziz Mirəhmədov, Oqtay Əfəndiyev və Ziya
Bünyadov, Kamal Talıbzadə və Fərəməz
Maqsudov haqqında yazdığı oçerkləri oxuyarkən
müxtəlif hisslər keçirdim. Bu hisslərdə nələr
yox idi?Ötən günlərə xiffət,
onların nə vaxtsa bizim həyatımızda olmasından
doğan sevinc, Azərbaycan torpağının belə
istedadlar yetirmək baxımından necə də bərəkətli
olmasından yaranan qürur hissi.Bölmədə bu gün də
məhsuldar fəaliyyət göstərən və eynilə
o cur yüksək səviyyədə və təmənnasız
olaraq elmə xidmət missiyasını daşıyan Vilayət
Quliyev, Tofiq Məlikli, Nizami Cəfərov kimi alimlərə həsr
olunmuş esselər də var.
Digər
bölmələr arasında Anarın çoxlarının-məsələn,
V.Mayakovski, N.Hikmət, D. Şostakoviç, Əziz Nesin,
Ç.Aytmatov, O.Süleymenov, R.Kazakovanın bu və ya digər
dərəcədə Azərbaycanla bağlı olduqları
dünya mədəniyyəti, incəsənəti, ədəbiyyatı
xadimləri haqqında olan oçerk və esselərin yerləşdiyi
“Dünya və biz” bölümünü xüsusi qeyd edərdim.
Yəqin bu səbəbdən də demək olar
ki, bütün esselərdə görkəmli xadimlərlə
göruşlərdən və ünsiyyətlərdən
doğan təəssüratlar süjetlərin memuar xarakterli
olmasına dəlalət edir.
Şübhəsiz ki, Anarın müxtəlif forum və
konfranslardakı çıxışları, maarifçi,
kulturoloji səpkili məqalələri gənc nəsil
üçün faydalı olacaq. Amma fikrimcə,
üçüncü cilddə
müəllifin özünün “şəxsi xatirələrimin
fraqmentləriylə qidalanan tarixi kulturoloji traktat” kimi təyin
etdiyi həcmcə çox geniş (böyük kitab
formatında 500 səhifədən artıq) “Yaşamaq
haqqı” essesi daha böyük önəm daşıyır.
Bu, hardasa Azərbaycan xalqının uzunəsrlik mənəvi
axtarışlarının belletristikaya
uyğunlaşdırılmış tarixidi. Yeri gəlmişkən,
əsərdə türkçülüyün kökə
bağlılıq, birlik problemləri və onların həlli
yolları, türk maarifçilərinin,
ziyalılarının milli özünüdərk
axtarışları, doğma dilin qorunub-saxlanılması
uğrunda apardıqları mübarizə ön plana
çıxarılıb. Buradakı xeyli sayda sənədlərdə,
ilkin mənbələrdə, elmi əsərlərdə və
memuarlarda əksini tapmış həm məlum, həm də
böyük kütlə
üçün naməlum olan tarixi dəlillər
“qamarlanaraq”, istedadlı yazıçı əliylə
türkün mənşəyi, etnogenizi, özünüdərki
üçün keçdiyi əzablı yolları
haqqında maraqlı bir hekayətə çevrilir. Bu mənada, onu “yaddaş kitabı” da adlandırmaq
olar.
“Ey türk! Niyə özünü dərk etmək istəmirsən!
Niyə öz varlığından xəbərsizsən,
kökün haqqında heç nə bilmirsən? Niyə axı, sadəcə, “Mən türkəm”
deyə bilmirsən? Sənin türklüyünə nə
sünniliyin, nə şiyəliyin, nə də dinsizliyin maneə
ola bilər... Bilməlisən
ki, hələ sünnilərin də, şiyələrin də,
babidlərin də dünyada mövcud olmadığı
dövrdə sən artıq bir türk kimi var idin. Səni öz şirin dilindən ayıran ərəb
əlifbasına qədər öz gözəl əlifban,
füsunkar yazıların olub”. Ömər
Faiq Nemanzadənin “Mən kiməm” məqaləsindən olan
bu sözləri Anarın kitabına epiqraf kimi də vermək
olar.
Müəllifin
geniş dünyagörüşü və hətta ən iyrənc
məxluqa belə damğa vurmamaq kimi təbiətdən gələn
ziyalılığı, öz xalqı, onun görkəmli
nümayəndələri üçün keçirdiyi vətənpərvərlik
və qürur hissi, obyektivlik və tarixilik yüksək bədiilik
və zəngin ədəbi təhlillərlə birlikdə bu
traktatı Azərbaycan ədəbiyyatının və
müasir tarixşünaslığının hadisəsinə
çevirir.
Traktatın
əsas ideyası – Azərbaycan xalqının əzablarla
qazandığı dövlətçilik,müstəqillik,
yaşam haqqıdı. Bu haqq Azərbaycan millətinin
görkəmli nümayəndələrinin əsrlər boyu
apardıqları mübarizələrdən və
axtarışlardan doğan haqdı.
Şəxsiyyətlərin və mövzuların əhatəsi
yalnız Şimali Azərbaycanın hüdudlarıyla məhdudlaşmır. Anar
türkçülüyün Yusif Axçura, İsmayıl bəy
Qaspıralı, Ziya Göyalp, Əlibəy Hüseynzadə
kimi görkəmli nümayəndələrinin potretlərini
yaradarkən, həmçinin, XIX-XX əsrlərdə Cənubi
Azərbaycanda baş verən milli-azadlıq hərəkatlarını
(Səttarxan inqilabı adı almış mübarizə,
Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında
azadlıq mücadiləsi və onun “Azadstan” respublikası, nəhayət,
1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi
altında yaradılan Milli Hökumət) qeyd edərkən,bütün
türklərin mənəvi axtarışlarının
geniş mənzərəsini açmış olur. Nəriman
Nərimanovun, digər azərbaycanlı kommunistlərin
dramatik taleyindən bəhs edərkən Anar eynilə bu şəkildə
ayrı bir hissədə Rusiya və İrandakı türk
kommunistlərinin nələr yaşadıqlarını da qələmə
alır.
1918-1920-ci
illər Azərbaycan Demokratik Respublikasının tarixini və
faciəvi sonluğunu təhlil edərkən Anar belə bir əhəmiyyətli
nəticəyə gəlir: “Müstəqil Azərbaycanın
ömrü az sürsə də, lap formal olsa da, bu, onun dəqiq
inzibati-coğrafi anlayışla, təxminən həmin sərhədlərlə
və elə həmin paytaxtla birlikdə dövlətçiliyinin
qorunub saxlanılmasına əsas oldu”.
Traktatda
ikinci mövzu Azərbaycanın seçmə
oğullarının – Füzulidən Mirzə Fətəli
Axundova, Cəlil Məmmədquluzadədən Mirzə
İbrahimova qədər doğma dilin qorunması, nəhəng
şovinistpərəst dövlətlərin müdaxilələrindən
müdafiə olunması, Azərbaycan Respublikasının rəsmi
dili kimi təsdiqlənməsi uğrunda apardıqları
tarixi mübarizəni əhatə edir. Müəllif ali məqsədə aparan yolda bu dilin bədxahlarının
necə çətin, keçilməz maneələr
yaratdıqlarını göstərir. Amma bu şəxsiyyətlərin
iradəsini nə təqiblər,nə məhrumiyyətlər,nə
də cismani işgəncələr qıra bildi. Çünki Mirzə İbrahimovun sözləriylə
desək, “doğma dildən, mübarizənin ən işlək
silahından məhrum olmaq millətin məhvi demək idi”.
Anar Azərbaycan dilinin dövlət dili kimi təsdiq
olunmasında əvəzsiz xidmətlər göstərmiş
görkəmli yazıçı və ictimai xadim Mirzə
İbrahimovun portretini xüsusi səmimiyyət və hətta
heyranlıqla təsvir edir. Mən öz məqalələrimdə
bu qeyri-adi şəxsiyyət və Azərbaycanın
böyük vətənpərvər oğlu haqqında dəfələrlə
yazmış və paytaxt parklarından birində onun
büstünün, yaxud heykəlinin qoyulmasını təklif
etmişəm. Hesab edirəm ki, bu mövzu
aktual olaraq qalır və şəhər rəhbərliyi
ölkə ziyalılarının bu barədə fikirlərinə
həssas yanaşsa, şad olardıq. Ortaya qoyduğu
işlərə, gərgin fəaliyyətinə görə gələcək
nəsillərin də yaddaşına köçmək Mirzə
İbrahimovun halal haqqıdır!
Bütün
traktat boyu qırmızı xətt kimi keçən
üçüncü mövzu ermənilərin ərazi
iddiaları səbəbindən Azərbaycan xalqına
qarşı törətdikləri 200 illik fiziki vəmənəvi
terror tarixini əhatə edir. Müəllif XIX-XX əsr erməni
terrorizmilə bağlı rus,erməni,
Avropa tarixçilərindən onlarla şəhadət gətirərək,
qondarma erməni məsələsini ətraflı
işıqlandırır.
Anar SSRİ-nin dağılması ərəfəsində erməni separatçılarının Dağlıq Qarabağ ətrafında yeni münaqişə ocağı yaratdıqları dönəmi – XX əsrin sonlarında baş vermiş hadisələri daha dolğun təsvir edir. Yeri gəlmişkən, traktatının ikinci hissəsində müəllif özünün də Azərbaycan Yazıçılar İttifaqının rəhbəri, həmçinin, SSRİ Ali Sovetinin deputatı kimi bilavasitə şahidi və iştirakçısı olduğu hadisələri təsvir edərkən aydın görünür ki, memuar janrına üstünlük verir. Anar Azərbaycan ziyalılarının qanlı hadisələrin böyüməsinin qarşısını almaq üçün ittifaq dairələrinə ünvanlanmış saysız-hesabsız məktublar, o vaxtlar erməni təbliğatının güclü təsiri altında olan, necə deyərlər, mərkəzi mətbuata çıxmaq cəhdləri haqqında aydın, əsl yazıçı çılğınlığıyla danışır. O, mətbuatda və parlamentdə etdiyi çıxışlarından mətnləri təqdim edir, Qorbaçovla söhbətlərini, erməni nümayəndələriylə çəkişmələrini və münaqişələrini xatırlayır. Traktatın bu hissəsində şəxsiyyət faktoru daha qabarıq verilir. Bununla yanaşı, Anar hətta Əbdürrəhman Vəzirov, yaxud Mixail Qorbaçov kimi ikrah doğuran şəxslərə qiymət verərkən belə obyektiv olmağa çalışır. Şəxsən mənə Anarın bu ziyalılığı xoş gəlir. Təbii ki, Anar da belə şəxslərin öz ölkəsinin və xalqının taleyində oynadığı rolu mənfi xarakterizə edir. Amma bununla yanaşı, bəzi yazıçı və publisistlərimizdən fərqli olaraq rəngləri daha da qatılaşdırmaqdan, təhqiramiz ifadələrdən qaçır. Anar Əbülfəz Elçibəy haqqında əsl ədəbiyyat adamı kimi danışır: “Mən bu dürüst və zavallı idealistə, həm də azacıq hiyləgər Don Kixota ürəkdən acıyıram. O, zahirən də Don Kixota bənzəyir, xüsusən də Sanço Panso – Turqut Özalla yanaşı şəklində. İstənilən halda acımamaq olmur. Amma dövlət başçısı özünə qarşı yazıqlıq hissi oyatmamalıdı. Hörmət, fəxarət, məhəbbət, rəğbət, düşmənçilik, qorxu, nifrət – bütün hisslər məqbuldu, bircə yazıqlıqdan başqa...” Bu isə başqa yazıdandı: “Heydər Əliyev siyasətdə qrossmeysterdi. Onun rəqibləri isə şahmatın gedişlərini belə bilmir. O, şahmat oynayır. Onunla yarışmaq istəyənlərsə, hələ də nərd oynayır, zər atırlar.Nə bilmək olar, bir də gördün, zəri gətirdi”.
Anarın, xüsusən də son Ukrayna hadisələri fonunda daha da aktual görünən, Rusiyanın və onun siyasi-ziyalı dairələrinin postsovet məkanındakı rolu, ölkənin Avropa xalqları ailəsində dinc yaşamıyla bağlı fikirləri kifayət qədər maraqlıdı.Təəssüf ki, yazıçının ən bədbin proqnozları bu gün öz əksini tapır. Çünki Anarın traktatındada qeyd etdiyi kimi “hətta ən mutərəqqi fikirli rus adamının varlığına hakim kəsilmiş imperiya təfəkkürü Rusiyanın özündə demokratik düşüncənin formalaşmasının inkişafına əngəl olaraq, ona nüvə silahı və raket həmlələri basqısı altında deyil, qanuni və bərabərhüquqlu şəkildə sivil ölkələr sırasına daxil olmaqda maneələr törədir”.
Bu əzəmətli və əhəmiyyətli işlə bağlı rəyimi bildirərkən, burada nələri düzəltmək istədiyim barədə də susa bilmirəm. Əvvəla hesab eləyirəm ki, bu həcmdə olan bir kitab mütləq təcrübəli redaktora verilməliydi ki, böyük və qəliz mətnlərdə qaçılmaz olan üslub və xüsusən də punktuasiya-orfoqrafiya xətaları aradan qaldırılsın.Redaktor əli dəyməyən mətn hardasa daraq dəyməyən saç kimi görünür.Axı bu mətnlər rus dilini yaxşı bilən hazırlıqlı oxucuya ünvanlanıb.Yeri gəlmişkən, həmin problem bu gün respublikada nəşr olunan təəssüfləndirici səhvlərlə dolu əksər kitablar üçün xarakterikdi.Səbəb savadlı redaktorlar, korrektorlar, çapa məsul xeyli sayda əməkdaşlardan ibarət nəşriyyat sisteminin artıq keçmişdə qalmasıdı.Amma yaxın keçmişdə onların razılığı olmadan özünə hörmət edən heç bir nəşriyyat kitabın çapına icazə verməzdi.Çox təəssüf...
Bundan əlavə, fikrimcə Anar onun deputat seçilməməsiylə əlaqədar məqamları və bu gün müxalifətdə olan bir sıra siyasətçilərlə münasibətlərini bu tarixi traktata daxil etməməliydi.Şəxsi bioqrafiyanı ehtiva edən bu təsvirlər özündə sırf memuar janrı elementləri daşıyır ki, bu da traktatın məramına cavab vermir.Odur ki, sonuncu hissələr kitabın ümumi mənzərəsi fonunda mənə bir qədər yad, yamaq kimi göründü.Bundan başqa, hərdən belə təəssürat yaranır ki, Anar öz bədxahlarının təhqir və sancmalarına cavab verərkən, hardasa özünə bəraət qazandırmaq istəyir.İkinci məqaləmdə də yazmışdım ki, Anar bu hücumlara gərək belə kəskin və geniş reaksiya verməsin. “Cəmiyyət və din” qəzetinin “Həyatınızda nəyi redaktə edərdiniz” sualına cavabında yazıçı özü də mənim haqlı olduğumu dolayısı yolla təsdiqləyərək deyir: “Gərək hər yoldan keçənə cavab, ünvanıma söylənən hər şər və böhtana reaksiya verməyəydim”. Əzizim, Anar, reaksiya verməyin.Hər şeyi yerinə qoyan zaman ən böyük hakimdi. Prinsipcə, o artıq öz hökmünü verib: Anar türkdilli ölkələrin mədəniyyət nazirlərini bir araya gətirən TÜRKSOY təşkilatının yaranmasının təşəbbüskarıdı. Dahi Heydər Əliyevin dəstəyi ilə “Kitabı-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin geniş masştabda keçirilməsi, Heydər Əliyev Fondunun yaradılması ideyasını ilk dəfə səsləndirən də Anar olub. Nəhayət, türkdilli xalqların Yazıçılar Birliyinin ilk sədri kimi artıq çoxdan adını milli mədəniyyətimizin tarixinə yazıb.”Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti” üçcildliyi isə ümidvaram ki, milli söz sənətimizin qızıl fonduna daxil olaraq, möhkəm yer tutacaq.
Kitabına yazdığı son sözdə gələcək planlarından danışarkən Anar bir neçə əsərində özülünü qoyduğu memuar janrını davam etdirərək, bunu nəsli haqqında olacaq özünəməxsus “Beşlik” ailə saqasıyla yekunlaşdırmaq niyyətini açıqlayır. Mən də yazımın yekununda bu niyyətinin həyata keçməsi yolunda ona can sağlığı və bütün yaradıcı planlarını uğurla gerçəyə çevirməsini arzu edirəm.
Elmira Axundova
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.22-23.