Motsart Opera Teatrımızda...
Vyanadan qonağımız var... Üzeyir Hacıbəyli adına VI Beynəlxalq
Musiqi Festivalının
sonuncu günü xüsusiylə yaddaqalan olmalıdı. Artıq on gündü ki,
Bakının qulaqları
dincəlir, əsəbləri
sakitləşir, müxtəlif
konsert salonlarından eşidilən dünya və Azərbaycan klassik musiqi inciləri ruhunu oxşayır bu şəhərin. Amma
bu gün şıltaq Motsartın başıbəlalı Fiqarosu
bir az
da havalandıracaq bizləri, ya bilmirəm, bəlkə
son zamanda gündəmdən
düşməyən “toylar”
mövzusuna başqa gözlə, başqa nəzərlərlə baxmağa
məcbur edəcək...
Opera Teatrı qarşısında
qələbəlikdi... Toya gəlmişik.
Amma bu toy, o toylardan deyil. “Fiqaronun toyu”du! Bomarşenin pyesi əsasında yazılmış liberetto
və Motsart musiqisi... İnanmıram ki, kimsə
bu toydan narazı qalsın.
...Hələ opera
başlamazdan öncə
Motsart haqda düşünürəm. Motsartın
Vyana klassik məktəbinin digər üzvləri Haydn və Bethovendən əsas fərqi şıltaqlığıdı,
məncə... Haydn musiqisi iddiasızlığı,
həzinliyi, Bethoven möhtəşəmliyi ilə
təsirləndirirsə, Motsart
məhz insan xarakterini, özü də xeyli dərəcədə
dəcəl, çərçivəsiz
bir insanın ovqatını yaratmasıyla
seçilir. Musiqisi
səslənən kimi
elə ilk notlardan o dəcəlliyi, bir az da oyunbazlığı hiss edirsən.
Və heç şübhəsiz ki, bütün sənət növləri içərisində
insanın əhval-ruhiyyəsinə
ən çox təsir edən musiqidirsə, Motsartın əsərləri
məhz gənclik ruhunu “oynadır”, yerində dinc oturmağa imkan vermir...
28 sentyabrda isə
Opera və Balet Teatrı tamaşaçılarını
sehrləmişdi, ovsunlamışdı
bu musiqi. Sanki başqa
bir aləmə – Bomarşenin
pyesinin aristokratiya əleyhinə olması bəhanəsiylə qadağan
olunduğu, yaxud elə Motsart operasının 1786-cı ildə
ilk dəfə Vyana Burqteatrında səhnəyə
qoyulduğu dövrə
aparmışdı. Məncə, yaradıcı heyətin də əsas məqsədi bu idi. Tamaşaçını
bu gündən, reallıqdan bir az qoparmaq,
düşündürmək. Alındı da...
Səhnə əsərinə quruluş
verən məşhur ukraynalı
opera rejissoru Nikola Tretyakdır.
Orkestrə isə beynəlxalq
müsabiqələr laureatı
Əyyub Quliyev dirijorluq edirdi. Operanın quruluşçu rəssamı
Yusif Babayevdir. Fiqaro partiyasını Ukraynanın
əməkdar artisti, beynəlxalq vokalistlər müsabiqəsinin laureatı
Dmitri Qrişin, Qraf Almaviva partiyasını isə Belarusun əməkdar artisti
Vladimir Qromov ifa edirdilər. Qonaqlarla
yanaşı operada teatrın öz aktyorları da vardı: əməkdar artistlər İnarə Babayeva (qulluqçu Süzanna), Fəridə Məmmədova (qrafinya Rozina Almaviva), Səbinə Əsədova
(xadimə Marselina), Əkrəm Poladov (Bartolo) və İlham Nəzərov (paj Kerubino).
Hələ tamaşadan bir neçə gün öncə “Fiqaronun toyu” ilə bağlı internet-materialları
“vərəqlədikcə” düşünürdüm, görəsən
bu dəfə əsərə nə cür yanaşılacaq. Və ən əsası – müasir tamaşaçı
Motsart musiqisini necə qəbul edəcək? Hər şey
gözlədiyimdən də
yüksək səviyyədə
oldu. Və bu səviyyə
hələ teatrın
qapılarından, “asılqanından”
özünü göstərirdi.
Məsələ burasındadı
ki, Opera Teatrının
öz tamaşaçısı
var. Hansı ki, əsl sənəti bilir, dəyərləndirir,
teatra biganəlik göstərmir, sonuncu manatını verib bilet ala bilər, yayın istisində, yaxud qışın soyuğunda teatrdan ayağını kəsmir.
Düzdü, arada bəzi
tamaşalarda təsadüfi
adamları da, zalda oturub darıxanları,
ya imic, ya da bilmirəm
hardansa əlinə düşmüş bileti
batırmamaqdan ötrü
bura gələnləri
də müşahidə
etmək olur. Ancaq hər halda nədənsə son zamanlarda
məhz Opera Teatrında
əsl sənətin təsirini, gücünü
hiss etmək olur.
“Fiqaronun toyu”nda
isə bunu daha çox duydum. Başa düşdüm ki, müasir tamaşaçı nə
qədər hövsələsizdisə
də, yaxud dinamik yaşamağa öyrəşsə də,
əsl sənət öz sözünü deyir, gücünü, sehrini göstərir.
İki saatdan çox çəkən operada zal cınqırını
çıxarmadan, sanki
tilsimlənmiş halda
oturmuşdu. Hamı dinləyirdi,
hamının nəfəsi
bir gedib bir gəlirdi, ürəkləri bir döyünürdü – Motsart
musiqisi tempində, ahəngində.
Bəstəkar bu əsəri çox sevdiyi opera buff, yəni məzəli opera janrında yazıb. Eyni mövzuya Motsartdan 30 il
sonra Rossini müraciət
edərək “Sevilya bərbəri” operasını
yaradıb. İtalyan bəstəkarı Nino Rota Fellininin
məşhur “Səkkiz
yarım”ına musiqilər bəstələyərkən
Rossini melodiyasının motivlərindən
istifadə edib. Bütün bu məsələlər adamı əsl sənətin yaranması,
taleyi, özündən
sonra buraxdığı
izlər, yaxud öz dövründə qəbul olunmaması haqda düşündürür.
Nə qədər maraqlıdı... Pyes əvvəlcə qadağan
olunur, opera yazılsa da və onun
müəllifi dahi Motsart olsa da,
öz zamanında elə uğurla qarşılanmır, illər
sonra başqa bir böyük bəstəkarı eyni mövzu cəlb edir və bu
musiqinin motivləri XX
əsr kinosunun zirvəsi sayıla biləcək filmin əsas “vizit kartı”na çevrilir. Hələ indiki zamanda bu mövzuda yazılan roklardan, replərdən, eksperimental
janrlardan danışmıram.
Bəs bu mövzunun heç köhnəlməməsinə, bütün zamanlarda yeni kimi qəbul
olunub sevilməsinə
səbəb nədir? Məncə,
insanı, onun yaşantılarını, duyğularını
ifadə etməsi... Axı Bomarşenin, Motsartın dövründən
bu yana
geyimlər, dillər,
quruluşlar dəyişilsə
də, insan və onun qəlb,
könül problemləri
dəyişilməyib, olduğu
kimi qalır. Bəşəriyyətin özü
qədər qədim sevgi, sevginin yaşıdı olan qısqanclıq, köhnəlmək
bilməyən, sıradan
çıxmayan paxıllıq,
rəqabət, kin, fitnə
və s...
Qulluqçu Fiqaro evin xadiməsi Susanna ilə evlənəcəyindən
xoşbəxtdi və
qraf Almavivanın onlar üçün ayırdığı otaqdan
da xeyli razıdı. Hətta sahibinin bu səxavətindən
bir az
çaşıb da. Amma çoxbilmiş Susanna bu fədakarlığın arxasında
duran niyyəti dərhal anlayır və nişanlısına
bildirir. Sən demə
qrafın Susannaya gözü düşübmüş
və elə ilk toy gecəsindən bu sütül qızı Fiqaronun əlindən almaq niyyəti güdürmüş. Göründüyü kimi əsərdə əsas süjet o dövr aristokratiyası ilə adi zəhmətkeş
təbəqənin qarşıdurması,
konflikti üzərində
qurulub. Və mənə görə
Motsartın bu mövzuya məhz məzəli, ironik yanaşması təsadüf
deyil. Bəlkə də bu qədər dərin və xüsusən o zaman üçün ağrılı məsələni
ciddi, qəliz üslubda təqdim etmək olmazdı. Doğrudu, elə o vaxtlar da bu operanı
uzunçuluq bəhanəsi
ilə repertuardan tez çıxarıblar.
Cəmisi səkkiz dəfə
oynanılıb. Rejissor
Miloş Formanın bəstəkar haqqında çəkdiyi “Amadeus” filmində
“Fiqaronun toyu”nun o zamankı uğursuzluğunda
Salyerinin barmağı
olması göstərilir.
Məncə, bu, filmin ən təsirli səhnələrindən biridir.
Rəqibinin böyüklüyünə
tab gətirməyən Salyeri
etiraf edir: “Mən əlaqələrimi
işə salaraq çalışdım ki,
əsər repertuardan
tez çıxarılsın.
Cəmisi səkkiz dəfə
oynanıldı. Amma
özüm bu səkkiz nümayişin heç birini buraxmadım...” Əslində filmdəki Motsart
və Salyeri münasibətləri uydurmadı,
faktlarla təsdiq olunmayıb. Filmin ssenarisini
Piter Şeffer Puşkinin “Motsart və Salyeri” faciəsindən, Rimskiy-Korsakovun
eyniadlı operasından
təsirlənərək yazıb.
Və bu əsərlərdə Motsartın bioqrafiyası
olduğu kimi göstərilməsə də,
bunlar hamısı böyük bəstəkarın
həyatını, yaradıcılığını,
ümumiyyətlə dahiliyin
yaratdığı “fəsadları”
öyrənməyə kömək
olur. Eyni zamanda sadə tamaşaçını klassik
musiqiylə doğmalaşdırır...
... “Fiqaronun toyu”na
tamaşa etdikcə, dinlədikcə musiqi və həm də ifaçıların
peşəkarlığı, səhnənin sakitləşdirici
rəngləri adamda qəribə duyğular oyadır. Bəzən özünü tək-tənha
hiss edir, amma bu tənhalığından
da bir təsəlli
alırsan... Mənasız çoxluğun içində
olmaqdansa, elə təklik yaxşıdı.
Amma birdən çevrilib zalı görür və diksinirsən, burdasan, öz ölkəndə, öz şəhərində
və indi bu an səninlə bərabər sənətin
böyüklüyünə heyran olan zal
dolu adam
var. Fiqaronun, Don Brazilionun,
Suzannanın ariyaları
zamanı yenə təklənirsən elə
bil. Belə-belə səni istidən
soyuğa, soyuqdan istiyə keçirə-keçirə
opera sona çatır.
Motsartın insaniliyi, hissləri,
daxili aləminin zənginliyi hamısı canına hopub. Özü minillərin o tayında qalsa belə, dipdiridi, burdadı, bizlərlədi...
PƏRVİN
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.21.